Azərbaycan Prezidenti İlham
Əliyevin İrana səfəri
Martın 11-də Tehranın "Hafiziyə"
sarayında İqtisadi
Əməkdaşlıq Təşkilatının
10-cu zirvə görüşü
keçirilmişdir.
Görüşdə təşkilatın üzvü
olan ölkələrin
dövlət və hökumət rəhbərləri,
nüfuzlu beynəlxalq
təşkilatların təmsilçiləri
iştirak etmişlər.
Tədbir İran İslam Respublikasının himninin
səslənməsi və
"Qurani-Kərim"dən ayə oxunması ilə başlandı.
2006-cı ilin
mayında Bakıda keçirilmiş 9-cu zirvə
görüşündən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatında
sədrlik edən Azərbaycan Respublikasının
Prezidenti İlham ƏLİYEV
zirvə görüşünü
açıq elan edərək dedi:
- Hörmətli
İran İslam Respublikasının Prezidenti
cənab Mahmud Əhmədinejad!
Hörmətli dövlət
başçıları!
Hörmətli nümayəndə
heyətlərinin başçıları!
Əziz dostlar!
İlk növbədə, mən sizin hamınızı ürəkdən salamlayıram
və İqtisadi Əməkdaşlıq Təşkilatının
10-cu zirvə görüşünü
açıq elan edirəm.
Bu zirvə görüşünü
yüksək səviyyədə
təşkil etdiyinə
görə əziz dostumuz, İran İslam Respublikasının
Prezidenti cənab
Mahmud Əhmədinejada böyük
məmnuniyyətlə dərin
minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycanın sədrliyi ilə bizim təşkilatımız
9-cu zirvə görüşündən
sonra çox uğurlu bir yol keçmişdir. Təşkilat daha da inkişaf
etmiş, dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir,
təşkilat daxilində
inteqrasiya prosesləri
güclənmişdir. Bir sıra çox önəmli təşəbbüslər
irəli sürülmüşdür
və bu gün deyə bilərəm ki, İqtisadi Əməkdaşlıq
Təşkilatı həm
bölgədə, həm
də geniş mənada dünyada çox böyük nüfuza malik olan bir təşkilatdır.
Mən bu gün bizim
zirvə görüşümüzdə
qonaq qismində iştirak edən dövlət başçılarını
böyük məmnuniyyətlə
salamlayır, onlara öz ehtiramımı bildirmək istəyirəm. Mən hesab
edirəm ki, bizim formatımız nə qədər geniş olsa, hamımız üçün
bir o qədər yaxşıdır.
Son illər ərzində İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində
bir sıra mühüm məsələlər
müzakirə olunmuş
və öz həllini tapmışdır. Regional təhlükəsizlik məsələlərinə
çox böyük diqqət göstərilmişdir
və şübhəsiz
ki, bu məsələ
növbəti illərdə
də diqqət mərkəzində olmalıdır.
Regional əməkdaşlıq
məsələləri öz
həllini tapır, bizim aramızda həm ikitərəfli, həm çoxtərəfli
formatda inteqrasiya prosesləri güclənir
və bu, hər bir üzv
ölkənin inkişafı
üçün əlavə
imkanlar yaradır.
Energetika
sahəsində görülmüş
işlər enerji təhlükəsizliyi məsələlərinə
öz töhfəsini
vermişdir. Nəqliyyat sahəsində,
humanitar sahədə,
bütün başqa sahələrdə gələcək
inkişaf üçün
çox gözəl perspektivlər, çox gözəl imkanlar var.
Mən xüsusilə
təşkilatın katibliyinin
son üç il ərzindəki fəaliyyətini yüksək
qiymətləndirmək istəyirəm.
Bu fəaliyyət çox uğurlu olmuşdur və əminəm ki, təşkilatın gələcək
inkişafı üçün
öz müsbət rolunu oynamışdır.
Gündəliyə uyğun olaraq, biz indi İqtisadi Əməkdaşlıq Təşkilatının
10-cu zirvə görüşünün
sədrini seçməliyik
və mən böyük məmnuniyyətlə
İran İslam Respublikasının Prezidenti
cənab Mahmud Əhmədinejadın
10-cu zirvə görüşünün
sədri seçilməsini
təklif edirəm.
Sizin mövqeyinizi bu təklifə dəstək
kimi qiymətləndirirəm. Hörmətli cənab Prezident, mən Sizi 10-cu zirvə görüşünün
sədri seçilməyiniz
münasibətilə ürəkdən
təbrik edirəm, Sizə ən xoş arzularımı bildirmək istəyirəm
və sədrliyi Sizə təqdim edirəm.
10-cu zirvə görüşünə
sədrlik edən İran Prezidenti Tehran görüşünün dünyada
qlobal dəyişikliklər
dövrünə təsadüf
etdiyini bildirdi. Dünyada böyük
iqtisadi problemlərin yaşandığını deyən
Mahmud Əhmədinejad onların
aradan qaldırılması
üçün birgə
səylərin vacibliyini
vurğuladı. O, İqtisadi
Əməkdaşlıq Təşkilatının
fəaliyyətinin genişləndirilməsində
Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini xüsusi
qeyd edərək Azərbaycanın dövlət
başçısına minnətdarlığını
bildirdi.
İranın xarici işlər naziri Mənuçehr Mottəki təşkilatın
Nazirlər Şurasının
18-ci iclasının nəticələrindən
danışdı. O, İqtisadi
Əməkdaşlıq Təşkilatının
fəaliyyəti, qurum
çərçivəsində imzalanan sənədlərin
icrası və həyata keçirilən
layihələrdən, regional və beynəlxalq məsələlərdən bəhs
etdi. Bildirdi ki, təşkilatın
Nazirlər Şurası
öz fəaliyyətində
üzv ölkələr
arasında ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi,
dünya maliyyə böhranından çıxış
yollarının axtarılmasını
əsas tutmuşdur.
İƏT-in baş katibi Xurşid Ənvər təşkilatın fəaliyyəti
barədə hesabat verməzdən əvvəl
İqtisadi Əməkdaşlıq
Təşkilatının Bakıda
keçirilən 9-cu zirvə
görüşündən keçən dövr ərzində qurumun fəaliyyətinə verdiyi
dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü
bildirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatının
Bakı görüşünün
əhəmiyyətinə toxunan
baş katib bildirdi ki, həmin
zirvə görüşündə
qəbul olunmuş mühüm qərarlar daha səmərəli tədbirlərin və görüşlərin keçirilməsi
istəyini reallaşdırmışdır. Təkcə son iki ildə təşkilat
çərçivəsində keçirilən müxtəlif
görüşlərin sayı
35 faiz artmışdır.
Bu görüşlər nəqliyyat, kommunikasiya, enerji, sənaye, kənd təsərrüfatı,
səhiyyə, təhsil,
mədəniyyət və
ətraf mühitin qorunması sahələrini
əhatə etmişdir.
Xurşid Ənvər İqtisadi Əməkdaşlıq Təşkilatının
ötən dövrdəki
uğurları və qarşıda duran məsələlər haqqında
geniş məruzə
ilə çıxış
etdi.
Əfqanıstan İslam Respublikasının
Prezidenti Həmid Kərzai digər məsələlərlə yanaşı,
terrorizm və narkotik maddələrin dövriyyəsi ilə mübarizədə üzv
ölkələrin birgə
fəaliyyətindən danışdı,
bu məsələdə
ölkəsinin digər
dövlətlərin yardımına
ehtiyacı olduğunu
bildirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Azərbaycan.-2009.-12 mart.-S.1.