Azərbaycanın daxili işlər naziri Türkiyə Respublikasının Jandarm Qüvvələrinin komandanı ilə görüşmüşdür

 

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, nazir R.Usubov iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın perspektivləri, 1997-ci ildə imzalanmış hökumətlərarası Protokola əsasən, Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların Tədris Mərkəzinin işi barədə ətraflı məlumat vermiş, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına maddi-texniki yardım göstərdiyini vurğulamışdır.

Ramil Usubov müstəqil Azərbaycanın əldə etdiyi ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkmiş, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətini xatırlatmışdır.

Ordu generalı Atilla İşık Jandarm Qüvvələrinin komandanı kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluq duyduğunu bildirmiş, iki qardaş ölkənin müvafiq qurumlarının faydalı tərəfdaşlığını yüksək qiymətləndirmiş, Türkiyə Jandarm Komandanlığının bundan sonra da hər cür dəstək kömək göstərməyə hazır olduğunu bildirmiş, əməkdaşlığın gələcəkdə öz səmərəli nəticələrini verəcəyinə əminlik ifadə etmişdir.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Oruc Zalov, Zakir Həsənov digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 mart.-S.2.