İnkişaf dövrünün salnaməsi

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hazırlanan "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm" adlı iki cildlik kitab bu günlərdə işıq üzü görüb. Kitabda cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk 5 illik dövrünün xronikası: rəsmi qəbul və səfərlərinin icmalı, görüşləri geniş və ətraflı şəkildə öz əksini tapıb. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçi Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovdur. Kitabın tərtibçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, DİA-nın dosentləri Elçin Əhmədov və Elman Nəsirovdur.

İki cilddən və ümumi həcmi 1700 səhifədən ibarət olan kitabda dövlət başçısı cənab İlham Əliyevin 2003-2008-ci illərdəki prezidentlik fəaliyyəti ətraflı əks olunub və təhlil edilib. Kitabın I cildi 2003-cü ilin 31 oktyabrından, yəni Prezidentin təntənəli andiçmə mərasimindən başlayaraq 2006-cı ilin sonunadək olan dövrü əhatə edir. II cilddə isə cənab İlham Əliyevin 2007-ci ilin əvvəlindən 2008-ci il oktyabrın 15-dək, ikinci dəfə Prezident seçildiyi günədək olan dövrdəki fəaliyyəti əks olunub.

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kitabın təqdimatı keçirildi. Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov təqdimat mərasimini giriş sözü ilə açaraq dedi:

- Bu gün çox mühüm bir siyasi hadisə ərəfəsindəyik. Respublikamızın qaynar ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən bir hadisəyə istiqamətlənib. Bu, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə əlaqədar martın 18-də keçiriləcək referendumdur. Referendum ərəfəsində keçirilən bu təqdimat mərasimi Dövlət İdarəçilik Akademiyası üçün əlamətdar hadisədir. Təqdim olunan bu 2 cildlik kitabda möhtərəm Prezident İlham Əliyevin 2003-2008-ci illəri əhatə edən çoxcəhətli fəaliyyəti əks olunub. Kitaba dövlət başçısının qəbulları, ölkə daxili və xarici səfərləri, məruzə, çıxış, nitq və müsahibələri daxildir. Bütün bunlar kitabda xronoloji ardıcıllıqla, şərhlə verilib.

Ümummilli lider Heydər Əliyevin zəngin və unikal dövlət idarəçilik məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi kursu varislik, novatorluq və dinamizm prinsiplərinə əsaslanır. Bu kurs cəmiyyətin mütləq əksəriyyəti tərəfindən birmənalı olaraq dəstəklənir. 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələri bu həqiqəti bir daha təsdiqlədi. Bu həqiqətin zəminində Prezident İlham Əliyevə xalqımızın böyük etimadı, inam və dəstəyi dayanır. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Bu baxımdan həmin siyasətin dərindən təhlili və təbliği böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyevin siyasi kursunun davamı, özünəməxsus novatorluqla, dinamizmlə inkişafının və zənginləşdirilməsinin nümunəsidir. Daxili siyasətdə bu, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilini, yoxsulluğun aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməsini, yeni iş yerlərinin açılmasını, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanmasını, sahibkarlığa dövlət qayğısının artırılmasını, ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunmasını və digər məsələləri nəzərdə tutur. Bu gün bütün bu sadalanan istiqamətlər üzrə ölkəmizdə mühüm nailiyyətlər əldə olunur.

Prezident İlham Əliyev daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də düşünülmüş və xalqın maraqlarını nəzərə alan səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçısının xarici siyasətdə ulu öndər tərəfindən müəyyənləşdirilmiş strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirir, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da artırır. Bu gün respublikamızın istər Rusiya, istər ABŞ, istər Avropa, istərsə də müsəlman dövlətləri ilə münasibətləri dinamik inkişaf edir və hansısa tərəfdən mənfi reaksiya doğurmur. Odur ki, xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirir.

 Təqdim olunan kitabda dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk beş ilinin xronikasının ayrı-ayrı məqamları mükəmməl əks etdirilib. Həmin fəaliyyətin tam və təkmil, əsaslı və sistemli şəkildə araşdırılması, mühüm elmi nəticələrin çıxarılması dövlətçiliyimizin davamlı inkişafı üçün son dərəcə zəruri və əhəmiyyətlidir. Bu baxımdan təqdimatına toplaşdığımız kitab Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində elmi-nəzəri və əməli fəaliyyətinin öyrənilməsinə həsr olunmuş əsər olaraq mühüm elmi, siyasi və əməli önəm kəsb edir.

Heydər Əliyev təkrarsız, unikal dövlət idarəçilik məktəbi yaratmış və onu xalqımız üçün zəngin bir miras qoymuşdur. Onun banisi olduğu siyasi kursun varislik gözlənilməklə novatorluqla irəli aparılması uzaqgörənlik, çeviklik və böyük siyasi iradə tələb edir. Prezident İlham Əliyev bu keyfiyyətlərin mütləq mənada daşıyıcısı olduğundan onun fəaliyyətinə həsr edilmiş belə və bu qəbildən olan kitabların hazırlanmasına ehtiyac vardır.

Belə bir kitabın məhz Prezident yanında fəaliyyət göstərən və idarəçilik üzrə mütəxəssis kadrlar hazırlanması işi ilə bilavasitə məşğul olan akademiyada hazırlanması çox təbiidir. Çünki dövlət başçısı İlham Əliyevin çoxcəhətli, zəngin və səmərəli fəaliyyətinin dərindən təhlil edilib öyrənilməsi birinci növbədə akademiyamızda hazırlanan gənc ehtiyat kadrlar və öz peşəkar fəaliyyətlərini, eyni zamanda ixtisaslarını daim təkmilləşdirən təcrübəli mütəxəssislər üçün son dərəcə vacibdir.

2003-2008-ci illər ərzində cənab İlham Əliyev Azərbaycanda səfərdə olan xarici ölkələrin dövlət başçıları və çoxsaylı nümayəndələri ilə 1300-ə qədər görüş keçirib, 50 müxtəlif xarici dövlətə 101 rəsmi və ya işgüzar səfərlər edib. Bu dövrdə dövlət başçısının Azərbaycanın regionlarına 127 səfəri olub. Təkcə elə bu rəqəmlər Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətinin miqyası haqqında aydın təsəvvür yaradır.

Kitabda cənab İlham Əliyevin keçirdiyi rəsmi qəbullardan bəhs edilərkən onun Azərbaycanda olan müxtəlif xarici ölkə təmsilçiləri ilə görüşləri və müzakirə etdiyi məsələlər diqqət mərkəzində saxlanılıb. Həmin məsələlər ölkədaxili ictimai-siyasi, iqtisadi məsələlərdən tutmuş regional və qlobal problemlərədək geniş spektrli sahələri əhatə edib. Bu rəsmi qəbullar haqda qeydlərdən əlavə, həm də onların təhlili verilib, şərh edilib və müvafiq nəticələr barədə elmi fikirlər söylənilib. Cənab Prezidentin səfərlərindən bəhs edən bölmələrdə dövlət başçısının həm regionlara, həm də xarici ölkələrə rəsmi və işgüzar səfərləri elmi təhlil süzgəcindən keçirilərək şərh edilib. Kitabda eyni zamanda cənab Prezident İlham Əliyevin verdiyi müsahibələr, keçirdiyi mətbuat konfransları, çıxışlar və imzalanmış müqavilələr təhlil olunub, onların məna və əhəmiyyəti göstərilib. İnanırıq ki, bu kitab Prezident İlham Əliyevin siyasi kursunu gündəlik əməli fəaliyyətində rəhbər tutan dövlət məmurları, akademiyamızda təhsil alan tələbə və müdavimlər, eləcə də geniş oxucu kütləsi üçün faydalı olacaqdır.

Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov bildirdi ki, hər bir kitab böyük mənbəşünaslıq əhəmiyyəti kəsb edir və sonrakı nəsillər üçün hesablanıb. O dedi:

- Hesab edin ki, 10 ildən sonra Azərbaycanın 2003-2008-ci illərdəki həyatını, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən dissertasiya yazılır, tədqiqat aparılır. Təsəvvür edin ki, o zaman bu kitab nə qədər böyük əhəmiyyət kəsb edəcəkdir. Bu kitab mənbəşünaslıq baxımından çox qiymətli, dəyərli əsərdir. Kitabdakı materialları indi toplamaq çox da çətin deyil. Lakin onu sistemləşdirmək və digər məsələləri həll etmək ciddi əmək tələb edir ki, bu işin öhdəsindən Seyfəddin Qəndilovun rəhbərlik etdiyi qrup bacarıqla gəlib. Kitabın redaktəsi, qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdirləri və digər rəhbər işçiləri tərəfindən həyata keçirilib. Kitabdakı materiallar cənab İlham Əliyevin 2003-cü ilin oktyabrından başlayan və bu günümüzə qədər davam edən prezidentlik fəaliyyətinin iki əsas istiqaməti üzrə sıralanıb. Bunlardan biri dövlət başçısının daxili idarəçiliyi, daxili siyasətlə bağlı həyata keçirdiyi işlər, imzaladığı sənədlər, regionlara səfərləri və görüşləri, sərəncamları və onların həyata keçirilməsi ilə bağlı dövlət tədbirləridir.

İkinci sistemləşdirilmiş materiallar isə cənab Prezidentin xarici səfərlərini əks etdirən məqamlar, görüşlərdir. Bu materiallar sırasında Prezidentin rəsmi və işgüzar səfərləri, xarici ölkələrin rəhbərləri, dövlət qurumlarının başçıları ilə keçirdiyi görüşlər, apardığı müzakirələr, daxili siyasətdə regional səfərlər çərçivəsindəki görüşlər, Prezidentin İcra Aparatında keçirilən müşavirələr, qəbullar və digər materiallar əks olunub. Bu kitab çox dəyərli mənbədir. Əminəm ki, həm Dövlət İdarəçilik Akademiyasının, həm də digər ali məktəblərin tələbələri, magistrlər, aspirantlar, dissertantlar bu mənbədən məmnuniyyətlə istifadə edəcəklər.

2003-cü ildən Prezident İlham Əliyev Azərbaycanın həm daxili, həm də xarici siyasətində davamlı şəkildə ulu öndərin siyasi kursunu həyata keçirib. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurarkən onun daxili və xarici siyasətinin strateji təməlinin əsasını qoyub. Bu strateji təməl ölkəmizin 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında əksini tapıb. Həmin dövrdən bu yana qəbul olunmuş bütün qanunlar, həyata keçirilmiş praktiki addımlar və digər məsələlər bütövlükdə Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı müəyyən etdiyi strateji kursa əsaslanıb.

Bu gün də həyata keçirilən daxili siyasi kursun əsas mahiyyəti Azərbaycan xalqına xidmət üzərində qurulub. Bu siyasətin mahiyyəti Azərbaycan xalqının maddi və mənəvi həyatını yaxşılaşdırmaq, onun gündəlik qayğılarından tutmuş milli inkişafına qədər olan bütün məqamları əhatə etmək, maddi, mənəvi tələbatını ödəmək, elmini, mədəniyyətini inkişaf etdirmək, sağlamlığını qorumaq və sairdir. İnsan faktoru Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. Hər bir addım insanlara xidmət etmirsə bu fəaliyyətin heç bir ictimai əhəmiyyəti ola bilməz. Heydər Əliyevin əsasını qoyduğu daxili siyasətin əsas mahiyyəti bu siyasətin insanlara gərəkliliyi ilə ölçülür və cəmiyyətə xidmət etməsi ilə dəyərləndirilir.

Xarici siyasət strategiyası isə daxili siyasətin beynəlxalq aləmdə tamamlanmasına xidmət edir. Hər iki siyasətin reallaşmasını, həyata keçirilməsini əks etdirən ayrı-ayrı məqamlar bu kitabda öz əksini tapıb. Bu kitab Azərbaycan tarixşünaslığına, siyasətşünaslığına, dövlət idarəçiliyi ilə bağlı sahələrin tədqiqinə böyük töhfədir. Bu cür kitabların rolu əvəzsizdir. Akademiyanın əməkdaşlarının bu fəaliyyəti davam etdirəcəklərinə əminəm. 2013-cü ilə qədər cənab İlham Əliyevin ikinci prezidentlik dövrüdür. Yəqin ki, bu dövrü də əhatə edən materialların işlənilməsi və kitabda cəmləşdirilməsi işi davam etdiriləcəkdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bu kitabın hazırlanıb ictimaiyyətə təqdim edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək dedi:

- Bu kitab Azərbaycanın bugünkü reallıqlarının xronikası və salnaməsi kimi çox əhəmiyyətli funksiyanı yerinə yetirir. Kitabda toplanan materiallar Azərbaycan cəmiyyətinin dinamikasını özündə ehtiva edir. Bu materiallar əsasında 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafının ayrı-ayrı məqamlarını və bütövlükdə ümumi mənzərəsini aydın şəkildə təsəvvür etmək mümkündür. Ona görə iki cildlik bu kitab Azərbaycanın 5 illik inkişaf dinamikasının salnaməsidir.

Əli Əhmədovun sözlərinə görə, kitabın ikinci əsas məziyyəti Prezident İlham Əliyevin fəaliyyətinin miqyasını ifadə etməsidir. Bu kitab onu göstərir ki, prezidentlik xalqın sosial rifahı, ölkənin inkişafı naminə fədakarlıq göstərməkdir. Bu fədakarlıq həm çoxsaylı səfərləri, həm gecə-gündüz işləməyi nəzərdə tutur və bütün bunların nəticəsi inkişaf, tərəqqi olur. Bu kitabın mövcud həyatımızın, Azərbaycanın inkişaf dinamikasının gələcəkdə yaddaşlarda xatırlanması üçün çox böyük əhəmiyyəti var.

Kitabın digər mühüm məramı varislik məsələsinə diqqət yetirilməsindədir. Dünyanın və bütövlükdə həyatın inkişafı varislik prinsipinə əsaslanır. Varisliyin olmadığı yerdə inkişaf mümkün deyil. Bütün dövlətlər, cəmiyyətlər inkişafa həm də onun sayəsində nail olublar ki, tərəqqinin əldə olunmuş mərhələsi özündən əvvəlki inkişafın nailiyyətlərinə əsaslanır. Bu mənada Azərbaycanın sürətli inkişafının fundamental əsaslarından birini Azərbaycan hakimiyyətinin varislik prinsipində axtarmaq çox düzgündür. Ədalətli yanaşma yalnız bundan ibarət ola bilər. Azərbaycanın bugünkü inkişaf reallıqları ölkəmizin siyasi varisliyə istinad etdiyini aydın şəkildə göstərir. Varisliyin digər parametri dövlətçilik ənənəsinin gücləndirilməsində özünün ifadəsini tapır. Varislik prinsipləri həm də Azərbaycanın dövlətçiliyinin və dövlətçilik ənənələrinin güclənməsinin çox etibarlı zəmin üzərində qərar tutmasının etibarlı əsaslarından biridir. Kitabın ortaya qoyduğu nəzəri müddəalardan biri də ondan ibarətdir ki, varisliyə istinad edilməsi bütövlükdə dövlətin, xalqın inkişafının fundamental əsaslarından biridir. Kitabın meydana gəlməsi bu istiqamətdə elmi ənənənin yaranması üçün təkan verəcək. Çünki Prezident İlham Əliyevin növbəti beş illik fəaliyyəti əvvəlki mərhələdən daha geniş olacaq, daha böyük uğurlar və nailiyyətlər qazanılacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dedi ki, belə kitablar bir növ salnamə olmaqla, gələcək üçün ən yaxşı, dürüst, müfəssəl tədqiqat mənbəyidir.

Bu salnamə ictimai-siyasi fəaliyyətlə məşğul olanlar, dövlət qulluqçuları, məmurlar və digər sahələrdə çalışanlar, elmi yaradıcılıqla məşğul olanlar üçün gözəl mənbədir. Bu, dövlət siyasətinin layiqincə həyata keçirilməsini özündə ehtiva edən bir nəşrdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu kitabın Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətinin təhlili və təqdimatı baxımından olduqca qiymətli olduğunu bildirdi.

Qeyd etdi ki, bu kitab yaradıcı heyətin böyük əməyinin bəhrəsidir. Kitab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin qısa xronikası olmaqla, eyni zamanda onun xarici rəsmi və işgüzar səfərlərini, daxili səfərlərini, diplomatik görüşlərini, müxtəlif beynəlxalq tədbirlərdəki çıxış və müsahibələrini əhatə etmək baxımından çox maraqlıdır. Bu baxımdan kitab hər bir Azərbaycan vətəndaşı, xüsusən gənclər üçün zəruri və əhəmiyyətlidir.

Hicran Hüseynova dedi ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ailə problemlərinə, uşaqların sağlam və qayğısız böyümələrinə həssaslıqla yanaşmış, bu məqsədlə bir sıra fərman və sərəncamlar imzalamışdır. Gender bərabərliyinin təminatları və insan alverinə qarşı mübarizə haqqında, həmçinin aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi ilə əlaqədar və digər qanunlar cəmiyyətin hər bir üzvünün hüquq və azadlıqlarının qorunması, rifahının yaxşılaşdırılması məqsədi ilə görülən işlərdir. Hicran Hüseynova "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm" kitabının dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyəti haqqında dəyərli bir əsər kimi gələcək tədqiqatçılar üçün dəyərli mənbə olacağını bildirdi.

Təhsil naziri Misir Mərdanov çıxışında bildirdi ki, bəzən hər hansı tarixi mənbəni araşdırarkən çətinliklərlə qarşılaşırlar.

O dedi:

- Etiraf etməliyik ki, bizdə arxivçilik, yazdığımızı saxlamaq, qorumaq və onu zamanın tələblərinə uyğun olaraq sənədləşdirmək ənənəsi olmayıb. Bu baxımdan ictimaiyyətə təqdim olunan iki cildlik bu kitab vacib tarixi mənbə olacaq. Ulu öndər Heydər Əliyev həmişə deyərdi ki, biz tarixi olduğu kimi öyrənməliyik, olduğu kimi yazmalıyıq və öyrətməliyik. Həmin nöqteyi-nəzərdən bu kitabın böyük əhəmiyyəti var. Çünki 10 ildən, 20 ildən və ya 50 ildən sonra bu materialları küll halında tapmaq çətin olacaq. Nazir qeyd etdi ki, cənab İlham Əliyevin varislik, novatorluq və dinamizm üzərində qurulan siyasətinin xalqımız və dövlətimiz üçün çox mühüm və uğurlu nəticələri olub. Dünyada elə bir ölkə ola bilməz ki bu nəticələr baxımından Azərbaycanla müqayisə olunsun.

Misir Mərdanov təklif etdi ki, bu kitab rus və ingilis dillərində də çap olunsun. Ulu öndərin və Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq Azərbaycan bu gün dünyada tanınır. Çox yaxşı olardı ki, bu kitablar daha çox kitabxanalarda olsun. Kitabın kitabxanalarda olması əslində onun hər bir azərbaycanlının istifadəsində olması deməkdir. Azərbaycanın bütün təhsil müəssisələrində bu kitablardan istifadə olunacaq.

Milli Məclisin Sədr müavini Bahar Muradova öncə Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçən həyatının 5 illik dövrünü özündə əks etdirən belə bir kitabın ərsəyə gəlməsinə görə yaradıcı heyətə təşəkkürünü bildirdi.

Onun sözlərinə görə, çox təəssüf ki, millət olaraq həyatımızın, şəxsiyyət olaraq ömrümüzün bir çox anlarını yaddaşımıza ümid edərək yazıya köçürməmişik. Yazıya köçürdüklərimiz çox az olub. Tarix, zaman özü yazılanları saf-çürük edəcək və lazım olanları qoruyub saxlayacaq. Digərini isə arxivin küncünə atacaq. Əsas odur ki, dəyərləndirməyə meyil olsun. Bu iki cildliyin ərsəyə gəlməsi yaşadığımız həyata, keçdiyimiz yola, yeritdiyimiz siyasətə, əldə etdiyimiz nəticələrə verdiyimiz dəyərin nəticəsidir.

Bahar Muradova kitabı mənbəşünaslıq, dövlətşünaslıq və azərbaycanşünaslıq baxımından çox yüksək qiymətləndirdi. Bu salnamə xronika olmaqla bərabər bir dövlətin, xalqın öz lideri ilə yaşadığı 5 illik həyatdır, ömürdür. Bu kitabın hər səhifəsində bu ömrün ən müxtəlif anları - İlham Əliyevin Prezident kimi görüşləri, sərəncamları, çıxışları səviyyəsində əksini tapıb. Daha dərin düşündükdə bu, Azərbaycan xalqının gündəlik həyəcanları, istəkləridir və arzularının ifadəsidir. Mən bunu həm də xalqın keçdiyi yol, salnamə kimi qiymətləndirirəm. Cənab İlham Əliyev mənsub olduğu xalqla birlikdə bu yolu keçib və bu yolun hər məqamında xalq onunla birlikdə olub.

Təqdimat mərasiminə yekun vuran professor Seyfəddin

Qəndilov bildirdi ki, bu kitabı vərəqlədikcə Prezident İlham Əliyevin bu qədər böyük işin öhdəsindən necə məharətlə gəldiyinə bir daha əmin olursan. Bu, böyük istedad, bacarıq tələb edir. Bu, həqiqətən Heydər Əliyev məktəbində yetişməyin nəticəsidir. Heydər Əliyevdən sonra Prezident olmaq çox çətin idi. Amma cənab İlham Əliyevin birinci dövr prezidentliyi göstərdi ki, o, nə qədər ustalıqla, peşəkarlıqla öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Bu uğurlu fəaliyyəti biz alimlər, ziyalılar görürük və qiymətləndiririk.

Biz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyətimizin əsas istiqamətlərindən birini Heydər Əliyevin nəzəri irsinin, onun dövlətçilik təcrübəsinin öyrənilməsi və tədqiqində görürük. İndiyədək biz cənab Prezidentin fəaliyyəti ilə, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar çoxsaylı kitabların təqdimatını keçirmişik. Hazırda akademiyada Heydər Əliyevin nəzəri irsinin öyrənilməsi ilə bağlı bir neçə kurs var. Həmin kurslarda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi tədqiq olunur. Bu sahəyə həmişə böyük önəm veririk. Çünki ulu öndər Heydər Əliyev həm də Dövlət İdarəçilik Akademiyasının yaradıcısıdır. Biz Heydər Əliyevin irsini hələ çox öyrənməliyik. Eyni zamanda, cənab İlham Əliyevin prezidentliyinin yeni dövrünün tədqiqinə başlamışıq. Qarşıdakı illərdə bu istiqamətdə yeni tədqiqatlarla qarşınıza çıxacağıq.

 

 

Rəşad Cəfərli

 

Anar Tağiyev

 

Azərbaycan.-2009.-12 mart.-S.3.