Yeni amnistiya layihəsi parlamentin müzakirəsinə çıxarılır
Martın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının
iclası keçirildi. İclasın gündəliyinə "Novruz
bayramı münasibətilə
amnistiya elan edilməsi haqqında"
qərar layihəsinin
müzakirəsi çıxarılmışdı.
Komissiya sədri Əli Hüseynov bildirdi ki, Milli
Məclisin deputatı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə
amnistiya elan edilməsi təklifi ilə parlamentə müraciət etmişdir.
Komissiya sədri
Ə.Hüseynovun sözlərinə
görə, mayın
10-da 5-ci ildönümünü qeyd edəcək Fond ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi tərəqqiyə,
mədəni inkişafa,
dünya birliyinə inteqrasiyaya yönəlmiş
siyasətinin öyrənilməsinə
və bu ideyaların həyata keçirilməsinə hər
zaman dəstək verir və bu
istiqamətdə məqsədyönlü
iş apararaq cəmiyyətin həyatında
önəmli yer tutmağa çalışır.
Qayğıya və yardıma
ehtiyacı olan insanlara kömək göstərmək ümummilli
liderin insanpərvərlik
və humanizm ideallarının daşıyıcısı
olan Heydər Əliyev Fondunun fəaliyyətində əsas
qayələrdən biridir.
Heydər Əliyev Fondu
məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin çoxsaylı
müraciətlərini nəzərə
alaraq, həmin insanlara münasibətdə
də mərhəmət
göstərilməsi zəruriliyini
önə çəkərək
belə bir layihəni parlamentin müzakirəsinə təqdim
edib. Sənəddə ümummilli liderin
humanist siyasətinə sədaqət
nümayiş etdirilərək
Azərbaycan xalqının
firavanlıq, əmin-amanlıq
və mərhəmət
rəmzi olan milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın
elan edilməsi təşəbbüsü irəli
sürülür.
Komissiya sədri Əli Hüseynov qərar layihəsinin mükəmməl
hazırlandığını bildirdi və deputatları müzakirəyə
dəvət etdi.
Qərar layihəsi
barədə ətraflı
danışan Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri
Nizami Səfərov bildirdi ki, amnistiya
aktının layihəsində
böyük ictimai təhlükə törətməyən
və bir sıra az ağır
cinayətlərə görə
məhkum edilmiş qadınların, cinayət
törədərkən 18 yaşına
çatmayanların, birinci
və ya ikinci qrup əlillərin,
60 yaşına çatmış
kişilərin, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup
əlil övladı olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan
məhrumetmə cəzasından
azad ediləcəyi nəzərdə tutulur. N.Səfərov əlavə
etdi ki, qərar layihəsində həmçinin azadlıqdan
məhrum edilmiş və cəzalarının
bitməsinə bir il qalmış qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına
məhkum edilmiş bütün şəxslərə,
habelə cərimə
cəzasına məhkum
edilmiş, cəzasının
çəkilməsi təxirə
salınmış, şərti
məhkum edilmiş və digər qruplara daxil olan bir sıra
məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir.
Aparılan təhlillərə əsasən təqribən 9 min şəxsə amnistiya aktının şamil olunacağı ehtimal edilir. Bunlardan təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir. N.Səfərov qeyd etdi ki, bu dəfə amnistiya aktının təsiri altına düşən insanların sayı əvvəlki amnistiya aktının şamil olunduğu şəxslərin sayından çoxdur.
Deputat Azay Quliyev Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, Novruz bayramı münasibətilə amnistiya elan edilməsi ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirdi. Təqribən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi böyük hadisədir. Qərar layihəsində böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, eləcə də birinci və ikinci qrup əlillərin azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəkləri nəzərdə tutulub. Bayram ərəfəsində bu humanizm aktının həyata keçirilməsi həmin şəxslərin ailə üzvləri və qohumları tərəfindən böyük sevinclə qarşılanacaqdır.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Novruz bayramı ərəfəsində belə bir təşəbbüsün irəli sürülməsini insanpərvərlik ənənələrinin təcəssümü kimi dəyərləndirdi və qərar layihəsini təqdir etdi. Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsinin geniş olduğunu deyən deputat 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini onların yaxınlarının sevincinə səbəb olacağını bildirdi. Qərar layihəsində amnistiya tətbiq edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1990-cı ilin 20 Yanvar faciəsində əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları da daxildir. Deputat sənədin mükəmməl hazırlandığını diqqətə çatdırdı və parlamentin plenar iclasına çıxarılmasını vacib saydı.
Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirdi ki, humanizm Azərbaycan Respublikası qanunlarının əsas prinsiplərindən biridir və bu, mərhəmət hissini ifadə edir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq növbəti dəfə parlamentə belə bir qərar layihəsi təqdim etməsi ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanır. Bu amnistiya aktı birinci amnistiya aktından daha geniş dairəni əhatə edir və 9 min şəxsin onun təsiri altına düşməsi ehtimal edilir. Amnistiya aktı dövlətin cəza siyasətinə uyğun olmaqla yanaşı, Cinayət Məcəlləsinin 41-ci maddəsinə də uyğundur.
Deputat R.Cəbrayılov qərar layihəsinin 5.8-ci maddəsinə toxundu. 1991-ci il oktyabrın 18-də Müstəqillik aktı qəbul edildikdən sonra barəsində amnistiya və ya əfvetmə tətbiq olunan şəxslər yenidən cinayət törətdiyi təqdirdə amnistiyaya düşmürlər. Bu, əvvəlki amnistiya aktlarında da var və belə şəxslərin amnistiyaya göz dikərək cəzalarının yüngülləşməsinin və ya cəzadan xilas olmasının qarşısını alır.
Deputatlardan Nizami İsgəndərov, Ülvi Quliyev, Madər Musayev "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini təqdir etdilər, parlamentin plenar iclasına çıxarılmasını təklif etdilər. Müzakirələrin sonunda deputatlar qərar layihəsinin Milli Məclisin iclasının müzakirəsinə çıxarılmasını tövsiyə etdilər.
Azərbaycan.-2009.-12 mart.-S.4.