Qarabağ erməniləri yenidən Azərbaycanın tərkibində yaşamaq istəyirlər

 

Ermənistanda milli valyutanın devalvasiyasından sonra iqtisadi tənəzzülün xeyli sürətlənməsi ölkənin regionda mövqelərinin daha da zəifləməsinə səbəb olacaq. Belə bir xəbərdarlıqla çıxış edən erməni politoloq Qrayr Manukyan bildirib ki, hadisələrin bu səpkidə inkişafı Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlarda Ermənistanın mövqelərinə təsirsiz ötüşməyəcək. Politoloqun fikrincə, iqtisadi tənəzzül fonunda hakimiyyətin əsas diqqəti ölkədaxili problemlərin həllinə yönəlməkdədir və belə bir vaxtda Azərbaycan sözügedən münaqişənin daha tez həllinə nail olmaq üçün təzyiqlərini bir qədər də artıracaq.

 

Prezidentlərin növbəti görüşünün nəticələrindən daha çox Azərbaycan tərəfi məmnun qalacaq

 

Ermənistanın Azərbaycanın təzyiqləri qarşısında müqavimət gücünün azaldığını vurğulayan politoloq qeyd edir: "Bütün bunlar Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ərəfəsində baş verir. Bir tərəfdən iqtisadi problemlər, bir tərəfdən əhalinin hakimiyyətdən sosial narazılığının güclənməsi, bir tərəfdən də müxalifətin təzyiqləri indiki hakimiyyəti əsas diqqəti Qarabağ məsələsindən daha çox ölkədaxili məsələlər üzərində cəmləşdirməyə vadar edir. Bu mənada hesab etmək olar ki, Prezident İlham Əliyevin Serj Sarkisyanla növbəti görüşünün nəticələrindən daha çox Azərbaycan tərəfi məmnun qalacaq".

Proseslərin təhlili göstərir ki, münaqişə ətrafında yaranan real vəziyyət Azərbaycanın mənafelərinin daha da güclənməsinə xidmət edir. İqtisadi tənəzzül yaşayan Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə yardım etmək imkanından da tədricən məhrum olması Qarabağ ermənilərinin Yerevandan narazılığını xeyli artırıb. Artıq iqtisadi və sosial problemləri daha da dərinləşən Qarabağ erməniləri də münaqişənin həllinin uzanmasından açıq narazılıqlar ifadə etməyə başlayıblar. Hətta elə Ermənistan mediasının yazdığına görə, Qarabağ erməniləri arasında belə bir fikir sürətlə genişlənməkdədir: "Əgər Azərbaycanın tərkibində yaşasaydıq, indiki çətinliklərlə üzləşməz, belə çıxılmaz vəziyyətdə qalmazdıq". Hələlik separatçı rejim tabeliyində olan güc dəstələri vasitəsilə belə mövqedən çıxış edənlərə təzyiqlər göstərərək bu istiqamətdə fikirlərin yayılmasının qarşısını almağa çalışır. Ancaq işğal edilmiş ərazilərdə yaşayan ermənilər edilən təzyiqlərə baxmayaraq, yenidən Azərbaycanın tərkibində olmayacaqları təqdirdə daha böyük çətinliklərlə üzləşəcəklərini yaxşı başa düşürlər. Elə bu səbəbdən Qarabağ ermənilərinin böyük əksəriyyəti Ermənistanın münaqişənin həllini uzatmasına da açıq etiraz edir.

Əslində elə Ermənistanın özündə də əhalinin böyük əksəriyyəti bu problemin mümkün qədər tez həllini arzu edir. Ermənistanın "Aykakan Jamanak" qəzeti bununla bağlı yazır: "Qarabağ münaqişəsinin həllinin uzanması hələ də Ermənistanın regional layihələrin icrasında iştirakını əngəlləyən əsas amil olaraq qalır. Həmçinin bu münaqişə ölkənin qismən izolyasiya vəziyyətində yaşamağa davam etməsinin başlıca təkanverici mənbəyidir. Qlobal iqtisadi böhran fonunda yaranan yeni çətinlikləri Qarabağ münaqişəsinin davam etməsi daha da dərinləşdirir. Deməli, münaqişənin həllinin uzanması Ermənistana ikiqat zərər vurur".

Belə bir vaxtda Ermənistan media orqanlarında diqqət mərkəzində saxlanılan məqamlardan biri də regional əməkdaşlqla bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamalarıdır. Sözügedən açıqlamasında Ermənistan iqtisadiyyatının dirçəldilməsinin çox sadə formulunu göstərən Azərbaycan xarici işlər naziri qeyd edir: "Formul olduqca sadədir - işğal edilmiş ərazilərdən qoşunlarınızı çıxarın, bütün kommunikasiyalar açılsın və təbii olaraq hansı imkanların açıldığını görün. İşğal edilmiş ərazilərdən ordunun çıxarılmasından sonra bundan ilk növbədə Ermənistan iqtisadiyyatı qazanacaq".

 

Azərbaycan Ermənistandan fövqəladə heç nə tələb etmir

 

Ermənistanda onu da yaxşı bilirlər ki, bir dövlət kimi mövcudluqlarının davamiyyəti Azərbaycanla əlaqələrin bərpasından getdikcə daha çox asılı vəziyyətə düşməkdədir. Lakin bunun üçün əsas şərt işğal siyasətinə son qoymaq və Azərbaycanla danışıqlarda daha konstruktiv mövqe nümayiş etdirməkdir. Əks təqdirdə Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdiyi dövrdə bu ölkə ilə hər hansı enerji və nəqliyyat layihələrində birgə iştirak mümkün deyil: "Biz nəsə fövqəladə bir şey tələb etmirik. Biz sadəcə olaraq Ermənistanın beynəlxalq aləmdə tanınmış hüquq normalarına əməl etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsini və öz hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb edirik".

Hazırda Ermənistan cəmiyyətində müşahidə olunan əhval-ruhiyyə ondan ibarətdir ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə qarşı lüzumsuz müqaviməti uzatmağa ehtiyac yoxdur. Belə hesab edilir ki, Ermənistanın xaricdən asılılığını gücləndirən bu problemin həllinə mümkün qədər tez nail olmaq və bu yolla da ölkənin müstəqil dövlət statusunu qorumaq lazımdır. Həm Qarabağ ermənilərinin, həm də Ermənistan cəmiyyətinin münaqişənin həllinin uzanmasından narazılıq ifadə etməsi isə rəsmi Yerevanın mövqeyinə təsirsiz ötüşmür. Artan təzyiqlər fonunda artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi Yerevan daha konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətindədir. Konstruktiv mövqe isə danışıqlar prosesində Azərbaycanın şərtlərini qəbul etmək və işğal olunmuş ərazilərdən Ermənistan hərbi qüvvələrini mümkün qədər tez çıxarmaqdır. Artıq bu reallıqla barışmaq məcburiyyətində qalan Serj Sarkisyanın Prezident İlham Əliyevlə növbəti görüşdə daha zəif mövqedən çıxış etməsi erməni politoloqu Qrayr Manukyanın qeyd etdiyi kimi təbiidir. İki ölkə prezidentlərinin yaxın aylar ərzində növbəti görüşünün keçirilməsi barədə razılıq isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərləri çərçivəsində razılaşdırılıb. Rusiyalı həmsədr Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşə razılıq verdiklərini və dövlət başçılarının yaxın iki ay ərzində bir araya gələcəklərini bildirib: "Əlverişli anda bu görüş təşkil olunacaq. Görüş hansısa sammit və ya tədbir çərçivəsində baş tuta bilər".

Qeyd edilənlər bu görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dəyişikliklərə gətirib çıxaracağını istisna etmir.

 

Ermənistan müxalifəti də münaqişənin tez həllini istəyir

 

Ermənistan müxalifətinin təmsilçiləri də hesab edirlər ki, münaqişənin mümkün qədər tez tənzimlənməsinin ölkənin inkişafına təsiri böyük olacaq. Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan qeyd edir ki, ən azı ölkənin regional layihələrdə iştirakını təmin etmək üçün münaqişənin həlli prosesi sürətlənməlidir. Ancaq müxalifət rəsmiləri bildirirlər ki, hakimiyyətin onlara qarşı barışmaz mövqedən çıxış etməsi bu məsələ ətrafında ortaq mövqe nümayiş etdirməyə imkan vermir. Ermənistanda iqtidar və müxalifət arasında olan qarşıdurma isə getdikcə daha kəskin xarakter alır.

Əvvəlki kimi sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif qüvvələr Serj Sarkisyanı legitim prezident hesab etmirlər. Ancaq müxalifət hakimiyyətlə dialoqdan da qaçmır, bir şərtlə ki, keçən il tutulanların hamısı buraxılsın. Məlumatlara görə, siyasi zəmində tutulanların sayı hələ də 100-dən çoxdur. Bunlardan 77 nəfərinin məhkəməsi olub və onlardan 40-ı həbs olunub, qalanları isə şərti cəza alıblar.

Levon Ter-Petrosyanın bir şərti də odur ki, keçən ilki hadisələrin müstəqil, şəffaf və obyektiv təhqiqatı aparılsın. Bunu əslində Avropa Şurasının Parlament Assambleyası hələ keçən ilin aprelindən tələb edir. Hakimiyyət isə bu istintaqı özünəməxsus şəkildə aparır. Məsələn, xüsusi yaradılmış komissiya müəyyən edib ki, vaxtı keçmiş gözyaşardıcı qazın camaatın üstünə püskürdülməsindən üç nəfər ölüb. Bu qaz da dörd polisdə olub. Ancaq komissiya müəyyən edə bilmir ki, həmin dörd adam konkret kimlərdir. Ermənistanın ombudsmanı Armen Harutyunyan bununla bağlı bildirir: "Mən inanmıram ki, gözyaşardıcı qazdan dörd zabit istifadə edib və üç nəfər ölüb. Və mən inanmıram ki, bu zabitlərin kimliyini müəyyən etmək mümkün deyil". Qeyd edək ki, bundan əvvəl Armen Harutyunyan Britaniyada nəşr olunan "Financial Times" qəzetinə açıqlamasında hakimiyyəti 1937-ci il metodlarını bərpa etməkdə də ittiham edib. Onun sözlərinə görə, Ermənistan iqtidarı siyasi müxalifətin mövcudluğuna isə ona görə dözür ki, Qərbə göstərməyə dekorasiya lazımdır.

Ermənistan hakimiyyətini müxalifətlə bağlı narahat edən məsələlərdən biri bu qüvvələr tərəfindən kütləvi aksiyalar keçirilməsinə yenidən meyillərin güclənməsidir. Ölkədə yaranan şərait əhalinin müxalifətə daha böyük dəstək verməsinə səbəb olur. Xüsusən də aprelin 1-də enerjidaşıyıcıların qiymətinin qalxmasına görülən hazırlıq xalq arasında Serj Sarkisyan iqtidarının nüfuzunu daha da aşağı salıb. Parlament üzvü Viktor Dallakyan isə bildirir ki, aprelin 1-də enerjidaşıyıcılarının tariflərinin qaldırılması ilə yanaşı, hökumət təklif edir ki, xaricdən gətirilən mallara vergilər də artırılsın: "Bütün bunlar daha güclü bahalaşma olacağı deməkdir. Onda bu bahalıq kütləvi etirazları xeyli alovlandıra bilər".

Siyasi təhlilçilərə görə, belə vəziyyət həm də Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ətrafında əvvəlki siyasətini davam etdirməsinə imkan vermir. Çünki ölkə daxilində hakimiyyətə heç bir dəstək göstərilmir. Əslində belə bir durumda münaqişənin həllində konstruktiv mövqedən çıxış edərək onun tez həllinə nail olmaq və beləliklə, ölkəsinin iqtisadi böhrandan çıxmasını təmin etmək rəsmi Yerevanın da maraqlarına tam uyğun gəlir. İşğal siyasətinə son qoymaqla Ermənistan regional layihələrdə iştirak imkanı qazana bilər və beləliklə də əlavə iqtisadi güc əldə edər. Hazırda isə ölkənin üzləşdiyi iqtisadi çətinliklər fonunda yaranan şərait Ermənistanı Qarabağ münaqişəsilə bağlı Azərbaycanın şərtlərini qəbul etməyə vadar edir. Bu isə münaqişənin həlli prosesini sürətləndirən əsas faktordur.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-12 mart.-S. 4.