Ağcabədi abad diyara çevrilir

 

Qədim Qarabağın dilbər guşələrindən olan Ağcabədidə iqtisadiyyat dinamik şəkildə inkişaf edir, sosial infrastruktur sürətlə dəyişir, əhalini narahat edən problemlər uğurla həll edilir. Ötən ay paytaxtın "Gülüstan" sarayında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008)" icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edərkən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bu barədə belə dedi: "Ölkənin ahəngdar inkişafını təmin etmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər böyük müvəffəqiyyətlə yerinə yetirilmişdir. Ağcabədi rayonu indi yeni inkişaf dövrünə qədəm qoymuş, öz simasını dəyişərək abad bir diyara çevrilmişdir".

Həqiqətən də, Ağcabədi yenidən qurulmuş, yeni görkəm alıb gözəlləşmişdir. Yeniləşən, gözəlləşən təkcə rayon mərkəzinin, yaxın və uzaq kəndlərin ürəkaçan abad görkəmi deyil. Rayon əhalisinin həyat tərzi, dolanışıq səviyyəsi yüksəlmişdir. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq rayonda müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatlar fərəhli nəticələr vermişdir. Son beş ildə ümumi məhsul 2,8 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, orta aylıq əməkhaqqı 5 dəfədən çox artmışdır. Bu illər ərzində rayonda özəl sektorun inkişafına yaradılan əlverişli şərait sayəsində 3 mindən çox sahibkarlıq subyekti fəaliyyətə başlamış, 11 mindən çox iş yeri açılmışdır. Bunun da yarıdan çoxu daimidir.

Ağcabədidə qazanılmış nailiyyətlər dövlət başçısının yeritdiyi müdrik siyasətlə əlaqələndirilir, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsinin nəticəsi kimi baxılır. Ağcabədinin öz dəst-xətti vardır. Ötən il dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin və Heydər Əliyev muzeyinin açılışında iştirak etdi. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 24 mənzilli binanın orderlərini sahiblərinə təqdim etdi, təbii qazın məşəlini alovlandırdı. Rayon sakinləri ilə görüşdə Ağcabədidə görülən quruculuq işlərini qiymətləndirərək dedi: "Ağcabədinin özündə son bir neçə il ərzində böyük işlər görülübdür. Yollar salınıb, binalar abadlaşıb və bu proses davam etdiriləcəkdir. Ağcabədinin inkişafına bir müddət bundan əvvəl xüsusi vəsait ayrılmışdır və o vəsaitdən abadlıq işləri üçün istifadə edilir. Vəsaitin yenə də ayrılması nəzərdə tutulur. Mən Bakıya qayıdandan sonra müvafiq göstərişlər verəcəyəm ki, rayonun inkişafına əlavə vəsait ayrılsın, burada işlər daha da sürətlə getsin. Bölgələrin inkişafı həm məşğulluğun artmasıdır, həm yerli istehsalın artmasıdır, həm də insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

...Mən bu gün Ağcabədiyə təbii qazın verilməsində böyük rəmzi məna görürəm. Bu, Azərbaycanın gücünü göstərir, bizim imkanlarımızı göstərir. Bu onu göstərir ki, Azərbaycanda görülən işlər bütün əhaliyə öz müsbət təsirini göstərir. Bütün xalqımızın, Azərbaycan vətəndaşlarının bir məqsədi var və biz bu məqsəd, bu amal ətrafında birləşmişik və bütün dünya azərbaycanlıları birləşməlidir.

...Mən bundan sonra da bu istiqamətdə həm siyasi, həm də beynəlxalq səylərimi davam etdirəcəyəm, Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması üçün səylər göstərəcəyəm. ...Azərbaycan daha da güclənəcək və dünya miqyasında güclü, qüdrətli dövlətə çevriləcəkdir.

...Mən Ağcabədiyə çoxdan gəlmək istəyirdim. Bu gün qazın verilməsi böyük sevincdir, böyük hadisədir. Sizi bu münasibətlə bir daha təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram."

 

Su problemi həll olunur

 

Əli Əliyev, rayon suvarma sistemləri idarəsinin rəisi:

Son illər rayonumuzun kənd əməkçiləri böyük nailiyyətlər qazanırlar. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi aqrar sektorun inkişafını təmin edən başlıca amilə çevrilmişdir. Torpaq istifadəçilərinə, buğda əkənlərə dövlət vəsaiti hesabına subsidiyaların verilməsi, güzəştli qiymətlərlə mineral gübrələrin satılması məhsul bolluğuna əhəmiyyətli təsir göstərir. Əkinçilik və heyvandarlıq məhsulları istehsalı yüksələn xətlə artır. Uğurlardan rayon suvarma sistemləri işçilərinə, melioratorlara da pay düşür. Uzun illərdən bəri davam edən suvarma suyu probleminin həlli istiqamətində mühüm işlər görülmüşdür. Rayon suvarma sistemləri, subartezian quyuları istismarı, meliorasiya və melioservis kollektivləri əzmkarlıq göstərmiş, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmişlər.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının ( 2004-2008-ci illər) icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən demişdir: "Növbəti illər ərzində içməli su təchizatı, meliorasiya, suvarma məsələlərinə daha böyük diqqət göstərilməlidir. Biz növbəti beş ildə tamamilə bu problemi Azərbaycanda həll etməliyik."

Dövlət başçısının tapşırıq və tövsiyələrini konkret fəaliyyət proqramı kimi qəbul edən kollektivimiz daxili imkanlardan, mövcud ehtiyat mənbələrindən istifadə edərək yaxşı nəticələr qazanırlar. 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizlənmiş, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilmiş, rayon ərazisində 152 subartezian quyusu qazılmışdır. İşməli suya olan tələbatın ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalından rayon mərkəzinə 7,2 kilometr məsafədən içməli su xətti çəkilmiş, 34 içməli su artezianı qazılıb əhalinin istifadəsinə verilmişdir.

Respublika Prezidenti İlham Əliyevin rayonumuza səfərindən sonra ayırdığı vəsait hesabına Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərinin içməli su ilə bağlı problemləri həll edilmişdir. Bu ərazidə 11 min nəfər əhali yaşayır. Artıq kənd camaatı sudan korluq çəkmir. Rayon mərkəzinin içməli su şəbəkəsinin yenidən qurulması cari vəzifələr sırasındadır.

İndi Xan qızı kanalının ərazisində olan kəndləri suvarma suyu ilə normal şəkildə təmin etmək üçün kanalda təmir-bərpa işləri aparılır. Nəcəfqulubəyli, Soltanbəyli, Xocavənd, Qaradolaq, Avşar, Qaravəlli kəndlərinin su təchizatını yaxşılaşdırmaq üçün yeni nasos stansiyalarının tikilməsi, Mollaverdilər qobusunun 10 kilometr məsafəsinin örtülü vəziyyətə salınması, rayonun ayrı-ayrı kəndlərində 50 artezian quyusunun qazılması da təxirəsalınmaz vəzifələrdəndir. Xan qızı kanalının təmir və bərpa işləri başa çatandan sonra 9 kəndin 20 min hektara yaxın sahəsi su ilə təmin olunacaqdır. Qar-qar çayı üzərində nasos stansiyasını tikmək üçün hazırlıq işləri görülür. Dünya bankının krediti ilə ayrı-ayrı kəndləri əhatə edən 4569 hektar sahədə suvarma şəbəkəsinin bərpası işləri davam etdirilir.

Bu işlərin görülməsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin də bizə köməyi çox olmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC bizim hər bir müraciətimizə son dərəcə qayğı ilə, həssaslıqla yanaşmış, rayonumuza kifayət qədər texnika vermişdir.

 

Milli-mənəvi dəyərlərə qayğı artıb

 

Rza Quliyev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri:

- Son illər Ağcabədinin mədəni həyatında yaddaqalan hadisələr az olmamışdır. Onlardan biri keçən il rayon mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ Muğam Mərkəzinin tikilib istifadəyə verilməsidir. Yay və qış salonlarından, tədris korpusundan ibarət olan mərkəzin ümumi dəyəri 1 milyon 589 min manatdır. Mərkəzin yerləşdiyi Üzeyir Hacıbəyov adına Park tamamilə yenidən qurulmuşdur. Parkda Muğam mərkəzi ilə yanaşı Gənclər evi, Ahıllar istirahət klubu inşa edilmişdir. Hazırda Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam, Laçın, Beyləqan, Xocavənd və digər rayonlardan 70 gənc muğam sənətini öyrənir.

Milli-mənəvi dəyərlərə dövlət səviyyəsində göstərilən qayğı və bunun sayəsində sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi mədəni həyatımızın yüksəlişi üçün etibarlı zəmin yaradır. 1961-ci ildə tikilmiş mədəniyyət evi keçən il respublika Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına əsaslı təmir edilərək yeni, müasir görkəm almışdır. Ü.Hacıbəyov adına Park musiqisevərlərin sevimli istirahət yerinə çevrilmişdir. Parkda dahi bəstəkarın büstü və əsərlərindəki müxtəlif personajları əks etdirən miniatür heykəllər qoyulmuşdur.

Milli-mənəvi dəyərlərimizə göstərilən misilsiz qayğı və diqqətə görə rayonumuzun mədəniyyət işçiləri, Qarabağın musiqisevərləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya da hədsiz dərəcədə minnətdardırlar.

Göstərilən qayğı, yaradılan nümunəvi şərait məsuliyyət hissimizi daha da artırır.

 

Hər evə təbii qaz

 

Vəli Camalxanov, rayon qaz istismarı idarəsinin rəisi:

- Respublika Prezidenti İlham Əliyevin 2008-ci ilin yanvarında Ağcabədiyə səfəri zamanı uzun illərdən bəri dayandırılmış təbii qaz nəqli bərpa olundu. Hazırda 5500-dən çox abonentə təbii qaz verilir.

2009-cu ildə Ağabəyli, Cəfərbəyli, Hacıbəyli, Pərioğullar, Hüsülü, Rəcbərlər, Hindarx, Təzəkənd, Çələbədin, Qaravəlli, Avşar, Xocavənd, Soltanbəyli kəndlərinə təbii qaz xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

Rayon qaz istismar idarəsi yeni yaranıb. Onun maddi-texniki bazası hələ zəifdir. Respublika Sənaye və Energetika Nazirliyi tərəfindən bizim idarəyə zəruri maşın-mexanizmlər ayrılmasına böyük ehtiyac var.

Bu texnikanı nə qədər tez ala bilsək, Ağcabədidəki hər evdə, hər mənzildə "mavi alov" bir o qədər tez şölələnər.

 

Sabahımızı etibarlı əllərə tapşırırıq

 

Mehdi Əhmədov, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri:

- Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Dövlət başçısının müəyyən etdiyi bu aydın istiqamət bizim fəaliyyətimizin ana xəttini təşkil edir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, dövlətin və Heydər Əliyev Fondunun qayğısı rayonumuzda təhlisin maddi-texniki bazasını əsaslı şəkildə möhkəmləndirmiş, bütövlükdə, təhsilin səviyyəsi xeyli yüksəlmişdir. 2003-cü ildən əvvəlki 25 il ərzində rayonumuzda cəmi 1 məktəb inşa edilmişdirsə, son 5 ildə Ağcabədidə dövlət proqramı çərçivəsində 10, Heydər Əliyev Fondunun xətti ilə 6, qeyri-hökumət təşkilatlarının yardımı ilə 9 məktəb tikilib istifadəyə verilmişdir.

Rayonumuzda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı, Ağcabədi Pedaqoji Texnikumu, Sumqayıt Musiqi Texnikumunun Ağcabədi filialı, rayon texniki peşə məktəbi, 62 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunları sadalamaqda məqsədim odur ki, müasir dövrdə Ağcabədi təkcə kənd təsərrüfatı rayonu olaraq qalmamışdır. Rayonda sosial-iqtisadi inkişafın yüksək dinamikası təhsildə də yüksəlişi zərurətə çevirmişdir. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı Proqramına (2005-2009-cu illər) əsasən məktəblər 566 ədəd kompüter dəsti ilə təmin olunmuşdur. 2008-ci il məzunlarından 10 nəfəri ali məktəblərə qəbul imtahanı zamanı 500-dən çox bal toplamışdır. 3 saylı məktəb-liseyin məzunu Şirin Qəhrəmanlı isə 686 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1817 nəfər birinci sinif şagirdinin hər birinə məktəbli çantası və 17 adda məktəb ləvazimatı, 600 nəfər məktəbliyə isə idman dəsti hədiyyə edilmişdir.

Təhsildə əldə etdiyi nailiyyətlərə görə, Sarıcalı kənd orta məktəbinin direktoru Saday Əhmədov "Əməkdar müəllim" adına layiq görülmüş, 11 saylı məktəbin direktoru Telman Salahov "Tərəqqi medalı" ilə təltif edilmişdir.

Rayonda təhsili müasir tələblər səviyyəsinə çatdırmaq üçün görüləsi işlər hələ çoxdur. Yeni məktəblərin tikintisinə, bəzi məktəb binalarının əsaslı təmirinə, əksər məktəblərin müasir avadanlıqlarla təminatına ehtiyac var. Bir sözlə, 23 məktəb üçün yeni binanın tikilməsi, 10 məktəbin əsaslı təmiri qarşıda duran vəzifələrdəndir.

Rayonumuzun pedaqoji kollektivləri müstəqil dövlətimizin sabahı üçün layiqli kadrlar hazırlamağı özlərinin şərəfli vəzifəsi hesab edirlər. Sabahımızı elmli, vətənpərvər gənclərə etibar etmək üçün bünövrə məktəblərdə qoyulur. Yaradılmış şəraitdən səmərəli istifadə edərək çalışırıq ki, bugünkü məktəblilər Azərbaycana layiqli övladlar olsunlar.

 

 

Lazım Quliyev

 

Azərbaycan.-2009.-12 mart.-S.5.