AzərTAc-da görüş
Martın 11-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur AzərTAc-da olmuşdur.
AzərTAc-ın Baş direktoru Aslan Aslanov qonağa 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi barədə məlumat vermişdir. Görkəmli siyasi xadim Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından danışan agentliyin rəhbəri vurğulamışdır ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, onun dünya birliyində mövqelərinin möhkəmlənməsi AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmişdir. Hazırda AzərTAc Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və onun rəhbər orqanının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür. Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) və Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biridir, 2008-ci ildən TKA-da sədrlik edir. Ötən il AzərTAc həm TKA-nın, həm də OANA-nın geniş tərkibdə iclaslarına ev sahibliyi etmişdir.
Görüşdə AzərTAc ilə Misirin MENA agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Ətraflı məlumata görə təşəkkür edən səfir Sabir Əbdülqədir Mənsur Azərbaycan-Misir münasibətlərinin inkişafından məmnunluğunu söyləmiş, xalqlarımızın qədim tarixi köklərə malik əlaqələrinin genişlənməsində informasiya mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Misirdə, ölkəsinin Prezidenti Hüsni Mübarəkin Azərbaycanda abidələrinin ucaldılmasını, Misirin birinci xanımı Suzanna Mübarəkin ölkəmizə səfərini xatırladan səfir Bakıda diplomatik fəaliyyəti dövründə dövlətlərimizin bütün sahələrdə, o cümlədən informasiya sahəsində əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Daha sonra səfir Sabir Əbdülqədir Mənsur AzərTAc-ın maddi-texniki bazası, əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuş və onlarla söhbət etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-12 mart.-S.6.