Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşü keçirilmişdir

 

 Xəbər verdiyimiz kimi, martın 11-də Tehranın "Hafiziyə" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının 10-cu zirvə görüşü keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.

Zirvə görüşünün geniş iclası başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.Zirvə görüşünün qapalı iclasından sonra İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatlarının təqdim edilməsi mərasimi olmuşdur. Bildirilmişdir ki, mükafatlar 8 sahə (iqtisadiyyat, elm, texnika və sair) üzrə verilir. Mükafatlara layiq görülənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdən irəli sürülmüş 50 namizəd arasından seçilmişdir. Mərasimdə qaliblər barədə geniş məlumat verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyat sahəsində xidmətlərinə görə mükafatı tacikistanlı alim Talbak Nazarova təqdim etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Neft Kimyası Prosesləri İnstitutunun şöbə müdiri Vaqif Abbasov elm və texnika sahəsində xidmətlərinə görə mükafata layiq görülmüşdür.

Sonra dövlət başçıları, baş nazirlər və tədbirin digər yüksək səviyyəli iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşünün yubiley markasını imzalamış, xatirə şəkli çəkdirmişlər.

10-cu zirvə görüşündən başlayaraq İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad çıxış etmişdir. O, təşkilatın Bakıda keçirilən 9-cu zirvə görüşündən etibarən İƏT-də sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndirmiş, dövlətimizin başçısının səyləri sayəsində təşkilatın işinin ötən müddətdə fəallaşdığını xüsusi vurğulamışdır. İran Prezidenti Tehran Bəyannaməsinin İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişlənməsinə təkan verəcəyini bildirmiş, üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırmışdır.

Bununla da Tehran zirvə görüşü başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 mart.-S.1.