Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı iki ölkənin rəhbərlikləri, habelə digər qurumları, o cümlədən xarici işlər nazirlikləri arasında olan yüksək səviyyəli qarşılıqlı anlaşmanın, fəal əməkdaşlığın ikitərəfli əlaqələrin dinamik inkişafına xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, bütün bunların nəticəsində ikitərəfli münasibətlər möhkəmlənir, ticarət dövriyyəsi artır, geniş miqyasda regional əməkdaşlığın müxtəlif istiqamətlərdə təmin olunması baxımından birgə səylər daha da güclənir. Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, Rusiya xarici işlər nazirinin indiki səfəri onun gedişində aparılan müzakirələr ötən il Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçılarının müəyyən etdikləri kimi, qarşılıqlı əməkdaşlığın dostluq, strateji tərəfdaşlıq prinsipləri əsasında daha da inkişafına xidmət edəcəkdir.

Sergey Lavrov səfəri zamanı iki ölkə prezidentlərinin müəyyən etdikləri istiqamətlər üzrə səmərəli müzakirələr keçirildiyini vurğuladı. O dedi ki, biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtında, sonra isə İlham Əliyevin prezidentliyi dövründə Rusiya Azərbaycan rəhbərlikləri arasında yaranmış qarşılıqlı anlaşma ruhuna uyğun olaraq fəaliyyət göstərməyə çalışırıq. Sergey Lavrov iki ölkə arasında münasibətlərin bundan sonra da dərinləşəcəyinə möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 mart.-S.1.