Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllinin tərəfdarıdır
Martın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.
Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzərin hüquqi statusunun müəyyən olunması, habelə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd etmişdir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi S.Lavrovun diqqətinə çatdırılmış, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyü bildirilmişdir.
Rusiyanın xarici işlər naziri S.Lavrov ölkəsi üçün Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, görüşdə BMT, MDB, Avropa Şurası və digər beynəlxalq qurumlarda münasibətlərin genişləndirilməsi perspektivləri ətrafında da fikir mübadiləsi apardıqlarını demişdir.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayan S.Lavrov əlavə etmişdir ki, rəsmi Moskva münaqişənin nizamlanması istiqamətində Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.
Münaqişənin həllinin bir çox ölkələrin, regionda yerləşən dövlətlərin marağında olduğunu deyən rusiyalı nazir qeyd etmişdir ki, ötən ilin payızında Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları bəyannamədə münaqişənin nizamlanması istiqamətində prosesin irəliləməsinin dəqiq parametrləri əksini tapmışdır.
Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 2 milyard dollar olduğunu deyən S.Lavrov ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən böyük qayğıya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılmasına görə Azərbaycan rəhbərliyinə xüsusi minnətdarlığını bildirmişdir.
Rusiyanın Azərbaycana məxsus Qəbələ RLS-in ABŞ-la birgə istifadəsi təklifinə gəlincə, rusiyalı nazir bildirmişdir ki, əməkdaşlıq təklifi hələlik masa üzərindədir. Əgər amerikalı həmkarlar təklifə maraq göstərsələr və rəsmi Bakı bu varianta razılıq versə, onda məsələ yenidən müzakirə oluna bilər.
"Qəbələ RLS-i gələcəkdə digər ölkələrin istifadəsinə verilə bilərmi" sualını cavablandıran Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov demişdir ki, RLS-in üçüncü ölkəyə icarəyə verilməsi məsələsi gündəlikdə deyildir.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.2.