Bakıda Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi açılmışdır
Martın 12-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açılmışdır.
Mərkəzin açılış mərasimində
iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin bütün sahələrdə
Azərbaycan ilə əlaqələrin inkişafından
məmnun olduğunu bildirmişdir. Nazir demişdir: "Biz humanitar
sahədə əlaqələrə
xüsusi önəm veririk. Bir qədər əvvəl
həm Azərbaycanda,
həm də Rusiyada ölkələrimizin
mədəniyyət illəri
keçirilmişdir. Biz
yalnız ikitərəfli
formatda əməkdaşlıqla
kifayətlənmirik. Əlaqələr MDB çərçivəsində də inkişaf edir. Bu gün
burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışı
humanitar sahədə münasibətlərin daha
da inkişaf etdirilməsi üçün
yeni addımdır".
S.Lavrov mərkəzin işinin yalnız Rusiya vətəndaşları üçün
deyil, həm də azərbaycanlılar
üçün maraqlı
olacağına əminliyini
vurğulamışdır. Nazir ölkələrimiz
arasında münasibətlərdən
danışaraq demişdir
ki, biz maraqlı şəxslərlə ünsiyyət
üçün bu mərkəzin qapılarının
həmişə açıq
olmasını arzulayırıq.
Rusiyalı nazir mərkəzin açılışı ilə
bağlı Azərbaycan
rəhbərliyinə xüsusi
minnətdarlığını bildirmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin
ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində inkişaf etdiyini demişdir.
E.Məmmədyarov vurğulamışdır ki,
bu gün də ölkəmizdə rus dilinə və mədəniyyətinə
böyük önəm
verilir. Azərbaycanda rus dilli məktəblər fəaliyyət
göstərir, Azərbaycan
Dövlət Rus Dram Teatrı əhali arasında sevilən incəsənət ocaqlarından
biridir. Bu yaxınlarda
isə Prezident İlham Əliyev M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının açılışında
iştirak etmişdir.
Azərbaycanın xarici
işlər naziri rusiyalı həmkarına MDU-nun Bakı
filialının rektoru, professor Nərgiz Paşayevanı
təqdim etmişdir.
Sonra
qarşılıqlı xatirə hədiyyələri təqdim
olunmuşdur.
Milli Məclisin deputatı,
yazıçı-publisist Elmira Axundova ulu öndər Heydər
Əliyev haqqında yazdığı 4 cildlik kitabını
Sergey Lavrova hədiyyə etmişdir.
Mərkəzlə
yaxından tanışlıq zamanı bildirilmişdir ki,
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin əsas
vəzifəsi ictimaiyyəti rus və Rusiya Federasiyası
xalqlarının tarixi və mədəniyyəti, iqtisadi
potensialı ilə yaxından tanış etmək, Azərbaycan
təşkilatları ilə əlaqələr qurmaq və inkişaf
etdirməkdir. Burada rus dili kursları fəaliyyət göstərəcək,
müxtəlif konfranslar, "dəyirmi masa"lar,
yeni kitabların təqdimatı keçiriləcəkdir. Mərkəzin zəngin kitabxanasında isə həm
rus, həm xarici nəşrlər toplanmışdır.
Sərgi-konsert zalında mütəmadi
fotoekspozisiyalar, sərgilər, bayram tədbirləri təşkil
olunacaqdır. Mərkəzin fəaliyyətində
vacib istiqamətlərdən biri də Azərbaycandakı rus
icması arasında mədəni-maarifləndirmə işinin
aparılmasıdır.
Mərkəz ilə
tanışlıqdan sonra S.Lavrov Azərbaycandakı həmvətənləri
ilə də görüşmüş, Rusiya
Federasiyasının MDB, xaricdə yaşayan həmvətənlər
və beynəlxalq humanitar əməkdaşlıq işləri
üzrə Federal Agentliyinin Azərbaycan nümayəndəliyinin
də artıq fəaliyyət göstərdiyini demişdir.
Mərasimdə Azərbaycan
rəsmiləri, diplomatlar, Bakı və Xəzəryanı
bölgə yeparxiyasının yepiskopu Aleksandr ata, Milli Məclisin
deputatı, Azərbaycanda rus icmasının sədri Mixail
Zabelin, Azərbaycan kazaklarının atamanı Viktor
Mereşkin və digər şəxslər iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.2.