Daxili Qoşunların yaranmasının 17-ci ildönümü qeyd olunmuşdur

 

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoyulmuşdur.

Daxili Qoşunların şəhid olmuş əməkdaşlarının Şəhidlər xiyabanındakı məzarları üzərinə tər güllər düzülmüşdür.

Mərasimdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov idarənin həyətində Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşdur.

Tədbirdə ümummilli lider Heydər Əliyevin Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.

Məruzə ilə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunmuşdur. Müstəqilliyimizlə yaşıd olan Daxili Qoşunlar ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq çətinliklərdən dəyanətlə çıxmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların əsgərləri qəhrəmanlıq nümunələri göstərmişlər. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər itkin düşmüşdür. Həlak olan igid oğulların bir çoxunun adı əbədiləşdirilmişdir.

Qarşıda duran vəzifələrdən danışan Zakir Həsənov bildirmişdir ki, Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçular dövlət mükafatlarına layiq görülmüşlər.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov, ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini xoş arzularını çatdırmışdır.

Nazir bildirmişdir ki, ölkəmizin başçısı Azərbaycanın Silahlı Qüvvələrinin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət qayğı göstərir.

Silahlı qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğulayan Ramil Usubov demişdir ki, Daxili Qoşunların şəxsi heyəti milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların Vətən xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, onun rəhbərliyini şəxsi heyətinin bir hissəsini mükafatlandırmışdır.

Ramil Usubov vurğulamışdır ki, Daxili Qoşunlar cinayətkarlıqla mübarizəyə öz töhfələrini verir. Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da ölkəmizin Prezidenti ətrafında sıx birləşəcək, öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirəcəkdir.

Nazir Daxili Qoşunlar komandanının müavini, polkovnik Fəxrəddin Səmədova Prezident İlham Əliyevin müvafiq fərmanı ilə general-mayor rütbəsi verilməsi haqqında rəsmi sənədi, xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup hərbçiyə rütbə mükafatlar təqdim etmişdir.

Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 mart.-S.3.