Ədəbi tənqidimizin cəngavəri
Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, yeni mövzularla zənginləşməsində, eləcə də ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində xalq yazıçısı Mehdi Hüseynin özünəməxsus yeri vardır. 56 illik ömrünün 40 ilini ədəbiyyata həsr etmiş Mehdi Hüseyn orijinal yaradıcılıq xüsusiyyətlərinə malik istedadlı yazıçı, dramaturq və prinsipial, obyektiv tənqidçi idi. Müxtəlif janrlarda yazıb yaratmış bu unudulmaz sənətkar nəsr və dram əsərlərində yaşadığı dövrün xarakterik cəhətlərini qabartmağa çalışmış, quruluşun tələbi baxımından yeni obrazlar yaratmış, tarixi mövzulara müraciət etmiş, ədəbi-tənqidi məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır. Mehdi Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xəlqilik mövqeyindən işıqlandırılsın, o cümlədən oxucunun vətənpərvərlik duyğularına, yaratmaq eşqinə təsir etsin. Əlbəttə, Mehdi Hüseyn də, müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, daha cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Bununla belə, Mehdi Hüseyn də müəyyən həqiqətləri söyləmək üçün tarixi mövzulara müraciət edərək ürəyindən keçənləri bu yolla oxuculara çatdırmağa can atmışdır.
Yaradıcılığa məqalə ilə başlayan Mehdi Hüseyn Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin (1928-1930), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1954-1958), birinci katibi (1958-1965), Ümumittifaq Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.
Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsə olan yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu. Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır. Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn kimi qələm sahibləri isə bu yalnışlığı sonadək apara bilməzdilər. Sonralar ədib öz yazılarında bu məsələyə toxunmuşdur: "Biz sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq". Bu etirafın mənası başadüşüləndir.
Bu il görkəmli ədibin
anadan olmasının 100 ili tamam olur. Ölkə Prezidenti
İlham Əliyev Mehdi Hüseynin 100 illik yubileyinin
keçirilməsi haqqında fevralın 6-da sərəncam
imzalayıb. Sərəncamda deyilir: "Yeni dövr Azərbaycan
ədəbiyyatının inkişafında istedadlı nasir,
dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus
yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin
bir çox dəyərli nümunələrini meydana gətirməklə
yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq
və yaradıcılığın nəzəri məsələlərinə
dair aktual mülahizələri ilə ədəbi prosesə
istiqamət vermişdir".
Azərbaycan ədəbiyyatını
inkişafı sahəsində təqdirəlayiq xidmətlər
göstərmiş yazıçı Mehdi Hüseynin ad
günü həm də müxtəlif illərdə məharətlə
rəhbərlik etdiyi Azərbaycan Yazıçılar
Birliyinin 75 illik yubileyi ilə bir vaxta düşür. Bəllidir
ki, Mehdi Hüseyn yaradıcılığının ən
kamil dövründə dünyasını dəyişib. Ona
görə də ədibin
yaradıcılığının dərindən və hərtərəfli
tədqiqi üçün mühüm işlər
görülməlidir. Azərbaycan ədəbiyyatı tarixində
özünəməxsus yer tutan bu sənətkarın şəxsi
arxivi, əlyazmaları diqqətlə
araşdırılmalı, öyrənilməli, onun
yaradıcılığı barədə yenidən
sanballı, layiqli monoqrafiyalar yazılmalıdır. Doğrudur,
Mehdi Hüseyn yaradıcılığı hələ ötən
əsrin ortalarından ədəbi tənqidin diqqət mərkəzində
olmuşdur. Azərbaycan ədəbiyyatının, tənqidi
fikrinin problemlərindən danışan, tədqiqatlar aparan
müəlliflərin əksəriyyəti Mehdi Hüseyn
haqqında müəyyən məqalələr yazıblar. Düşünürük
ki, yeni nəslə onun həyat və
yaradıcılığı daha ətraflı
çatdırılmalıdır.
Mehdi Əli oğlu
Hüseynov 1909-cu il martın 22-də Qazax mahalının
Şıxlı kəndində ziyalı ailəsində anadan
olmuşdur. Ədibin atası Qori Müəllimlər
Seminariyasında təhsil almış görkəmli
pedaqoqlardan biri idi. Azərbaycanın müxtəlif bölgələrində,
eləcə də Bakıda realnı məktəblərdə
dərs demişdir. Mehdi ilk təhsilini doğma kənddə
almış, sonra Qazax seminariyasında oxumuşdur. Ədəbi
yaradıcılığa seminariyanın ikinci kursunda oxuyarkən
başlayan Mehdi Hüseynin ilk yazısı Tiflisdə
çıxan "Yeni fikir" qəzetində çap
edilmişdir. Ailəliklə Bakıya köçdükdən
sonra təhsilini paytaxtda davam etdirən Mehdi Hüseyn burada
Pedaqoji Texnikumu bitirmişdi. Onun bu texnikumda ədəbiyyat
müəllimi görkəmli Azərbaycan
yazıçısı Abdulla Şaiq olmuşdur. İlk hekayəsi
"Qoyun qırxımı" 1927-ci ildə "Şərq
qadını" jurnalında dərc edilmişdi.
Bakı ədəbi mühiti Mehdi Hüseynin yazıçı kimi formalaşmasında böyük rol oynamışdır. Bəllidir ki, o illərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq səmərəli fəaliyyət göstərərək öz əsərlərində köhnəliyi, dini fanatizmi tənqid, qadın hüquqlarını müdafiə edirdilər. O dövrdə ədəbiyyatda bir sürətli istiqamət var idi: köhnəliyi dağıtmaq, yenisini qurmaq. Bu köhnəliyin daxilində hansı məsələlər gedirdi, - bu, başqa mövzunun söhbətidir. Əsas məqsəd bu idi ki, ədəbiyyata yeni mövzular gəlirdi. Məram və məqsəd tərəqqiyə, inkişafa çatmaq idi. Doğrudur, bəzən təcrübəsizlik, dövrün tələblərinə həddən ziyadə aludəlik yeni yaranan nəsr nümunələrindən təsirsiz keçmirdi. Ona görə də istər Mehdi Hüseynin, istərsə də o dövrdə fəaliyyət göstərən yazıçıların ədəbiyyata gətirdiyi obrazlar zəmanənin, ictimai mühitin, bəzən də ədalətsizliyin məngənəsindən çıxa bilmirdi.
Mehdi Hüseyn 1926-cı ildə ADU-nun pedaqoji fakültəsinə daxil olaraq beş il sonra təhsilini tamamlamışdır. 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenarist kursunu bitirmişdir.
Bir tərəfdən yeni eranın başlanması, mədəni inqilabın kəndlərə, ən ucqar yerlərə ayaq açması, digər tərəfdən də bunun əksi olaraq repressiyaların şiddətli yürüşü əslində yazıçıları da anlaşılmaz vəziyyətdə fəaliyyət göstərməyə sövq etmişdi. Dünyanın rəngi elə qarışdırılmışdı ki, bu faciəni kənardan seyr etməklə nə baş verdiyini anlamaq o qədər də asan deyildi. Həbs edilənlər, gedər-gəlməzə göndərilənlər, mühakiməyə çağırılanlar, təzyiqə məruz qalanlar əsl həqiqəti bilirdilər. Çoxunun bu həqiqətləri deməyə imkanı, bəzilərinin isə cürəti yox idi. Quruluş insanları elə kökə salmışdı ki, onlar hətta evlərində - doğmalarının yanında da nəsə danışmırdılar. İnsanlar boğulurdu.
Ötən əsrin 20-ci illər ədəbiyyatından bəhs edənlər yazırdılar ki, o dövrdə nəsr, şeir dramaturgiyaya nisbətən zəif inkişaf etmişdi. Əlbəttə, bu fikirdə də müəyyən ziddiyyət var. Sovet dövründə qələmə alınmış bu münasibət başqa cür ola bilməzdi. Halbuki o illərdə Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun və başqalarının pyeslərinin uğurlu tamaşaları olurdu. Məmməd Səid Ordubadinin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, eləcə də Mehdi Hüseynin hekayələri, povestləri, romanları çap olunurdu. Ədəbiyyat inkişaf edirdi. "Bədii nəsrin ən gözəl nümunələrini Mehdi Hüseyn yaradırdı" (M.Arif). Bu başqa söhbətdir ki, nəsr nümunələri sovet quruluşunun tərənnümünə necə xidmət göstərirdi. Müdrik və uzaqgörən ədiblərimiz tez-tez tarixi mövzulara müraciət edirdilər. Başqa çıxış yolu yox idi.
Mehdi Hüseyn bütün yaradıcılığı boyu həyat həqiqətlərinə sadiq qalmağa çalışırdı. O, sözün əsl mənasında yazıçı kimi fəaliyyət göstərmək istəyirdi. Amma onun hekayələri nədənsə ədəbi tənqidi qane etmirdi. Hətta o dövrdə mətbuatda dərc edilmiş rəylərin birində deyilirdi: "Mehdi Hüseyn hekayə ilə tənqidi bir-birinə qarışdırır".
Uzun müddət Mehdi Hüseyn mətbuata və nəşriyyatlara nəsr əsərləri təqdim etmədi. On-on beş il "Daşqın" adlı romanın üzərində işlədi. Üç hissədən ibarət olan bu roman haqqında xalq şairi Rəsul Rza kitabın nəşrinə yazdığı müqəddimədə deyirdi: "İki dünyanın diz-dizə gəldiyi böyük günlərin yaralı səhifələri bu gün belə kimsənin xatirindən çıxmamışdır. Bu günlərin dəhşətli gurultularına qarışaraq sovrulan dumanların içində itən, sızılan qanlardan boğulan qəhrəmanlar Azərbaycan əməkçilərinin xatirindən silinməyəcəkdir". Əsərin birinci hissəsi 1933-cü ildə çap edilmişdir. Bu söz də həmin nəşrə yazılıb. Romanın bu hissəsində Hötedən epiqraf olaraq seçilən misralara fikir verin:
Qoca dünya deyir budur son hikmət,
Sərazad yaşamaq haqqı
bil, fəqət,
Azadlıq uğrunda
çarpışanındır!
Sözlər başqa müəllifin
olsa da, əslində Mehdi Hüseynin niyyətini ifadə etmək
baxımından maraqlıdır. Təkrar edirik ki, bu o zaman
idi ki, repressiyalar Azərbaycanı öz ağuşuna
almışdı. Maraqlıdır ki, Mehdi Hüseyn
yaradıcılığını tədqiq edən bir
sıra tənqidçilər "Daşqın" əsərini
bəyənsələr də, onu ictimai motivlərdən az
danışan bir əsər kimi dəyərləndirmişdilər.
Mehdi Hüseyn həyatın
hər üzünü görən yazıçı idi. O,
tez-tez rayonlara gedir, insanlarla görüşür, bəzən
də uzun müddət orta məktəblərdə müəllim
işləyirdi. Daim axtarışda olan Mehdi Hüseynin bir-birinin
ardınca hekayələri çap edilirdi. 1940-cı ildə
işıq üzü görən "Tərlan"
romanı müəllifin bir nasir kimi yeni üslubunu ortaya qoydu.
Azərbaycan ədəbiyyatında Süleyman Rəhimovun
"Saçlı", Ə.Əbülhəsənin
"Yoxuşlar" romanı hansı mövqedə durursa,
Mehdi Hüseynin "Tərlan" romanı da həmin
sırada ləyaqətlə dayanır. Feodal həyat tərzinin
tənqidi, yeni dünyaya maraq bu əsərin əsas qayəsidir.
Təbii ki, dövrün müəyyən təsirləri də
var. Əslində "Tərlan" bir nasir kimi Mehdi
Hüseynin yeni uğuru idi. Müəllif bu əsəri ilə
özünün novator sənətkar olduğunu təsdiqlədi.
Mehdi Hüseynin diqqətçəkən əsərlərindən
biri də "Fəryad" povestidir. Müharibələrin,
qan-qadanın əleyhinə yazılmış bu əsər
yığcamlığı, kompozisiyasının möhkəmliyi
ilə seçilirdi. 1946-cı ildə "Ədəbiyyat qəzeti"ndə
buna münasibət bildirən İlyas Əfəndiyev
yazırdı: "Əsərin dili şit bədiilikdən
uzaqdır. Hər söz öz yerində, yığcam və
sərt bədiiliyə malikdir".
1946-cı ildə həyata gələn
"Ürək" povesti də müəllifin uğurlu əsərlərindən
biri oldu. Xalq şairi Səməd Vurğun bu əsərə
yüksək qiymət verərək demişdir: "Nəsrimizin
çox parlaq nümunəsidir".
1947-ci ilin sonunda Mehdi
Hüseynin "İnqilab və mədəniyyət"
jurnalında çap edilən "Abşeron" romanı ədəbi
hadisəyə çevrildi. Bu romana görə müəllif
1950-ci ildə Dövlət mükafatına layiq
görüldü. Əsər rus, ingilis, fransız, alman,
polyak, ərəb, hind, çin, bolqar, macar, rumın və
başqa dillərə tərcümə edildi. Bu roman
haqqında nəinki yerli və İttifaq, eləcə də
xarici ölkələr mətbuatında ətraflı
yazılar dərc olundu.
Azərbaycan nəsrində
öz möhürünü məharətlə vurmuş Mehdi
Hüseynin irihəcmli əsəri olan "Səhər"
XX əsrin əvvəllərində Bakıda və Azərbaycan
kəndində gedən müəyyən inkişafı əks
etdirir. Ədəbi tənqid "Səhər"i Azərbaycan
romanının gözəl nümunəsi, ədəbiyyatımızın
yaradıcılıq nailiyyəti kimi dəyərləndirirdi.
Bu əsər də müxtəlif xarici dillərə tərcümə
edilərək geniş yayıldı.
Mehdi Hüseynin uğurlu əsərlərindən
biri də "Qara daşlar" oldu. Əslində
"Abşeron" romanının bir növ davamı
sayılan "Qara daşlar" dəniz qəhrəmanlarının
- neftçilərin həyatından, mübarizəsindən bəhs
edirdi. Aparılan araşdırmalar bir fikri də təsdiqləyir
ki, Mehdi Hüseynin "Qara daşlar"da qələmə
aldığı mövzu real hadisələrlə
bağlıdır.
Bu, danılmaz faktdır ki,
Mehdi Hüseyn ədəbiyyatın sadiq, mübariz əsgəri
kimi yaşayıb fəaliyyət göstərdi. O, Azərbaycan
ədəbiyyatını yeni mövzularla zənginləşdirdi.
Xüsusilə də "Yeraltı çaylar dənizə
axır" (1965) romanında müəllifin qələmi
çox dərinlərə işləmişdir. O bu əsərində
cəsarətlə dövrün ab-havasına toxunaraq müəyyən
həqiqətləri deməyi bacarmışdır. Həm
respessiyalar dövründə, həm də İkinci Dünya
müharibəsi zamanı xalqımızın çəkdiyi əzabları
qələmə alan yazıçı burada hər iki
haqsızlığı əlaqələndirərək millətə
əzab verib, başına oyun açanları belə səciyyələndirirdi.
"Elə bil sənin gözünün içinə deyirdilər
ki, canın çıxsın, həm vuruşacaqsan, şikəst
olub adamlıqdan çıxacaqsan, həm də düşmən
kimi həbsdə, sürgündə çürüyəcəksən".
Dövrün, zamanın güzgüsü olan bu sözlər
Mehdi Hüseyn qələminin hansı döngələrdən
ötdüyünü dəqiq təsdiqləyir.
Dramaturgiya sahəsində də
qələmini sınayan Mehdi Hüseyn 1939-cu ilin əvvəllərində
"Şöhrət" pyesini yazdı və əsər
tamaşaya qoyuldu. İkinci dünya müharibəsi illərində
"Nizami" (1942) və müharibədən sonra
"Cavanşir" (1957) adlı tarixi dramlarında isə vətənpərvərlik,
qəhrəmanlıq ənənələri əks
olunmuşdur. Bir-birinin ardınca müxtəlif illərdə
yazılmış "Alov", "İntizar" (İlyas Əfəndiyevlə
birgə), "Şamil", "Qara daşlar" pyesləri
müəllifinə xeyli şöhrət gətirdi. Mehdi
Hüseyn həm də kinossenarist idi. "Şair" (1939),
"Fətəli xan" (1947, Ə.Məmmədxanlı ilə
birgə), "Səhər" (1958), "Qara daşlar"
(1958) kinossenarilərinin müəllifidir.
Mehdi Hüseyn mövqeli tənqidçi
idi. Xüsusilə də Yazıçılar İttifaqına
rəhbərlik etdiyi illərdə gənclərə -
istedadlı şair və yazıçılara qayğı ilə
yanaşar, onların əsərləri barədə
mülahizələrini, tənqidi qeydlərini bildirərdi.
Mehdi Hüseynin necə tənqidçi olması barədə
filologiya elmləri doktoru, professor, mərhum ədəbiyyatşünas
alim Qulu Xəlilov "Onun yeri görünür" adlı
xatirəsində yazırdı: "Mehdi Hüseyn
sözün həqiqi mənasında cəngavər idi. Fikir cəngavəri,
söz cəngavəri, hünər cəngavəri idi.
Heç bir yazıçı çıxan bütün əsərləri
oxuyub onun qədər fikir demək iqtidarına malik deyildi.
Mehdi Hüseynin ölümü Azərbaycan ədəbiyyatı
üçün ağır itki oldu. O, sanki sənətin, ədəbiyyatın
barometri, ölçüsü idi. Mehdi Hüseyn
prinsipiallığın, cəsarətin zirvəsində
dayanırdı. Onun sağlığı bizdə
arxayınlıq və narahatlıq yaratmışdı.
Arxayın idik, ona görə ki, harada ədəbiyyatın mənafeyinə
bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir qartal kimi ora
şığıyırdı. Narahat idik ona görə ki,
hamı fikir söyləyəndə ondan ehtiyat edirdi. Mehdi
Hüseynin obyektivliyindən, cəsarətindən,
düzlüyündən çəkinirdi". Bu sözlərdəki
böyük həqiqət bu gün hamını
düşündürməlidir. Mehdi Hüseynin vəfatından
44 il keçir. İndi ədəbi tənqidimizdə bir tost ənənəsi
hökm sürür. Ədəbiyyatımıza basqılar
etmiş cızma-qaraçıların zəif əsərləri
barədə baş alıb gedən susqunluq həqiqətən
dözülməzdir. Belə məqamda bizim də ürəyimizdən
keçir ki, bu sualı verək: niyə Mehdi Hüseyn, Məmməd
Arif, Məmməd Cəfər, Qulu Xəlilov, Yaşar Qarayev
kimi tənqidçilərin yeri boş görünür? Ədəbiyyata
dəxli olmayan kitablar - makulaturalar haqqında ədəbi tənqid
niyə münasibət bildirərək sərt
sözünü demir? Gənclərlə yaşlılar
arasındakı əlaqələrin tarazlığı da
xoşagələn deyil. Yeni yazarlar ədəbiyyatı
oxumadan, yazıçıların həyatına dərindən
bələd olmadan, dövrləri bilmədən
bütünlükdə 70 illik ədəbiyyatın
üstündən qara xətt çəkirlər.
Yaşlılar da cavanları bəyənmirlər. Halbuki Mehdi
Hüseynin həyat və yaradıcılığına bələd
olduqda fikirləşirsən ki, ötən əsrin 20-30-cu illərində
ədəbiyyata gələnlərin hər birinin həyatı
örnəkdir. Təkcə onları oxumaqla, bilməklə,
öyrənməklə çox dəyərli bilgilər əldə
etmək olar. Ən azından xalqımızın keşməkeşli
taleyindən xəbər tutarıq. Bu yazıçı və
şairlərin hər birinin həyat yolu millətimizin taleyi
ilə üst-üstə düşür. Hər birinin
ömründə bir tarix var.
Unudulmaz
yazıçımız həm də görkəmli ictimai
xadim kimi tanınırdı. Dəfələrlə deputat
seçilmişdi. 1964-cü ildə xalq yazıçısı
fəxri adına layiq görülmüşdü.
Qırmızı Əmək Bayrağı ordeni və
medallarla təltif olunmuşdu. Səsi-sorağı müxtəlif
xarici ölkələrdə keçirilən simpoziumlardan,
konfranslardan gələrdi.
Repressiyaların
caynaqlarından xilas olaraq sədaqətlə ədəbiyyatımızın
inkişafına xidmət edən Mehdi Hüseynin 1964-cü ildə
Yazıçılar İttifaqında öz kabinetində
ürəyi dayanmışdır. Bu, adicə əcəl
olmamışdı. O günün şahidləri, hadisəni
dərindən bilən qələm dostları mənə
danışmışdılar: "Mehdi Hüseynin ürəyini
partlatdılar. O adamlar ki, sonralar da elə öyrəncəkli
olmuşdular ki, tribunalarda odlu-alovlu çıxışlar
edir, digər vətən oğullarının üzünə
dirənərək öz ənənələrindən uzaq
düşmürdülər. Amma həyat heç nəyi
borclu qoymur".
Saysız-hesabsız hekayələrin,
ədəbi-nəzəri məqalələrin, xatirələrin,
gündəliklərin müəllifi olan Mehdi Hüseyn, deyilənə
görə, "Azadlıq" adlı roman üzərində
işləyirmiş. Ancaq qəfil ölüm bir sıra
yaradıcılıq planlarını yarımçıq
qoyduğu kimi, bu əsəri də tamamlamağa imkan vermədi.
40 il ədəbi fəaliyyət göstərərək ədəbiyyatımıza
sədaqətlə xidmət etmiş Mehdi Hüseyn əsl sənətkar
ömrü yaşadı. Öyrənə-öyrənə,
işləyə-işləyə, yüksələ-yüksələ.
Mehdi Hüseyn ruhən güclü, mənən təmiz insan,
millətini sevən ədib olduğundan yazdığı
bütün əsərlərində mənəviyyatın qələbəsinə
üstünlük vermişdir. O, qəhrəmanlarını rəğbət
və məhəbbətlə, inanaraq təqdim etmişdir. Əslində,
Mehdi Hüseyn azadlığı, azad sözü sevirdi. Bəlkə
elə buna görə Nəriman Nərimanovdan bəhs edəcək
əsərinin də adını "Azadlıq"
qoymuşdu. Heyiflər olsun ki, arzuları da ömrü kimi
yarımçıq qaldı.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-13 mart.-S.6.