İşıqlı və mənalı ömrün sahibi

 

Bu gün Azərbaycanın elm ictimaiyyəti görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun 80 illik yubileyini qeyd edir. Hər bir insanın şəxsiyyət olaraq əsl dəyəri onun ziyalılığı və mənəvi kamilliyi ilə ölçülür. Elmi özlərinə həyat kredosu seçən belə insanlar həm də bəşəri dəyərlərin qorunub zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Onlara bitib-tükənməyən örnək məktəbinin təmsilçisi desək, yanılmarıq. Çünki bu insanlar həmin nüfuzu qeyri-adi əməksevərlik, intəhasız ürək genişliyi, səmimi hiss və duyğular, nadir bilik və qabiliyyət hesabına fəth edirlər. Yüksək ziyalılığı, mədəniyyəti, xeyirxahlığı, şəxsiyyəti ilə elm ictimaiyyəti arasında tanınan görkəmli iqtisadçı alimlərdən biri də akademik Asəf Nadirovdur.

A.Nadirov Naxçıvan mahalında pak əməlləri, vətənpərvərliyi, zəhmətsevərliyi ilə el ağsaqqalı adını şərəflə daşımış Abbasqulu kişinin ailəsində dünyaya göz açmışdır. O öz ağlı və zəkası ilə Azərbaycan Elmlər Akademiyasında çalışdığı uzun və səmərəli dövr ərzində kiçik elmi işçi vəzifəsindən, coğrafiya elmləri namizədliyindən iqtisad elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi kimi yüksək elmi adlar və titullara layiq görülmüşdür. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirdiyinə görə rəhbərlik onu assistent vəzifəsində saxlamışdır. Gənc mütəxəssis olmasına baxmayaraq, özünü əsl tədqiqatçı kimi doğrultmuş və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti yanında respublika inzibati-ərazi bölgüsü üzrə məsləhətçi kimi məsul vəzifəyə irəli çəkilmiş, iki ilə yaxın bu vəzifədə çalışmışdır. 1952-ci ildə Asəf Nadirov Azərbaycan EA-nın Coğrafiya İnstitutunun aspiranturasına daxil olmuş və təhsilini davam etdirmək üçün 1953-cü ildə Moskva şəhərinə - SSRİ Elmlər Akademiyasına ezam olunmuşdur. Dünya şöhrətli alimlərin çalışdığı bu elm ocağında A.Nadirov böyük elmi məktəb keçmiş və 1956-cı ildə SSRİ EA Coğrafiya İnstitutunda "Naxçıvan MSSR: iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Asəf müəllim çox maraqlı və zəngin ömür yolu keçmişdir. Mənalı həyatını doğma Azərbaycanımızda elm və təhsilin inkişafına sərf etmiş akademik respublika iqtisadiyyatının ən aktual problemlərindən biri olan məhsuldar qüvvələrin yerləşdirilməsinin tədqiqatçısı kimi nəinki doğma vətəndə, həm də onun hüdudlarından kənarda tanınmışdır.

Təsadüfi deyil ki, onun tədqiqatlarını nəzərdən keçirdikcə elmi maraq və fəaliyyət dairəsinin olduqca geniş və çoxcəhətli olduğu dərhal gözə çarpır. Elə bu səbəbdən akademik Asəf Nadirovu regional iqtisadiyyatın tətbiqi sahəsində Azərbaycan məktəbinin banisi adlandırırlar.

Asəf müəllimin xalqı qarşısında ən böyük xidmətlərindən biri də hələ ötən əsrin 60-cı illərinin ortalarında Azərbaycanda şəhərlərin inkişaf problemlərinə dair yazdığı maraqlı bir monoqrafiya ilə bağlıdır.

Müəllif bu əsərdə Azərbaycan şəhərlərinin inkişafı problemlərini tədqiq etmiş, perspektivli xırda və orta şəhərləri müəyyənləşdirmiş və onların inkişafda olanlarının regional mədəni-iqtisadi mərkəz kimi formalaşmasının zəruriliyini elmi cəhətdən əsaslandırmışdır. Bu ideyalar sonrakı illərdə respublikada düzgün regional siyasət yeridilməsində, xırda və orta şəhərlərin inkişafında müsbət rol oynamışdır.

Alimin 1965-ci ildə çap olunmuş "Sosialist istehsalının yerləşdirilməsi" (rus dilində) və 1966-cı ildə nəşr edimliş "Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri" (rus dilində) adlı fundamental əsərlərində ərazi-istehsal kompleksinin istehsalın ərazi təşkilinin səmərəli forması olması ilə bağlı bir sıra prinsipial nəzəri-metodoloji məsələlər araşdırılmış, respublikada formalaşan ərazi-istehsal kompleksləri və onların inkişaf istiqamətləri müəyyən edilmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində gənc müstəqil dövlətin sosial-iqtisadi həyatında buraxılmış kobud səhvlər, keçid dövrü bu problemi bir növ arxaya atmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanda makroiqtisadi sabitlik yarandı. Ölkə dinamik inkişaf yoluna qədəm qoydu. Azərbaycanın gələcək inkişaf strategiyasının proporsiyaları müəyyənləşdirildi. Ölkə Prezidenti İlham Əliyev 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramını təsdiq etdi. Bununla da regional siyasəti ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi qiymətləndirdi. Bu o deməkdir ki, bu gün və sabah regional inkişaf, məhsuldar qüvvələrin ölkə ərazisində səmərəli yerləşdirilməsi ən aktual problemlərdən biri kimi dəyərləndirilir. Çünki yüksək inkişaf sürəti o vaxt daha böyük nəticələrə gətirib çıxarır ki, regionlar da tarazlı və sürətli şəkildə tərəqqi etsin. Azərbaycan dövlətinin apardığı siyasət məhz bu məqsədə xidmət edir.

Asəf Nadirov hələ 1958-ci ildə apardığı tədqiqatı ümumiləşdirərək Balaca Əbdürrəhmanovla və başqaları ilə birlikdə Azərbaycanın iqtisadi rayonlaşmasının təkmilləşməsi ideyasını irəli sürmüşdü. Onun mütəxəssislərlə birlikdə hazırladığı yeni iqtisadi rayonlaşma şəbəkəsi təklif olunmuşdur. Bu yeni iqtisadi rayonlaşma şəbəkəsi 1996-cı ildən başlayaraq orta məktəblərdə coğrafiyanın tədrisində, habelə elmi-tədqiqat işlərində istifadə olunur.

Akademik Asəf Nadirov hələ özünün ilk tədqiqatlarında Azərbaycanda yüngül sənaye və yeyinti sahələrinin, o cümlədən ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin istehsal təcrübəsinin olduğunu əsaslandırmışdır. O, Azərbaycanda qənd istehsalının yaradılması ideyasını ilk dəfə irəli sürmüş və eyni zamanda yem bazasının möhkəmləndirilməsi sahəsinə öz dəyərli töhfəsini vermişdir.

Ötən əsrin 60-cı illərindən sonrakı dövrlərdə bu monoqrafiyanın materiallarından Azərbaycanda yeyinti sənayesinin inkişaf proqnozları işlənib hazırlanarkən istifadə olunmuşdur. Həmin materiallar əsasında Bakıda SSRİ alimlərinin iştirakı ilə böyük elmi-praktik konfrans keçirilmişdir. Kollektiv monoqrafiya kimi nəşr edilən "Azərbaycanın yeyinti sənayesi" həmin dövrdə iqtisad elmində mühüm nailiyyət kimi qeyd olunmuşdur.

Asəf Nadirov 1968-ci ildə "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və öz tədqiqatlarını eyni adlı böyük həcmli monoqrafiyasında ümumiləşdirmiş, respublikamızın iqtisadi rayonlarında sənayenin kompleks və səmərəli inkişafı üçün əlverişli elmi-metodoloji zəmin yaratmışdır.

A.Nadirov tədqiqatlarında elmi-texniki tərəqqinin problemlərinə də geniş yer vermişdir. Ötən əsrin 80-ci illərində akademik Əhməd Mahmudovun rəhbərliyi ilə hazırlanan "Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin kompleks proqramı"nın işlənib hazırlanmasında böyük əmək sərf etmişdir. Bu sahədə görülmüş işlər SSRİ EA, SSRİ Dövlət Plan Komitəsi və Dövlət Tikinti Komitəsi tərəfindən müsbət qiymətləndirilmişdir. Onun tədqiqatları ayrı-ayrı dövrlərdə məhsuldar qüvvələrin inkişafı və sənayenin ərazi təşkilinin, plan və proqnozlarının işlənib hazırlanmasının əsasını qoymuşdur.

Asəf Nadirov 17 il Azərbaycan Elmlər Akademiyasının akademik-katibi vəzifəsində çalışmışdır. Onun çap etdirdiyi 20-dən çox monoqrafiya, dərslik, elmi-kütləvi kitabça, 500-dən çox məqalə ictimaiyyət tərəfindən layiqli qiymətini almışdır.

Akademik Asəf Nadirovun elmi-tədqiqat işlərinin nəticələri, mühüm elmi əsərləri dəfələrlə keçmiş SSRİ və Azərbaycan EA rəyasət heyətlərinin hesabatlarında İttifaqın və respublika elminin mühüm naliyyətləri kimi qeyd edilmişdir.

Asəf müəllim çox güclü elm təşkilatçısıdır. O, uzun illər görkəmli alim, iqtisad elminin müdrik ağsaqqalı sayılan akademik Əhməd Mahmudovun başçılıq etdiyi Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda direktor müavini işləmişdir. Bu institutda isə çox gözəl ab-hava yaranmışdı. Əhməd Mahmudovla Asəf Nadirovun dostluğu hamı üçün nümunə idi. Mən o illəri çox yaxşı xatırlayıram. Bu nəcib, gözəl insanlar mənim də bir iqtisadçı alim, tədqiqatçı kimi formalaşmağımda xeyli zəhmət çəkmişdilər.

Asəf Nadirov uzun müddət Dövlət Plan Komitəsində, Ali Sovetdə müxtəlif komissiyaların üzvü olmaqla və vacib ümumrespublika tədbirlərində iştirak etməklə öz fikir və mülahizələrini müvafiq orqanlara çatdırmış və onların reallaşmasına nail olmuşdur. Bu baxımdan akademikin ötən əsrin 70-ci illərində respublikada məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi məsələlərinə dair direktiv orqanlara ünvanladığı konkret təkliflərini, məruzələrini xüsusi qeyd etmək istərdim. Alimin müstəqillik illərində apardığı tədqiqatlarda yeni iqtisadi sistemin formalaşması, milli iqtisadiyyatın inkişaf məsələləri xüsusi yer tutur. Asəf Nadirov bu illərdə müstəqil Azərbaycanın azad bazar münasibətləri şəraitində iqtisadi inkişafı, özəlləşmə, regional iqtisadi siyasət məsələlərinə dair dəyərli əsərlər nəşr etdirən ən məhsuldar alim kimi tanınır. O, yorulmaq bilmədən çalışır, ölkənin sosial-iqtisadi həyatı ilə bağlı elmi konfranslarda, simpoziumlarda çıxışlar edir, gənc elmi kadrların hazırlanmasına böyük səy göstərir.

Qətiyyətlə demək olar ki, Asəf müəllim regional problemlərin ən aktual istiqamətlərinə dair böyük bir elmi məktəb yaratmışdır. O, güclü və indi də inkişaf edən elmi bir məktəb sayılır. Alimin gərgin və səmərəli fəaliyyətinin, dərin elmi tətqiqatlarının ana xəttini Azərbaycana layiqli xidmət təşkil edir. Asəf müəllim tam əmindir ki, zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olan yurdumuz daha qüdrətli dövlətə çevriləcək.

Azərbaycanın elmi ictimaiyyəti akademik Asəf Nadirovun xidmətlərini yüksək qiymətləndirir. Onun apardığı tədqiqatlar, yazdığı monoqrafiyalar Azərbaycan iqtisad elmində yeni səhifələr açmışdır.

Qürur hissi ilə demək olar ki, müdrik insan, görkəmli ziyalı, uzun illər şəxsiyyətinə dərin hörmət bəslədiyim Asəf Nadirovun yüksək vətəndaşlığı, vətənpərvərliyi, gənc nəslin təlim-tərbiyəsindəki rolu, yetişdirdiyi alimlərə diqqət və qayğısı elmə, milli-mənəvi dəyərlərimizə, vətənə, torpağa bağlılıqdan qaynaqlanır.

Asəf Nadirov 80 illik işıqlı və mənalı ömrün sahibidir. Görkəmli alimə cansağlığı və uğurlar diləyirik!

 

 

Ziyad Səmədzadə,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin İqtisadi siyasət

daimi komissiyasının sədri

 

Azərbaycan.-2009.-13 mart.-S.6.