Hafiz Paşayevin
"Yüksəkliyə doğru"
kitabının təqdimatı
olmuşdur
Martın 12-də
Azərbaycan Dillər
Universitetinin Amerika Mərkəzində Azərbaycan
Marketinq Cəmiyyətinin
və ABŞ Təhsilli
Azərbaycan Məzunları
Assosiasiyasının təşkilatçılığı
ilə xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin "Yüksəkliyə
doğru" kitabının
Azərbaycan dilində
nəşrinin təqdimatı
olmuşdur.
Mərasimi açan ABŞ Təhsilli
Azərbaycan Məzunları
Assosiasiyasının sədri
Ceyhun Kərəmov bildirmişdir ki, tanınmış diplomat Hafiz Paşayevin
1993-cü ilin fevralından
2006-cı ilin iyununa qədər Vaşinqtonda,
Azərbaycanın Amerika
Birləşmiş Ştatlarındakı
ilk səfiri kimi işlədiyi dövrdə
fəaliyyətini əks
etdirən müxtəlif
materiallar kitab şəklində 2006-cı ildə
Vaşinqtonda ingilis dilində nəşr edilmişdir. Oxucuların marağı nəzərə
alınaraq, kitab Azərbaycan Marketinq Cəmiyyətinin təşəbbüsü
ilə dilimizə tərcümə olunmuşdur.
Kitaba müəllifin Amerika universitetlərində,
müstəqil tədqiqat
mərkəzlərində, habelə ABŞ-ın
30-dan çox ştatında
keçirilən biznes
forumlarda çıxışları,
ABŞ mətbuatında dərc
olunmuş bir sıra məqalələri,
müsahibələri və
bəyanatları daxil
edilmişdir.
Oxucular bu nəşrdə Azərbaycanın ABŞ-dakı
səfirliyinin açılmasından
etibarən ABŞ-Azərbaycan
ikitərəfli əlaqələrinin
mürəkkəb inkişaf
dinamikası barədə
ətraflı məlumat
alacaqlar.
Mərasimdə çıxış
edən Dillər Universitetinin prorektoru Natiq Yusifov, Azərbaycan Marketinq Cəmiyyətinin sədri
Rəhim Hüseynov, İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil məsələləri
daimi komissiyasının
sədri Şəmsəddin
Hacıyev, BDU-nun professoru
Abuzər Xələfov,
tərcüməçi Xumar
Hüseynova və başqaları kitabın məziyyətlərindən danışmışlar.
Bildirilmişdir ki, burada toxunulan məsələlərin - Xəzərin
enerji ehtiyatlarının
Qərb ölkələrinə
çatdırılması, regional münaqişələrin həlli,
yeni müstəqil dövlətlərdə demokratiyanın
dəstəklənməsi, Cənubi Qafqazda təsiri gücləndirmək
üstündə geosiyasi
rəqabət və
ABŞ-ın xarici siyasətinin formalaşdırılmasında
Konqresin rolu kimi məsələlərin
əhəmiyyəti ABŞ-Azərbaycan əlaqələrinin
çərçivəsindən çox-çox kənara
çıxır. Azərbaycanlı oxucular buradakı materiallar əsasında ölkəmizin beynəlxalq
aləmdə özünü
təsdiqləmək üçün
keçdiyi çətin,
kəşməkəşli yolu, aradan qaldırdığı
maneələri təsəvvür
edə biləcəklər.
Sonra çıxış edən
professor Hafiz Paşayev kitabın
yazılma səbəbi,
nəşr prosesi, habelə okeanın o tayında Azərbaycan diplomatlarının fəaliyyəti
barədə məlumat
vermişdir. Müəllifin ümummilli liderimiz Heydər Əliyevin 1997-ci
il iyulun
27-dən avqustun 7-dək ABŞ-a ilk rəsmi səfəri, burada keçirdiyi görüşləri haqqında
xatirələri xüsusi
maraq doğurmuşdur.
Hafiz Paşayev Prezident
İlham Əliyevin
2006-cı ilin aprelində
ABŞ-a səfərinin,
Prezident Buşla, digər dövlət rəsmiləri ilə danışıqlarının, səmimi söhbətlərinin
ölkələrimiz arasında
münasibətlərin inkişafında
yeni mərhələ
açdığını bildirmişdir. O demişdir
ki, kitabın
1993-94-cü illəri əhatə
edən birinci fəsli "Azərbaycanın
Vaşinqton xəritəsində
yerləşdirilməsi", 1995-2001-ci illəri əhatə edən ikinci fəsli "ABŞ-Azərbaycan
münasibətlərinin möhkəmlənməsi",
2001-2006-cı illəri əks
etdirən üçüncü
fəsli isə "Əməkdaşlıqdan strateji
tərəfdaşlığa doğru" adlanır və bunlar həm də iki dövlət arasında əlaqələrin
mərhələlərini göstərir.
Daha sonra müəllif suallara cavab vermişdir.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.3.