"Kimdir müqəssir" tamaşasının
aktyorları məhbus
qadınlardır
Martın 12-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə
müəssisəsində Ə.Haqverdiyevin
"Kimdir müqəssir"
əsərinin tamaşası
nümayiş etdirilmişdir.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov penitensiar sistemdə aparılan islahatların əsas istiqamətləri - təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, regionlarda yeni cəzaçəkmə müəssisələrinin inşası, məhkumların sağlamlığının mühafizəsi, cəza çəkənlərin islah edilməsində ictimaiyyətin iştirakı və digər sahələrdə son vaxtlar həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın hazırladığı "Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında" qərar layihəsi yüzlərlə məhkumun azad olunaraq cəmiyyətə adaptasiya olunmasına kömək edəcəkdir.
Müəssisədə kompüter və ingilis dili kurslarının açıldığını deyən nazir müavini bildirmişdir ki, bu, məhkum qadınlar üçün böyük imkanlar yaradacaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məhkum qadınlar üçün yaradılmış şəraitdən, cəza müddətindən azad edilmiş qadınların sosial müdafiəsi istiqamətində görülən işlərdən danışmış, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan geniş söz açmışdır.
Təşkilatın yerlərdə əhali arasında qadınların maarifləndirilməsi istiqamətində gördüyü işləri xüsusi vurğulayan H.Hüseynova son illər Azərbaycanda dövlət tərəfindən qadın məsələlərinin həllinə önəm verildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov müəssisənin kitabxanasına yeni kitablar hədiyyə etmişdir.
Sonra teatrın rejissoru Elnar Qarayevin səhnələşdirdiyi "Kimdir müqəssir" tamaşası göstərilmişdir. Tamaşadakı rolları məhbus qadınlar oynamışlar. İnsanın bəzən daxili aləminə hakim kəsilən şeytana nifrət hissi üzərində qurulan bu əsər bütün iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.3.