Milli iqtisadiyyatın lokomotivi olan bank sektoru qlobal böhranı əzmlə dəf edir

 

Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikanı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir.

Bir sıra dünya ölkələrinin iqtisadiyyatının qlobal maliyyə böhranı ilə üzləşməsinə rəğmən, 2008-ci ildə Azərbaycanın mühüm nailiyyətlərə imza atması, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının səmərəliliyini bir daha təsdiqləyir. Nazirlər Kabinetinin iclasında səslənən rəqəmlər inkişafın əyani təcəssümü olmaqla respublikamızın dinamik inkişaf yolunda olduğunu sübutlayır: 2008-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 18 milyard manata yüksəlmiş, ÜDM-in adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2 faiz artaraq 2343 manat, orta aylıq əməkhaqqı 268 manat təşkil etmiş, orta aylıq pensiyalar 100 manat olmuşdur. Bu dövrdə əhalinin sərəncamında 18 milyard manat və ya ötən ildəkindən 42 faiz çox vəsait qalmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 11,3 faiz üstələdiyi halda, 2008-ci ildə bu, 15,4 faiz olmuşdur. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir. Milli iqtisadiyyat nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək - 16 faizə qədər artım sürəti nümayiş etdirmişdir. Qlobal amillərin, o cümlədən daxili siyasətin nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı - 20 faiz olmuş, iqtisadiyyata kredit qoyuluşu 46 faiz, əmanətlər 32 faiz artmışdır.

Dünyada cərəyan edən xaotik iqtisadi proseslər diqqət mərkəzində saxlanılmaqla, böhranın respublikamıza ciddi sirayət etməməsi üçün qabaqlayıcı addımlar atılmış, xüsusən də milli iqtisadiyyatın ana sütunu sayılan bank sektorunda antiböhran tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş son iclasında dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti bank sektorunun fəaliyyətindən ümumən razılığını ifadə etmiş, eyni zamanda maliyyə böhranı şəraitində bankların ciddi zərər çəkməməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılacağını vurğulamışdır: "Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz, investisiya proqramımız çox böyükdür və milyardlarla vəsaitlə ölçülür, ancaq bununla bərabər, bank sektorundan verilən kreditlərin, xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük əhəmiyyəti var. Ona görə baxmaq lazımdır, mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik".

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ilin ikinci yarısından başlayaraq özünü qabarıq göstərməyə başlayan qlobal maliyyə böhranının respublikamıza ciddi təsir göstərməməsi üçün lazımi tapşırıq və tövsiyələrini vermiş, bu sahədə preventiv tədbirlərin görülməsini zəruri saymışdır. Fikrimizcə, qlobal iqtisadi böhranın respublika iqtisadiyyatına ciddi təsir göstərməməsinin bir sıra real əsasları var. Ölkəmizin müstəqil iqtisadi siyasət yeritməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi qlobal iqtisadi böhranın respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi ölkəmizi qlobal böhrandan hifz edir. Respublika iqtisadiyyatında müşahidə olunan dinamik artımın maliyyə iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması qlobal böhrana qarşı möhkəm sipər rolunu oynayır.

Azərbaycanın qlobal böhrandan etibarlı şəkildə sığortalanmasının əsas səbəblərindən biri də respublikada daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunmasıdır. Dövlət başçısının ötən beş illik fəaliyyətində iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusi cəlb edir. Respublikamız bu gün nəinki iqtisadiyyatını daxili imkanlar hesabına inkişaf etdirir, hətta davamlı inkişaf baxımından bir çox dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır. Hökumət hər hansı layihəni həyata keçirərkən ölkənin iqtisadi təhlükəsizlik maraqlarını, xalqın sosial müdafiəsini ciddiliklə nəzərə alır.

Respublikamızın qlobal böhranın sərt təsirlərinə məruz qalmamasının səbəblərindən biri də xarici borclanmanın səviyyəsinin ümumi daxili məhsul istehsalına nəzərən ildən-ilə aşağı düşməsidir: əgər xarici borclanmanın ÜDM-ə nisbəti 2005-ci ildə 18, 2006-cı ildə 12, 2007-ci ildə 6 faiz idisə, 2008-ci ildə bu rəqəm 6,5 faiz təşkil etmişdir.

Hökumətin həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyası respublikamızı qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qorusa da, hazırkı dünya reallıqları antiböhran tədbirlərinin sistemli şəkildə davam etdirilməsini obyektiv zərurətə çevirir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin son iclasında antiböhran tədbirləri sırasında 2009-cu ildə büdcədən maliyyələşən təşkilatlarda maliyyə nizam-intizamına diqqətin artırılmasının, lüzumsuz xərclərin azaldılmasının vacibliyi xüsusi vurğulanmışdır. Kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların və yanacağın dəyərinin vaxtında və tam ödənilməsi, fiskal orqanlar tərəfindən vergi və rüsumların dövlət büdcəsinə toplanmasının şəksiz təmin olunması da vacib məsələlər kimi önə çəkilmişdir.

İqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrinin acı təcrübəsi göstərir ki, qlobal maliyyə böhranının zərbəsi ilk növbədə bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin heç zaman yaranmayacağını əminliklə söyləmək üçün ciddi əsaslar var. Milli Bankın həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ötən il respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Əhalinin pul gəlirlərinin artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin də artmasına yaxşı zəmin yaratmışdır.

Milli bank sektorunun effektiv fəaliyyət göstərdiyini son illərin inkişaf dinamikasını əks etdirən statistik rəqəmlər də təsdiqləyir. 2007-ci ildə bank sisteminin artım göstəricisi ən yüksək səviyyəyə - 70-80-ə çatmış, aktivləri 2004-cü ildən 5 dəfə artmışdır. Respublikamızın məcmu bank aktivləri Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizinə yüksəlmişdir. Əmanətlərin Sığortalanması Fondunda əmanətlərin həcminin getdikcə artması insanlarda bank sektoruna inamı daha da artırmışdır. 2008-ci ildə əhalinin banklardakı əmanətlərinin həcmi 22,2 faiz artaraq 2 milyard manata yaxınlaşmışdır. Bütün bunlar ölkənin bank sisteminin sabit idarə olunduğunu, qlobal böhran şəraitində belə vəziyyətin tam nəzarət altında olduğunu göstərir. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin son iclasında qlobal maliyyə böhranının ölkənin bank sektoruna ciddi təsir göstərməyəcəyini, bu sahədə əlavə qabaqlayıcı tədbirlərin həyata keçiriləcəyini demişdir. Şübhəsiz, bu nikbin qənaət ölkənin bank sisteminin spesifik xüsusiyyətlərindən irəli gəlir. Azərbaycan banklarının xarici kapital bazarlarından asılılığı - xarici borclanması minimal səviyyədə olmaqla cəmi 18 faiz təşkil edir. Müqayisə üçün bildirək ki, Qazaxıstanda bu rəqəm 78 faizə çatmışdır. Həmçinin, respublika banklarının səhmlərinin dünya birjalarında dövriyyədə olmaması, dünyanın müflisləşən iri maliyyə qurumlarının səhmlərinə Azərbaycan banklarının portfel investisiyalarının yerləşdirilməməsi bu sektorun böhrandan ziyan çəkməsinin qarşısını alır.

Hökumət hazırda geniş antiböhran tədbirlərini nəzərdə tutan xüsusi proqram üzərində çalışır və yaxın zamanlarda onun təsdiqlənəcəyi gözlənilir. Ümidvarıq ki, real sektora diqqətin artırılması, ipoteka kreditləşməsinin həyata keçirilməsi, Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərin artırılması kimi məsələlər proqramda əksini tapacaqdır. Ümumiyyətlə isə, böhranın dəf edilməsi üçün iqtisadiyyatın bütün sektorları əlaqəli iş aparmalı, fəaliyyətini koordinasiya etməli, möhtəkirlik meyillərindən uzaq olmalıdırlar.

Bank sektorunun qlobal maliyyə böhranının mənfi təsirlərindən qorunmasını şərtləndirən vacib amillərdən biri də respublikamızda maliyyə-bank sisteminin sabitliyi ilə bağlıdır. Milli Bankın davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir. Ölkə banklarının fəaliyyəti Milli Bankın Kredit Təşkilatlarına Nəzarət Departamenti tərəfindən ciddi nəzarətdə saxlanılır. Milli Bank ölkənin bank sektorunda tənzimləyici funksiya həyata keçirməklə bankların likvidliyinin, kapitalın adekvatlıq parametrlərinin ardıcıl təhlilini aparır.

Hələ 2008-ci ilin əvvəllərindən maliyyə böhranının ilk simptomlarını nəzərə alan Milli Bank respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmış və səmərəli nəticələr əldə etmişdir. Bankın İdarə Heyətinin qərarı ilə 2008-ci ilin dekabr ayından etibarən mərkəzləşdirilmiş kredit üzrə uçot dərəcəsi 15 faizdən 3 faizə qədər endirilmiş, faiz dəhlizinin yuxarı həddi isə 15 faizdən 13 faizədək azaldılmışdır. Eyni zamanda, bankların daxili öhdəliklərə görə yaratdığı ehtiyat fondunun 12 faizdən 0,5 faizə endirilməsi, xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 10 faizdən 0,5 faizə endirilməsi müsbət bəhrəsini verir. Kredit üzrə uçot dərəcəsinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olaraq maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını alır. Milli Bank bank sektoru üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına çalışır.

Bank sistemində likvidlik səviyyəsinin məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin etməklə yanaşı, qeyri-neft sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır. Hökumətin bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsinin 2009-cu ildə vergidən azad edilməsi barədə qərarı isə real sektorun inkişafına ciddi dəstək sayıla bilər.

Hökumət səviyyəsində həyata keçirilən bu və digər tədbirlərlə yanaşı, qlobal maliyyə böhranının əzmlə dəf edilməsi üçün bankların özləri də təşəbbüskarlıq nümayiş etdirməli, məqsədyönlü kreditləşmə siyasəti həyata keçirərək hər bir riski ciddiliklə nəzərə almalı, real sektorun maliyyə resurslarına ehtiyaclarını təmin etməyə çalışmalıdırlar. Bankların risk menecmenti real sektorun tələblərini ətraflı öyrənməli, müvafiq qiymətləndirmə işi aparmalı, yaranan çətinlikləri maliyyə resursları hesabına həll etməlidirlər. Bu zaman maliyyə resursları daha aşağı faizlə və daha uzun müddətə verilməlidir.

Qlobal maliyyə böhranı şəraitində siyasi proseslərin, xüsusən də reallığa əsaslanmayan, cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi güdən qərəzli iqtisadi təhlillərin iqtisadiyyata təsiri özünü daha qabarıq büruzə verir. Təəssüflə vurğulamaq lazımdır ki, bəzən müxalifət partiyalarının siyasi təsir dairəsində olan "iqtisadçı ekspertlər" bank sektorunun fəaliyyəti ilə bağlı diletant "şərh"ləri ilə ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar məqsədli şəkildə əhalinin banklara olan etimadını, inamını azaltmağa çalışmaqla sanki ölkənin iqtisadi böhranla üzləşməsini, vətəndaşların vəziyyətinin pisləşməsini istəyirlər. Manatın devalvasiyası ilə bağlı fikirlərə geniş yer verən bu "ekspertlər" bunun əhaliyə vuracağı ziyanın fərqində deyillər. Ümumiyyətlə, Azərbaycanda devalvasiya, deflyasiya, inflyasiya kimi ziyanlı iqtisadi proseslərin baş verməsi hər bir vətəndaşın - bu məsuliyyətsiz çıxışların müəlliflərinin də yaşayış səviyyəsini pisləşdirə bilər.

Təəssüflər olsun ki, bankların guya kreditləşməni dayandırması, əmanətləri geri qaytarmaqda çətinlik çəkməsi kimi reallığa uyğun olmayan qərəzli fikirlərin yayılması bu sektorun fəaliyyətinə heç də tam təsirsiz keçmir. Belə əsassız təbliğatın təsiri altına düşən sadə vətəndaşlar gərgin zəhmət hesabına qazandıqları, qənaətlə topladıqları və banklarda yerləşdirdikləri əmanətləri geri götürməyə tələsirlər. Ölkə vətəndaşlarını qətiyyətlə əmin edirik ki, onların banklardakı əmanətlərinin taleyi ilə bağlı heç bir narahatlıq yoxdur. Respublikamızın bank sektorunda kreditləşmə heç vaxt dayandırılmamış, əksinə, kredit portfeli 43 faiz artaraq 6,5 milyard manata çatmışdır. Başqa məsələdir ki, qlobal maliyyə böhranı şəraitində kreditləşməyə daha konservativ və ehtiyatlı yanaşma zərurəti yaranmışdır. Belə ehtiyat tədbirləri bankların öhdəliklərinin icrasını yaxşılaşdırmaq, kredit riskini azaltmaq məqsədilə həyata keçirilir.

Respublika banklarının hazırkı likvidlərinin cəmi bütövlükdə əmanətlərin cəmindən 2 dəfədən də çoxdur. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da vurğuladığı kimi, hətta bütün əmanətçilər eyni gündə əmanətlərini geri götürsələr belə, ölkənin bankları bu vəsaitləri yaradılmış resurslar hesabına ödəmək iqtidarındadırlar. Bu baxımdan vətəndaşlar şayiələrə uymamalı, həqiqətdən tamamilə uzaq, təxribat xarakterli yazılar əsasında əmanətlərinin taleyi ilə bağlı narahatlıq keçirməməlidirlər.

2008-ci ilin maliyyə böhranı kimi yadda qalmasına rəğmən, "Texnikabank" ötən il dinamik inkişaf tempini nəinki qoruyub saxlamış, hətta aktivlərini qısa zamanda 25 faiz artırmışdır. İlin yekunları üzrə mənfəətin həcminə görə "Texnikabank"ın bank sektorunda ilk beşlikdə yer alması, bankın mənfəətinin həm kapitala, həm də aktivlərə görə yüksək olması kifayət qədər qənaətbəxş göstəricidir.

2008-ci ildə "Texnikabank" London birjasında avro istiqrazlarını yerləşdirmiş, bu, Azərbaycan bank sisteminin inkişafında zirvə mərhələ olmuşdur. İlk dəfə olaraq Azərbaycan bankı London birjasına çıxmış, bu məqsədlə sistemli, gərgin və məhsuldar hazırlıq tədbirləri görülmüşdür. Dünyanın 8 şəhərində - Sinqapur, Honkonq, London, Sürix, Cenevrə, Nyu-York, Boston və Los-Ancelesdə 64 investor üçün ayrı-ayrılıqda təqdimatlar keçirilmişdir.

Ötən il beynəlxalq əməkdaşlıq çərçivəsində bankın müxbir əlaqələri genişləndirilmiş, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuş, habelə xarici özəl investisiya bankları və fondları ilə qarşılıqlı faydalı əlaqələr qurulmuşdur. Maliyyə böhranı şəraitində vəsaitlərin diversifikasiyası da "Texnikabank"ın fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur. Bankın öhdəliklərində xarici borcların xüsusi çəkisi 13 faiz təşkil edir ki, bu da son dərəcə yaxşı göstəricidir. Yerli vəsaitlər 3 mənbə - əhalinin əmanətləri, dövlət vəsaitləri və nəhayət, korporativ müştərilərin hesablarındakı qalıqlar hesabına təmin olunur. Bu üç mənbə, eyni zamanda xarici borclanma hesabına formalaşdırdığımız maliyyə vəsaitləri "Texnikabank"a kreditləşmə siyasətini bu il də inamla davam etdirmək imkanı yaradır.

"Texnikabank"ın fəaliyyətinin əsas istiqaməti korporativ müştərilərə xidmətdir. Apardığımız ümumi kreditləşmədə korporativ müştərilərə verilən kreditlərin payı 70 faizdən çoxdur. Real sektorda çalışan müştərilərlə əməkdaşlığa daha çox üstünlük verilir. İstehsal müəssisələri ilə əməkdaşlıq çərçivəsində həm şirkətlərin kredit ehtiyacları ödənir, həm də onların əməkdaşlarına plastik kartlar vasitəsilə məvacib verilməsi təmin olunur. Belə müəssisələrin ehtiyacı olan işçilərinə istehlak kreditlərinin ayrılmasında da heç bir problem yoxdur. Çünki bank onların real gəlirləri barədə dolğun informasiyaya malikdir.

Kiçik və orta biznesə kreditlərin verilməsi "Texnikabank"ın fəaliyyətində mühüm istiqamətlərdən biridir və 2009-cu ildə də bu siyasət davam etdirilir. Bu sektorda risklərin cəmləşməsi aşağı səviyyədə olduğu üçün istehsal müəssisələri ilə işləmək maliyyə böhranı şəraitində daha məqsədəuyğun sayılır. Kiçik və orta biznes strukturlarının həyata keçirdiyi layihələr daha sadə, bu layihələrin təhlili və monitorinqi asan olur. Böhran şəraitində mənfi və müsbət tərəfləri tamamilə aydın olan layihələrin kreditləşməsinə üstünlük verilir.

2009-cu ildə "Texnikabank"ın başlıca hədəfləri yüksək likvidliyin təmini, institusional inkişafın davam etdirilməsi, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, cəlb olunmuş vəsaitlərin geniş diversifikasiyasıdır. Əsas diqqət risklərin idarə olunmasına yönəldiləcək, imzaladığımız müqavilə əsasında Türkiyənin aparıcı şirkətlərindən biri risklərin idarə olunması ilə bağlı bankımıza konsaltinq xidməti göstərəcəkdir.

Adətən böhran şəraitində iqtisadi fəallıq azalır və bütün şirkətlərin daxili məsələlərlə geniş məşğul olmaq imkanı yaranır. Bu baxımdan cari ildə bankın keyfiyyət göstəricilərinin yüksəldilməsinə, əməkdaşların ölkə daxilində təhsilinə, habelə beynəlxalq maliyyə qurumlarının təşkil etdikləri seminarlarda iştirakına xüsusi diqqət yetirilir.

2009-cu ildə eyni zamanda İsveçrə şirkəti ilə birgə həyata keçirilən "Temenos T24" avtomatlaşdırılmış bank proqramının tətbiqinin başa çatdırılması nəzərdə tutulur. Proqram təminatı tam implementasiya edildikdən sonra bankda bütün əməliyyatların effektivliyi artacaq, hesabatların hazırlanması avtomatlaşdırılacaq, bank rəhbərliyi idarəetməni daha səmərəli apara biləcəkdir. Bu proqramın tətbiqindən sonra "Texnikabank" tam həcmdə internet-bankinq xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Bu proqramın tətbiqindən sonra müştərilərimiz evdə oturmaqla, bank hesabları vasitəsilə bütün əməliyyatları tam həcmdə həyata keçirə biləcəklər. Bununla da "Müştəriyə bank deyil, bank xidmətləri lazımdır" prinsipini reallaşdırmaq mümkün olacaqdır.

"Texnikabank" qlobal maliyyə böhranı şəraitində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesinə öz töhfəsini verməyə çalışır. Ümumilikdə respublikamızın uğurla həyata keçirdiyi preventiv tədbirlər fonunda qlobal maliyyə böhranının cari ildə Azərbaycanın bank sektoruna ciddi təsiri gözlənilmir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər respublikamızın cari ildə də uğurla inkişaf edəcəyini, qarşıya qoyduğu vəzifələri inamla gerçəkləşdirəcəyini əminliklə söyləməyə ciddi əsaslar verir.

 

 

Etibar Əliyev,

"Texnikabank" Açıq

Səhmdar Cəmiyyətinin

Müşahidə Şurasının sədri, iqtisad elmləri namizədi

 

Azərbaycan.-2009.-13 mart.-S.5.