Şahbuzda durğunluq buzu əriyib
Ərazisi əsasən dağlıq olan Şahbuz rayonunun özünəməxsus relyefi
var. Mənbəyini dəniz səviyyəsindən
2500-2600 metr hündürlükdə
yerləşən Biçənək
aşırımından götürən
Naxçıvançay rayon
ərazisini tən ortaya bölür. Küküçay, Şahbuzçay
isə onun iri qollarını təşkil edir. Rayon ərazisində uca dağlar, sıldırım qayalar da çoxdur - Salvartı, Camaldağ, Küküdağ, Keçəldağ,
AğdabanE Onların hər biri dəniz
səviyyəsindən 3 min
metrdən artıq hündürlükdə yerləşir.
Rayonun kəndlərinin
əksəriyyəti bu
dağların ətəklərində
məskənləşib.
Uzun illər bu kəndlərin sosial-iqtisadi problemlərinə lazımınca diqqət yetirilməyib. Bu səbəbdən yerli sakinlərin gündəlik həyat tərzlərində yaşanılan çətinliklər çox olub. Xüsusən də təhsil və səhiyyə sarıdan. Amma indi vəziyyət tamam başqadır. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi quruculuq siyasəti sərhəd və dağ kəndlərini də əhatə edib. Bu mənada Şahbuz rayonunun ucqar və sərhəd kəndləri istisna deyil.
120 nəfərə yaxın adamın yaşadığı Şada kəndində son illər normal və rahat həyat üçün hər cür şərait yaradılıb. 22 şagirdin təhsil aldığı, 11 müəllimin çalışdığı kənddə 88 yerlik, ikimərtəbəli, müasir tipli orta məktəb binası tikilib. Kiçik kənddə böyük məktəb binası inşa edilərkən Şadanın gələcək inkişaf perspektivi nəzərə alınıb.
3 kilometrə yaxın məsafədən su xəttinin çəkilməsi də adamların məişət və təsərrüfat problemlərini yüngülləşdirib.
Ötən əsrin 90-cı illərinin əvvəlləri Biçənək kəndinin sakinləri üçün daha çətin keçmişdi. Erməni yaraqlıları bu kəndə bir neçə dəfə silahlı təcavüz etmiş, ərazini işğal etməyə çalışmışlar. Amma vətənpərvər, yurdsevər oğulların qeyrət və şücaətləri nəticəsində məkrli düşmənin planları alt-üst oldu. Üstəlik, ulu öndər Heydər Əliyevin quruculuq siyasəti kəndə təzə nəfəs verdi. Yeni məktəb binasının tikilməsi ilə kənddə quruculuq işlərinə start verildi. Sonrakı illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərcivəsində Biçənəkdə "Kənd mərkəzi", mağaza, məişət evi və digər sosial obyektlər inşa olundu. İndi kənd sakinləri hətta avtomat-telefon stansiyasından istifadə edirlər.
Kolanı kəndində isə quruculuq tədbirləri Naxçıvancay üzərində avtomobil körpüsünün yenidən qurulması ilə başlandı. Kənddə həmçinin üçmərtəbəli "Kənd mərkəzi", həkim ambulatoriyası, məişət evi, ticarət mərkəzi inşa olundu, uşaq musiqi məktəbi yeni ünvana köçdü, "Bulaq" abidə kompleksi yaradıldı.
Şahbuzun ucqar və sərhəd kəndlərindən biri də Gümrüdür. Kənd Salvartı dağının ətəklərində yerləşir. Son illər ərzində bu kənddə də bir çox obyekt inşa olunub. Ötən il "Kənd mərkəzi" istifadəyə verilib. 750 nəfərə yaxın əhalinin yaşadığı kənddə fəaliyyət göstərən bir çox qurumlar - ərazi icra nümayəndəliyi, kənd kitabxanası, klub, ATS, poçt şöbəsi, eləcə də bələdiyyə bu mərkəzə köçüb.
Rayon mərkəzindən 7 kilometr aralıda yerləşən və 1200 nəfərdən artıq əhalinin yaşadığı Şahbuzkənddə isə təkcə bir il ərzində yeni obyektlər inşa olunub, infrastruktur sahələri yaradılıb. Onlardan biri 112 şagirdin təhsil aldığı məktəb üçün 216 yerlik, müasir tipli, ikimərtəbəli binadır. Bundan əlavə, kənddə hər cür tibbi avadanlıqla təchiz olunmuş həkim ambulatoriyası, ikimərtəbəli "Kənd mərkəzi" istifadəyə verilib.
Amma ötən il ərzində Şahbuzun kəndlərində aparılan quruculuq və abadlıq işləri bunlarla bitmir. Sıraya Külüs kəndinə su xəttinin çəkilməsini, Şahbuzkənd və Kiçikobada yeni körpülərin salınmasını, rayon mərkəzindən Keçili istiqamətinə uzanan 8 kilometrlik yola asfalt-beton örtüyünün döşənməsini, adı dillər əzbəri olan Batabat yaylağındakı "Zorbulaq" ətrafında aparılan abadlıq işlərini, Kükü, Şada və Keçili kəndləri ərazisindəki avtomobil yollarının təmirini və digər tədbirləri əlavə etmək olar. Ümumiyyətlə, ötən il rayon ərazisində aparılan tikinti-quruculuq işlərinin həcmi əvvəlki illərlə müqayisədə xeyli çoxdur və heç şübhəsiz, cari ildə həyata keçiriləcək quruculuq tədbirləri də az olmayacaq. Hazırda Badamlı kəndində 216 şagirdlik ikimərtəbəli, müasir məktəb binası, rayon mərkəzində mərkəzi xəstəxana kompleksi inşa olunur. Bu siyahını uzatmaq da mümkündür. Amma bütün bunlarla birlikdə Şahbuz kənd təsərrüfatı rayonudur və burada əsas diqqət aqrar sektorun inkişafına yönəldilir. Baxmayaraq ki, 5-6 il əvvələ qədər bir sıra obyektiv və subyektiv səbəblər ucbatından bu sahə rayonda lazımi dərəcədə inkişaf etməmişdi. Rayon üzrə hər il orta hesabla cəmi 750-800 hektar əkin sahəsindən istifadə olunurdu. Belə acınacaqlı vəziyyətə son qoymaqda Prezidentin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" və "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" imzaladığı sərəncamlar mühum rol oynadı. Qısa müddətdə əkin sahələrinin həcmi 3 min hektarı ötdü. Onun 1000 hektarında taxıl əkildi.
Rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev deyir ki, ötən təsərrüfat ili taxılçılıqla yanaşı, kartofçuluğa da xüsusi diqqət yetirilmiş, bu sahənin inkişafı üçün əlverişli şəraitin olması nəzərə alınaraq sahibkarlara 20 min manat həcmində güzəştli kreditlər verilmişdir.
Suvarma sistemlərinin müntəzəm olaraq təkmilləşdirilməsi və yenidən yaradılması, ən müasir texniki avadanlıqların fermerlərin istifadəsinə verilməsi, məhsulun alıcı məsələsinin həlli də aqrar sektorun inkişafına təkan verib. Nəticədə keçən il sahələrdən 2823 ton taxıl və 4616 ton kartof toplanıb. Meyvə bağlarından əldə olunan məhsul da bol olub - 5374 ton. Bunlardan əlavə, indi rayon əhalisində 20 min baş qaramal, 100 mindən artıq davar var. Arı ailələrinin sayı da xeyli artıb. Bu sahə əhalinin yaxşı qazanc mənbəyinə çevrilib.
Təbii ki, dövlət siyasəti nəticəsində sərhəd və dağ rayonunda ardıcıllıqla həyata keçirilən bu tədbirlər ilk növbədə əhalinin sosial problemlərinin həllinə, güzəranının yaxşılaşmasına yönəldilib. Əliqabarlı kəndlinin artıq nə umacağı var ki...
Məmməd Məmmədov
Azərbaycan.-2009.-13 mart.-S.4.