Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilmişdir

Baş nazirin birinci müavini Yaqub Eyyubovun çıxışı

 

 - Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

On yeddi il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası öncə çağdaş dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müasir tarixinin yeni, şərəfli və möhtəşəm bir dövrünü yaşamaqdadır.

2003-cü ilin payızından bu günədək keçən müddət ərzində məhz dövlətimizin başçısının yüksək biliyə və fitri istedada əsaslanan uzaqgörən, genişmiqyaslı və praqmatik fəaliyyəti nəticəsində ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasında öz mövqeyini möhkəmlətmişdir.

Böyük qürur hissi ilə deyə bilərik ki, bütün beynəlxalq aləm İlham Əliyevi Heydər Əliyev siyasi və iqtisadi xəttinin əvəzsiz davamçısı, regionun lider dövlət başçısı kimi qəbul edir.

Beş ildən artıqdır ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən köklü sosial-iqtisadi islahatlar Azərbaycanın milli maraqlarına əsaslanan perspektiv inkişafa, xalqın maddi rifahının yaxşılaşdırılmasına xidmət edir.

Ötən ilin oktyabr ayında dövlətçiliyimiz və cəmiyyətimiz üçün çox böyük əhəmiyyət kəsb edən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanan İlham Əliyevin parlaq qələbəsi Azərbaycan vətəndaşlarının öz liderinə, onun apardığı sosial-iqtisadi siyasətə olan böyük inamının əyani təzahürü idi. Bu, gözlənilən və qətiyyətli qələbə idi. Bu qələbə Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi xəttinin alternativsizliyinin təntənəsi idi.

Ümumən, son dövrdə yaranmış yeni beynəlxalq iqtisadi şəraitdə müasir çağırışlara cavab verən irimiqyaslı, məqsədyönlü islahatlar ölkəmizin qüdrətini daha da artırmış, Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderlər mövqeyinə çıxmışdır. Ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına xidmət etmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bu müddətdə demək olar ki, dünyada analoqu olmayan nəticələr əldə edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.

Tamamilə təbiidir ki, Dünya Bankı tərəfindən hazırlanan və çox ciddi hesabatlardan biri sayılan "Doing Business-2009" Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Fərəhləndirici haldır ki, dünyanın nüfuzlu və aparıcı maliyyə təşkilatlarının, nəşrlərinin qənaətinə görə, dövlət başçısı cənab İlham Əliyevin titanik zəhməti sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Hörmətli deputatlar, baxmayaraq ki, möhtərəm Prezident İlham Əliyev əldə olunan uğurlar haqqında Nazirlər Kabinetinin iclasında ətraflı danışmışdır, mən iqtisadiyyatda qazanılan nailiyyətləri bir daha qürur hissi ilə vurğulamaq istərdim.

Hesabat ilində ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz real artımı xüsusilə qeyd etmək istərdim. Biz bunu ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft sektorundan asılılığının azaldılması sahəsində mühüm nəticə hesab edirik.

Əsas kapitala 9,1 milyard manat investisiya yönəldilərək əvvəlki illə müqayisədə 34,3 faiz artım əldə olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir.

Möhtərəm Prezidentimizin daim nəzarətində olan sosial məsələlərin həlli yenə də hökumətin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılmışdır. Son beş il ərzində minimum pensiya 3,8 dəfə, minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı isə 3,5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən silsilə sərəncamlar imzalanmışdır. 2008-ci il sentyabrın 1-dən minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində 50 faiz artırılaraq 75 manata çatdırılmışdır. Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, müdafiə, hüquq-mühafizə orqanları və digər sahələrdə çalışanların aylıq əmək haqları xeyli artırılmışdır.

Dövlətdən birbaşa ünvanlı sosial yardım alanların sayı 700 min nəfəri ötmüşdür. Hörmətli Milli Məclisin deputatlarına məruzə edirəm ki, dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi gələcəkdə də prioritet istiqamət kimi davam etdiriləcəkdir.

Məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi möhtərəm Prezident İlham Əliyevin gündəlik nəzarətində və hökumətin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə son beş ildə Azərbaycan Respublikasının Prezidenti 19 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti onların icrası ilə əlaqədar 65 qərar və sərəncam qəbul etmişdir. 2003-2008-ci illərdə respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 36 yeni qəsəbə salınmış, onların sosial, təhsil, kommunal və digər problemlərinin həlli istiqamətində çox mühüm işlər görülmüş, 47 min nəfərdən artıq məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdıraraq normal həyata qayıtmışdır. Göstərilən atalıq qayğısına görə onlar cənab Prezidentə öz minnətdarlığını bildirərək, çox çətin və şərəfli fəaliyyətində ona dəstək olacaqlarını birmənalı şəkildə bəyan edirlər.

Ümumiyyətlə, son beş ildə dövlət başçısı ölkə həyatının iqtisadi, sosial və humanitar sahələrinin inkişafını əhatə edən 70-dən çox dövlət proqramı təsdiq etmişdir. Bu proqramlarda nəzərdə tutulan kompleks tədbirlərin hər birinin maliyyələşmə mənbəyi, icra müddəti və nəzarət mexanizmi müəyyən olunmuşdur. Nəticədə dövlət idarəçiliyinin məhz bu sistemli və çevik formalarının düzgün və düşünülmüş tətbiqi qarşıya qoyulan məqsədlərə nail olunmasını təmin etmişdir.

İqtisadi inkişafın əsas hədəflərindən biri də yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən icrasına başlanılan müvafiq dövlət proqramının həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq 2008-ci ildə 13,2 faizə enmişdir.

Sözsüz ki, yoxsulluğun kəskin şəkildə azaldılmasında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması müstəsna rol oynamışdır.

Prezidentimizin proqramın icrasını şəxsi nəzarətində saxlayaraq regionlara mütəmadi səfərlər etməsi, yaranan problemlərin yerindəcə həll olunması üçün aidiyyəti dövlət strukturlarına konkret tapşırıqlar verməsi həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmışdır.

Dövlət başçısının bu istiqamətdə məqsədyönlü və yorulmaz fəaliyyətinin məntiqi nəticəsi kimi, proqrama əlavə olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən daha 17 sərəncam imzalanmış və bunların hamısı icra edilmişdir.

Yeri gəlmişkən, qürurla demək istərdim ki, son beş il ərzində ölkə Prezidenti tərəfindən söz verilmiş 600 min iş yerinin müqabilində ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yerləridir.

Ölkə Prezidentinin bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də tutduğu prinsipial mövqe həm insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də bölgələrdə gedən müsbət iqtisadi və sosial proseslərə güclü təkan verir.

Bildirmək istərdim ki, "2015-ci ilədək Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın əsas məqsədi 2015-ci ilədək yoxsulluğun səviyyəsini inkişaf etmiş ölkələrdəki həddə endirməkdən ibarətdir.

Bəzən bizim iqtisadi inkişafımızı daha çox neft amili ilə bağlayırlar. Düzdür, Azərbaycan neft ölkəsidir və ümumi daxili məhsulda onun çəkisi gözəçarpacaq qədərdir. Ancaq regionlarımızın göstəricilərinə nəzər yetirsək görərik ki, son beş ildə əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox, bəzi bölgələrdə isə artım 2,5 - 3 dəfə olmuşdur. Ona görə də xüsusi vurğulamaq istərdim ki, əldə olunan uğurların bünövrəsində dövlətimizin başçısının rəhbərliyi altında aparılan islahatlar, qoyulan investisiyalar, yaradılan infrastruktur, açılan yeni istehsal müəssisələri, iş yerləri və digər iqtisadi amillər dayanır.

Ölkə Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi investisiya yönümlü büdcəyə, inkişaf və quruculuq büdcəsinə çevrilmişdir. Büdcənin gəlir və xərclərinin səmərəli və şəffaf şəkildə icrasında əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

Son beş ildə dövlət büdcəsi on dəfədən çox artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin xərclərində böyük əhəmiyyət kəsb edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatı xərcləri 5,2 dəfə, təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 3,9, mədəniyyət, idman, bədən tərbiyəsi xərcləri 4,5, müdafiə xərcləri isə 9,7 dəfə artmışdır.

2008-ci ildə büdcə daxilolmalarının təmin edilməsi üzrə proqnoz tapşırıqları artıqlaması ilə icra olunmuşdur.

İqtisadi və maliyyə sistemlərinə uyğun olaraq, bank sektorunun da son illərdəki dinamik inkişafı davam etmişdir. Onun aktivləri 53 faiz, kapitalı 47,8, əhalinin əmanətləri isə 29,6 faiz artmışdır. Bankların regional əhatəsi genişlənmiş, göstərilən xidmətlərin növü və keyfiyyəti xeyli yaxşılaşdırılmışdır.

Milli Bankın və Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşan strateji valyuta ehtiyatları ötən ilin sonuna 18 milyard dolları ötmüşdür. İl ərzində valyuta ehtiyatlarının idarə olunmasından 412 milyon dollardan artıq gəlir götürülmüşdür.

Beləliklə, ölkə Prezidentinin rəhbərliyi altında aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində ildən-ilə artan icmal büdcə və valyuta ehtiyatları, habelə əldə olunan maliyyə dayanıqlığı son beş ildə ölkəmizin hərtərəfli tərəqqisinə xidmət etməklə bərabər, həm də milli sahibkarlıq sinfinin formalaşmasına zəmin yaratmışdır.

Sahibkarlığın dəstəklənməsi davam etdirilərək, onlara böyük həcmdə vəsaitin ayrılması, güzəştli kreditlərin verilməsi, aqrar sektora dövlət tərəfindən subsidiyaların yönəldilməsi, yeni texnikanın alınması, xüsusilə də sahibkarlara dövlət başçısı tərəfindən göstərilən mənəvi və əməli-praktik dəstək qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynamışdır.

Biznes qeydiyyatı sisteminin təkmilləşdirilməsi istiqamətində "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipi uğurla həyata keçirilməkdədir.

Sahibkarlığa Kömək Milli Fondu iş adamlarının maliyyə vəsaitinə olan tələbatının ödənilməsində real mənbəyə çevrilmişdir.

Qarşıdakı illərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi bu sahədə yeni proqramın qəbulunu zəruri etmişdir. Bununla bağlı hazırda proqram layihəsi üzərində ciddi iş gedir. Layihədə sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, hüquqlarının müdafiəsi və digər tədbirlər də öz əksini tapacaqdır.

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən məqsədyönlü və sistemli işlər hesabat ilində də davam etdirilmişdir.

Respublika iqtisadiyyatının ən mühüm sahələrindən olan yanacaq-energetika kompleksinin inkişafı davamlı xarakter almışdır. Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirilməsi nəticəsində neft sənayesinə, neftin və qazın hasilatının artırılmasına xüsusi diqqət yetirilmişdir. Son beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Azərbaycan qaz idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişdir. İndi Azərbaycan qazı Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur. Bu yaxınlarda belə ölkələrin sayı daha da artacaqdır. Respublikamızın özünün qazlaşdırılması isə 85 faizə çatdırılmış, bütün rayon mərkəzlərinin qazla təchizatı təmin olunmuşdur.

Hesabat ilində 300 meqavatlıq Səngəçal elektrik stansiyası tikilib istismara verilmişdir. Sumqayıt şəhərində gücü 525 meqavat olan müasir elektrik stansiyasının tikintisi başa çatdırılaraq yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Şirvan şəhərində 780, Quba rayonunda isə 104 meqavatlıq elektrik stansiyalarının tikintisi davam etdirilmişdir.

Ümumilikdə 2003-2008-ci illərdə elektroenergetika sahəsində ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası tikilib istismara verilmiş, energetika sisteminin istismar gücü 24,3 faiz artırılmışdır. Yeni elektrikötürmə, kabel və hava xətləri çəkilmiş, elektrik şəbəkəsinin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün zəruri işlər görülmüşdür.

Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də əhalinin ərzaqla etibarlı təmin edilməsi olmuşdur.

Bunu nəzərə alaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, motor yağları və mineral gübrələrin alınması, buğda və çəltik əkilməsinə maddi marağın artırılması məqsədi ilə büdcədən 80 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, yüksək reproduksiyalı buğda toxumu və cins mal-qaranın, mineral gübrələrin alınaraq sahibkarlara güzəştlə satılmasına 25 milyon manat vəsait yönəldilmişdir. "Aqrolizinq" Səhmdar Cəmiyyətinə avadanlıq və maşın-mexanizmlərin alınması üçün 37,5 milyon manat, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə investisiya proqramı çərçivəsində 10 milyon manat vəsait ayrılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri 2014-cü ilə qədər, lizinqə verilən texnikanın haqqının ödənilmə müddəti isə 5 ildən 10 ilədək uzadılmışdır.

Bütün bunlar və həyata keçirilmiş digər tədbirlər nəticəsində ötən il kənd təsərrüfatı məhsulları istehsalında 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalında 7,2 faiz, heyvandarlıqda isə 4,1 faiz artım əldə olunmuşdur.

Meliorasiya və irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin, su anbarlarının tikintisi, yenidənqurulması və əsaslı təmiri, sahilbərkitmə işlərinin davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, hesabat ilində kənd təsərrüfatına güzəştli şərtlərlə 152,5 milyon manat büdcə vəsaiti yönəldilmişdir.

Dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik baş verə biləcək fəsadların qarşısının alınmasını, istehlakda yerli məhsulların xüsusi çəkisinin artırılmasını və ərzaq ehtiyatlarının yaradılmasını ön plana çəkmişdir. Bütün bunları nəzərə alaraq, ölkə Prezidenti tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Hesabat dövründə həyata keçirilən infrastruktur layihələri hökumətin bu sahəyə göstərdiyi diqqətin əyani sübutudur.

Ümumən, son illərdə istifadəyə verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının əsas tərkib hissələri olan bu layihələr hələ uzun illər Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına xidmət edəcəkdir.

Əhəmiyyətinə görə regionun geoiqtisadi məkanında önəmli yer tutan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də gələcəyə hesablanmış strateji layihədir. Keçən il Azərbaycanı üç qonşu dövlət - Rusiya Federasiyası, İran və Gürcüstanla birləşdirən beynəlxalq avtomobil yollarının tikintisi davam etdirilmişdir. Respublika əhəmiyyətli və rayonlararası avtomobil yollarında yenidənqurma işləri aparılmış, 800 kilometrdən çox yol təmir olunmuşdur. Lənkəran və Zaqatala rayonlarında hava limanları tikilib istifadəyə verilmişdir. Nəqliyyat infrastrukturunun inkişafı üçün müasir tipli təyyarələr, gəmilər, bərələr, lokomotivlər, metro vaqonları, sərnişin avtobusları və digər təyinatlı maşın və avadanlıqlar alınaraq istismara buraxılmış və beləliklə, sahənin texniki parkı əsaslı şəkildə yeniləşdirilmişdir.

Ümumilikdə, son beş ildə avtomobil yollarının, körpülərin, piyada keçidlərinin tikintisi və yenidən qurulmasına 2,4 milyard manatdan çox vəsait sərf edilmişdir. Bu da müstəqilliyimizin 2003-cü ilə qədər olan dövrü ilə müqayisədə 32 dəfədən artıq məbləğ deməkdir.

Sürətlə inkişaf edən sektorlardan biri də rabitə sahəsidir. Respublikada elektron telefon şəbəkəsinin əhatəsi 83,1 faizə çatdırılmış, mobil abunəçilərin sayı isə əvvəlki illə müqayisədə 4,5 dəfə artmışdır.

Son beş ildə telekommunikasiya sektoruna ümumilikdə 775,4 milyon manat həcmində investisiya qoyulmuş, kompüter və internet istifadəçilərinin sayı müvafiq olaraq 2,2 və 2,3 dəfə artmışdır.

Hörmətli deputatlar!

Hökumətin Milli Məclisdə ötənilki hesabatında deyildiyi kimi, əhalinin su təchizatının yaxşılaşdırılması, mövcud kanalizasiya sistemlərinin yenidənqurulması hesabat dövründə də dövlət başçısının xüsusi önəm verdiyi məsələlərdən biri olmuşdur.

Bu istiqamətdə fəaliyyət intensiv şəkildə davam etdirilmiş, büdcədən ayrılmış vəsait hesabına 144,8 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bakı şəhərinin əhalisini təmiz içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə Dövlət Neft Fondundan 211,8 milyon manat vəsait ayrılmışdır. Ötən il kəmərin 210 kilometrə yaxın hissəsi quraşdırılmışdır.

Respublikanın şəhər və rayonlarında əvvəlki illərlə müqayisədə daha çox müxtəlif diametrli su xətləri, kanalizasiya kollektorları quraşdırılmış, suqəbuledici qurğular və anbarlar, kanalizasiya nasos stansiyaları tikilmiş, subartezian quyuları qazılaraq istifadəyə verilmişdir.

Yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına 60 kənddə sutəmizləyici qurğular inşa edilərək istifadəyə verilmişdir. Yeri gəlmişkən demək istərdim ki, ölkə Prezidentinin tapşırığına müvafiq olaraq, respublikamızın bütün bölgələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması proqramının icrası ilə bağlı işlər cari ildə 32 rayonda davam etdiriləcəkdir.

Hörmətli deputatlar!

Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun təşkili prosesinin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətlərində də əhəmiyyətli işlər görülmüşdür.

İl ərzində 161 yeni məktəb tikilmiş, 129-u isə əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramına uyğun olaraq, 200-dək gənc dünyanın 45 aparıcı ali məktəbinə təhsil almağa göndərilmişdir.

Son beş ildə təhsilin bütün sahələrini əhatə edən və uğurla həyata keçirilən 14 dövlət proqramı üzrə ayrılan büdcə vəsaiti 5 dəfədən çox artaraq 1,1 milyard manat təşkil etmiş, investisiya qoyuluşlarının həcmi isə 220 milyon manata çatdırılmışdır.

Çıxışımın bu məqamında xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin və mədəniyyətin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, mədəni cəhətdən inkişaf etmiş yüksək intellektli yeni nəslin yetişdirilməsinə hesablanan çoxşaxəli fəaliyyəti bu sahələrdə çalışanlara örnək olmalıdır. Şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində son beş ildə təxminən 44 min şagird yerlik 226 yeni məktəb binası tikilmiş, 47 məktəb və uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.

Cəmiyyətimizin hərtərəfli tərəqqisində mədəniyyət sahəsinin ilbəil inkişafı mühüm amillərdən biri olaraq qalmışdır. Ötən il Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Film Fondunun yeni binaları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Sarayı, Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət İncəsənət Muzeyi, M.F.Axundov adına Milli Kitabxana, Bakı Dövlət Sirki və digər çoxsaylı mədəniyyət müəssisələrinin binalarında yenidənqurma, təmir-bərpa işləri aparılmış, onlar daha müasir görkəm alaraq sənətsevərlərin istifadəsinə verilmişdir.

Əminəm ki, bütün bunlar respublikamızda müasir insan kapitalının formalaşmasına və güclü dövlətin qurulmasına öz mühüm töhfəsini verəcəkdir.

Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin ölkəmizdə keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda konfransı bu nüfuzlu beynəlxalq qurumla əməkdaşlığın daha da genişlənməsinə səbəb olmuşdur. Eyni zamanda, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin V konfransında Bakı şəhərinin 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi Azərbaycanda bu sahənin inkişafına beynəlxalq diqqətin artmasına daha bir əyani sübutdur.

Əhaliyə göstərilən tibbi xidmət sahəsində müvafiq dövlət proqramlarına uyğun olaraq məqsədyönlü işlər görülmüşdür. Səhiyyəyə ayrılan büdcə vəsaiti il ərzində 20 faiz artaraq 557,8 milyon manat təşkil etmişdir. Yüksək tələblərə cavab verən tibb müəssisələrinin yaradılması istiqamətində fəaliyyət davam etdirilmiş, 2008-ci ildə 25, son beş ildə isə 289 tibb müəssisəsi tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.

Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, sosial-ictimai həyatın bütün sahələrində onların fəal iştirakını təmin etmək, bədən tərbiyəsi və idmanı daha da inkişaf etdirmək istiqamətində görülən işlər, həmişəki kimi, yenə də dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti möhtərəm İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Yeni idman obyektləri tikilmiş, mövcud qurğular təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Ölkədə fəaliyyət göstərən 19 olimpiya idman kompleksindən 7-si keçən il istifadəyə verilmişdir.

Pekində keçirilmiş XXIX Yay Olimpiya və XIII Paralimpiya oyunlarında Azərbaycan idmançıları uğurla çıxış etmiş və əvvəlki olimpiadalarla müqayisədə daha çox - 17 medal qazanmışlar.

Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, iri regional layihələrdə iştirakı, daxildəki ictimai-siyasi sabitlik ölkəmizə marağı artırmış və respublikamız ötən il bir sıra beynəlxalq konfransların mərkəzinə və təşkilatçısına çevrilmişdir.

Bunlardan bir çox inkişaf etmiş ölkələrin nümayəndələrinin iştirak etdiyi IV Enerji sammitini, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransını və sairi göstərmək olar.

Əldə olunmuş iqtisadi nailiyyətlər ölkəmizdə mövcud ekoloji problemlərin aradan qaldırılmasına şərait yaratmışdır. Müvafiq dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına ciddi təkan vermişdir. 2008-ci ildə Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına beynəlxalq hava limanının ətrafının, neftlə, civə və digər istehsal tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına 40 milyon manatdan artıq və ya 2007-ci illə müqayisədə 2 dəfə çox vəsait yönəldilmişdir.

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədi ilə modul tipli təmizləyici qurğular inşa edilməklə, mühafizə sistemi yaradılmışdır.

Biomüxtəlifliyin qorunması sahəsində mühüm tədbirlər görülmüş, meşələrin mühafizəsi, bərpası və yenilərinin salınması işləri davam etdirilmişdir.

Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı, silahlı qüvvələrin lazımi miqdarda texnika və sursatla təmin edilməsi, həmişəki kimi, ötən il də ən mühüm fəaliyyət sahəsi olmuşdur. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin gündəlik diqqəti və nəzarəti sayəsində keçən il müdafiə xərcləri 65 faizdən çox artaraq 1 milyard 344 milyon manat təşkil etmişdir. Ölkənin hərbi potensialının möhkəmləndirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 141 milyon manatdan çox vəsait ayrılmış, seriyalı istehsal üçün 18 çeşiddə müdafiə təyinatlı məhsul hazırlanmışdır.

Bütün bunları və dövlətimizin başçısının verdiyi müvafiq tapşırıqları və göstərişləri nəzərə alaraq, hökumət ordunun döyüş qabiliyyətinin daha da artırılması, xüsusi texnika və sursatlarla ən yüksək səviyyədə təmin olunması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi istiqamətində vəzifələrin yerinə yetirilməsinə diqqəti daha da artırmışdır.

Hörmətli deputatlar!

Hamıya məlumdur ki, 2009-cu ili bütün dünya 2008-ci ildə başlanmış və getdikcə dərinləşən iqtisadi-maliyyə böhranı şəraitində qarşılamışdır. Dünya iqtisadiyyatında baş verən son hadisələr fövqəldövlətləri də sarsıtmışdır. Qlobal maliyyə böhranı dünyada iri bankların müflisləşməsinə, aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə, ayrı-ayrı sənaye sahələrinin tənəzzülünə, iş yerlərinin ixtisarına, neftin qiymətinin 4 dəfə ucuzlaşmasına gətirib çıxarmışdır. Belə bir şəraitdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hökumətin apardığı düşünülmüş və tarazlaşdırılmış iqtisadi siyasət bizə 2008-ci ildə böhranın birbaşa təsirindən yayınmağa imkan vermişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev yanvarın 16-da Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqində dünya maliyyə böhranının hələ bir müddət davam edəcəyini, onun fəsadlarının daha dərin və ağır ola biləcəyini nəzərə alaraq, hökumətin qarşısında duran ən mühüm vəzifələri əks etdirən antiböhran tədbirlərini açıqladı. Çıxışın əsas müddəaları dünya iqtisadi böhranının Azərbaycana göstərə biləcəyi mənfi təsirlərin yumşaldılmasını, bunun üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsini, çevik maliyyə siyasətinin həyata keçirilməsini özündə ehtiva etmişdir.

İclasdan ötən müddətdə real sektorun inkişafını, investisiya proqramlarında prioritetlərin müəyyənləşdirilməsini, ixracyönümlü müəssisələrin dövlət tərəfindən dəstəklənməsini, maliyyə və nəzarət intizamının sərtləşdirilməsini, bank sisteminin dayanıqlığının gücləndirilməsini, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılmasını, qeyri-neft sektorunun inkişafını, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, ərzaq təhlükəsizliyinin tam təmin olunmasını nəzərdə tutan bu müddəalar hökumətin fəaliyyətinin əsasını təşkil etmişdir.

Hörmətli deputatlar!

Sizi əmin etmək istərdim ki, Nazirlər Kabineti əsası müasir Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf, tərəqqi və sosial rifah siyasətinə bundan sonra da sadiq qalaraq bu xəttin yeganə layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün qüvvələri səfərbər edərək, iqtisadiyyatdakı inamlı sabitliyi qoruyub saxlayacaq, qlobal maliyyə böhranının təsirlərini dəf edərək həyata keçirilən inkişaf konsepsiyasının alternativsiz olduğunu bir daha sübut edəcəkdir.

Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti haqqında məruzəmi yığcam şəkildə Sizin diqqətinizə çatdırmağa çalışdım. Geniş və müfəssəl hesabat isə hər il olduğu kimi, bu il də Milli Məclisə əvvəlcədən təqdim olunmuşdur.

İmkandan istifadə edərək, sizi qarşıdan gələn, müsəlman dünyasının ən müqəddəs bayramlarından sayılan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailələrinizə isə səadət arzulayıram.

Diqqətinizə görə minnətdaram və təşəkkür edirəm!

 

* * *

Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlandı. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini, sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı cəmiyyətdə nikbin əhval-ruhiyyə və fikir formalaşdığını vurğuladılar. Bildirildi ki, Azərbaycan iqtisadiyyatından əldə olunan gəlirlər həm də gələcəyə - təhsilə, mədəniyyətə, səhiyyəyə sərf olunur. Yeni müəssisələrin və iş yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiqdir. Çıxışlarda vurğulandı ki, hökumətin hesabatında ölkə həyatının bütün sahələri əhatə edilmiş, əsas göstəricilər öz əksini tapmışdır.

Ötənilki müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınması müsbət hal kimi qiymətləndirildi. Xüsusi vurğulandı ki, hesabat Milli Məclisə, deputatlara hörmət ruhunda hazırlanmışdır. Hökumətin qaçqınlar və məcburi köçkünlərlə bağlı gördüyü işlər də yüksək dəyərləndirildi.

Eyni zamanda, istifadə olunmamış imkanlardan, ehtiyat mənbələrindən də danışıldı, elmi biliklərin inkişafına, ümumiyyətlə, elmə, ərzaq təhlükəsizliyi məsələlərinə, antiinflyasiya tədbirlərinin gücləndirilməsinə diqqətin artırılması barədə təkliflər də səsləndi.

Azərbaycanın gələcəkdə investisiya qoyan ölkəyə çevrilməsi üçün geniş maliyyə imkanlarının yarandığı vurğulandı və bu istiqamətdə parlamentlə hökumətin sıx əməkdaşlıq şəraitində işləməsinin vacibliyi bildirildi.

Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə həyata keçirilən pul-kredit siyasəti barədə deputatlara məlumat verdi. O bildirdi ki, hesabat beynəlxalq statistikaya uyğun rəqəmlər əsasında qurulmuşdur. Bu hesabatın arxasında dövlətimizin başçısının seçdiyi düzgün siyasi xətt, onun gərgin fəaliyyəti ölkədə yaradılmış iqtisadi potensial, dövlət quruculuğu, iqtisadi quruculuq işləri dayanır. Hətta dünyanı bürümüş qlobal iqtisadi böhran belə bu təəssüratı dəyişə bilməz. Ötən ilin avqust ayından dünyada başlayan qlobal böhran şəraitində də Azərbaycanın qeyri-neft sektorunda, bütövlükdə, iqtisadiyyatında ikirəqəmli iqtisadi artım müşahidə olunmuşdur.

E.Rüstəmov xatırlatdı ki, dövlət başçısının tapşırığına əsasən, hökumət antiböhran proqramı hazırlayır. Proqram üzrə konsensus var və hesab edirəm ki, çox yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaqdır. Böhrandan qabaq görülmüş tədbirlər nəticəsində isə Azərbaycan əldə etdiyi sabitliyə görə, ən öndə gedən dövlətlərdən biridir. Bunu beynəlxalq təşkilatlar və ekspertlər də bildirirlər. Görülmüş tədbirlər nəticəsində olduqca ciddi makroiqtisadi potensial yaranmışdır və Azərbaycan iqtisadiyyatı indi böhrana qarşı çox ciddi immunitet göstərir. Bunun əsas səbəbi yaradılmış maliyyə ehtiyatları, aparılmış islahatlardır.

Azərbaycan hökumətinin hazırladığı antiböhran proqramının ideologiyasının ayrı-ayrı elementləri Rusiya mətbuatında, xüsusən də "İzvestiya" qəzetində də dərc edilmişdir və çox ciddi təbliğ olunurdu. Bu ideologiyanın əsasında çox ciddi manevr etməklə, ölkəmizin imkanlarından, mövcud potensialından istifadə olunmaqla qlobal böhranın Azərbaycan iqtisadiyyatına, sosial həyatına təsirini maksimum neytrallaşdırmaq durur.

Böhran pul-kredit siyasətinin yumşaldılmasını tələb edir. Çünki bütövlükdə böhran dövründə müəssisələrin maliyyə vəsaitinə olan tələbatı artır. Milli Bank son beş ay ərzində pul-kredit siyasətinin yumşaldılması istiqamətində ardıcıl olaraq tədbirlər gördülər ki, iqtisadiyyata əlavə maliyyə resursları verilsin. Uçot dərəcəsi 15 faizdən 3 faizə, bankların Milli Bankda olan ehtiyatları 12 faizdən 0,5 faizə endirilmişdir. Nəticədə iqtisadiyyata 900 milyon ABŞ dolları həcmində əlavə likvidit verilmişdir. Bu, dövriyyədə olan pul kütləsinin 20 faizi həcmindədir. Bunun nəticəsində iqtisadiyyatda əhəmiyyətli dərəcədə likvidlik, yəni nağd vəsait vardır. Bu, həm hesablaşmaları həyata keçirməyə, həm də büdcə qarşısında öhdəlikləri yerinə yetirməyə, o cümlədən də bankların 2,5 milyard dolları həcmində xarici borcuna xidmət etməyə imkan verir. Ötən il ödənilmiş borcun həcmi 1 milyard dollardan yüksək olmuş və yeni ildə isə 200 milyon dollardan çox borc ödənilmişdir. Azərbaycan bankları həm xarici, həm də daxili öhdəliklərini yerinə yetirirlər.

Məzənnə siyasətinə toxunan E.Rüstəmov dedi ki, dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi sabitlik elementləri milli valyutanın sabitliyi ətrafında formalaşmışdır. Azərbaycanın kifayət qədər möhkəm valyuta ehtiyatları vardır və bu manatın məzənnəsinin sabit saxlanmasına imkan yaradır. Məzənnə bu gün həm də dünya bazarındakı neftin qiymətindən də asılıdır. Neftin hazırkı qiyməti də bizi qane edir. Bu səviyyədəki hesablamalara görə, Azərbaycanın ödəmə balansı ilin sonunadək müsbət - 4-5 milyard ABŞ dolları səviyyəsində olacaqdır. Ölkənin valyuta ehtiyatlarına da ciddi təzyiqlər yoxdur. Xaricdə baş vermiş proseslər nəticəsində müəyyən dərəcədə iqtisadiyyatın "əks-dollarlaşması" prosesi gedir. Son 4-5 ildə ölkədə "dollarlaşma" səviyyəsi 20-25 faizə qədər aşağı düşmüşdür.

Milli Bankın rəhbəri onu da bildirdi ki, ölkədə fəaliyyət göstərən bankların göstəriciləri sabitdir. İlin əvvəlindən bəri artım olmasa da, geriləmə də yoxdur. Biz proqramla bank sektoruna əlavə yardımlar göstərməliyik ki, iqtisadi inkişafı təmin edək. İpoteka mexanizmi üzərində də düşünülür. Daşınmaz əmlak bazarındakı vəziyyət məlumdur. İpoteka mexanizmi vasitəsilə vəziyyətin əhəmiyyətli dərəcədə yumşaldılmasına ümid edirik. İpotekanın büdcəyə deyil, bazara bağlılıq modelinə üstünlük veriləcəkdir. Hazırda bu istiqamətdə işlər gedir.

Əmanətlərin sığortalanması sistemində də dəyişiklik edilməsi planlaşdırılır. Bu gün nəzərdə tutulmuş 6 min manat məbləği azdır, bu rəqəmin artırılması barədə hökumətdə konsensus vardır.

Müzakirələr başa çatdıqdan sonra Milli Məclis səsvermə yolu ilə Azərbaycan hökumətinin hesabat dövründəki fəaliyyətinin nəzərə alınması barədə qərar qəbul etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 mart.-S. 2.