Milli müstəqilliyə aparan şərəfli yol

 

Hər bir xalqın taleyini hansısa ziddiyyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, pozitiv rakursda siyasi varislik ənənələri formalaşdırırlar. Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli müstəqilliyə doğru aparan nurlu yolun başlanğıcına çevrilmişdir.

Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqın milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Heydər Əliyev hətta hakimiyyətdə olmadığı qısa vaxt ərzində belə, xarizmatik keyfiyyətləri ilə ictimai rəyə təsir imkanlarını qoruyub saxlamış, cəmiyyətdə mütləq çoxluğun tərəddüdsüz etimad göstərdiyi siyasi lider olmuşdur. Ümummilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.

80-cı illərin sonunda Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bağrağı kimi qəbul olunması haqqında da yekdilliklə qərar qəbul etdilmişdir.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidə ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirmişdir. Bu baxımdan təkcə 1991-ci il martın 14-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktını xatırlatmaq kifayətdir. Ali Məclisin 1991-cı il yanvarın 14-də keçirilmiş sessiyasının müzakirəsinə çıxarılan məsələlər arasında yeni İttifaq müqaviləsi layihəsinə münasibət də var idi. Bu məsələ ilə bağlı sessiyada çıxış edən Heydər Əliyev öz fikrini birmənalı olaraq belə ifadə etdi: "Yeni İttifaq müqaviləsinin layihəsi ümumittifaq siyasi rəhbərliyi və xüsusən M.Qorbaçov tərəfindən bütün sovet xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür".

Azərbaycan Respublikası Ali Sovetinin sessiyası 1991-ci il martın 7-də bu məsələni müzakirə edərkən demokratik fikirli deputatlar SSRİ-nin qorunub saxlanması haqqında ümumittifaq referendumunda Azərbaycan Respublikasının iştirak etməsinin əleyhinə çıxdılar, Azərbaycanın dövlət müstəqilliyinə nail olmasını tələb etdilər. Təəssüf ki, Azərbaycan parlamentində çoxluq təşkil edən kommunist deputatlar respublika rəhbərliyinin göstərişinə uyğun olaraq Azərbaycanın suverenliyi haqqında qanunun ziddinə gedərək referendum keçirilməsinin zəruri olduğunu iddia etdilər.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetində çıxış edərkən bu məsələ ilə bağlı demişdi: "Çox qəribədir. Martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı və Ayaz Mütəllibovun o qədər də dərin mənalı olmayan, əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik, yeni ittifaq müqaviləsini imzalamalıyıq".

1991-ci il martın 14-də isə Naxçıvan Muxtar Respublikasının ümumittifaq referendumunda iştirak etməməsi barədə qərar qəbul olunmuşdur. Lakin yerli partiya orqanlarının - vilayət partiya və rayon partiya komitələrinin təzyiqi ilə SSRİ-nin saxlanması üzrə keçirilən referendumda Naxçıvan Muxtar Respublikası seçicilərinin cəmi 20 faizi iştirak etmişdir. Səsvermə total saxtalaşdırma və qanun pozuntuları ilə müşayiət olunmuş, xalqın iradəsini əks etdirməmişdir.

1991-ci il iyulun 19-da Sov.İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır: "Mən Moskvanın israr etdiyi İttifaq müqaviləsinin əleyhinə çıxmışam. Hər hansı müstəqil dövlətin tərkibində bir neçə müstəqil dövlət ola bilməz. Bütün respublikalara iqtisadi və siyasi müstəqillik verilməli, onların hüquqları tanınmalıdır. Azərbaycan Kommunist Partiyasına hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizmin təmin edilməsi üçün lazımi şərtlərin təmin edilməsini tələb edirəm".

1991-ci il avqustun 30-da isə keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da xüsusi yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də Heydər Əliyevin də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.

Bütün bunlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindəki misilsiz xidmətlərini bir daha sübut edir. Lakin tarixi təcrübədən bu da məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdı. Həmin təlatümlü hadisələr təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər.

Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin ideallarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirir. 2008-ci ilin 15 oktyabrında xalq Heydər Əliyev siyasi kursunu yenə yüksək vətəndaş fəallığı ilə dəstəkləyərək bu məktəbin ən layiqli nümayəndəsini - cənab İlham Əliyevi ikinci dəfə rəhbər seçmişdir. Bu tarixi seçim nəticə etibarilə dövlətimizin möhkəm sabitlik, tərəqqi və yüksəliş yolunda irəliləməsinə ciddi təminatdır.

Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına ürəkdən inanır.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-14 mart.-S.3.