Həqiqətin zəfər
çalması üçün bütün qüvvə və
vasitələr səfərbər olunmalıdır
Erməni təbliğatı daim bizi
hədəfdə saxlayır. Biz
hücuma keçməliyik, onların yalan, iftira üzərində
qurulmuş təbliğatını darmadağın etməliyik
və bütün səyləri birləşdirib, həqiqəti
bərpa etməliyik.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
1991-ci ildən dövlət
müstəqilliyini bərpa edən Azərbaycan hüquqi və
demokratik dövlət quruculuğu yolunda çoxsaylı
çətinliklərlə üzləşmişdir. Ermənilərin əzəli torpaqlarımıza
qarşı ərazi iddialarından alovlanan münaqişə
Azərbaycan dövlətçiliyi üçün əsl
sınağa çevrilmişdi. Ulu öndər Heydər
Əliyev 1993-cü ildə qurtuluş missiyası ilə ikinci
dəfə hakimiyyətə gələrək mahir
siyasi-diplomatik fəaliyyəti ilə Azərbaycanı
parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən
silinmək təhlükəsindən xilas etmiş, ölkədə
yaratdığı dönməz ictimai-siyasi sabitlik nəticəsində
respublikanın dünya birliyinə inteqrasiya xəttini, regional
və beynəlxalq əhəmiyyətli transmilli layihələrdə
fəal iştirakını təmin etmişdir. Azərbaycan
tam mənada müstəqillik yoluna məhz dahi rəhbər
Heydər Əliyevin sayəsində qədəm qoymuş,
müvafiq institutların yaradılmasına, beynəlxalq norma və standartlara uyğun
formalaşmasına, təkmilləşdirilməsinə və
möhkəmləndirilməsinə başlanılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
müdrik sözləri bu baxımdan çox ibrətamizdir:
"Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, daim əbədi
olması bundan da çətindir".
Asiya və
Avropanın, Şərq və Qərb sivilizasiyalarının
qovşağında yerləşən, Transxəzər enerji
layihələrinin həyata keçirildiyi və tarixi İpək
Yolunun üzərində tranzit əhəmiyyətinə malik
ölkəmiz nəqliyyat-kommunikasiya sahəsində tərəfdaşlıq
baxımından mühüm regional lider dövlətə
çevrilmişdir. Müharibə şəraitində
olmasına baxmayaraq, bu gün Azərbaycan tək MDB məkanında
deyil, Şərqi Avropada da ən sabit ölkələrdəndir.
Ölkəmizin paytaxtı Bakı şəhəri
də ictimai asayişin səviyyəsinə görə ön
sıralardadır.
Azərbaycan
Respublikası artıq nəinki Cənubi Qafqaz, hətta daha
geniş coğrafi və siyasi məkanda nüfuz
qazanmışdır. Göstərilənlər Azərbaycanda hərtərəfli,
düşünülmüş və uzun müddətə
hesablanmış dövlət quruculuğu siyasətinin
böyük uğurla həyata keçirildiyini nümayiş
etdirir. Məhz bu siyasətin nəticəsidir
ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada gedən
böhran proseslərindən etibarlı şəkildə
qorunur. Dövlət başçısı İlham Əliyevin
dediyi kimi: "Həm siyasi, həm iqtisadi böhran,
bütün dünyanı silkələyən bu böhranlar
Azərbaycana heç bir təsir göstərmədi, biz
ölkəmizi qorumuşuq və bundan sonra da
qoruyacağıq".
Böyük
karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Respublikası
müəyyən dövlətlərdən enerji
asılılığından azad olmağa və alternativ
enerji mənbələri axtarmağa səy göstərən
Qərb üçün cəzbedici tərəfdaş rolunu
oynayır. Lakin bir məqamı qeyd etmək lazımdır ki,
ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi
rəqib və düşmən qüvvələrin də,
transmilli cinayətkar birləşmələrin də diqqətini
çəkir. Bu mənada Milli Təhlükəsizlik
Nazirliyinin üzərinə mühüm vəzifələr
düşür. Azərbaycan Respublikasının milli təhlükəsizlik
naziri Eldar Mahmudov bununla bağlı demişdir: "Son vaxtlar
Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər
üzrə işlər daha da canlanmış, terror-təxribat
fəaliyyətlərinin qarşısının
alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi,
qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın
digər təzahürlərinə qarşı mübarizədə
uğurlu nəticələr əldə edilmişdir. Müvafiq tədbirlərin vaxtında görülməsi
xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq
və terror-təxribat fəaliyyətinin aşkarlanması,
qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli
nəticələrin əldə olunmasına imkan
vermişdir".
Son illər
ölkədə gedən proseslər göstərir ki, Azərbaycan
tam müstəqil siyasət yeritməyə və
qarşıya çıxan bütün problemləri həll
etməyə qadirdir. Əsas, daha doğrusu isə yeganə
problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
çıxışlarının birində söyləmişdir:
"Bu gün Azərbaycan, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla,
qarşısında duran bütün problemləri həll
etmişdir". Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin xeyli müddət
həllini tapmamasının başlıca səbəblərindən
biri Azərbaycanın məkrli düşmənlə üzbəüz
dayanmasıdır. Uzun illərdən bəridir ki, erməni
lobbisinin beynəlxalq ictimaiyyətin gözü
qarşısında "əzabkeş erməni xalqı",
"vəhşi azərbaycanlı", "vəhşi
türk" obrazı yaratmaq istiqamətində məqsədyönlü,
iftira və böhtan dolu kampaniyasının niyyəti törətmiş
olduqları və gələcəkdə törədəcəkləri
cinayətlərə bəraət qazandırmaq və özlərini
sığortalamaqdan başqa bir şey deyildir. XIX əsrin
sonlarından başlayaraq dünyanın müxtəlif ölkələrinə
kütləvi surətdə səpələnmiş ermənilər
"Böyük Ermənistan" xülyası uğrunda
mübarizə məqsədilə xarici dövlətlərin
siyasi elitalarına yol tapmış, həmin ölkələrdə
elektoratın alınması, vəzifəli şəxslərə
yol tapılması, terrorçuluq, diplomatların qətlə
yetirilməsi kimi üsullardan istifadə etmişlər.
1988-ci ildən
Azərbaycana qarşı başlayan ekspansiya, ermənilərin
Dağlıq Qarabağda apardıqları
işğalçı müharibə və etnik təmizləmə,
əsl soyqırımı cinayətləri bir müddət
dünya ictimaiyyətinə lazımi səviyyədə
çatdırılmamışdır. Fəlakətin,
vandalizmin, soyqırımının miqyası isə
ölçüsüz olmuşdur. Azərbaycan Respublikasının
ərazisinin 20 faizi işğal olunmuş, 18 mindən
çox azərbaycanlı həlak olmuş, 4 mindən
çox vətəndaşımız itkin
düşmüş, minlərlə əsir-girov
götürülmüş, 4 mindən çox sənaye və
kənd təsərrüfatı müəssisəsi, 600 məktəb
və uşaq bağcası, 250 xəstəxana və tibb
müəssisəsi dağıdılmış, azərbaycanlıların
doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd
və qəsəbə qarət edilmiş,
dağıdılmış və
yandırılmışdır. On minlərlə
qədim mədəniyyət abidəsi, azərbaycanlıların
bu yerləri avtoxton əhalisi olduqlarını sübut edən
tarixi mənbələr məhv edilmışdir. Bütün bunların nəticəsində təkcə
XX əsrdə iki milyondan çox azərbaycanlı bu və
ya digər şəkildə şovinist erməni dairələrinin
və onların havadarlarının yürütdükləri
soyqırımı siyasətinin qurbanı olmuşdur. Onu da demək lazımdır ki, indiki dövrdə Azərbaycanda
erməni millətçi zülmündən bu və ya
başqa şəkildə zərər çəkməyən
ailə yoxdur. Münaqişənin Daqlıq Qarabağla
məhdudlaşdığını və Ermənistanla Azərbaycan
arasında deyil, Dağlıq Qarabağla Azərbaycan
arasında baş verdiyini iddia edən erməni millətçiləri
sonuncu 200 min azərbaycanlını Ermənistandakı dədə-baba
torpaqlarından didərgin salmışlar. Qərbi
Azərbaycan torpaqları hesabına Ermənistan dövləti
yaradan və öz müqəddəratlarını artıq
bir dəfə təyin etmiş ermənilərin xaricdəki
havadarları indi də Azərbaycan ərazisində ikinci erməni
dövləti yaratmağa səy göstərirlər.
Bununla bağlı dövlət başçısı
İlham Əliyev demişdir: "Biz hücum etməliyik,
çünki həqiqət bizim tərəfimizdədir...
onların yalan, iftira üzərində qurulmuş təbliğatını
darmadağın etməliyik və bütün səyləri
birləşdirib, həqiqəti bərpa etməliyik. Azərbaycan heç vaxt öz torpağında ikinci
erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir.
Azərbaycan bütün imkanlarını səfərbər
edib, diplomatik, siyasi, iqtisadi, hərbi - bütün imkanlardan
istifadə edib, öz doğma torpaqlarını azad edəcəkdir".
Məhz dövlət
başçısının qarşımıza qoyduğu bu
proqram xarakterli vəzifələri yerinə yetirərək
Milli Təhlükəsizlik Nazirliyi digər dövlət
qurumları ilə əlaqəli şəkildə Ermənistanın
Azərbaycana qarşı uzun illər davam edən informasiya
blokadasının yarılmasına, təcavüzkar dövlət
kimi tanıdılmasına, erməni terrorunun ifşasına
xidmət edən materialların hazırlanmasında fəal
iştirak edir. Azərbaycan Respublikasının milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudov çıxışlarında
dəfələrlə Ermənistan xəttinin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli
şəraitin yaradılmasının həmişəki kimi
bütün fəaliyyət istiqamətlərimiz üzrə
prioritet təşkil etdiyini vurğulamışdır. O,
demişdir: "Biz gələcəkdə də bütün
vasitələrdən istifadə etməklə təcavüzkar
Ermənistana qarşı fəaliyyətin səfərbər
edilməsinə, əlaqələndirilməsi və gücləndirilməsinə
nail olmalıyıq. İndi düşmənə
qarşı informasiya mübarizəsinin daha
düşünülmüş, planlı, müvafiq dövlət
orqanları ilə əlaqəli şəkildə
aparılması buna əlavə imkanlar yaradır".
Ermənistandan
fərqli olaraq Azərbaycanın təbliğatı qərəzli
xarakter daşımır, "vəhşi erməni"
obrazının yaradılmasına xidmət etmir. Öz xalqını da yalana
söykənən siyasətinin qurbanı etmiş Ermənistan
kimi uydurmalara əsaslanan tarixi hadisələri geosiyasi
mübarizə üçün predmetə çevirməyən
Azərbaycan, beynəlxalq hüquq normalarına hörmətlə
yanaşaraq, hazırda üzərində Ermənistan Respublikası
kimi dövlət yaradılmış tarixi Azərbaycan
torpaqlarına iddialar irəli sürmür, sadəcə
olaraq, mövcud vəziyyət barədə əsl həqiqətləri
dünya ictimaiyyətinə çatdırmağa
çalışır.
Məhz ulu
öndər Heydər Əliyev Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
işlərin sistemli şəkildə aparılması, xaricdəki
Azərbaycan diasporunun təşkilatlanması və informasiya
təbliğatının lazımi şəkildə
qurulması istiqamətində dövlət siyasətinin əsaslarını
yaratmış və bu işə daim diqqət yetirmişdir. Heydər Əliyevin 1948-1952-ci
illərdə Ermənistandan deportasiya olunaraq Kür-Araz
ovalığında məskunlaşdırılmış azərbaycanlılar
barədə, 31 martın Azərbaycanlıların
Soyqırımı Günü kimi əbədiləşdirilməsi
haqqında sərəncamları tarixi həqiqətin bərpasına
yönəldilmiş addımlar olmaqla dövlət
orqanlarının erməni təbliğatının
yalanlarının ifşasına yönəldilmiş məqsədyönlü
siyasətinin məhək daşını təşkil edir. Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları
arasında həmrəyliyin möhkəmləndirilməsinə
yönəlmiş yorulmaz və ardıcıl fəaliyyəti
sahəsində 2001-ci ildə Bakıda dünya azərbaycanlılarının
birinci qurultayı keçirilmiş, Dünya Azərbaycanlılarının
Konqresi təşkil olunmuşdur. Bütün
bu tarixi qərarlar azərbaycanlıların milli mənlik
şüurunun formalaşmasında mühüm əhəmiyyət
kəsb etmişdir. Ulu öndər Heydər Əliyev
konkret və lakonik olaraq demişdir: "Mənim
üçün hər şeydən üstün mənim
milli mənliyimdir". Türkiyədə və
Azərbaycanda saysız-hesabsız qırğınlar törətmiş,
"gəmidə oturub gəmiçiylə dava edən"
ermənilər hər iki dövlətə qarşı mənfur
siyasətlərini davam etdirir, yeni-yeni qondarma iddialar irəli
sürürlər. Tale oxşarlığı, eyni
aqressiv separatizm və terrorçuluq siyasətinə məruz
qalmaları baxımından mənəvi səylərin birləşdirilməsi
üçün "Biz bir millət iki dövlətik" -
deyən ulu öndər Heydər Əliyev, eləcə də
bu çox dəyərli fikri inkişaf etdirərək,
"bir millətin iki diasporu ola bilməz" - söyləyən
cənab İlham Əliyev əslində dərin mənalı
və proqram xarakterli ideyalar irəli sürmüşlər.
Hər iki lider
daim mübariz olmağa, qüvvələri səfərbər
etməyə, müdafiədən hücuma keçməyə
çağırmışlar. Necə deyərlər: "Qələbə
hücumda qazanılır". Özü də
bu hücum təcavüz, işğal üçün yox,
azadlıq, həqiqətin və ədalətin zəfər
çalması naminə edildikdə.
Milli Təhlükəsizlik
Nazirliyinin digər struktur bölmələri ilə birlikdə
Azərbaycanın reallıqlarının, Qarabağ həqiqətləri
ilə bağlı təbliğat-informasiya işinin gücləndirilməsində
Əsir və itkin düşmüş, giröv
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası fəal iştirak edir. Bu baxımdan, Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası ilə bağlı
ümummilli lider tərəfindən verilmiş 1 mart 2001-ci il tarixli sərəncam Azərbaycan tarixinin daim
təqdir olunacaq səhifələrindəndır. Məhz göstərilən sərəncamda Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində törədilmiş
cinayət faktlarının toplanaraq beynəlxalq aləmdə
yayılması Dövlət Komissiyasının
qarşısında vəzifə kimi müəyyənləşdirilmişdir.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasının Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasına tapşırılsın: Ermənistan
tərəfindən azərbaycanlılara qarşı həyata
keçirilən soyqırımı və etnik təmizləmə
siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin,
əsir və itkin düşmüş, girov
götürülmüş şəxslərlə
bağlı materialların dünya ictimaiyyətinə
çatdırılması üçün ardıcıl və
məqsədyönlü iş aparsın".
Sərəncamdan irəli gələn
müqəddəs, humanitar vəzifənin həyata
keçirilməsi üçün görülən işlər
2004-cü ildə milli təhlükəsizlik naziri Eldar Mahmudov
Azərbaycan Respublikasının Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının sədri təyin
olunduqdan sonra daha böyük vüsət, məqsədyönlü
və intensiv xarakter almışdır.
Qısaca olaraq qeyd etmək
lazımdır ki, ilk növbədə Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində İtkin düşmüş
və əsir-girovluqdan azad olunmuş şəxslərə
aid Dövlət Komissiyasında mövcud olan siyahılar ətraflı
təhlil edilmiş, və dəqiqləşmə işi
aparılmışdır. Hazırda Dövlət
Komissiyasında 4210 nəfər Azərbaycan vətəndaşı
(01.01.2009-cu il tarixə olan məlumat) itkin
düşmüş şəxs kimi qeydiyyatdadır.
Bir məqamı
da xatırlatmaq zəruridir. 2004-2008-ci illərdə
18 Azərbaycan vətəndaşı erməni əsir-girovluğundan
azad olunmuş, qoşunların təmas xəttini və
dövlət sərhədini pozduğu üçün
saxlanılmış 20 erməni qarşı tərəfə
qaytarılmışdır. Münaqişə
başlanandan hazırkı dövrə qədər isə
1396 nəfər (01.01.2009-cu il tarixə
olan məlumat) Azərbaycan vətəndaşı azad
edilmişdir.
Bu illərdə Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri
də nəzərəçarpacaq dərəcədə
inkişaf etmiş, komissiya sədri Eldar Mahmudov tərəfindən
bir sıra önəmli görüşlər
keçirilmiş, danışıqlar və müzakirələr
aparılmışdır.
Beynəlxalq Qızıl
Xaç Komitəsi tərəfindən irəli
sürülmüş Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı itkin
düşmüş şəxslər haqqında Ante Mortem məlumatların
toplanması və mərkəzləşdirilmiş şəkildə
idarə olunması üzrə çərçivə
sazişi ilə bağlı 2005-ci ildən
başlanmış müzakirələr başa
çatdırılmış 14 aprel 2008-ci il tarixdə Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl
Xaç Komitəsi arasında imzalanmışdır.
Dövlət
Komissiyasının tərkibinə daxil olan şəxslərin
bilavasitə mənsub olduqları dövlət qurumları,
habelə Diasporla İş üzrə Dövlət Komitəsi,
Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm
Nazirliyi ilə qarşılıqlı fəaliyyətin səmərəli
şəkildə əlaqələndirilməsi informasiya
mübarizəsinin effektivliyini artırmışdır. Bu məqsədlə Azərbaycan
Respublikasının xaricdəki səfirliklərinə, diaspor
təşkilatlarına, tərəfdaş dövlətlərə,
tanınmış alim və ictimai-siyasi xadimlərə,
konfliktoloqlara kitab və disklərin göndərilməsi
prosesi davam etdirilmiş və daha da genişləndirilmişdir.
Xeyli sayda, özü də müxtəlif dillərdə
münaqişə ilə bağlı dünya alimlərinin əsl
reallığı, obyektiv vəziyyəti əks etdirən
yeni nəşrləri və habelə müvafiq filmlər
hazırlanaraq xarici ölkələrdə
yayılmışdır. Bu təbliğat
vasitələri arasında Azərbaycanda hökm sürən əlverişli
investisiya iqlimini, ölkəmizin turizmin inkişafı
üçün cəlbedici olduğunu dolğun faktlar əsasında
əks etdirən nəşrlər və filmlər də
vardır. Xarici kütləvi informasiya
vasitələrində təbliğat xarakterli ardıcıl
materiallar yerləşdirilmişdir.
Komissiya eyni
zamanda, qlobal informasiya şəbəkəsi olan internetin
çoxşaxəli imkanlarından yararlanaraq onun istifadəçilərini
sistemli şəkildə erməni cinayətləri, o cümlədən
öz fəaliyyəti barədə məlumatlandırılır. Bu məqsədlə
komissiya tərəfindən yaradılmış iki sayt -
www.human.az və www.human.gov.az fəaliyyətdədir. Bu saytlardan biri - www.human.az 2005-ci ilin avqust ayında
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və
BMT-nin "Milli İdarəetmə şəbəkələri"
adlı inkişaf proqramı çərçivəsində
təşkil edilmiş Azerbaijan EContent Award-2005 müsabiqəsində
"E-hökumət" nominasiyası üzrə qalib elan
edilmişdir.
Təbliğat
sahəsində komissiya tərəfindən aparılan işlər
2006-cı ildə yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən
2006-cı ildə "Azərbaycan Respublikasının
diplomatik xidmət orqanları rəhbərlərinin ikinci
müşavirəsində", "Türkdilli dövlətlərin
10-cu dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayında" və Milli Məclisin 2006-cı il payız
sessiyasının açılışında bütün
soydaşlarımız üçün erməni iddialarına
qarşı dünya ictimaiyyətində obyektiv fikrin
formalaşdırılması məqsədilə aparılan təbliğat
sahəsində hücum xarakterli strateji xətt müəyyənləşdirildikdən
sonra Dövlət Komissiyası öz fəaliyyətini bu vəzifələrin
icrası istiqamətində daha da artırmışdır.
Dövlət
Komissiyası Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı törədilmiş cinayət
faktlarının beynəlxalq ictimaiyyətə
çatdırılması ilə yanaşı, bu faktların
istintaqının aparılmasını da vacib vətəndaşlıq
vəzifəsi saymışdır. Bu faktların
araşdırılması üçün Respublika
Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili
İşlər nazirliklərinin birgə istintaq-əməliyyat
qrupu yaradılmış, ermənilər tərəfindən
törədilmiş soyqırımı, müharibə və
insanlıq əleyhinə olan cinayətlər ciddi şəkildə
araşdırılır. Dövlət
Komissiyasının arxivində toplanmış və istintaq
nöqteyi-nəzərindən mühüm əhəmiyyət
kəsb edən materiallar - siyahılar, şahid ifadələri,
ümumiləşdirilmiş arayışlar, foto, video faktlar və
digər zəruri məlumatlar da sistemləşdirilərək
istintaq-əməliyyat qrupuna göndərilmişdir. Təsadüfi
deyil ki, bu günə olan məlumata görə, Xocalı,
Qaradağlı, Meşəli, Bağanis-Ayrım hadisələri
zamanı əsir-girov götürülmüş azərbaycanlılara
verilmiş işgəncələrdə iştirak etmiş 279
erməninin cinayət əməli ilkin istintaq prosesində
sübuta yetirilmiş və bəzilərinin barəsində
İnterpolun xətti ilə beynəlxalq axtarış elan
olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
proqram xarakterli nitqlərindən irəli gələn vəzifələrin
həyata keçirilməsi hər bir azərbaycanlının
vətəndaşlıq borcu olduğu kimi, Dövlət
Komissiyasının bu sahədə göstərdiyi fəaliyyətin
ana xəttini təşkil edir. Məqalənin epiqrafında dövlət
başçısının dediyi kimi: "Biz hücuma
keçməliyik!".
Şahin Sayılov,
Əsir və itkin düşmüş, girov
götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi
Azərbaycan.-2009.-14 mart.-S.4.