Mühüm demokratik mərhələnin başlanğıcı

 

Hər bir dövlət haqqında təəssürat həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlayır. Konstitusiya hər bir ölkənin keçmişini, bu gününü, gələcəyini, həyat və idarəçilik tərzini, insan haqlarını və dövlət rəmzlərini özündə əks etdirən hüquqi, siyasi, tarixi bir sənəddir. 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası müstəqillik qazansa da, bunun ilk atributu olan Konstitusiyanın hazırlanması və qəbulu üçün heç bir iş görülmədi, bu taleyüklü məsələ ilə məşğul olan tapılmadı. Yalnız 1993-cü ildə xalqın istək və tələbi ilə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə qayıdışından sonra, bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və geniş müzakirələrdən sonra təqdim edilmiş təkliflər də nəzərə alınmaqla layihə ümumxalq səsverməsinə təqdim olundu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə mürəkkəb keçid dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Ölkəmizdə demokratik inkişafın başlanğıcını qoyan Konstitusiya dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi təməl yaratmışdır.

Əsas Qanunun qəbulundan sonra qısa müddət ərzində Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməklə, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olundu, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini, insan hüquq və azadlıqlarını təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu prosesində mühüm islahatlar həyata keçirildi. Məhz bütün bunların nəticəsi olaraq 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Bütün bunlar isə zamanın tələbinə və cəmiyyətin sosial sifarişinə uyğun olaraq Konstitusiya islahatını zəruri etdi. 2002-ci ildə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişikliklər edilərək yeni demokratik mərhələnin əsası qoyuldu.

Dünyanın inkişaf etmiş dövlətlərində hüquq siyasəti cəmiyyətin iqtisadi əsasları üzərində inkişaf edir və bu siyasət daha çox dövlətin iqtisadi durumundan, potensialından və inkişaf perspektivindən asılı olur. Müasir iqtisadi nəzəriyyələr və baxışlar təsdiq edir ki, hər bir dövlətdə demokratikləşmə prosesinin uğurla həyata keçirilməsi, reallığa çevrilməsi, davamlılığı və sabitliyi üçün ilk növbədə, insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır.

Xatırladaq ki, dünyanın əksər inkişaf etmiş ölkələrində tarixi inkişaf və şərait, insan hüquq və azadlıqlarının daha da etibarlı şəkildə qorunmasının zəruriliyi və sair obyektiv amillər və hallar nəzərə alınmaqla Konstitusiyaya dəfələrlə əlavə və dəyişikliklər edilmişdir.

Bu gün hər bir Azərbaycan vətəndaşının qürur və iftixar hissi ilə qeyd etməyə haqqı vardır ki, ölkəmiz son beş ildə bütövlükdə bir çox nailiyyətlərə, tərəqqiyə nail olmuşdur. Bütün bunlar isə hər birimizin gözləri qarşısında baş verdiyi üçün daha geniş şərhə ehtiyac yoxdur. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsinə qədəm qoymuşdur ki, əldə olunmuş nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən və bütün hallarda həm də hüquqi nəticələr doğuran Konstitusiyaya demokratik xarakterli bir sıra əlavə və dəyişikliklər etməyi sosial sifarişə çevirmişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin müsbət rəyi əsasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişiklilklər edilməsi haqqında" ciddi hüquqi əsaslara söykənən Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf strategiyası və dinamikası, sabitlik və davamlılıq prinsipi, cəmiyyətin şüur səviyyəsi, müasir modernləşmə strategiyasının tələblərinə tamamilə uyğun olmaqla qloballaşma dövrünü yaşayan zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşan, tamamilə təbii, qanunauyğun, məntiqi proses kimi qarşılanır və qiymətləndirilir.

Demokratiya sonu görünməyən mütərəqqi, sivil, dünyəvi inkişaf qaydaları və yolu kimi başa düşülür və qəbul edilir. Dövlətin yalnız hüquqla bağlılığı, hakimiyyətin hüquqla məhdudlaşdırılması, ona uyğunlaşdırılması və tabe etdirilməsi, vətəndaşların dövlət orqanlarının hər hansı mümkün özbaşınalıqlarından səmərəli müdafiəsinin təşkili və təmin olunması hər bir demokratik quruluşun başlıca cəhətləridır. İnsana, onun hüquq və azadlıqlarına hörmətlə yanaşma, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmini hər bir demokratik dövlətin mühüm vəzifələrindən biridir. Bunlar da insan və vətəndaşın əsas hüquqları və azadlıqları, habelə onların real təminatları sisteminin təkmilləşdirilməsinə, səmərəli və məqsədyönlü fəaliyyət göstərməsinə zəruri şərait yaradır.

Hüquqi dövləti şərtləndirən başlıca cəhət isə vətəndaşların dövlət qarşısında öhdəliklər götürdüyü və məsuliyyət daşıdığı kimi, dövlətin də vətəndaşları qarşısında məsuliyyət yaradan və hüquqi nəticələr doğuran real öhdəliklər götürməsidir.

Konstitusiyanın 29 maddəsinə təklif edilən əlavə və dəyişikliyin əksəriyyəti insan hüquq və azadlıqları, dövlətin təmsil etdiyi xalqın qarşısında yeni mühüm öhdəliklər götürməsi ilə bağlıdır və bu da bir daha ölkədə həyata keçirilən siyasətin insanpərvər və humanist səciyyə daşıdığını, hüquqi dövlət quruculuğunun dayanıqlı və dönməz xarakter aldığını, insan amilinə çox mühüm önəm verildiyini göstərir. Konstitusiyanın 12, 15 və 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər daha çox Azərbaycanda dövlətin sosialyönümlü siyasətinin daha dolğun, hərtərəfli təmini, habelə uşaq hüquqlarının qorunması və onların sağlam və cəmiyyətə yararlı böyüdülməsi və inkişaf etdirilməsi istəyindən irəli gəlir. 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir və bununla da dövlət üzərinə çox mühüm məsuliyyət və cavabdehlik yaradan öhdəlik götürmüş olur.

15-ci maddənin II hissəsinə təklif edilən dəyişikliyə görə, Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosialyönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bu müddəa ilə dövlətin və iqtisadi sistemin əsasının sosialyönümlü olması təsbit edilmiş olur.

17-ci maddəyə təklif olunan əlavə və dəyişikliklər isə respublikamızın hazırkı iqtisadi inkişaf mərhələsində uşaq hüquqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, uşaq əməyinin istismarı hallarına qarşı mübarizəni daha da gücləndirmək məqsədi güdür. Hazırkı variantda uşaq hüquqları ilə bağlı yalnız o göstərilir ki, "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir". Bu müddəa bütün sahələrdə sürətlə inkişaf etmiş Azərbaycanda uşaq hüquqlarınun müdafiəsi baxımından yetərli sayıla bilməzdi.

17-ci maddəyə təklif edilən 2 mühüm əlavənin mahiyyətinə nəzər saldıqda bu reallıq bir daha təsdiqini tapır. Birinci əlavədə qeyd olunur ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar". Növbəti əlavələrə görə, "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır", "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər".

Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi ilk baxışda daha qabarıq görünür. Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavələr vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir.

Referendum Aktı layihəsinə müvafiq olaraq Konstitusiyanın 18-ci maddəsində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanlar"ın da yayılması və təbliğinin qadağan edilməsi təklif olunur. Konstitusiyanın 48-ci maddəsinə təklif edilən əlavəyə görə isə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib dəyişiklik olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə xidmət edir.

Konstitusiyanın 25-ci maddəsinin III hissəsinə görə, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.

25-ci maddəyə təklif olunan əlavələr də insan və vətəndaş hüquq və azadlıqlarının daha real qorunmasına, mümkün ayrı-seçkiliyin və sui-istifadənin aradan qaldırılmasına bir daha təminat verir və həmin maddəni dolğunlaşdırır. Həmin əlavələrə görə "Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz", "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir".

Bütün bu müddəalar Azərbaycanda insanlara layiqli həyat səviyyəsinin yaradılmasında və uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini daha da artırır, bu sahədə möhkəm hüquqi baza yaradır. Dövlət öz vətəndaşlarını bazarla üz-üzə qoymur, taleyinin ümidinə buraxmır, insanı ölkənin əsas "kapital"ına çevirir və inkişafını, gələcəyini bir daha öz üzərinə götürür və bunu Əsas Qanunla təsbit edir, hüquq normasına çevirir, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, onların hər cürə özbaşınalıqlardan qorunması üçün yeni qanuni mexanizm, vasitə və rıçaqlar müəyyən edir. Konstitusiyanın 32-ci maddəsinə təklif edilən dəyişiklik isə mahiyyətcə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına xidmət edir. Son illərdə respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin müstəqilliyi, azad sözün tam bərqərar olması istiqamətində prinsipial addımlar atılmış, senzura ləğv olunmuş, mətbuata hərtərəfli dövlət qayğısı göstərilmişdir. Konstitusiyanın 32-ci maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, qanunla müəyyənləşdirilən hallardan başqa, şəxsi və "ailə həyatına" müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Konstitusiyanın 32-ci maddəsinə təklif edilən başqa bir prinsipial əlavə bundan ibarətdir ki, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır."

Konstitusiyanın 39-cu maddəsinə təklif olunan əlavələrə görə isə "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Belə bir müddəanın Konstitusiyada nəzərdə tutulması ölkədə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, bu sahədə mövcud hüquqi çatışmazlıqların tənzimlənməsi baxımından çox vacibdir. Bu maddəyə təklif olunan digər mühüm əlavədə göstərilir ki, "Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir". Bu müddəa Azərbaycanın özünəməxsus flora və faunasının qorunmasına konstitusion təminatı gücləndirir, nadir bitki və heyvan növlərinin mühafizəsinə ciddi hüquqi zəmin yaradır.

Konstitusiyanın 50-ci maddəsinə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdir. Həmin maddənin III hissəsində yer alan əlavəyə görə, "Hər kəsin hüquqlarını pozan və ya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir".

Konstitusiyanın 71-ci maddəsinə təklif edilən əlavəyə görə "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırılır", "Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz", 72-ci maddəyə edilən əlavəyə görə "Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər".

Konstitusiyanın 96-cı maddəsinə təklif edilən dəyişikliyə görə, hər 40 min Azərbaycan Respublikası vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına, daha da genişləndirilməsinə və ölkə vətəndaşlarının dövlətin idarə olunmasında daha da yaxından iştirak etməsinə xidmət edir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanunamüvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalq olduğundan belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması tamamilə məntiqli olmaqla demokratik proseslərin bir daha təntənəsidir və ölkə vətəndaşlarının hüquq və azadlıqlarına mühüm önəm verilməsidir.

Son beş ildə Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm istiqamətlərindən biri də məhz məhkəmə orqanlarının müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin daha səmərəli, şəffaf mexanizmlər əsasında həyata keçirilməsidir. Ölkədə qanunçuluğun, hüquq qaydalarının təminatı baxımından məhkəmələrin, o cümlədən də məhkəmə hakimiyyətinə daxil olan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi son dərəcə vacib sayılır. Konstitusiyaya əlavə və dəyişikliklərin bir qisminin bu qurumlarla əlaqəli olması da məhz bu məqsədlərə xidmət edir. 67-ci maddəyə təklif edilən prinsipial dəyişikliyə görə "cinayət törədilməsində ittiham edilənlər" ifadəsi "təqsirləndirilənlər" sözü ilə əvəz edilir. 67-ci maddəyə edilən digər prinsipial əhəmiyyətli əlavəyə görə, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Bu əlavə ilə məhkəmələrdə hər bir təqsirləndirilən şəxsin son söz deməsinin konstitusion əsası yaradılır. 125-ci maddəyə təklif olunan əlavəyə görə, "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavələrə görə, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur", "Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır". Bu əlavələr isə ədalət mühakiməsini həyata keçirən məhkəmələrin və məhkəmədə tərəf kimi iştirak və dövlət ittihamını müdafiə edən prokurorların məsuliyyətini artırmaqla, mahiyyət etibarı ilə prosessual hüququn yeni mühüm prinsiplərini müəyyən edir. Bunlar da mahiyyət etibarı ilə ədalət mühakiməsinin son məqsədinə nail olunmasına konstitusion təminat verir.

Konstitusiyanın 131-ci maddəsinə təklif edilən əlavəyə görə, "Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir". Ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnun etibarlı təmin olunmasına, mümkün pozuntuların qarşısının alınmasına xidmət edir. Bu digər tərəfdən cinayət və mülki mühakimə icraatının aşkarlığını real surətdə təmin etməklə, Ali Məhkəmənin qərarları ilə bağlı məsuliyyətini artırır. Vətəndaşların ali instansiya məhkəməsinin qərarları ilə tanış olmaq imkanını təmin edir. Bu həm də hüquq sisteminin presedent hüququnu qəbul etmiş dövlətimizdə oxşar məsələlər üzrə məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə, cinayət mühakimə icraatında cəza siyasətinin sabitləşməsinə, cəzanın son məqsədinə nail olunmasına xidmət edəcəkdir.

Konstitusiyanın 149-cu maddəsinə təklif olunan əlavəyə görə, "Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir". Bu norma insan və vətəndaş hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaqla yanaşı, cinayət mühakimə icraatının yeni bir prinsipini müəyyən edəcəkdir. Bu baxımdan yuxarıda qeyd olunan norma insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində çox mühüm prinsip və vasitədir.

Referendum Aktı layihəsində nəzərdə tutulmuş müddəalar, bu əlavələrin və dəyişikliklərin qəbul edilməsi xalqımızın həyatında, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsində mühüm demokratik mərhələnin başlanğıcı olacaq, demokratik proseslərin daha da möhkəmlənməsində və geniş vüsət almasında, hüquqi dövlət quruculuğu sahəsində yeni imkanlar yaradacaqdır. Bu referendum Azərbaycanın dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən birinə çevriləcəkdir.

Zaman keçəcək, nəsillər dəyişəcək, düşmən tapdağı altında inləyən torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz tam bərpa ediləcək, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, müstəqilliyimizin çətin anları da işıqlı bir tarixə çevriləcəkdir. O vaxt şübhəsiz ki, doğma Azərbaycan daha da inkişaf edəcək və dünyanın qabaqcıl dövlətləri ilə yanaşı addımlayacaqdır. Bu xoş, işıqlı gələcək naminə ciddi düşünüb-daşınmaqla hər kəs qrup mənafeyindən deyil, xalqın, millətin və dövlətin mənafeyindən çıxış etməli, referendumda fəal iştirak edərək, özünün aktiv vətəndaş mövqeyini xalq qarşısında ləyaqətlə yerinə yetirməlidir.

 

 

Müqəddəs Sultanov

Azərbaycan Respublikası Baş Prokurorluğunun

idarə rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri

 

Azərbaycan.-2009.-14 mart.-S.5