Azərbaycan Berlində keçirilən beynəlxalq turizm sərgisində iştirakını dayandırmışdır

 

Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində keçirilən Beynəlxalq turizm sərgisində (İTB) ölkəmizin iştirakını dayandırması barədə bəyanat yaymışdır.

Bəyanatda deyilir: "Azərbaycanın Almaniyadakı səfirliyi müəyyən etmişdir ki, Berlin şəhərində fəaliyyət göstərən "Artsax dostları (Qarabağ)" adlı cəmiyyət beynəlxalq sərgidə iştirak üçün müraciət etmiş qeydiyyatdan keçmişdir. Səfirlik həmin cəmiyyətin sərgidə iştirakının qondarma Dağlıq Qarabağ Respublikasının təbliğinə Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə yönələ biləcəyini nəzərə alaraq, beynəlxalq sərginin rəhbərliyi ilə danışıqlar yazışmalar aparmışdır. Nəticədə sərginin rəhbərliyi bu cəmiyyətin beynəlxalq tədbirin nizamnaməsini pozduğu təqdirdə, onun stendinin ləğv edilməsi üçün müvafiq tədbirlər görəcəyinə dair Azərbaycan tərəfinə yazılı vəd vermişdir".

Bəyanatda bildirilir ki, sərgi açılandan sonra səfirlik həmin cəmiyyətin Azərbaycana qarşı fəaliyyətini "Mountainous Karabakh" stendi ilə təmsil olunduğunu aşkar etmişdir. Səfirlik sərginin rəhbərliyinə stendin bağlanılması tələbi ilə müraciət etmişdir. Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, o cümlədən Almaniya-Azərbaycan Forumu da sərgi vaxtı baş verən bu qanunsuz fəaliyyətə etiraz edərək rəhbərliyə müvafiq müraciətlər göndərmişlər.

Ermənilərin bir sıra təbliğat materiallarının yayılmasının qarşısı alınsa da, sərginin rəhbərliyi səfirliyin tələbini tam yerinə yetirməmiş, stendi ləğv etməmişdir. Bunu nəzərə alaraq, səfirlik Azərbaycanın müvafiq dövlət qurumları ilə əlaqə saxlamış və beləliklə, sərgidə Azərbaycanın fəaliyyətinin davam etdirilməsi qeyri-məqbul hesab olunmuşdur. Nəticədə Azərbaycan tərəfi sərgini tərk etmişdir.

Bəyanatda daha sonra deyilir: "Bununla bağlı Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov "Artsax dostları (Qarabağ)" cəmiyyətinin sərgidə qanunsuz fəaliyyəti və sərgi rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş bu fəaliyyətin qarşısının alınması istiqamətində lazımi tədbir görməməsi ilə bağlı Almaniya ictimaiyyəti və KİV-i üçün mətbuat bəyanatı ilə çıxış etmişdir".

Səfirlik, eyni zamanda, bu barədə Almaniya Xarici İşlər Nazirliyinə və digər əlaqədar dövlət qurumlarına müvafiq müraciətlər göndərmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 mart.-S.7.