Milli Təhlükəsizlik
Nazirliyi və Baş Prokurorluq korrupsiyaya qarşı mübarizəni gücləndirirlər
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluqdan verilən birgə məlumatda deyilir ki, respublikanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiya və vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə halları ilə mübarizə tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bu günlərdə keçirilmiş birgə tədbirlər nəticəsində həmin kateqoriyadan olan cinayətlə bağlı yeni fakt aşkar edilmişdir.
Birgə tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Ümumdünya Texnologiya Universitetinin Bakı şəhəri, Nəsimi rayonu 3169 ünvanında qanunsuz fəaliyyət göstərən struktur bölməsinin rəhbəri, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Zülfi Babayev vətəndaşları aldadaraq onlardan 300-5000 manat məbləğində pul alaraq onları qanunsuz fəaliyyət göstərən həmin təhsil müəssisəsinə qəbul etmiş və hər bir tələbədən bir tədris ili üçün 700 manat almışdır.
"Nab" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla müəssisənin direktoru vəzifəsində işləyən Zülfi Babayev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, xüsusi razılıq (lisenziya) almadan Rusiya Federasiyasının Moskva şəhərində yerləşən YUNESKO-nun Ümumdünya Texnologiya Universitetinin rəhbərliyi ilə bağlanmış 2008-ci il 1 fevral tarixli 007-PI nömrəli müqavilə, habelə həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməni əsas tutaraq tədris kursları təşkil etmək adı altında Bakı şəhərində universitetin nümayəndəliyini yaratmış, Azərbaycan Respublikası ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah etməklə, göstərilən nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsilə onları nümayəndəliyə tələbə kimi cəlb etməklə onlara tələbə biletləri, imtahan kitabçaları verib müvafiq tədris işlərini həyata keçirmiş, habelə rəhbəri olduğu qanunsuz tədris müəssisəsində fəaliyyət göstərən müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi Quliyev Qafur Rahil oğlu, Rəhimli Ağa Əlihüseyn oğlu, Babaxanov Sərxan Tahir oğlu, Rəsulzadə Kənan Qadir oğlu, Xəlilov Ülvü Xəlil oğlu, Mirzağayeva Aygün Allahyar qızı, Təhməzov Anar Xanış oğlu, Qasımova Arzu Binnət qızı, İsgəndərova Aygün Rafiq qızı, Kazımova Mənsumə Balaxan qızı və digər tələbələrin hər birinin özündən və ya valideynindən tədris ili üçün 700 manat məbləğində pul vəsaitinin ona ödənməsini təmin etməklə böyük məbləğdə gəlir əldə etmiş, göstərilən şəxslərə külli miqdarda ziyan vurmuş, eləcə həmin şəxslərin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmayan qanunsuz yolla təhsil almalarını təşkil etməklə onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.
Toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.1-ci və 308.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir.
Törətdiyi cinayət əməlinə görə Zülfi Babayev qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyəti nəzərdə tutan 192.1-ci və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qeyd olunan təşkilatın əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmış və ya onların qanunazidd əməlləri barədə hər hansı bir məlumatı olan vətəndaşlardan aşağıdakı telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur: 449-39-16, 449-39-05, 492-55-40.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq ölkə vətəndaşlarını əmin edir ki, digər hüquqmühafizə orqanları ilə əlaqəli şəkildə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmayan belə qanunsuz yolla təhsil almanı təşkil etməklə insanların hüquqlarına və qanuni mənafelərinə, habelə təhsil sahəsində qanunla tənzimlənən münasibətlərə zərər vuran hərəkətlərin qarşısı qətiyyətlə alınacaq, korrupsiya hüquqpozmaları törədən şəxslərə qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-14 mart.-S.7.