Vasili İstratov: "Azərbaycanda səfir işlədiyim müddətdə ölkələrimiz arasında münasibətlər daha da yaxşılaşmışdır"

 

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar martın 13-də keçirdiyi mətbuat konfransında demişdir: "Mən 2 il yarımdan çox Bakıda olmuşam bu ölkəni tərk edərkən belə bir faktı məmnuniyyətlə qeyd edirəm ki, bu vaxt ərzində ölkələrimiz arasında münasibətlər daha da yaxşılaşmışdır".

Diplomat Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasında dövlət başçılarının xidmətlərini xüsusi vurğulamışdır.

Rusiya səfiri demişdir: "Əmin etmək istərdim ki, bir müddətdən sonra Azərbaycanı tərk edərkən yeni təyin olunmuş səfir müvəqqəti deyil, sabit xarakter daşıyan mövcud meyillər şəraitində ölkələrimiz arasında münasibətlərin yaxşılaşdığını deyəcəkdir".

V.İstratov RF-nin sabiq Prezidenti Vladimir Putinin fərmanı ilə 2006- ilin mayında Azərbaycanda səfir təyin edilmişdir. Həmin ilin iyulunda Bakıya gəlmiş diplomat bu həftənin sonunda ölkəmizi tərk edəcəkdir.

RF Prezidenti Dmitri Medvedevin fərmanı ilə Vladimir Doroxin Rusiyanın Azərbaycandakı səfiri təyin edilmişdir. Yeni səfir diplomatik fəaliyyətə başlamaq üçün ölkəmizə martın sonlarında gələcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 mart.-S.7.