Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilmişdir

 

Martın 14-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının iclası keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Küveyt Maliyyə Evinin törəmə şirkəti olan "Turkapital"ın AİŞ-in təsisçiliyi ilə "Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması layihəsi təsdiq edilmişdir. Şirkətin nizamnamə kapitalı ilkin mərhələdə 500 min ABŞ dolları təşkil edəcək səhmdarlar arasında - "Turkapital" - 75 faiz AİŞ - 25 faiz nisbətləri ilə bölüşdürüləcəkdir. Şirkətin nizamnamə kapitalının 2 ildə tədricən 20 milyon dollaradək artırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması qeyd olunan faiz nisbətlərinə uyğun olaraq aparılacaqdır.

"Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" QSC iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsi yerli müəssisələrə sərmayə qoyuluşlarını həyata keçirəcəkdir.

Tədbirdə təşkilati məsələlərə baxılmışdır. Müşahidə Şurasının qərarı ilə Əfqan İsayev AİŞ-in icraçı direktoru təyin edilmişdir. Əfqan İsayev bundan əvvəl "Bank of Baku" idarə heyəti sədrinin müavini işləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 mart.-S.3.