Dəmir təbəssüm

 

 Onun adı gələndə hər kəsin üzünə istər-istəməz təbəssüm qonur...

Həyatda və siyasətdə zarafatcıl olduğu qədər də ciddi və tədbirlidir...

O, pul qazanmağa hələ orta məktəbdə oxuyarkən başlayıb...

İndi ölkəsinin təkcə birinci yox, həm də ən varlı şəxsi titulunu daşıyır...

Özünü siyasətin İsa Məsihi adlandırır və Avropanın ən güclü lideri olduğunu iddia edir...

Gənc qalmaq üçün dəfələrlə cərrah bıçağı altına düşüb...

Onun qədər barəsində məhkəmə prosesi olan ikinci hökumət başçısı tapmaq çətindir...

İtaliya xalqının daha çox "Kavaler", siyasi ekspertlərin isə "Dəmir təbəssüm" adlandırdığı bu şəxsin rəsmi adı çox sadədir - Silvio Berluskoni...

 

Pulsuz tamaşalara saxta bilet satan şagird

 

Silvio Berluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. Onun atası bank işçisi, anası isə evdar qadın idi. Orta məktəbə Milanda gedən Berluskoni hələ şagird olarkən pul qazanmağın yollarını tapmışdı. Belə ki, o, pul müqabilində şagird yoldaşları üçün inşalar yazırdı. Bundan başqa Silvio pulsuz kukla tamaşalarına baxmaq üçün sinif yoldaşlarına biletlər də satırdı. Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Silvio 1954-cü ildə Milan Universitetinin hüquq fakültəsinə daxil oldu. Təhsil aldığı illərdə xırda sahibkarlıqla məşğul olan Berluskoni təsərrüfat məhsulları satır, digər tələbələr üçün kurs işləri yazırdı. Daha çox pul qazanmaq üçün o, toy və yas mərasimlərində fotoqraf işləyir, kontrabasda çalır, gecə klublarında və səyahət gəmilərində mahnı oxuyurdu. Bütün bunlar isə Berluskoniyə az pul qazandırmırdı, onun qeydiyyat dəftərçəsində varlı və nüfuzlu şəxslərin sayı durmadan artırdı. Lakin müğənnilik sənətini Berluskoni sona kimi davam etdirmədi.

Onun növbəti və ilk daimi iş yeri isə 1957-ci ildə düzəldiyi "Immobiliare costruzioni" adlı tikinti firması oldu. Tikinti biznesində təcrübə toplayan və 1961-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Berluskoni bir vaxtlar atasının yanında çalışdığı bankir Karlo Razininin dəstəyilə Milanda yaşayış mənzillərinin inşasına başladı. Həmin dövrdə İtaliyada əsl tikinti bumu yaşanırdı. Bu sahədə daha çox pul qazanmaq istəyən bankir və gələcək baş nazir "Cantieri Riuniti Milanesi" adlı firma yaradaraq fəaliyyətlərini bir qədər də genişləndirdilər. 1963-cü ildə isə Berluskoni özünün "Edilnord" adlı şəxsi firmasını yaratdı. Bu firmanın həyata keçirdiyi tikinti işləri Berluskoniyə artıq dəyəri milyonlarla ölçülən vəsait qazandırmağa başladı.

 

Media imperiyasının ilk kərpici

 

1970-ci illərdə tikinti biznesini bir qədər də genişləndirən Silvio Berluskoni yeni sahədə - telekommunikasiya biznesində də özünü sınamaq niyyətinə düşdü. Bu istiqamətdə onun atdığı ilk addım "Telemilano 58" adlı kabel televiziyasının alınması oldu. Bu kanal Berluskoninin media imperiyasının ilk kərpici sayılır. Az sonra bu kanal əsasında Berluskoni "Canale 5" adlanan teleşəbəkə yaratdı. Bu sahədə də ciddi uğurlar qazanmağa başlayan Berluskoni 1979-cu ildə kinofilmlərdən ibarət böyük bir arxiv yaratdı. Həmin filmlərin nümayişinin digər telekanallarda həyata keçirilməsinə isə Berluskoni bir şərtlə razılıq verirdi: bu kanallar Berluskoniyə məxsus olan "Publitalia" şirkətinin hazırladığı reklamları da yaymalı idi. Bütün bunlar sonda televiziya reklamı sahəsində Berluskoninin ən böyük maqnatlardan birinə çevrilməsilə nəticələndi. Tezliklə Berluskoninin ixtiyarında olan "Canale 5" ümummili televiziya şəbəkəsi səviyyəsinə yüksəldi.

1981-ci ildə İtaliyanın Konstitusiya Məhkəməsi ölkədə televiziya şəbəkəsinin yaradılmasına rəsmən icazə verdikdən sonra Berluskoni özünə əsas rəqib gördüyü iki telekanalı - "Italia 1" və "Rete 4"ü də ələ keçirdi. Beləliklə, Berluskoni özəl teleyayım bazarında mütləq liderə çevrildi. Bu isə onun dövlət televiziyası olan RAİ (Radio Televisione Italiana) ilə daha asan rəqabət aparmasına imkan verirdi. Əslində bir çox sahələrdə RAİ Berluskoninin ixtiyarında olan televiziyalardan geri qalırdı. Məsələn, televiziya reklamları sahəsində Berluskoni dövlət telekanalından iki dəfə çox pul qazanırdı.

Özəl televiziya sahəsində nəzarəti tam ələ alması Berluskoniyə artıq hakimiyyət düşərgəsindən xeyli dost qazanmasına səbəb olmuşdu. Belə bir vaxtda Berluskoni olduqca ciddi bir qalmaqalla üzləşdi. O, "Propoqanda 2" adlanan gizli mason lojasına üzvlükdə ittiham olunurdu. Bu lojanın adı neofaşistlərin törətdiyi bir sıra mütəşəkkil cinayətlərdə hallanırdı. Bir çox biznesmen üçün belə ittiham faktiki olaraq karyeranın sonu demək idi. Lakin onun nüfuzlu dostlarının, o cümlədən İtaliya Sosialist Partiyasının lideri Bettino Kraksinin işə qarışması sonda Berluskoninin bu problemdən yaxa qurtarması ilə nəticələndi.

Hakimiyyətdən olan və digər nüfuzlu şəxslərlə dostluqlar isə media maqnatının üzləşdiyi sonrakı problemləri daha asan şəkildə həll etməsinə imkan verirdi. 1984-cü ildə inhisarçı siyasətə görə İtaliyanın üç məhkəmə instansiyası Berluskoniyə məxsus milli səviyyədə yayım həyata keçirən üç telekanalın avadanlıqlarının müsadirə olunması barədə qərar qəbul etdi. Media biznesi ciddi təhlükə altına düşən Berluskoninin köməyinə bu dəfə də artıq baş nazir olan Bettino Kraksi gəldi. Belə ki, uzun səylərdən sonra 1985-ci ilin fevralında Bettino Kraksi parlament vasitəsilə Berluskoninin televiziya biznesini leqallaşdıra bildi. Həmin vaxt parlamentin bununla bağlı çıxardığı qərarı İtaliya mediası daha çox "Berluskoni dekreti" kimi təqdim edirdi. Beləliklə, əslində İtaliyanın televiziya bazarında iki əsas qüvvə yarandı. Onlardan biri Berluskoninin prezidenti olduğu "Fininvest" holdinqi, digəri isə RAİ dövlət televiziyası idi. Onların hər birinin üç ümummilli kanalı var idi və ayrılıqda hər biri telebazarın 45 faizinə nəzarət edirdi.

İtaliya Baş nazirinin etdiyi köməyə Berluskoni həm də özünə dividend qazandıran olduqca incə bir gedişlə cavab verdi. Belə ki, 1986-cı ildə o, "Milan" Futbol Klubunu aldı. Həmin dövrdə hər hansı ciddi nailiyyətə imza atmayan "Milan"ın bu uğurlu biznesmen tərəfindən alınmasını tədqiqatçılar Bettino Kraksinin solçu hökumətilə bir növ sövdələşməsi kimi də dəyərləndirdilər. Belə ki, "Milan"ın azarkeşləri bir qayda olaraq seçkilərdə solçu qüvvələri dəstəkləyirdilər. Bu şəraitdə "Milan"ın Berluskoni kimi uğurlu bir iş adamının himayəsində olması və onunla şəxsi dostluq Kraksiyə əlavə elektorat qazanmaq baxımından sərf edirdi. Elə bu səbəbdən məhz onun göstərişi ilə Baş Prokurorluğun Berluskoniyə qarşı başladığı bir sıra təhqiqatlara son qoyuldu. Berluskoninin isə futbola pul əsirgəməməsi sayəsində "Milan" artıq 1990-cı illərin əvvəllərində təkcə İtaliyada yox, Avropada ciddi uğurlar qazanan superklublardan birinə çevrildi.

Berluskoni biznesini təkcə media və futbolla məhdudlaşdırmadı. Belə ki, o "Standa" adlanan supermarketlər şəbəkəsi yaratdı, "SME" qida korporasiyası üzərində nəzarəti ələ aldı, "Olivetti" adlı kompüter şirkəti formalaşdırdı, xeyli sayda tikinti şirkətini rəhbəri olduğu "Fininvest" holdinqinə daxil etdi. 1991-ci ildə isə Berluskoni İtaliyanın 30 aparıcı qəzetinin səhmlərinə nəzarət edən nəhəng "Mondadori" nəşriyyatını da öz nəzarəti altına aldı.

 

"Təmiz əllər"lə siyasətə

 

Artıq o, italyanların demək olar ki, həyatlarının bütün sferalarına biznes vasitəsilə təmas edə bilən ideal bir imperiya yaratmışdı. Lakin bu imperiyada Berluskoninin rahat şəkildə hökmdarlığını davam etdirməsinə 1992-ci ildə son qoyuldu. Belə ki, həmin il polis tərəfindən başlanan "Təmiz əllər" adlı antikorrupsiya əməliyyatları İkinci Dünya müharibəsindən sonra İtaliyada formalaşan siyasi sistemin çökməsilə nəticələndi. Ölkənin demək olar ki, bütün aparıcı partiyalarının öndə gedən siyasi fiqurları, bir neçə keçmiş Prezident və Baş nazirin korrupsioner olduğu müəyyən edilmişdi.

Berluskoninin qoruyucu mələyi sayılan İtaliya siyasətinin patriarxı Bettino Kraksi də mafiya ilə əlaqədə ittiham olunduğundan ölkədən qaçdı. Bu isə artıq hakimiyyətdən müqavimət görmədiyi üçün polisin Berluskoninin və onun rəhbərlik etdiyi "Fininvest" holdinqinin işilə də yaxından maraqlanması ilə nəticələndi. Belə bir vaxtda Berluskoni yenidən öz qərarı ilə hamını təəccübləndirə bildi. Öz biznes imperiyasını xilas etmək və ölkənin siyasi sisteminin çökməsi nəticəsində yaranan hakimiyyət boşluğunu doldurmaq üçün siyasətə atılacağını bildirdi. Bu məqsədlə o, siyasi partiya yaratdı. 1994-cü ilin 26 yanvarında yaradılan bu partiyanı Berluskoni İtaliya futbol azarkeşlərinin ən sevimli şüarı ilə "Forza Italia" ("İrəli İtaliya") adlandırdı. Partiyanın önəm verdiyi əsas dəyərləri Berluskoni belə ifadə etdi: azadlıq, şəxsiyyət, ailə, sahibkarlıq, İtaliya və katolik ənənəsi, zəiflərə şəfqət.

Tabeliyində olan informasiya resurslarından istifadə edərək Berluskoni özünü xalqın içindən çıxan adam kimi dəyərləndirir və həyatda hər şeyə öz zəhməti bahasına çatdığını, köhnə korrupsiyalaşmış siyasi rejimlə heç bir əlaqəyə malik olmadığını bildirirdi. Yaranmasından cəmi iki ay keçsə də, "Forza Italia"nın rəhbərlik etdiyi sağmərkəzçi qüvvələr koalisiyası parlament seçkilərində qalib gəldi. Bu nailiyyətdə həmin vaxt "Milan"ın İtaliya çempionu olmasının da xüsusi rolu oldu. Belə ki, bu komandanın azarkeşləri artıq Berluskoniyə əsl qalib kimi baxdıqlarından seçkilərdə onun rəhbərlik etdiyi partiyanın daxil olduğu koalisiyaya da böyük məmnuniyyətlə səs verirdilər.

Parlament seçkilərində rəhbəri olduğu partiyanın qalib gəlməsi son nəticədə Berluskoninin İtaliyanın yeni Baş naziri seçilməsilə nəticələndi. Ancaq onun yaratdığı koalisiya hökumətinin ömrü qısa oldu. Yeni Baş nazirin rəqibləri onu vergidən yayınmaqda, korrupsiyada ittiham edirdi. Bu ittihamları rədd edən Berluskoni 1995-ci ildə dəfələrlə məhkəmədə özünü müdafiə etməli oldu. Hətta gəlirini gizlətdiyinə, vergi müfəttişlərinə rüşvət verdiyinə, dostu Bettino Kraksinin seçkiqabağı kampaniyasını qanunsuz maliyyələşdirdiynə görə, üç dəfə barəsində həbs cəzası çıxarıldı. Ancaq hər dəfə apellyasiya şikayəti verən Berluskoninin vəkilləri media maqnatının həbsə düşməsinə imkan vermədi. Bütün bunlara görə Baş nazir postunu təhvil verən Berluskoni siyasi arenadan getməyəcəyini və partiyasından Avropa Parlamentinə deputat seçilmək niyyətində olduğunu bildirdi.

 

Xalqla müqavilə

 

1996-cı ildə keçirilən seçkilərdə Berluskoni özü parlamentə seçilsə də, onunla birgə olan siyasi qüvvələr Romano Prodinin rəhbərlik etdiyi sol mərkəzçi qüvvələrə məğlub oldular. Romano Prodinin Baş nazir olmasından sonra Berluskoni partiyasında yeni təşkilati işlərə start verdi. Aparıcı siyasi təşkilatlardan biri olan "Şimal liqa"sının lideri Umberto Bossi ilə əlaqələrini yenidən bərpa edərək birgə ittifaq yaratdı. Sağ mərkəzçilərin "Azadlıq Evi" adlanan yeni blokuna sonradan "Milli Alyansı", Xristian Demokratlar İttifaqını da cəlb etmək mümkün oldu.

Berluskoninin rəhbərliyi ilə güclənən sağmərkəzçi qüvvələr növbəti parlament seçkilərinə ciddi hazırlıq görməyə başladılar. Berluskoninin tabeliyində olan media vasitələri isə mütəmadi olaraq onu təbliğ edir, italiyalı seçicilərin şüuruna sabiq baş nazirin portretini daha möhkəm həkk edirdilər. Bu ərəfədə bir vaxtlar Çili diktatoru Pinoçet üzərində məhkəmə keçirməyə çalışan məşhur ispaniyalı hakim Baltasar Qarson Avropa Parlamentinə müraciət edərək İspaniya qanunvericiliyini pozmaqda və korrupsiyada ittiham etdiyi Berluskonini deputat mandatından məhrum etməyə çağırır, onun həbsinə nail olmaq istədiyini açıq bəyan edirdi. Bunun üçün isə hakimin əlində güclü arqumentləri var idi. Belə ki, Berluskoni formal olan bir şirkət vasitəsilə İspaniyanın "Telecinco" adlı telekanalının 80 faiz səhminə nəzarət edirdi. Halbuki İspaniya qanunvericiliyinə görə, xarici vətəndaşlar yerli telekanallarda 25 faizdən artıq səhmə malik ola bilməzdilər.

Avropa Parlamentində isə ispaniyalı hakimin istəyinin yerinə yetirilməsinə tərəfdar olan deputatların sayı az deyildi. Bioqraflar bildirir ki, Baltasar Qarsonun ittihamlarından yaxa qurtarmaq üçün Berluskoni yalnız dövlət və hökumət başçılarına verilən toxunulmazlıq immunitetini qazanmağa can atırdı. Ancaq, əlbəttə ki, siyasətdə də yenidən özünü təsdiqləmək Berluskoninin əsas məqsədini təşkil edirdi. Bu mənada İtaliyada keçiriləcək növbəti parlament seçkilərində qalib gəlmək Berluskoni üçün vacib əhəmiyyət kəsb edirdi. 2001-ci ildə keçirilən yeni parlament seçkiləri ərəfəsində Berluskoninin ixtiyarında olan İtaliya televiziya kanalları və digər media orqanları gün ərzində onu reklam edir, seçkiqabağı kampaniyasının əsas vasitəsinə çevrilirdi. Seçki təşviqatına 20 milyon dollar vəsait xərcləyən Berluskoni 12 milyon nüsxədən ibarət "İtaliya tarixi" adlı tərcümeyi halını dərc etdirdi, onların hamısı pulsuz olaraq italiyalı seçicilərə paylandı. Berluskoni bildirirdi ki, o, İtaliyanın üzləşdiyi problemləri həll edə biləcək yeganə şəxsdir. Özünü Avropanın və dünyanın ən yaxşı lideri kimi görən Berluskoni qeyd edirdi: "Həyatımdan, professional vərdişlərimdən və biznesdəki nailiyyətlərimdən çıxış edərək mənə bərabər şəxsin olmadığını deyə bilərəm".

Vergiləri və bürokratik aparatı ixtisar edəcəyini, səhiyyə, təhsil, məhkəmə sistemində islahatlar aparacağını bildirən Berluskoni seçicilərinə "müqavilə" bağlamağı təklif edirdi. Belə ki həmin "müqaviləyə" görə vədlərini yerinə yetirməyəcəyi təqdirdə könüllü şəkildə istefaya getməli idi. Bütün bunlar parlament seçkilərində rəhbərlik etdiyi koalisiyanın qalib gəlməsi və Berluskoninin yenidən İtaliyanın Baş naziri postunu tutması ilə nəticələndi.

Baş nazir seçildikdən sonra o, verdiyi vədlərin böyük əksəriyyətini həqiqətən də yerinə yetirdi. Dövlət quruluşunda da islahatlar aparan Berluskoni parlamentdə biznes dairələrinin maraqlarına cavab verən bir sıra qanun layihələrinin qəbuluna nail oldu. Bu qanunlara əsasən vergidən yayınmağa görə verilən cəzanın müddəti azaldılır, məhkəmənin müttəhimin xaricdəki bank hesabları barədə məlumat almasına qadağa qoyulur, müttəhimin istədyi təqdirdə işinin başqa məhkəməyə göndərilməsini tələb etməsinə və digər bu qəbildən olan məsələlərə imkan verilirdi. Ancaq səhiyyə, təhsil, məşğuliyyət, məhkəmə sahəsində Berluskoninin apardığı islahatlar ciddi uğurlarla müşayiət olunmadı. Bu da öz növbəsində 2002-ci və 2003-cü illərdə İtaliyada ümummilli tətillərin keçirilməsilə nəticələndi. Bu tətilləri Berluskoni siyasi rəqiblərinin fəaliyyətilə əlaqələndirirdi: "Çoxlu tətillər siyasi xarakter daşıyır və solçu həmkarlar ittifaqları tərəfindən təşkil edilib". O da maraqlı faktdır ki, ölkəni iqtisadi çətinliyə görə tətillər bürüdüyü bir vaxtda, Berluskoni 2002-ci ildən etibarən İtaliyanın ən varlı şəxsi titulunu daşıyır. Hətta "Forbes" jurnalı onun varidatının artıq 12 milyard dolları keçdiyini bildirirdi.

 

Mussoliniyə açıq rəğbət

 

Baş nazir olmasına baxmayaraq, bu dövrdə Berluskoni yenidən məhkəmələrdə ifadə vermək məcburiyyətində qalırdı. 2003-cü ildə bir neçə dəfə məhkəməyə dəvət olunan Baş nazir əvvəlki ittihamlarla, əsasən də 1980-ci illərdə rüşvət verməyə görə mühakimə olunurdu. Lakin hər dəfə məhkəmə çəkişmələrindən vəkilləri sayəsində Berluskoni qalib ayrılırdı. Barəsində gedən məhkəmə çəkişmələri və ölkədə yaranan çətin sosial iqtisadi duruma rəğmən, Berluskoni ən azı 15 il hakimiyyətdə qalmaq niyyətində olduğunu bildirirdi. Lakin onun hakimiyyətdə dediyi müddətdə qalmasını əngəlləyən əsas maneə İtaliyada 2004-2005-ci illərdə iqtisadi problemlərin daha da dərinləşməsi oldu. Elə bu da Berluskoninin sədrlik etdiyi partiyanın aparıcı rol oynadığı "Azadlıq Evi" koalisiyasının regional seçkilərdə ciddi məğlubiyyətlə üzləşməsinə səbəb oldu. Məğlubiyyətin əsas səbəblərindən biri iqtisadi problemlər idisə, digər amil İtaliyanın İraq məsələsində ABŞ-ı dəstəkləməsinə və buraya sülhməramlı kontingent göndərməsinə sadə vətəndaşların etiraz etməsi oldu.

2006-cı ilin aprelində parlament seçkiləri kampaniyasında ölkədəki iqtisadi problemlərə görə Romano Prodinin rəhbərlik etdiyi solmərkəzçilər Berluskonini və tərəfdarlarını daha sərt tənqid atəşinə tutmağa başladılar. Ümumiyyətlə, parlament seçkilərində əsas rəqabət daha çox Berluskoni və Prodinin rəhbərlik etdiyi qüvvələr arasında özünü göstərirdi. Apardığı təbliğat kampaniyasında rəqibini üstələməsinə rəğmən, Berluskoni və tərəfdarları cüzi fərqlə məğlub oldular. Prodinin rəhbərlik etdiyi qüvvələr 0,1 faiz səs çoxluğu ilə (təxminən 25 min səs) qalib gəldilər.

Tədqiqatçılara görə Berluskoninin məğlubiyyətində rol oynayan əsas faktorlardan biri də seçki ərəfəsində məşhur diktator Benito Mussoliniyə dərin ehtiram bəslədiyini açıqlaması oldu. Əslində buna qədər də o, dəfələrlə Mussolinini böyük dövlət xadimi hesab etdiyini bildirmişdi. Hətta qeyd edirdi ki, Mussolini rejimi bir nəfəri olsun belə qətlə yetirməyib, sadəcə, müxalifətçiləri "istirahətə" göndərib. Seçkilərə bir neçə gün qalmış isə vətəndaşlara müraciətində qalib gələcəyi təqdirdə İtaliya diktatorunun nəvəsi Alessandra Mussolinini Baş nazirin müavini təyin edəcəyini açıqlaması onun nüfuzuna müəyyən xələl gətirdi. İtalyanların bir çoxu Alessandra Mussolinini faşist saydığından müavin seçiminə görə Berluskoniyə səs verməkdən imtina edənlərin sayı az olmadı və beləliklə də o, məğlubiyyətə uğradı.

İlk əvvəl məğlubiyyətlə barışmayan Berluskoni bütün seçki bülletenlərinin yenidən yoxlanması və sayılmasını tələb etdi. Lakin Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiqləməsi sonda Berluskoninin istefa ərizəsini İtaliya Prezidenti Karlo Çampiyə təqdim etməsilə nəticələndi. Baş nazir postunu təhvil verərkən isə o qeyd edirdi: "Bizi İtaliyada daim ən yaxşı hökumət kimi xatırlayacaqlar".

 

"İrəli İtaliya"dan "Xalq Azadlığı"na keçid

 

Baş nazir postunu tərk etdikdən sonra Berluskoni barəsində məhkəmə təqibləri daha da gücləndi. 2006-cı ildə ölkə prokurorluğu Berluskoninin vergidən yayınması barədə məhkəməyə əlavə sübutlar təqdim etdi. Ancaq bu dəfə də vəkilləri Berluskonini həbsxana həyatından xilas edə bildi. Bundan sonra Berluskoni yenidən əsas diqqətini siyasətə yönəltdi və rəhbərliyi altında sağmərkəzçi qüvvələrin yenidən hakimiyyəti idarə etməyə hazır olduğunu bildirdi. Bununla yanaşı o, Prodi hökumətini vəzifəsinin öhdəsindən gələ bilməməkdə, əhalinin durumunu daha da ağırlaşdırmaqda ittiham edirdi. Bu dövrlərdə Prodinin rəhbərlik etdiyi koalisiya üzvləri arasında ziddiyyət, nəhayət, 2008-ci ilin əvvəllərində hökumətin parçalanmasına gətirib çıxardı ki, bu da növbədənkənar seçkiləri qaçılmaz edirdi.

Növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşan Berluskoni bu dəfə də hamını heyrətə salan bir addım atdı. Belə ki, seçkilərə qədər yeni partiya yaradacağını və bu partiya ilə öz bəxtini sınayacağını bildirdi. Əslində Berluskoni hələ 2007-ci ilin noyabrından sağmərkəzçi qüvvələri özündə birləşdirən bir partiyanın yaradılması niyyətinə düşmüşdü. Növbədənkənar parlament seçkiləri isə bunun üçün münbit şərait yaradırdı. İlk əvvəl "İrəli İtaliya" Partiyasının sağmərkəzçi müttəfiqləri, xüsusən də "Milli Alyans"ın lideri Canfranko Fini Berluskoninin bu ideyasını sərt tənqid atəşinə tutmağa başladı. Lakin seçki ərəfəsində Berluskoni Finini özünün siyasi varisi kimi gördüyünü açıqlamasından sonra o, tənqidlərə son qoydu.

2008-ci ilin fevralında hər iki lider "Xalq Azadlığı" adlı yeni partiyadan vahid siyahı ilə seçkilərə qatılmaq barədə razılıq əldə etdilər. Sol mərkəzçi qüvvələrə isə bu dəfə Prodi yox, Demokrat Partiyasının lideri Valter Veltroni rəhbərlik edirdi. Ötən ilin aprelində keçirilən seçkilərdə Berluskoninin rəhbərlik etdiyi koalisiya qüvvələri parlamentin hər iki palatasında yerlərin əksəriyyətini tuta bildilər. Bu, yenidən Berluskonini Baş nazir kürsüsünə qaytardı. 2008-ci ilin iyununda isə İtaliya parlamenti Berluskoninin toxunulmazlığına təminat verən qərar qəbul etdi. Bu, Berluskoninin məhkəmələrdən xilas olmasında mühüm rol oynadı.

 

Ailəcanlı kavaler

 

İtaliyalıların daha çox "Kavaler" deyə çağırmağı xoşladıqları Berluskoni bu gün ölkəsində həqiqətən də xalq içindən çıxmış şəxs sayılır. Qeyri-adi şəxs kimi də qəbul edilən Berluskoni xarici görkəminə çox ciddi fikir verir. Daim ciddi pəhriz saxlayan Baş nazir gənc qalmaq üçün keçirdiyi plastik əməliyyatların sayına görə pop musiqisinin kralı sayılan Maykl Ceksondan geri qalmır. Biznes və siyasətdə bəxti gətirən Berluskoni bəstəkar kimi də özünü sınayıb. Hələ 2003-cü ildə sırf onun bəstələrindən ibarət disk buraxılıb.

Qlobal maliyyə böhranının başlanmasından sonra isə Berluskoni ölkəsinin bundan bir avro belə ziyana düşməyəcəyini açıqlayıb. Ancaq təkcə onun özü böhran nəticəsində 1,5 milyard dollardan artıq vəsait itirib. Berluskoninin şəxsi həyatı da özü qədər zəngin sayıla bilər. Onun ilk rəsmi nikahı 1965-ci ildə Karla Elvira Dellolo ilə baş tutub. Bu evlilikdən cütlüyün üç övladı - qızları Mariya, Elvira və oğulları Pyersilvio dünyaya gəlib. 1980-ci ildə isə Berluskoninin aktrisa Veronika Lario ilə eşq məcaraları başlanıb. Nəhayət, 1985-ci ildə ilk həyat yoldaşı ilə ayrılan Berluskoni Veronika ilə rəsmi nikah əlaqəsinə girib. Bu evlilikdən cütlüyün iki qızı - Barbara və Elyenora, oğulları Luici dünyaya gəlib.

Lakin bu evlilik də problemlərsiz ötüşmür. 1994-cü ildən Berluskoni və Veronika bir yerdə yaşamır. Mediaya müsahibələrində Veronika dəfələrlə etiraf edib ki, ərini nadir hallarda görür: "Bundan başqa səhər, günorta, axşam yeməklərində o, həmişə telefonla danışır. Hətta Yeni ildə və doğum günlərində də işi ancaq telefon zənglərinə cavab verməkdən ibarətdir". Hazırda Berluskoninin birinci həyat yoldaşından olan övladları ailə biznesinin idarə edilməsində atalarının ən yaxın köməkçiləridir.

 

Hazırcavab qalmaqal ustası

 

Hərəkətləri və yumor hissi də Berluskonini italiyalıların sevimli qəhrəmanına çevirib. Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə rəsmi şəkil çəkilişi zamanı onun ispaniyalı nazir Xosep Pikin arxasında dayanaraq əllərini buynuz şəklində tutması hələ də yaddaşlardan silinməyib. Nazirlər bundan narazılıq ifadə etsələr də, Berluskoni olduqca rəsmi əhval-ruhiyyəni dağıtmaq üçün belə etdyini bildirmişdi.

Özü haqqında da Berluskoninin çox maraqlı fikirləri var. Məsələn, qeyd edir ki, siyasətin İsa Məsihidir: "Siyasətdə mən Məsihəm. Həm də dinc qurbanam, başqaları üçün hər şey edirəm, sonda özümü onlara qurban verirəm".

Vergilərlə bağlı isə Berluskoninin işlətdiyi bir ifadə hələ də dillər əzbəridir: "İtaliyalılar vergiləri ödəməməkdə düz edirlər, çünki onlar həddən artıq çoxdur". İctimai görüşlərdə və çıxışlarda da Berluskoni daim özünü qətiyyətli aparması və özünəəminliyi ilə yaxşı tanınır. Əgər xaricdən olan qonaqlarla görüşdə hər hansı ölkə və ya şəhərin adını səhv dediyi məlum olursa, bir an fikirləşmədən belə, bunun günahını tərcüməçinin üzərinə yıxır.

Sol düşərgənin təmsilçiləri onu tənqid edəndə özü barəsində belə bir lətifə danışmağı xoşlayır: "Bir dəfə Prodi qayıqla göldə üzürdü. Qəfildən əsən külək onun papağını suya atdı. Qayıqda olan Berluskoni isə fikirləşmədən suya baş vuraraq dalğaların qoynundan Prodinin papağını götürüb sahibinə qaytardı. Ertəsi gün sol düşərgənin qəzetlərinin manşet yazısının başlığı belə oldu: "Berluskoni üzməyi də bacarmır".

Onun siyasi atmacaları bəzən ciddi qalmaqallara gətirib çıxarır. Məsələn, 2003-cü ilin iyulunda İtaliya Avropa İttifaqının Nazirlər Şurasının rəhbərliyini qəbul edəndə Avropa Parlamentinin Almaniyadan olan üzvü Martin Şults Berluskoni hökumətinin daxili siyasətini kəskin tənqid etməyə başladı. Berluskoninin ona cavabı isə iştirakçıları şoka saldı: "Cənab Şults, mən İtaliyadan olan bir kinoprodüsserlə tanışam, o, nasist düşərgələri barəsində film çəkir. Mən ona təklif edəcəyəm ki, düşərgədə nəzarətçi rolunu sizə versin. Siz bu rola ideal şəkildə yaraşırsınız".

Ötən il Berluskoni Barak Obamanın ABŞ Prezidenti seçilməsini məmnunluqla qarşılayaraq özünəməxsus şəkildə zarafat edib. İtaliyanın Baş naziri ABŞ-ın yeni seçilmiş Prezidentinin dərisinin rəngini gülüş hədəfinə çevirməyə çalışıb. Berluskoni Rusiya Prezidenti Dmitri Medvedevlə görüşü zamanı Rusiya və ABŞ arasında normal münasibətləri bərpa etməyə çalışacağına söz verib: "Hər iki ölkədə hakimiyyətə yeni nəsil gəlib. Mən Medvedevin Obama ilə yaxşı münasibətlər qurmasında problem görmürəm. Obama da gözəl, cavandır və gün altında yaxşı qaralıb". Lakin onun bu zarafatı İtaliya müxalifətinin etirazına səbəb olub. Demokrat Partiyasının lideri Valter Veltroni Baş naziri Obamadan təcili şəkildə üzr istəməyə çağırıb. Obamanın Avropadakı həmfikri sayılan Veltroninin fikrincə, Berluskoninin "axmaq" zarafatı İtaliyanın beynəlxalq arenada imicinə ciddi zərbə vurub. Ancaq bu zarafatı hazırcavablıq kimi dəyərləndirən Berluskoni Obamadan üzr istəməkdən imtina edib.

 

Azərbaycanın ən böyük ticarət partnyoru

 

İtaliyanı Azərbaycana bağlayan əsas məqam isə bu ölkənin xarici ticarətdə ən böyük partnyorumuz olmasıdır. Ancaq iki ölkə arasında digər sferalarda da rəsmi əlaqələr sürətlə inkişaf edir. Hələ 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev Silvio Berluskoni ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyətə toxunulub. Bu səfər çərçivəsində İtaliya-Azərbaycan Birgə Bəyannaməsi qəbul edilib, 8 sənəd imzalanıb.

Ötən il noyabrın 25-də Prezident İlham Əliyev İtaliyaya rəsmi səfəri zamanı da bu ölkənin Nazirlər Şurasının Sədri Silvio Berluskoni ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Silvio Berluskoni Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib, onun İtaliyaya rəsmi səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. Söhbət zamanı qeyd olunub ki, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr genişlənəcək, qarşılıqlı münasibətlər daha da möhkəmlənəcək. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Artıq 73 yaşı olmasına baxmayaraq, Berluskoni siyasətdə özünü hələ çox cavan sayır. Elə bu səbəbdən hələ uzun müddət hökumət başçısı olaraq qalmaq niyyətində olduğunu bəyan edir. Elə İtaliya xalqı da daim şən əhval-ruhiyyədə olan kavalerindən ayrılmaq istəmir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-15 mart.-S.4-7.