Milli musiqi alətlərinin mahir ustası
Ona bu istedad irsən atasından keçib. Nadir bacarığa, incə zövqə və duyuma malik bu insan milli musiqi alətlərimizi əsl sənət səviyyəsinə qaldırmaq arzusuyla əvəzsiz nümunələr yaradır. Böyük ustalıqla düzəltdiyi və sədəflə bəzədiyi dahi şəxsiyyətlərin portretləri, görkəmli şairlərimizin nəsihətamiz beytləri, milli sərvətlərimizi əks etdirən rəsm əsərləri, "Dədə Qorqud" boylarından parçalar, milli ornamentləri olan müxtəlif musiqi alətləri dünyanın bir sıra ölkələrinin, o cümlədən Türkiyə, Rusiya, ABŞ, Hindistan, İngiltərə muzeylərində saxlanılır və nümayiş etdirilir. Söhbət Bakının Balaxanı qəsəbəsinin sakini, milli musiqi alətlərimizin nadir ustası və onları məharətlə bərpa edən Balabəy Balabəyovdan gedir. Onunla aramızdakı tanışlıq körpüsünü məşhur tarzən, xalq artisti, professor Ramiz Quliyev yaratdı. Professor onun sənəti ilə bağlı dedi:
- 1988-ci ildə Bakıdakı 16 saylı musiqi məktəbində konsert verirdim. "Çahargah" muğamını ifa etdiyim məqamda birdən tarım şaqqıltıyla ortadan çatladı. Bu tar mənə bağışlandığı üçün çox əziz idi. Məni Balaxanıya, usta Balabəyin yanına apardılar. İçəri daxil olarkən divarlardan asılmış sənət nümunələri ilə üzləşdim və elə ilk andaca usta Balabəyin işi haqqında məndə yüksək təəssürat yarandı. Sınmış tarımı düzəldib mənə verəndə, hətta sonralar tar düzəltməyi sifariş edəndə, onda bir sıra nadir keyfiyyətlər aşkar etdim. Balabəy musiqi alətlərini düzəldərkən onun bütün xüsusiyyətlərinə, yəni hansı ağacdan düzəltmək lazım olduğuna, səsinin gözəl çıxması üçün hansı xırdalıqlar edəcəyinə, alətin ümumi gözəlliyinə və ayrı-ayrı detallarının zərifliyinə, eyni zamanda onun solomu, orkestrin, yaxud ansamblın tərkibindəmi səslənəcəyinə xüsusi fikir verir.
Azərbaycanda milli musiqi alətlərini düzəldən və bərpa edən ustad sənətkarlar çox olub. Balakəndə Aydın, Şuşada Rəcəb, Məzahir, İdris, Göyçədə kimya elmləri doktoru, həm də bacarıqlı usta Pənah Qurbanov, Füzulidə Musa, Bakı Musiqi Akademiyasında Güləli, Kömürçü bazarının yanında emalatxanası olan Rəşid və başqaları öz zərif işləri ilə sayılıb-seçiliblər.
Bakı Musiqi Akademiyasında qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi laboratoriyası fəaliyyət göstərir. Onun rəhbəri Məcnun Kərimov qədim milli musiqi alətlərinin adını və quruluşunu yazılı mənbələrdən tapıb bərpa etməklə tarixi iş görür. Bu vaxta qədər 11 musiqi alətini bərpa etmiş və onların əsasında Qədim Milli Musiqi alətləri ansamblını yaratmışdır. O, bu alətlərin konstruktorudur. Ancaq Balabəyin sənətini bu ustaların hamısı yüksək dəyərləndirir və onun musiqi alətlərinə çox həssaslıqla yanaşmasını xüsusi vurğulayırlar.
Balabəyi digər ustalardan fərqləndirən ən mühüm cəhətlərindən biri budur ki, o, tar, kamança, qaval, saz, dəf və digərlərini yüksək zövqlə həm təmir edir, həm yenisini düzəldir, həm də təkrarsız gözəlliklə sədəfə tuta bilir.
2006-cı ildə Balabəyin böyük ustalıqla düzəltdiyi və üstünü yüksək zövqlə bəzədiyi tar gözəlliyi ilə əsl sənət əsəri kimi insanı heyrətə gətirir. Tarın üzərində dahi Nizaminin portretini, onun "Xəmsə"sindən şəkilləri və nəsihətamiz beytləri sədəflə elə zərifliklə işləyib ki, dünyada ikinci belə sənət əsəri yoxdur. Həmin tar hazırda Heydər Əliyev Fondunun bir guşəsini bəzəyir.
Usta Balabəyin dünya şöhrətli kamança ifaçısı, "İstiqlal" ordenli Habil Əliyevin 80 illik yubileyi münasibətilə hazırladığı kamança aləti isə bu sənətkarın bənzərsiz sənətinə verilən layiqli töhfə kimi dəyərləndirilməlidir. Bununla bağlı Habil müəllimə telefon açdıq və ona bağışlanan kamança barədə fikirlərini öyrəndik. O dedi:
- Balabəyə bu sənətdə özündən başqa qalib gələn ikinci bir insan yoxdur. O, improvizatordur, daim axtarışda olan sənətkardır. Nəzərə çatdıraq ki, kamançanın tac hissəsinə salınmış Habil müəllimin portreti qızıldan hazırlanmış, ətrafına brilyant qaşlar düzülmüşdür. Kamançanın üzərindəki dahi Füzulinin və Üzeyir bəyin şəkilləri rəngli sədəflərlə hazırlanmışdır. Bütövlükdə isə bu musiqi alətinin üzəri "Leyli və Məcnun"un motivləri əsasında qurulmuşdur.
Balabəydə zərgərlik, rəssamlıq və ustalıq sənətləri birləşərək harmoniya yaratmışdır. Bu bacarıqların sayəsində təkrarsız musiqi alətləri düzəldir, təmir edir və onları sədəflə bəzəyir. O, Azərbaycanda yeganə ustadır ki, düzəltdiyi sənət nümunələri dünya miqyası səviyyəsində nümayiş etdirilib.
Balabəylə söhbətimiz zamanı qeyd etdi ki, hazırda bir sıra işlərlə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük bir layihə üzərində işləyir və bu iş bir aydan sonra hazır olacaq.
Adilə Qocayeva
Azərbaycan.-2009.-15 mart.-S. 8.