Bakıda Müdafiə
Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun açılışı
olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyev martın
16-da Müdafiə Sənayesi
Nazirliyinin Elmi Tədqiqat İnstitutunun açılış mərasimində
iştirak etmişdir.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin institutun həyətindəki büstü önünə gül dəstəsi qoydu.
İnstitutun yerləşdiyi ərazi və bina bir vaxtlar yararsız vəziyyətə düşmüşdü. Buradakı avadanlıq da sıradan çıxmışdı. Prezident İlham Əliyevin milli mənafelərə xidmət edən siyasəti sayəsində institutun binası, demək olar ki, tam yenidən qurulmuşdur.
Dövlət başçısına institut barədə ətraflı məlumat verildi. Azərbaycan Prezidenti binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən videokadrlara baxdı. Bildirildi ki, indi burada informasiya-kommunikasiya texnologiyaları, ən son texnoloji avadanlıq geniş tətbiq olunmuşdur. Kadrların ixtisasının artırılması da diqqət mərkəzindədir. 2007-ci ilin mart ayının 16-dan fəaliyyət göstərən institutun mühəndis-laboratoriya korpusu, təcrübi zavodu, sınaq sahəsi, atıcılıq tiri və hərbi texnika saxlamaqdan ötrü xüsusi ərazisi var. İnstitutun fəaliyyət istiqamətləri genişdir, onlarca sahəni əhatə edir.
Dövlət başçısı burada yaradılan Heydər Əliyev guşəsi ilə tanış oldu. Burada ulu öndərin və Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlar səviyyəsində yenidən qurulması və ölkənin müdafiə sənayesinin yaradılması istiqamətində gördükləri ardıcıl və kompleks tədbirlər əksini tapmışdır.
Sonra Prezident İlham Əliyev institutun təcrübi zavodu ilə tanış oldu.
Dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verildi. Bildirildi ki, buradakı stendlərdə institut barədə müfəssəl məlumat yerləşdirilmişdir.
Zavodda mexaniki emal, dəqiq mexanika, yığma, sazlama, qaynaq, termiki emal, sınaq sahələri və sair fəaliyyət göstərir.
Prezident İlham Əliyev burada istehsal edilən məhsulların sınaqdan keçirilməsi zamanı çəkilmiş kadrlara baxdı.
Ali Baş Komandana istehsal prosesi və buraxılan məhsullar barədə ətraflı məlumat verildi.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda yaradılan şəraitdən
məmnun qaldı.
AzərTAc
Azərbaycan.-2009.-17 mart.-S.1.