Milli Məclisdə
görüşlər
Azərbaycanda səfərdə olan Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq
etdiyi Konstitusional referendumun müşahidə
olunması üzrə
xüsusi komitənin üzvləri martın
16-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşlər.
O.Əsədov qonaqlara ölkəmizdə həyata keçirilən demokratik islahatlar, parlamentin qəbul etdiyi qanunların Avropa standartlarına uyğunlaşdırılması və digər məsələlər barədə ətraflı məlumat vermişdir. Sədr demişdir ki, dövlətimizin və parlamentin əsas məqsədi ölkə vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, demokratik dəyərləri inkişaf etdirməkdir. Milli Məclisin ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qərarı da məhz bu məqsədi daşıyır. Referendumda Konstitusiyanın 29 maddəsinə əlavələr və dəyişikliklər nəzərdə tutulmuşdur. Səsvermənin tam demokratik və şəffaf keçirilməsi üçün bütün lazımi işlər görülmüşdür.
Milli Məclisin Sədri Azərbaycan ilə Avropa Şurası arasında münasibətləri yüksək dəyərləndirmiş, təşkilatın nümayəndə heyətinin referendumu müşahidə etməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Müşahidə missiyasının rəhbəri, Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uil demişdir ki, Avropa Şurası Azərbaycan ilə əlaqələrə xüsusi diqqət yetirir. Azərbaycana səfərin məqsədi martın 18-də keçiriləcək referendumu müşahidə etməkdir. Parlament və prezident seçkilərində olduğu kimi, Konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvləri ümumxalq səsverməsini də məmnunluqla izləyəcəklər.
Pol Uil referenduma çıxarılan məsələlərin ölkə vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
* * *
Martın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratovla görüşdü. Sədr bildirdi ki, bu gün ölkəmizdə rus xalqının çoxlu nümayəndəsi yaşayır və onlar bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Burada yaşayan rus icması parlamentdə də təmsil olunur və öz sözünü bu yüksək tribunadan səsləndirmək imkanına malikdir. Onlar Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar.
Sonra Sədr Vasili İstratova Azərbaycanda göstərdiyi təqdirəlayiq fəaliyyətə görə təşəkkürünü bildirdi, iki ölkə arasındakı münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirdi.
Görüş üçün minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyət göstərməyin onun üçün çox xoş olduğunu və diplomatik missiyasının başa çatmasına baxmayaraq, bundan sonra da ölkəmizlə əlaqələrini qoruyub saxlayacağını diqqətə çatdırdı.
* * *
Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədova ölkəmizdə diplomatik missiyasını başa vuran Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Haycou ilə də görüşdü. Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixindən danışdı, burada Çinlə əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini vurğuladı.
Sonra Milli Məclisin Sədri parlamentlərarası
əlaqələrin inkişaf
etdirilməsinin vacibliyini
qeyd edərək qarşılıqlı səfərlərin
münasibətlərimizin daha
da genişlənməsində
mühüm rol oynadığını bildirdi,
bu sahədə səfirin gördüyü
işləri yüksək
qiymətləndirdi.
Səfir göstərilən isti münasibətə görə
minnətdarlığını bildirdi, Bakıda müşahidə etdiyi qonaqpərvərlikdən razılığını
ifadə etdi və diqqətə çatdırdı ki, Azərbaycandan ayrılsa da, iki ölkənin
qarşılıqlı münasibətlərinin
inkişafı üçün
bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2009.-17 mart.-S.2.