Prezident yanında Strateji Araşdırmalar Mərkəzində keçirilmiş
"dəyirmi masa"da dünya iqtisadi
böhranının qlobal
enerji sisteminə təsiri müzakirə edilmişdir
Martın 16-da Azərbaycan
Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzində
"Qlobal enerji bazarının vəziyyəti
və ABŞ-ın yeni administrasiyasının
enerji siyasəti" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
Tədbiri açan Mərkəzin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev dünya maliyyə böhranının qlobal enerji sisteminə təsirindən, böyük dövlətlərin enerji siyasətindəki dəyişikliklərdən, Qərbin qlobal enerji siyasətinə strateji baxışından, neft istehsal edən ölkələrin qlobal enerji bazarında rolundan danışmışdır.
Azərbaycanın qlobal enerji siyasətindəki roluna toxunan Elxan Nuriyev bildirmişdir ki, Cənubi Qafqazın lider dövləti Azərbaycan hazırda dünya iqtisadi sistemində özünün layiqli yerini tutmuşdur. Artıq tanınmış beynəlxalq ekspertlər etiraf edirlər ki, uğurlu siyasət nəticəsində Azərbaycanın mövqeləri getdikcə daha da möhkəmlənir.
Tədbirdə əsas məruzəçi olan ABŞ-ın Kolumbiya Universiteti nəzdində Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin direktoru, iqtisad elmlər doktoru, professor Albert Bressand "Qlobal enerjinin vəziyyəti, ABŞ-ın yeni enerji siyasəti və Avrasiya regionunda konstruktiv enerji münasibətləri üçün imkanlar" mövzusunda geniş təqdimatla çıxış etmişdir.
Amerikalı ekspert dünyanı bürümüş iqtisadi və maliyyə böhranından, onun qlobal enerji bazarına təsirindən danışmış, ölkəsinin yeni prezidenti Barak Obamanın həyata keçirdiyi iqtisadi və enerji proqramlarına toxunmuşdur.
Tədbirdə iştirak edən Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının direktoru Fariz İsmayılzadə, ABŞ səfirliyinin enerji məsələləri üzrə məsul əməkdaşı Alan Eyre, Dövlət Neft Şirkətinin birinci vitse-prezidentinin müşaviri, professor Eldar Şahbazov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rüstəm Məmmədov və digərləri müzakirə edilən məsələlərə münasibət bildirmişlər.
AzərTAc
Azərbaycan.-2009.-17 mart.-S.3.