Azərbaycan Yunanıstan üçün çox mühüm ölkədir
Azərbaycan Yunanıstan üçün
çox mühüm ölkədir və rəsmi Afina ölkələrimiz arasında
əlaqələrin hərtərəfli
inkişafında maraqlıdır.
Bu sözləri Yunanıstanın
ölkəmizdəki səfiri
İonannis Metaksas martın 16-da Milli Məclisdə Azərbaycan-Yunanıstan
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri ilə görüşdə
söyləmişdir.
Milli Məclisin
mətbuat xidmətindən
bildirmişlər ki, parlamentin Sosial siyasət daimi komissiyasının sədri,
Azərbaycan-Yunanıstan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Hadi Rəcəbli Prezident İlham Əliyevin bu ilin fevralında
Yunanıstana dövlət
səfərindən söz
açmış və
bildirmişdir ki, bu səfər ölkələrimiz arasında
əlaqələrin möhkəmlənməsinə
və əməkdaşlığın
dərinləşməsinə yeni təkan vermişdir. Komissiya sədri münasibətlərimizin
inkişafında parlamentlərin
xüsusi rolu olduğunu vurğulamış,
işçi qruplarının
fəaliyyətlərinin daha
da genişləndirilməsinin
vacibliyini qeyd etmişdir.
Səfir İonannis Metaksas Azərbaycan Prezidentinin Yunanıstana səfərini
böyük tarixi hadisə adlandırmış,
imzalanan sənədlərin
siyasi və iqtisadi baxımdan əhəmiyyətini qeyd etmişdir.
Görüşdə ölkələrimiz
arasında turizm əlaqələrinin yaradılması
və möhkəmləndirilməsi,
orta sahibkarlığın
inkişafına təkan
verəcək biznes forumların təşkili,
sadələşdirilmiş viza rejiminin tətbiqi, tələbə,
müəllim və elmi işçilərin mübadiləsi, ali məktəblərdə qarşılıqlı
dil və mədəniyyət mərkəzlərinin
açılması, kənd
təsərrüfatı sahəsində
əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı
səfərlərin intensivləşməsi
təşəbbüsləri irəli sürülmüşdür.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllinin
vacibliyinə də toxunulmuşdur. İ.Metaksas Azərbaycan üçün
çox mühüm əhəmiyyət kəsb
edən bu məsələni xüsusi
diqqətdə saxladığını
və problemin həlli istiqamətində
ATƏT-in səylərini dəstəklədiyini
bildirmişdir. Diplomat qeyd etmişdir ki, Yunanıstan dövlətlərin ərazi
bütövlüyü prinsipinə
hörmətlə yanaşır.
AzərTAc
Azərbaycan.-2009.-17 mart.-S.3.