Beynəlxalq ekspertlər referenduma hazırlıq mərhələsindən məmnundurlar

 

Martın 16-da Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup martın 18-də keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı apardığı monitorinqin nəticələrini açıqladı. İşçi qrupun koordinatoru Ramiz Sevdimalıyev qurumun bir ildir fəaliyyət göstərdiyini deyərək, bu müddət ərzində bir sıra layihələrin həyata keçirildiyini xatırlatdı. O, qeyd etdi ki, "Azərbaycan Respublikasında 18 mart 2009-cu il referendumunun siyasi hüquqi əsasları" beynəlxalq konfransı da bu qəbildəndir.

Belçika, Almaniya, Bolqarıstan, İspaniya, ABŞ digər ölkə ekspertlərinin iştirak etdiyi tədbir beynəlxalq mütəxəssislərin ümumxalq səsverməsinə münasibətlərinin ifadə edilməsi baxımından əhəmiyyətli olub. Eyni zamanda, birgə işçi qrup "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə dair üç dildə rəy hazırlayıb. Qrupun ekspertləri rəydə öz münasibətlərini ifadə ediblər.

Avropa Şurası Venesiya Komissiyasının referendumla bağlı mövqeyini açıqlayan birgə işçi qrupun təmsilçisi, Belçika Konstitusiyası Məhkəməsinin üzvü Jan Pol Moerman Azərbaycanın demokratik prinsipləri üstün tutaraq sürətlə inkişaf etdiyini, qanunvericilik aktlarında bir sıra mütərəqqi islahatların aparıldığını dedi. Beynəlxalq ekspert bildirdi ki, respublikamızdakı mövcud ictimai-siyasi durum bütün məsələlərə diqqətlə yanaşmağı tələb edir: "Azərbaycanın qonşuları bu dövlətə qarşı olduqca həssas, diqqətcildirlər. Bizim münasibətlərimizə təsir göstərən digər amillər də mövcuddur. Azərbaycanın əraziləri təcavüzkar siyasət nəticəsində işğal olunub. Bu ölkə müstəqilliyinə ikinci dəfə qovuşmuş gənc dövlətdir. ...Azərbaycanda demokratikləşmə prosesi gedir və bu məsələdə Avropa prinsipləri əsas götürülüb".

Ümumxalq səsverməsinə çıxarılmış məsələlərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının təkliflərini səsləndirən Jan Pol Moerman referendumun keçirilməsi ilə əlaqədar prosedurlardan da bəhs etdi. Ümumxalq səsverməsinin bülletenlərində əks olunmuş suallar aydın və oxunaqlıdır. Bu səbəbdən də seçicilər ümumxalq müzakirəsinə çıxarılmış məsələlərlə tam məlumatlıdırlar. Referendum xalqın bütün məsələlərə münasibətini müəyyənləşdirən ən yaxşı vasitədir.

Beynəlxalq işçi qrupun üzvü Altava Lavall gənc Azərbaycan dövlətinin vətəndaşlarının fundamental hüquq və azadlıqlarının qorunmasını uğurla həyata keçirdiyini vurğuladı. Əsas məqsədin Avropanın demokratik dəyərlərinin qəbul edilməsi və həyata keçirilməsindən ibarət olduğunu deyən beynəlxalq ekspert Konstitusiyanın 146-cı maddəsinə nəzərdə tutulan dəyişikliklərə dair mövqeyini bölüşdü.

Avropa Şurası Parlament Assambleyasının üzvü Maykl Hankok isə Azərbaycan xalqının 18 mart referendumunda ümumxalq müzakirəsinə çıxarılmış məsələlərə münasibətini bölüşəcəyini qeyd edərək bu hüququn yalnız xalqa məxsus olduğunu dedi. Avropa Şurası Venesiya Komissiyasının təkliflərini səsləndirən beynəlxalq ekspertlər referenduma hazırlıq mərhələsinin uğurla başa çatdığını qeyd etdilər.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-17 mart.-S.3.