Azərbaycanın dinamik
inkişafı miqrasiya proseslərinin dövlət səviyyəsində
tənzimlənməsini zəruri edir
Yeni dünya düzəninin
diktə etdiyi obyektiv gerçəkliklər fonunda hər bir
dövlətin milli təhlükəsizlik konsepsiyası onun
coğrafi mövqeyindən, beynəlxalq münasibətlər
sistemindəki yerindən, elmi-intellektual potensialından, təbii
sərvətlərindən və əmək ehtiyatlarından
asılı olaraq müxtəlif məqsədlər üzərində
qurulmuşdur. Qarşısıalınmaz qloballaşma prosesi
bütün mütərəqqi cəhətləri ilə
yanaşı, dövlətlərin milli təhlükəsizliyi
baxımından xarici və daxili miqrasiyanın da çevik
mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən
birinə çevirmişdir.
Müasir dünyada ölkələr
arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlərin
keyfiyyətcə yeni müstəviyə keçməsi,
sosial-mədəni həyatın beynəlmiləlləşməsi,
eyni zamanda, milli, irqi, regional münaqişələrin,
fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin
doğurduğu problemlər əhalinin kütləvi
miqrasiyası ilə müşayiət olunur. Miqrasiya prosesləri
ayrı-ayrı qitələrin, dövlətlərin və
regionların iqtisadi inkişafı səviyyəsi ilə
sıx surətdə bağlıdır. İqtisadi cəhətdən
inkişaf etmiş hegemon dövlətlərlə geridə
qalmış ölkələrin əhalisinin
yaşayış səviyyəsində özünü
göstərən kəskin fərq miqrasiya proseslərinin əsas
səbəblərindən sayılır. Öz ölkələrində
normal yaşayış səviyyələrini təmin edə
bilməyən insanlar yüksək gəlirli iş əldə
etmək üçün qanuni, yaxud da qanunsuz yollarla
inkişaf etmiş dövlətlərdə məskunlaşmağa
çalışırlar. Qeyri-qanuni miqrasiyaya qarşı
mübarizə isə hər bir dövlətin əmək
bazarının qorunması, işsizlik səviyyəsinin
müəyyən həddə saxlanılması, eləcə
də bu neqativ proseslərin doğurduğu beynəlxalq
terrorizm, silah-sursat satışı, dini-siyasi ekstremizm,
narkobiznes, insan alveri kimi transmilli cinayətlərin
qarşısının alınmasında vacib rol oynayır.
Dinamik iqtisadi inkişaf
yolunda olan, Şərqlə Qərbi birləşdirən
geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin
başlıca təminatçısına çevrilən,
milli-etnik və dini dözümlülüyün yüksək
səviyyəsinə görə fərqli sivilizasiyaları,
müxtəlif mədəniyyətləri bir araya gətirən
Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində
saxlanması isə, ilk növbədə, milli təhlükəsizliyin
hərtərəfli təmini baxımından vacib aktuallıq
kəsb edir. Bu aktuallıq bir tərəfdən respublikamızın
zəngin təbii ehtiyatlara, inkişaf potensialına malik
olması, əlverişli coğrafi mövqedə yerləşməsi,
digər tərəfdən beynəlxalq hüquq
normalarını kobud şəkildə pozan Ermənistanın
təcavüzü ilə üzləşməsi, ağır
müharibə şəraitində yaşaması ilə şərtlənir.
Xüsusi vurğulamaq
lazımdır ki, 1993-cü ilin iyununda - mürəkkəb bir
dövrdə xalqın təkidli istəyi ilə hakimiyyətə
gələn ümummilli lider Heydər Əliyev miqrasiya proseslərinin
diqqət mərkəzində saxlanılmasını vacib
sayaraq, bu sahədə məqsədyönlü tədbirlərin
həyata keçirilməsini təmin etmişdir. Ulu öndərin
rəhbərliyi altında həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində ictimai-siyasi, sosial-iqtisadi
vəziyyətin gərginliyi üzündən
respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə
emiqrasiya prosesi zəifləmiş, digər xalqları təmsil
edən bir çox ailələr geri qayıtmışlar. Ümummilli
lider Heydər Əliyevin 2000-ci ildə ABŞ-ın nüfuzlu
yəhudi təşkilatlarının rəhbərləri ilə
görüşündə söylədiyi fikirlər bu
baxımdan xüsusi maraq doğurur: "Bilirsiniz, təxminən
1988, 1989-cu illərdən başlayaraq Sovetlər
İttifaqından Qərb ölkələrinə, Amerikaya,
İsrailə yəhudilərin axını güclü
olmuşdur. Azərbaycandakı bu proses, eyni zamanda, Azərbaycanda
gedən ictimai-siyasi proseslər Ermənistan-Azərbaycan
müharibəsinə görə və daxildə vəziyyət
çox gərgin olduğuna görə daha da çətin
olmuşdur. Ancaq 1993-cü ildən biz Azərbaycanda daxili
ictimai-siyasi sabitliyi təmin edə bildik və insanların
miqrasiyası çox kəskin şəkildə dayandı. Hətta
sizə deyə bilərəm ki, vaxtilə Azərbaycandan
İsrailə köçmüş insanlar - yəhudilər
indi artıq Azərbaycana dönürlər".
Ulu öndərin siyasi
prinsipiallığının nəticəsi kimi 1994-cü ildə
dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin
müqaviləsi"nin imzalanmasından sonra milli iqtisadiyyata
xarici investisiya qoyuluşlarının həcmi artmış,
müxtəlif sahələrdə infrastruktur və biznes layihələri
həyata keçirilmiş, xüsusən də, əmək
miqrantlarının ölkəyə axını prosesi sürətlənmişdir.
Eyni zamanda, modernləşmə prosesində onların zəngin
təcrübəsindən istifadə yeni dövrün obyektiv
reallıqları ilə şərtlənmişdir. Respublikamızın
bütün sahələrdə yeniləşdirilməsi, idarəetmədə
müasir texnologiyaların tətbiqi zərurəti ilə
bağlı yüksək ixtisaslı əcnəbi mütəxəssislərin
əmək bazarındakı mövqeyinin möhkəmlənməsi
bir sıra nazirliklərin tərkibində miqrasiya proseslərinin
idarə olunması üzrə yeni strukturların
formalaşdırılması ilə nəticələnmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili
İşlər nazirliklərinin, habelə Dövlət Sərhəd
Xidmətinin tərkibində miqrasiya idarələrinin
yaradılması, həmçinin Milli Təhlükəsizlik
Nazirliyinin effektiv fəaliyyəti miqrasiya sahəsində
dövlət siyasətinin lazımi səviyyədə həyata
keçirilməsi baxımından əhəmiyyətli
olmuşdur. Bu və digər qurumlar qanunsuz miqrantlara - hər
hansı səbəbdən ölkəsini dəyişən
zaman etibarsız və ya saxta sənədlərdən istifadə
edən şəxslərə qarşı mübarizəni
gücləndirmişdir. Respublikamız əmək
bazarında real tələbatı nəzərə alaraq, hər
il müəyyən sayda miqrant qəbul etmiş, qeyri-qanuni
yollarla Azərbaycana işləməyə gələn əcnəbilərə
qarşı ölkə qanunları çərçivəsində
tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası
keçid mərhələsini yaşadığından təkcə
xarici deyil, həm də daxili miqrasiya prosesləri ilə
üzləşmiş, bu problemin doğurduğu mənfi fəsadların
aradan qaldırılması üçün ardıcıl tədbirlər
həyata keçirmişdir. Daxili miqrasiya iki formada - "məcburi"
və "sosial-iqtisadi miqrasiya" şəklində təzahür
edərək dövlət qarşısında bir sıra
aktual vəzifələr müəyyənləşdirmişdir.
Məcburi miqrasıya ötən əsrin 80-ci illərinin
sonlarından etibarən Ermənistanın deportasiya,
soyqırımı və təcavüzkarlıq siyasəti ilə
şərtlənmiş və Azərbaycan keçmiş
SSRİ-də qaçqın və məcburi
köçkün problemi ilə üzləşmiş ilk
respublika olmuşdur. Ermənistanın etnik təmizləmə
və təcavüzkarlıq siyasəti nəticəsində
bir milyondan çox soydaşımız doğma ev-eşiyindən
didərgin düşərək, respublikamızın müxtəlif
bölgələrində sığınacaq
tapmışdır. Ümummilli lider Heydər Əliyev
müxtəlif səbəblərdən miqrasiya etmiş
ölkə vətəndaşlarının hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunmasına, onların üzləşdiyi problemlərin həllinə
çalışmışdır. Bu sahədə dövlət
siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə
uyğun təkmilləşdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev son
beş ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi
təzahürlərinin aradan qaldırılması istiqamətində
səmərəli və məqsədyönlü tədbirlər
görmüşdür. Dövlət başçısı,
xüsusən də, regionlardan Bakıya və digər iri
şəhərlərə yüksək axının -
urbanizasiya prosesinin qarısının alınmasını ilk
gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən
biri kimi müəyyənləşdirmiş, sosial ədalət
prinsipinin qorunması baxımından respublikanın hər bir
bölgəsinin proporsional inkişafını vacib
saymışdır. Problemin miqyasını və Azərbaycan
üçün aktuallığını nəzərə
alan cənab İlham Əliyev hələ hökumət
üzvləri ilə 17 noyabr 2003-cü ildə keçirdiyi
ilk iclasda regionların tarazlı və davamlı
inkişafını iqtisadi siyasətdə vacib istiqamətlərdən
biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı" isə ilk növbədə, regionların
qeyri-proporsional inkişafının qarşısını
almağa xidmət edən təkmil konsepsiya olmaqla,
sosial-iqtisadi səbəblərlə bağlı daxili
miqrasiyanın fəsadlarının aradan
qaldırılmasına yönəlmişdir. Dövlət
proqramının yekunları ilə bağlı bir müddət
əvvəl keçirilmiş konfransın yekunları
regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi,
yeni iş yerlərinin açılması, sosial problemlərin
həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə
bağlı daxili miqrasiyanın səviyyəsinin əhəmiyyətli
dərəcədə azaldığını bir daha təsdiqləmişdir.
Bir müddət kənd və qəsəbələrdən
iş dalınca Bakıya üz tutan vətəndaşlar indi
geri qayıdır, yaşadıqları yerlərdə işlə
təmin olunurlar.
Dövlət
başçısı cənab İlham Əliyev 2004-2008-ci
illərdə respublikanın əksər rayonlarına səfərlər
etmiş, regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı çərçivəsində
görülən işlərlə maraqlanmış,
lazımi tapşırıq və tövsiyələrini
vermişdir. Dövlət başçısı
respublikanın regionlarında ölkənin abadlaşması və
inkişafı üçün əhəmiyyətli olan 500-dək
müəssisə və obyektin təməlqoyma və
açılış mərasimlərində iştirak
etmişdir. Bu səfərlərin nəticəsi kimi ölkə
rəhbəri Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq
Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və
Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər
və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə 17 sərəncam imzalamış, dövlət
proqramında nəzərdə tutulmayan bəzi mühüm tədbirlər
həyata keçirilmişdir.
Ötən müddətdə
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının icrasına
yönələn investisiyaların həcmi 6,8 milyard manat təşkil
etmiş, yalnız 2008-ci ildə bu məqsədlə 2 milyard
manat vəsait xərclənmişdir. İqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun
inkişafı istiqamətində həyata keçirilmiş əməli
tədbirlər nəticəsində qeyri-neft sektoruna qoyulan
investisiyalar beş ildə 6,2 dəfə artmış, onun
xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən
2008-ci ildə 69 faizə yüksəlmişdir. Bölgələrin
inkişafına xidmət edən bu və digər dövlət
proqramlarının uğurla həyata keçirilməsi nəticəsində
əhalinin, xüsusən də, regionlarda yaşayan əhalinin
məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500
yeni müəssisə yaradılmış, 766 min 300 iş
yeri açılmışdır. Bir sıra inkişaf
etmiş dövlətlərdə qlobal maliyyə
böhranı ilə bağlı işsizlərin
sayının artmasına rəğmən, Azərbaycanda
2008-ci ildə 120 min yeni iş yerinin açılması
ölkənin uğurlu iqtisadi siyasətinin nəticəsidir.
Qaçqın və məcburi
köçkünlər də daxili məcburi miqrasiyanın
başlıca subyektləri kimi Azərbaycan hökumətinin hərtərəfli
diqqət və qayğısı ilə himayə edilmişlər.
Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində
respublikada bütün məcburi köçkün düşərgələrinin
ləğv olunacağını bəyan edən dövlət
başçısı cənab İlham Əliyev qısa
zamanda bu vədinə də tam əməl etmiş, məcburi
köçkünlər müasir infrastrukturlu yeni evlərlə
təmin olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
isə məcburi miqrasiya subyektlərinin yeni qəsəbələrə
köçürülməsini təmin etmişdir. Dövlət
proqramı əsasında 2007-ci ilin dekabrında sonuncusu
olmaqla, ümumilikdə 12 çadır şəhərciyi ləğv
edilmişdir. Bu məqsədlə son beş ildə Dövlət
Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənmiş,
54 yeni qəsəbə salınmaqla 15 mindən çox ev
tikilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında respublikanın bütün sahələrində əldə
olunmuş yüksək nailiyyətlər - dövlət
büdcəsinin və ümumi daxili məhsulun dinamik
artımı, istehsal müəssisələrinin
yaradılması yolu ilə yeni iş yerlərinin
açılması, sahibkarlığın inkişafı,
infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq,
abadlıq işlərinin geniş vüsət alması,
kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi
əcnəbi vətəndaşların respublikamıza
marağını gücləndirmiş, xarici miqrasiya proseslərini
intensivləşdirmişdir.
Cənab İlham Əliyevin
Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının
yekunlarına həsr olunmuş iclasında
vurğuladığı kimi, Azərbaycan əcnəbilər
üçün cəlbedici dövlətə çevrilir,
yaxşı iş yeri tapmaq üçün respublikamıza
üz tutan əmək miqrantlarının sayı ildən-ilə
artır: "Azərbaycanda əcnəbilər müxtəlif
sahələrdə işləyirlər. Onlar yüksək
maaş alan mütəxəssislərdir, enerji sektorunda, xidmət
sektorunda çalışanlardır. Ancaq bununla bərabər,
fəhlələr də kifayət qədər çoxdur və
onların sayı getdikcə artır. Bir daha demək istəyirəm
ki, bu, iqtisadi inkişafın çox vacib göstəricisidir.
İkincisi, bu onu göstərir ki, Azərbaycan yaşamaq
üçün çox gözəl ölkədir. Biz onsuz
da bunu bilirik. İndi isə bütün dünya bunu bilir. Azərbaycanda
təhlükəsizlik məsələləri çox
yüksək səviyyədə həll olunur, ictimai-siyasi
asayiş yüksək səviyyədə qorunur, sabitlik,
inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar
olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər
cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq
bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik,
çox ciddi sistem yaratmalıyıq. Mən bu barədə əvvəllər
demişəm. Hər bir gələn xarici vətəndaş
qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir.
Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş
hansı gündə haradadır və nə ilə, hansı
işlə məşğuldur".
Sürətli sosial-iqtisadi
inkişafla yanaşı, energetika və nəqliyyat sahələrində
beynəlxalq əhəmiyyətli layihələrin
reallaşdırılması, habelə respublikanın əlverişli
geosiyasi mövqeyi Azərbaycanda miqrasiya proseslərinin intensivləşməsinə
gətirib çıxarmışdır. İqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələsində
respublikamızda miqrasiya proseslərinin daha səmərəli
üsul və vasitələrlə, vahid dövlət
orqanı tərəfindən tənzimlənməsi, qeydiyyat
üçün tələb olunan prosedurların sadələşdirilməsi
obyektiv gerçəkliyin diktə etdiyi zərurətdir. Miqrasiya
proseslərinin tənzimlənməsi üçün
miqrantların dəqiq qeydiyyatının, statistikasının
aparılması, onların ölkə qanunları çərçivəsində
yaşayıb-işləmələrinin təmin edilməsi Azərbaycanın
milli təhlükəsizliyi baxımından da vacib əhəmiyyət
daşıyır. Cənab İlham Əliyev bu
reallığı düzgün dəyərləndirərək,
hələ 2006-cı ilin 25 iyul tarixində "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Proqramının
(2006-2008-ci illər) təsdiq edilməsı haqqında" sərəncam
imzalamışdır. Dövlət proqramı Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı"na uyğun olaraq
hazırlanmış, ölkədə mövcud miqrasiya proseslərinin
təhlili əsasında bu sahənin gələcək
inkişaf istiqamətlərini və həyata keçirilməli
olan zəruri tədbirləri özündə əks
etdirmişdir. Proqramın əsas məqsədi miqrasiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsi,
miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi,
miqrasiya proseslərinin tənzimlənməsi və
proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin
beynəlxalq normalara və müasir dövrün tələblərinə
uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin
effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat
bankının, müasir avtomatlaşdırılmış nəzarət
sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın
qarşısının alınması, miqrantlarla bağlı
sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2007-ci
ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
yaradılması haqqında fərmanı isə miqrasiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə
sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi
və proqnozlaşdırılması, bu sahədə
müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
məqsədinə xidmət etmişdir.
Miqrasiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsi,
qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün
tələblərinə uyğun təkmilləşdirilməsi,
qanunların tətbiqində yol verilən nöqsan və
sui-istifadə hallarının, tənzimlənməyən
miqrasiya proseslərinin neqativ təsirinin aradan
qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili
Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir.
Bu vəzifələr sırasında həmçinin əmək
ehtiyatlarından səmərəli istifadə olunması,
ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi,
miqrantların intellektual və əmək potensialından
istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni
miqrasiyanın qarşısının alınması önəmli
yer tutur.
Dövlət Miqrasiya Xidməti
ilk gündən fəaliyyətini insan və vətəndaş
hüquq və azadlıqlarına hörmət, qanunçuluq
və yüksək humanizm prinsipləri əsasında quraraq
Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri
və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət
göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini
əlaqələndirir. Xidmət öz vəzifələrini
yerinə yetirərkən, hüquqlarını həyata
keçirərkən mərkəzi, yerli icra hakimiyyəti
orqanları və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir. Xarici vətəndaşların ölkədə
olma müddətinin uzadılması, ölkə ərazisində
müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə
icazənin, sığınacaq axtaran əcnəbilərə
qaçqın statusunun verilməsi məsələləri ilə
məşğul olur, vətəndaşlıq məsələlərinin
həllində iştirak edir. Dövlət Miqrasiya Xidmətinə
müraciət edənlərin vəsatətlərinə
ölkə qanunvericiliyinin tələblərinə uyğun
şəkildə baxılaraq müvafiq qərarlar qəbul
olunur.
Dövlət Miqrasiya Xidməti
ölkə ərazisində müvəqqəti olan, habelə
müvəqqəti və daimi yaşayan əcnəbilərin
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
riayət etmələri üzərində miqrasiya sahəsinə
nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini
pozmuş əcnəbilərin ölkə ərazisindən
çıxarılması üçün müvafiq tədbirlər
görür. Əcnəbi və vətəndaşlığı
olmayan şəxsləri mövcud miqrasiya qanunvericiliyi ilə
tanış etmək məqsədilə bir neçə dildə
bukletlər hazırlanmış, Miqrasiya Məlumat Mərkəzi
fəaliyyətə başlamış, xidmətin
www.migration.gov.az rəsmi internet səhifəsi istifadəyə
verilmişdır.
Regionlarda miqrasiya prosesinin
lazımi qaydada tənzimlənməsi üçün
Dövlət Miqrasiya Xidmətinin iki regional idarəsi -
Şirvan və Yevlax regional idarələri fəaliyyətə
başlamışdır.
Beynəlxalq təcrübənin
öyrənilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
məqsədilə Dövlət Miqrasiya Xidməti Beynəlxalq
Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər
Təşkilatının Qaçqınlar üzrə Ali
Komissarlığı, Avropa İttifaqı, Avropa
Şurası, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq
qurumlarla, habelə Almaniya, Avstriya, İsveçrə, Rusiya və
başqa dünya dövlətləri ilə sıx əməkdaşlıq
edir. Azərbaycan miqrasiya sahəsində bir çox ikitərəfli
və çoxtərəfli sazişlərə, həmçinin
Avropa Şurasının konvensiya və hüquqi aktlarına
qoşulmuşdur.
Miqrasiya proseslərinin tənzimlənməsi
bu sahədə mövcud beynəlxalq təcrübənin
öyrənilərək ölkə daxilində tətbiqini,
milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini,
iki və çoxtərəfli əsasda beynəlxalq
müqavilələrin bağlanmasını, digər ölkələrlə
qarşılıqlı şəkildə miqrasiya siyasətinin
uzlaşdırılmasını vacib məsələyə
çevirir. Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Proqramı (2006-2008-ci illər) çərçivəsində
respublikamızın miqrasiya sahəsində beynəlxalq
müqavilələrə qoşulmasının məqsədəuyğunluğu
məsələsinin öyrənilməsi, bu sahədə
xarici ölkələrlə müqavilələrin
bağlanması prosesinin aktivləşdirilməsi, qeyri-qanuni
miqrasiya ilə mübarizədə xarici ölkələrin
müvafiq strukturları, xüsusilə, Beynəlxalq Miqrasiya Təşkilatı
ilə əməkdaşlıq, habelə beynəlxalq təcrübənin
öyrənilməsi üçün müvafiq təlim
kurslarının təşkili işi uğurla həyata
keçirilir.
Son illər miqrasiya proseslərinin
idarə olunması və tənzimlənməsi məqsədilə
həm qanunvericilik, həm də institusional sahədə bir
sıra əsaslı tədbirlər həyata
keçirilmişdir. Miqrasiya sahəsində qanunvericilik
aktlarına əlavə və dəyişikliklər edilməsi
bu sahədə boşluqların aradan qaldırılmasına
kömək etməklə yanaşı, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
immiqrant statusunun verilməsi ilə bağlı prosedurlara daha
ciddi əməl olunmasına, miqrasiya sisteminin inkişafı
ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə
xidmət edir.
24 iyun 2008-ci il tarixdə
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında", "Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında",
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında", "İmmiqrasiya haqqında",
"Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikasının qanunlarına
müasir beynəlxalq qanunvericiliyin tələblərinə
uyğun, insan hüquq və azadlıqlarına hörmət
prinsipləri əsasında əlavə və dəyişikliklər
edilmişdir. Hazırda qanunvericilik aktlarının təkmilləşdirilməsi
istiqamətində müvafiq işlər davam etdirilir. Dövlət
başçısı cənab İlham Əliyevin
"Miqrasiya idarəetmə sisteminin inkişafı və
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2008-ci il 24 iyun tarixli 658-III QD nömrəli qanununun tətbiq
edilməsi haqqında" 5 avqust 2008-ci il tarixli fərmanı
ilə bu sahədə müəyyənləşdirilən
kompleks tədbirlərin reallaşdırılması istiqamətində
konkret tədbirlər görülür.
Prezident İlham Əliyev
dövlət orqanları qarşısında miqrasiya proseslərinin
idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi
vəzifəsini qoymuş, bu məqsədlə Dövlət
Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili,
proqnozlaşdırılması və monitorinqin təşkili,
vaxtaşırı hesabatların və statistik məlumatların
hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi
ilə vahid uçotun təmin edilməsi
tapşırığı vermişdir. Bu sahəyə nəzarətin
gücləndirilməsi, habelə vahid məlumat sisteminin yaradılması
ölkədə baş verən miqrasiya proseslərinin
dinamikası barədə tam təsəvvürün
yaradılmasına imkan verəcək, eyni zamanda, qeyri-qanuni
miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini
sahəsində müvafiq tədbirlərin görülməsi
üçün əlverişli şərait yaradacaqdır.
Qanunvericiliyin tələblərinə
uyğun olmadan ölkəyə gələn, burada qalan və
ya işləyən əcnəbilər - qeyri-qanuni miqrantlar da
az deyildir. Ölkəmizin bir sıra dövlətlərlə
vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində
respublikamızın ərazisindən tranzit qaydasında
keçən və ya qısa müddətə gələn,
üçüncü dövlətlərə getməyə cəhd
edən və ya qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin
sayı getdikcə artır. Qeyri-qanuni miqrasiyanın
qarşısının alınması isə
respublikamızın milli təhlükəsizliyinin təmini
baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti
sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə
adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə
beynəlxalq öhdəliklərin yerinə yetirilməsini,
insan hüquq və azadlıqlarının, dövlətin
milli maraqlarının və təhlükəsizliyinin
etibarlı qorunmasını tələb edir. Bu sahədə
xarici ölkələrin müvafiq strukturları və beynəlxalq
təşkilatlarla əməkdaşlığın gücləndirilməsi,
həmsərhəd dövlətlərlə müqavilə
prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən
edən və məsuliyyət nəzərdə tutan
müvafiq sazişlərin bağlanması üzrə tədbirlər
həyata keçirilir. Nəzarətin gücləndirilməsi
üzrə normativ hüquqi aktların, o cümlədən
ölkəmizin ərazisindən tranzit keçid qaydaları,
daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni
miqrantların ölkə ərazisindən
çıxarılması, müxtəlif dövlət
orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi
və işin məqsədyönlü təşkili istiqamətində
konkret addımlar atılır.
1 dekabr 2008-ci il tarixdən
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzinin
- "Qaynar xətt"in fəaliyyətə başlaması
isə bu sahədə şəffaflığın, habelə
vətəndaşların lazımi informasiyaları əldə
etmək hüququnun təmini baxımından vacib əhəmiyyətə
malikdir. Əcnəbi və vətəndaşlığı
olmayan şəxslərə müvəqqəti və daimi
yaşamaq üçün icazənin, habelə Azərbaycan
Respublikasına gələn əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ölkədə müvəqqəti
olma müddətlərinin uzadılması ilə bağlı
qərarın verilməsi, o cümlədən vətəndaşlıq,
qaçqın statusunun müəyyənləşdirilməsi
və bu kimi məsələlərlə bağlı ətraflı
informasiya almaq istəyən şəxslər Miqrasiya Məlumat
Mərkəzinə müraciət edərək məlumat əldə
edirlər.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya
proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə,
bu sahədə əngəllərin tamamilə aradan
qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə
xidmət edir. Bu baxımdan dövlət
başçısının "Miqrasiya proseslərinin idarəolunmasında
"bir pəncərə" prinsipinin tətbiqi
haqqında" 4 mart 2009-cu il tarixli fərmanı ölkədə
miqrasiya proseslərinin daha çevik və işlək
mexanizmlər əsasında idarə edilməsi, bu sahədə
operativliyin təmini və həllini gözləyən problemlərin
aradan qaldırılması baxımından vacib əhəmiyyət
daşıyır. Fərman ilk növbədə, respublikada
miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi,
Azərbaycan Respublikasına gələn əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
ölkə ərazisində qanuni əsaslarla yaşamaları
və əmək fəaliyyəti ilə məşğul
olmaları üçün müvafiq icazələrin verilməsi,
onların yaşayış yeri üzrə qeydiyyata
alınması prosedurunun sadələşdirilməsi, bu sahədə
şəffaflığın təmin edilməsi məqsədinə
xidmət edir.
Fərmana əsasən,
2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında
"bir pəncərə" prinsipinin tətbiq edilməsi nəzərdə
tutulur və bu prinsip üzrə vahid dövlət
orqanının səlahiyyətləri Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə
edilir. Fərmanla miqrasiya proseslərinin idarəolunmasında
"bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin
üzərinə bir sıra vəzifələrin yerinə
yetirilməsi tapşırığı da verilir.
Miqrasiya xidməti əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
və daimi yaşamaq üçün icazələrin verilməsi
məqsədi ilə sənədlərin qəbulunu; əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün fərdi icazələrin verilməsi məqsədilə
sənədlərin qəbulu və öz rəyi ilə birgə
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə göndərilməsini; əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
və daimi yaşamaq üçün icazələrin verilməsini;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
və daimi yaşamaq üçün icazə almış əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
yaşayış yeri üzrə qeydiyyata
alınmasını; Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və daimi yaşamaq üçün icazə
almış əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə müvafiq vəsiqələrin
verilməsini; Azərbaycan Respublikasına gələn əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
ölkədə müvəqqəti olma müddətinin
uzadılmasını; Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə
Azərbaycan Respublikasında yaşayan və müvəqqəti
olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotunun aparılmasını və
digər aktual məsələləri təmin etməlidir.
Fərmana əsasən, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazələrin verilməsi ilə
bağlı vəsatətlərə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən
20 gün müddətində baxılmalıdır. Miqrasiya
proseslərinin idarəolunmasında "bir pəncərə"
prinsipi tətbiq edildiyi gündən Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq
üçün icazə almış əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər
(pasport və ya vətəndaşlığı olmayan şəxsin
şəxsiyyətini təsdiq edən müvafiq sənəd)
və Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr
əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan
Respublikasına qayıda bilərlər.
Müstəqil Azərbaycan
Respublikası dünya əhəmiyyətli nəqliyyat
yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi
üçün ölkəmizin ərazisindən
çoxsaylı tranzit miqrantların gediş-gəlişi
qaçılmazdır. Əsas məsələ həmin
miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının
və qanunsuz miqrantların ölkə ərazisindən tranzit
keçidi kimi istifadə edərək üçüncü
ölkəyə keçmələrinin
qarşısının alınmasıdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət
və qayğısı ilə həyata keçirilən məqsədyönlü
tədbirlər Dövlət Miqrasiya Xidmətinin bu sahədəki
səmərəli və məqsədyönlü fəaliyyətini
təmin edir, onun iş üsul və vasitələrini daha da
təkmilləşdirir. Fəaliyyətinə göstərilən
etimadı yüksək minnətdarlıq hissi ilə
qarşılayan Dövlət Miqrasiya Xidməti üzərinə
düşən vəzifələri düzgün və
vaxtında icra edərək, qeyri-qanuni miqrasiyaya qarşı
effektiv tədbirlər həyata keçirmək və
respublikanın milli təhlükəsizliyinə töhfə
vermək əzmindədir.
Arzu Rəhimov,
Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan.-2009.-17 mart.-S.6.