Astara gündən-günə
abadlaşır
Astara Azərbaycanın qədim torpağıdır, Azərbaycanın
ən gözəl guşələrindən biridir. Burada
çox gözəl təbiət var, çox gözəl
şərait var. Dəniz var, meşələr var, dağlar
var, böyük nemətlər var. Ancaq xalqımızın
ümummilli lideri Heydər Əliyev demişkən, ən
böyük nemət, ən böyük sərvət burada
yaşayan insanlardır. Vətənpərvər, zəhmətkeş
insanlardır. O insanlar ki, daim, bütün dövrlərdə
Azərbaycanın dövlət müstəqilliyinin güclənməsi
istiqamətində fəaliyyət göstərmişlər,
bu işə öz əməyini vermişlər.
İlham ƏLİYEV
Modul tipli ilk stansiya burada tikilib
Dörd-beş il əvvəl
Astarada gün ərzində əhaliyə vur-tut 5-6 saat enerji
verilirdi. Gərginlik çox aşağı olduğundan onun
işığında uşaqlar dərs hazırlaya, əhali
elektrik cihazlarından, qızdırıcılardan,
soyuduculardan istifadə edə bilmirdi. Təbii qazın
olmaması Astara camaatının qayğılarını daha
da artırırdı. Məcbur olub qışda ətraf
meşələrdəki qiymətli ağacları kəsib
doğrayırdılar. Digər işlər də ürəkaçan
deyildi. Əməkhaqları, pensiyalar cüzi idi. "Yaman
günün ömrü az olar" - deyiblər. Ulu öndər
Heydər Əliyevin xalq üçün gördüyü
işlər çox çəkmədən səmərə
verməyə başladı. Ölkə
başçısı cənab İlham Əliyevin məqsədyönlü
iqtisadi siyasəti Astarada böyük canlanma yaratdı.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı həyata vəsiqə aldı. Proqrama əsasən,
Ərçivan kəndində gücü 90 meqavat olan modul
tipli elektrik stansiyası tikildi. Ölkə
başçısı 2005-ci il sentyabrın 8-də
stansiyanın təməlqoyma və 2006-cı il fevralın 3-də
istifadəyə verilməsi mərasimlərində iştirak
etdi. Stansiya istifadəyə verildikdən sonra cənub bölgəsində
əhalinin elektrik enerjisi ilə təminatında əsaslı
dönüş yarandı. Yeni-yeni istehsal, xidmət sahələri
işə düşdü.
Yeri gəlmişkən, son
beş ildə Prezident Astaraya 3 dəfə səfər
etmişdir. Astaralılar hər dəfə İlham Əliyevi
böyük hərarət və gül-çiçəklə
qarşılamışlar. Prezident hər dəfə rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşlər keçirmiş, neçə-neçə
mühüm əhəmiyyətli obyektin təməlinin
qoyulmasında, istifadəyə verilməsində iştirak
etmişdir. "Azər-Cənub" MMC-nin beynəlxalq
yük terminalı, "Astara Çay-2" ASC, Telman kəndindəki
konserv zavodu, "Şindan" hoteli, Astara Qaz-Kompressor
Stansiyası və digərləri bu qəbildəndir. Rayonda
son illər 3 min 798 iş yeri açılmışdır ki,
bunun da 3 min 493-ü daimidir.
Quruculuq, abadlıq işləri göz oxşayır
Ulu Tanrı Astaradan səxavətini
əsirgəməmişdir. Zümrüd meşələr,
mavi dəniz, çaylar, bulaqlar, limon, narıngi, portağal,
feyxoa bağları... 2004-cü ildən üzü bu yana,
ölkəmizin hər yerində olduğu kimi, Astarada da əsl
tikinti-quruculuq işlərinə başlanıldı. Dövlət
proqramına əsasən, rayona vəsait ayrıldı.
İndi Astaraya yolu
düşənlər burada aparılan quruculuq işlərinə
heyran qalır. Ulu öndərin adını daşıyan
prospekt əsaslı şəkildə yenidən qurulub.
Müasir işıqlandırma sistemi, yeni binalar, ticarət
şəbəkələri, yolun hər iki tərəfində
hörülmüş daş hasarlar, layla diqqət çəkir.
Orijinal layihə ilə tikilən
Heydər Əliyev muzeyi, ulu öndərin tunc heykəli,
dördulduzlu "Şindan" hoteli, uşaqların əyləncə
mərkəzi, musiqi məktəbi, mədəniyyət evi, Qəhrəmanlar
parkı göz oxşayır, könül açır. Meydan
həmişə qələbəlik olur. Gənclər asudə
vaxtlarının bir hissəsini burada keçirir. Atalar-analar,
babalar-nənələr nəvələrini tez-tez buraya gətirirlər.
Quruculuq işləri
keçən il daha böyük həcmdə olmuşdur. Sərhədyanı
Rüsumsuz Ticarət Mərkəzi, şəhid ailələri,
Qarabağ, Çernobıl və Əfqanıstan əlilləri
üçün 32 mənzilli yaşayış binası,
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi
üçün inzibati bina, Gənclər evi, asfalt zavodu
istifadəyə verilmişdir. Şəhərdəki Azərbaycan
prospekti, digər küçə və xiyabanlar, parklar yenidən
qurulmuşdur. 4 kilometrlik Pensər-Şiyəkəran-Şahağacı
yolunun əsaslı təmiri başa
çatdırılmışdır. Görülən işlərdə
Astara şəhər bələdiyyəsinin də öz
payı vardır.
Astara şəhəri Xəzərin
100-150 metrliyində yerləşir. Son illər dənizin səviyyəsinin
qalxması nəticəsində yaranan təhlükəni
aradan qaldırmaq məqsədilə sahilbərkitmə işləri
davam edir.
Təhsil, səhiyyə və mədəniyyət
ocaqları yeniləşir
Ümummilli lider Heydər Əliyevin
təhsil sahəsindəki siyasəti ölkə Prezidenti tərəfindən
uğurla davam etdirilir. Bunu Astaranın da timsalında aydın
görmək olar. Dövlət proqramı və "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
2008-ci il xüsusilə əlamətdar olmuşdur. Heydər Əliyev
Fondunun maliyyə dəstəyi ilə Astara şəhər 4
saylı orta məktəbi üçün 380,
Şahağacı kənd 2 saylı və Səncərədi
kənd orta məktəblərinin hər biri üçün
360, Şiyəkəran kənd 2 saylı orta məktəbi
üçün 420 və Marzəsəy kənd əsas məktəbi
üçün 180 şagird yerlik yeni binalar tikilib istifadəyə
verilmişdir.
Astara şəhər 3
saylı, Ərçivan kənd 4 saylı orta məktəbləri
əsaslı şəkildə yenidən qurulmuşdur. Kijəbə
qəsəbə və Rinə kənd orta məktəblərində
təmir işləri başa çatmaq üzrədir.
Adları çəkilən məktəblər eyni zamanda
lazımi avadanlıqlarla təmin olunmuşdur.
Həyata keçirilən tədbirlər
təlim-tərbiyə işlərinə müsbət təsir
göstərmişdir. 113 məzun respublikamızın müxtəlif
ali məktəblərinə daxil olmuşdur. Təngərüd
kənd orta məktəbinin riyaziyyat müəllimi Seyran
Babayev respublikanın əməkdar müəllimi, Maşxan kənd
orta məktəbinin müəllimi Müzəffər
Hacıyev "İlin ən yaxşı müəllimi"
adına layiq görülmüşlər. M.Hacıyev həm
də Prezident təqaüdçüsü olmuşdur.
Rayonda əhaliyə göstərilən
səhiyyə xidmətinin səviyyəsi də ilbəil
yaxşılaşır. Keçən il mərkəzi xəstəxananın
cərrahiyyə, reanimasiya, təcili yardım, terapiya
şöbələri və poliklinika
abadlaşdırılmışdır.
Hər qala, tarixi abidə
keçmişi özündə yaşadan sənət
nümunəsidir. Yadelli işğalçılardan qorunmaq,
milli-mənəvi dəyərləri yaşatmaq zəminində
yaranıb bu abidələr. Astaranın ərazisində 102 belə
abidə var və hazırda onların hər biri nadir sənət
incisi kimi qorunur, mühafizə olunur.
Bütövlükdə mədəniyyətin
inkişafı rayonda diqqət mərkəzində
saxlanılır. Əvvəlki dövrlərdə
qazanılmış nailiyyətlər uğurla davam etdirilir. Təsadüfi
deyil ki, keçən ilin may ayında uşaq muğam
ifaçılarının 4-cü ümumrespublika müsabiqəsi
burada keçirilmişdir. Rayon uşaq musiqi məktəbinin
şagirdi Elyana Məhərrəmli laureat adını
qazanmışdır. Ümummilli lider Heydər Əliyevin 85
illik yubileyinə həsr edilmiş gənclərin
"İstedad" müsabiqəsi, "Kitab",
"Uşaq kitab - bilik" bayramları da burada olmuşdur.
Elin gözü tərəzidir
Astara şəhərinə
giriş Heydər Əliyev prospektindən başlayır.
İrəlilədikcə yolun hər iki tərəfində
yeni inşa olunan tikililər, səliqə-sahman nəzər-diqqəti
cəlb edir. Onları maraqla seyr etdiyimi görən
sürücü: - Deyəsən, çoxdandır Astaraya gəlmirsiniz?
- sualını verir. Üç aydan bir az çox olar, amma
çox iş görülüb, - deyirəm. - Kaş Astarada
həmişə belə tikinti-abadlıq işləri
aparılaydı. Onda bura əsl cənnət olardı, - deyir.
Təkcə
sürücü deyil, bu cənub şəhərinin hansı
sakinini dindirsən, burada görülən işlərdən ətraflı
məlumat verəcək.
Hamlet Əliyev, Rayon
Ağsaqqallar Şurasının sədri: - Astarada müxtəlif
işlərdə çalışmışam.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 11 dəfə
rayonumuzda olmuş, burada yaşayan insanlarla
görüşmüş, rayonun iqtisadi, mədəni
inkişafı üçün göstərişlər,
tapşırıqlar verilmişdir. Həmin görüşlər
xoş xatirə kimi hər bir astaralının qəlbində
indi də yaşayır, gələcəkdə də
yaşayacaq. Ulu öndər fenomen şəxsiyyət idi. Azərbaycanın
hər bir bölgəsinin xüsusiyyətlərini, adət-ənənəsini
çox gözəl bilirdi. Ölkəmizi ötən əsrin
90-cı illərinin fəlakət burulğanından o xilas etdi.
Yoxsa kim bilir, taleyimiz necə olardı. Bu gün,
respublikamızın hər bir rayonu kimi, Astara da inkişaf
edir. Rayonda heç vaxt indiki qədər tikinti-quruculuq işləri
görülməyib. Bunlar ümummilli liderin işini uğurla
davam etdirən Prezident İlham Əliyevin regionlara göstərdiyi
diqqət və qayğının nəticəsidir. Astara Rayon
İcra Hakimiyyəti qüvvələri yaxşı səfərbər
edir, həyata keçirilən quruculuq, abadlıq işlərinin
daha keyfiyyətli olması üçün əlindən gələni
əsirgəmir.
Kamal Səfərov, Astara
şəhər sakini: - Ulu öndər Heydər Əliyev
Astaraya tez-tez gələrdi. O görüşlərin
çoxunda mən də iştirak etmişəm. Bu gün
respublikamızın hər bir güşəsi kimi
ümummilli liderimizin Cənub mirvarisi
adlandırdığı Astara da tərəqqi edir. Bir
neçə il əvvəl rayonumuzda işıq, qaz və yol
sarıdan problemlər vardı. İndi Astaranın hər bir
yaşayış məntəqəsi fasiləsiz elektrik
enerjisi alır. Əksər qəsəbə və kəndimizdə
"mavi alov" şölələnir. Yollarımız əsaslı
şəkildə yenidən qurulur. Prezident İlham Əliyev
son 5 ildə 3 dəfə Astaraya səfər edib. Elektrik
stansiyasının, qaz-kompessor qurğusunun, digər obyeklərin
açılışında iştirak edib. Dövlət
proqramı ilə bağlı yeni-yeni məktəblər, xəstəxanalar,
mədəniyyət ocaqları tikilib, təmir olunub.
Görülən işləri sadalamaqla qurtarmaz.
Həllini gözləyən işlər də var
Astara əsasən kənd təsərrüfatı
rayonudur. Digər sahələr kimi, aqrar bölmənin
inkişaf etdirilməsi üçün də burada son illər
müəyyən işlər görülmüşdür. Əkinçilik,
heyvandarlıq məhsulları istehsalı xeyli
artmışdır. Çəltikçiliyə maraq güclənir.
2007-ci ilə kimi rayonda hər il nəzərdə
tutulduğundan artıq sitrus meyvələri
yetişdirilmişdir. Lakin 2008-ci ilin yanvarında düşən
güclü şaxtalar bağlardakı çoxillik meyvə
ağaclarını tələf etdi. Yalnız dağətəyi
ərazidə bağların bir qismi, 10 faizi az ziyan çəkdi.
Respublika Kənd Təsərrüfatı Nazirliyi, digər əlaqədar
təşkilatlar tərəfindən bağbanlara dəymiş
ziyanın ödənilməsi ilə bağlı, demək
olar ki, heç bir kömək göstərilmədi.
Pay torpaqlarından heç də səmərəli istifadə olunmur, onların müəyyən hissəsi əkilib becərilmir. Halbuki vaxtilə həmin sahələrdə bol tərəvəz məhsulu yetişdirilərək keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilib. Çayçılığın inkişafı, meyvə-tərəvəz məhsulları emalı ilə bağlı məsələlərin həlli vaxtı artıq çatmışdır.
Astarada turizmin, balıqçılığın inkişafı üçün əlverişli şərait vardır. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev söhbət zamanı imkanlı iş adamlarının bu və ya digər məsələlərlə bağlı Astaraya az üz tutduqlarından gileyləndi, onlar üçün burada lazımi şəraitin olduğunu vurğuladı.
Yurdumuza bahar gəlir. Baharda Astara daha günəşli və gözəl olur. Səhərlər Xəzərdən doğan günəş öz saf, təmiz, zərrin şüalarını ətrafa yayır. Hər tərəf rəngbərəng gül-çiçəyə bürünür. Astaralılar gələcəyə böyük nikbinliklə baxırlar. Onlar əmindirlər ki, növbəti 5 il ərzində 2009-2013-cü illərdə digər məsələlər də öz həllini tapacaq, insanlar daha xoşbəxt və firavan yaşayacaqlar. Bu arzu, bu istəklə də onlar martın 18-də keçiriləcək ümumxalq səsverməsində (referendumda) fəal iştirak etməyi qərara almışlar.
Seyran Cavadov
Azərbaycan.-2009.-17
mart.-S.7.