Senator Kristian Ponsöle Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

 

Fransa Senatının sabiq sədri, senator Kristian Ponsöle martın 16-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

Qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan muzey binası 1895-1897-ci illərdə tikilmiş Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır.

Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Orta əsrlərdə Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar qonaqda böyük maraq doğurmuşdur.

Senatora məlumat verilmişdir ki, 130-dan çox işçisi olan muzey həm Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş yeni görkəm almışdır.

300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.

Kristian Ponsöle muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.-2009.-17 mart.-S.9.