Sözlə tikilən sənət
mülkü
O bu mülkün ən halal
sahiblərindən biridir. Çünki əlinə qələm
aldığı və sözə könül verdiyi gündən
həmişə seçilib. İllər saçlarına bəyazlıq,
ömrünə yaş gətirsə də, eləcə qələminə
etibarlı çıxıb. Çalışıb ki,
sözünün ağası olsun. Bu səbəbdən də
dilimizin şirinliyindən, zənginliyindən zərrə-zərrə
toplayaraq kəlmə-kəlmə hördüyü söz
mülkü bu məhəbbətin və qayğının
müqabilində onu peşman etməyib. Şöhrətə,
şana çatdırıb, ünvanına təbriklər,
minnətdarlıqlar, təltiflər, mükafatlar, fəxri adlarE
gətirib. Adı çəkiləndə fərəhlənmişik,
uğuruna sevinmişik, hər dəfə ürəyimizdən
xəbər verən yazılarını oxuyanda "əhsən,
Məzahir" söyləmişik.
Əməkdar mədəniyyət
işçisi, bədən tərbiyəsi və idman xadimi Məzahir
Süleymanzadənin imzası oxuculara və ədəbi
ictimaiyyətə yaxşı tanışdır. Otuz ildən
artıq bir müddətdə müxtəlif mətbuat
orqanlarında, idman təşkilatlarında
çalışan Məzahir Süleymanzadə peşəkar
jurnalist kimi səmərəli fəaliyyət göstərən,
mükəmməl yaradıcılığa malik,
sayılıb-seçilən həmkarlarımızdandır. Onun
yaradıcılıq üfüqləri çox geniş,
toxunduğu mövzular müxtəlifdir. Amma bunların
hamısını bir məcrada birləşdirərək
oxucu marağına səbəb olmaq qüdrətinin yalnız
bir adı və möhkəm dayağı var: Qələm!
Məzahir Süleymanzadə
sözə məsuliyyətlə yanaşmağı bacaran qələm
sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla
oxunub, rəğbətlə qarşılanıb. Həm
peşəkarlıq, həm də istedad, üstəgəl səriştə,
təcrübə - bütün bunlar birləşərək
məhz Məzahir Süleymanzadə imzasını oxuculara
sevdirə bilib.
Bu yaxınlarda qələm
dostumuzun "Nurlan" nəşriyyatında nəşr
edilmiş "İzim qalmasa da sözüm qalacaq" adlı
kitabını həmkarları bax, elə bu istəklə
qarşıladılar. Əslində bu sanballı kitab
ömrünü söz uğrunda girov qoymuş bir qələm
əhlinin yaradıcılıq hesabatı kimi dəyərləndirilməlidir.
Yeni nəşrdə nədən
söhbət açılır? Bunun ən yaxşı
cavabını müəllif özü ön sözündə
oxuculara çatdırır: "İllər necə gəldi,
necə keçdi, bilmədim. Əlli səkkiz il
ömrümün hamısıdır, yarısıdır, onu
da bilmirəm. Bildiyim bircə odur ki, ürəyimdən
keçənlərin heç yüzdə birini görmədim,
duymadım. Özümdən çox başqalarını
düşündüm, günlərimi, aylarımı onlar
üçün xərclədim. Atam kimi, anam kimi xeyirxah oldum,
ləyaqətimi qorudum. Amma bu dünyada bir iz qoya bilmədim.
Dediyim elə söz oldu. Təsəllim də elə budur: məndən
sonra bu dünyada izim qalmasa da, sözüm qalacaq!"
Bu, əslində hər bir qələm
sahibinin ürəyindən keçən, bəzən də
dilə gətirmədiyi, amma duyğularında qərar
tutmuş səmimi hisslərdir. Bu hisslərin ahəngində əsl
jurnalistlərin həyatı, məqsəd və məramı,
bir sözlə, söz uğrunda döyüşən
ömrü gizlənib. Məzahir Süleymanzadənin Azərbaycan
mətbuatının inkişafında özünəməxsus
xidməti var. Uzun illər "Səhər" qəzetinin
redaktoru kimi çox səmərəli bir fəaliyyət
göstərib. Hamımızın yaxşı
yadındadır ki, 20 Yanvar faciəsindən sonra yeganə
"Səhər" qəzeti bütün qorxulardan, vahimələrdən,
hər an ölümlə tuş gələ biləcək məqamlardan
sıyrılaraq Bakıda baş verənləri öz səhifələrində
işıqlandıra bildi. Məhz "Səhər"
günümüzün qanla büründüyünü,
fotoşəkillərin, eləcə də jurnalist
yazılarının hesabına tarixə yazdı. Əslində
o günlər qəzet çap etmək, həqiqəti
olduğu kimi yazmaq çox çətin və təhlükəli
idi. Amma bu müşküllərin içində Məzahir
Süleymanzadə kimi qeyrətli oğullar səhəri qanla
örtülmüş Bakının vahiməli gecəsindən
reportajlar hazırlayaraq xalqa çatdırdılar. Təkcə
o dövrdəki fəaliyyətinə görə Məzahir
Süleymanzadəyə ömürlük bəs edəcək
minnətdarlıq düşür.
Kitabda müəllif
uşaqlıq illərindən, analı günlərindən,
tələbəlikdən başlayaraq bu günə qədər
keçdiyi həyat yolundan söz açır. Beş
addımlıq ömür yolunda üzləşdiyi olaylardan,
hadisələrdən danışır.
Görüşdüyü insanlardan, yazdığı qəhrəmanların
mənəviyyat aləmindən, olduğu ölkələrin
qəribəliklərindən oxuculara məlumatlar verir. Ona dərs
demiş, eləcə də çoxumuzun müəllimi
olmuş görkəmli pedaqoqları yada salan müəllif Mir
Cəlalın, Əzizə Cəfərzadənin, Nəsir
İmanquliyevin, Seyfulla Əliyevin, Famil Mehdinin, Aydın Əbilovun,
Tofiq Rüstəmovun, Əliş Nəbilinin -
dünyasını dəyişmiş bu unudulmaz insanların
adını ehtiramla çəkir. Onların tələbələrə
göstərdiyi mehriban, qayğıkeş münasibətdən
danışır. Tələbə yoldaşlarını
xatırlayır. Vaxtilə işlədiyi mətbuat
orqanlarında qayğı gördüyü qocaman jurnalistləri
də unutmur: Hidayət Zeynalov, Musa Əliyev, Füruzə
Nağıyeva, Məryəm Həsənzadə, Əli
İldırımoğlu, Ənvər Əmirəliyev, Xudu
İsgəndərov, Cəlil Xəlilov, Telman Heydərov...
Ötən əsrin 80-ci illərində
Azərbaycan mətbuatına yeni nəfəs, yeni mövzular gətirən
Şahmar Əkbərzadənin, Möhbəddin Səmədin,
Famil Abbasovun, Bəxtiyar Sadıqovun, İlham Rəhimlinin, Əfqanın,
Hidayət Elvüsalın, Şakir Yaqubovun və
başqalarının yaradıcılığından söz
açaraq onların Azərbaycan mətbuatının
inkişafında göstərdikləri xidmətlərə
toxunur.
Kitabdakı materiallar
mövzularından asılı olaraq müxtəlif
başlıqlar altında verilmişdir. "Dönüb geriyə
baxanda" adlı bölmədə müəllif keçdiyi
həyat yoluna nəzər salır. İbrətamiz hadisələrlə,
maraqlı faktlarla dolu olan ömrün dünəni həqiqətən
maraqlı bir üslubda qələmə
alındığından yorucu deyildi. Birnəfəsə
oxunur. Və hər kəsə doğma təsir
bağışlayır.
"Taleyimdə 20 Yanvar"
bölməsində isə adından da
göründüyü kimi, 1990-cı ilin faciəli yanvar
günlərində fövqəladə vəziyyət şəraitində
yaşayan Bakının dərdlərindən söz
açılır. Həqiqətən də faciədən dərhal
sonra dərc olunan, 12 səhifəlik nömrəsi ilə
xalqımızın yarasına məlhəm qoyan "Səhər"
20 Yanvar şəhidlərinin xatirəsinə
ucaldılmış birinci möhtəşəm söz abidəsi
oldu. 20 milyon tirajla çıxarılmış "Səhər"
xalqa pulsuz paylanırdı. Çox sonralar mətbuatda dərc
edilən yazılarda Məzahir Süleymanzadənin
redaktorluğu ilə fəaliyyət göstərən "Səhər"in
kollektivini "qəhrəman jurnalistlər"
adlandırdılar.
"Peşəkar söhbətlər"
bölməsində isə ayrı-ayrı jurnalistlər və
qəzetlər barədə mülahizələr toplanıb. Müəllifin
söhbətləri burada mətbuat haqqında
baxışlarını əks etdirir. "Xatirələr"
bölməsində isə müəllif taleyindən keçən,
hər zaman xeyirxah münasibətini hiss etdiyi xoş niyyətli
insanlar haqqında söhbət açır. Bu bölmədə
müəllifin minnətdar olduğu şəxsiyyətlərdən
biri ümummilli lider Heydər Əliyevdir. Xatırlayır ki,
1986-cı ildə Moskvada İctimai Elmlər Akademiyasında
iki aylıq kurs keçərkən onların qonağı
Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Heydər Əliyev olub. Müəllif
qürurla yazır ki, iki saat davam edən görüşdə
hamımız Heydər Əliyev zəkasının cazibəsinə
düşdük. Heydər Əliyevin onunla
görüşünü, əlini sıxmağını,
iş-gücü ilə maraqlanmasını indi də xoş
duyğularla yad edən müəllif yazır:
"Ümummilli liderlə ikinci görüşüm 1992-ci
ilin oktyabrında Naxçıvanda oldu". Sonra bu
görüşlərin sayı çoxalıb. Beləcə,
taleyindən keçən insanların sözlə portretini
naxışlayan müəllif bu sırada neçə-neçə
dəyərli şəxsiyyətin məziyyətlərindən
söz açır.
"Kitabdan kitaba"
bölməsində isə M.Süleymanzadənin müxtəlif
illərdə mətbuatda dərc edilmiş oçerkləri,
publisistik məqalələri və müxtəlif səpkili
yazıları toplanıb.
"Aldığım və
verdiyim müsahibələr" bölməsində isə,
adından da göründüyü kimi, oxuculara müxtəlif
mövzularda müsahibələr təqdim olunur. Ən
maraqlısı da odur ki, müəllifin verdiyi müsahibələr
aldığı müsahibələrdən çoxdur. Bu da
onun peşəkar fəaliyyəti və ictimai mövqeyi ilə
əlaqədardır.
"Başımın tacı ailəm" bölməsində isə Məzahir Süleymanzadə valideynləri, qardaşları haqqında öz xatirələrini qələmə alıb. Müəllifin tələbə yoldaşı, hazırda qəzetimizin əməkdaşı olan Flora Sadıqova danışır ki, Məzahirin anası Umleyla xanım - hamımız ona "Leyla xala" deyirdik - o dövrdə bizə analıq edib. Zahirən əsl kənd qadınına bənzəyən bu xanımın elə zəngin daxili dünyası var idi ki, sanki hansısa Avropa ölkəsində təhsil almışdı. Çox məlumatlı və geniş dünyagörüşünə malik idi. Müəllif bu cür zəngin mənəviyyatlı ananın obrazını çox təsirli yaradıb.
Kitabın son bölməsi "Gördüyüm ölkələr, gəzdiyim şəhərlər" adlanır. Orada oxuyuruq: "Mən dünyanı gəzməyə Azərbaycandan başlamışam... Taleyimdən narazı deyiləm. Çox ölkələr gördüm, çox şəhərlər gəzdim. Şagird ikən coğrafiya dərsində adını eşitdiyimiz dağları, düzənləri, şəlalələri, çayları, dənizləri, ölkələri, şəhərləri görmək həqiqətən böyük xoşbəxtlikdir".
Fikirləşdik ki, yeni nəşr haqqında son sözü elə müəllifin öz fikirləri ilə tamamlayaq: "Publisistika, ictimai-siyasi məqalələr toplusu olan bu toplunu xatirə kitabı kimi də qəbul etmək olar... Ola bilsin ki, bu, mənim sonuncu kitabımdır. Qoy bu kitab doğmaların, qohumlarınE kitab rəfində məndən xatirə olaraq qalsın...". Bu son sözün ardı kimi biz də demək istərdik ki, Məzahir Süleymanzadənin oxuculara təqdim etdiyi yeni kitabı əslində peşəkar jurnalistin ömür salnaməsinə bənzəyir. Bu mənada "İzim qalmasa da sözüm qalacaq" nidasının əbədiliyinə inanırıq.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-17 mart.-S.10.