Milli Məclis Novruz bayramı münasibətilə amnistiya elan olunması haqqında qərar qəbul etmişdir

 

Əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələrini xalqımızın qədim Novruz bayramı münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O.Əsədov demişdir ki, iclasın gündəliyinə Novruz bayramı münasibətilə Amnistiya elan olunması haqqında qərar layihəsi daxil edilmişdir. Çox təqdirəlayiq haldır ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Novruz bayramı münasibətilə amnistiya elan olunması haqqında qərar layihəsi hazırlayaraq parlamentə təqdim etmişdir. Qərar layihəsinə parlamentin müvafiq komissiyalarında baxılmış Milli Məclisin ümumi iclasına tövsiyə olunmuşdur.

Sonra Milli Məclisin deputatı Mehriban Əliyeva iclasda çıxış edərək demişdir: - Qəbul olunmuş hər bir amnistiya aktı humanizm prinsiplərinin, humanizm ideyalarının qələbəsidir. Əsası 1994-cü ildə dahi Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində minlərlə insan azadlığa buraxılmış, normal həyata qayıtmışdır. Bu gün bu ənənələr davam edir. Allah insana verdiyi ömür hər bir şeydən uca dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilmişdir. Məhz bu prinsipləri əsas tutaraq, mən bütün həmkarlarımı bu qərarı qəbul etməyə çağırıram. Fürsətdən istifadə edərək, sizin hamınızı qarşıdan gələn və hər birimiz üçün çox əziz olan Novruz bayramı münasibətilə təbrik edirəm. İnanıram ki, bu bayram azadlığa buraxılmış insanlara, onların ailə üzvlərinə ikiqat sevinc gətirəcəkdir.

Diqqətinizə görə, təşəkkür edirəm.

Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov amnistiya aktı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, qərar layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında baxılmışdır. Komissiya üzvləri sənədin qanunvericilik texnikası baxımından mükəmməl hazırlandığını, mövcud təcrübəyə əsaslandığını bildirmiş və layihəni yekdilliklə parlamentin müzakirəsinə tövsiyə etmişlər.

Yeni amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi gözlənilir. Bu isə bütövlükdə Azərbaycandakı məhkumların 35 faizi deməkdir. Amnistiya tətbiq olunması ehtimal edilən qadınlara münasibətdə isə bu rəqəm daha yüksək, təxminən 60 faizdir. İndiki amnistiya ilə 1700-dən çox məhkumun azad edilməsi, 1200 məhkumun isə cəzasının azaldılması gözlənilir.

İclasda qərar layihəsi səsə qoyulmuş və 111 səs lehinə olmaqla təsdiq olunmuşdur.

Daha sonra Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə gündəlikdəki ikinci məsələ - bələdiyyələrlə bağlı qanun layihələri barədə məlumat vermişdir. Müzakirənin yekununda "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlarda dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun layihəsi qəbul olunmuşdur.

İclasda həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavələr olunmuş, "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilmişdir.

Bununla da Milli Məclisin növbəti iclası başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 mart.-S.2.