Ulu öndər Heydər Əliyevin
humanizm məfkurəsi layiqincə yaşadılır
Azərbaycan Respublikası
Milli Məclisinin dünən keçirilən plenar
iclasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın parlamentə təqdim
etdiyi "Novruz bayramı münasibətilə amnistiya elan
edilməsi haqqında" qərar layihəsi qəbul edildi.
Amnistiya qərarı 9 min məhkuma şamil ediləcək,
onlardan 1700-ü cəzaçəkmə yerlərindən azad
ediləcəkdir.
Müsahibimiz, Milli Məclisin
sədr müavini Bahar Muradova amnistiya qərarının cəmiyyətimizin
humanizm ideallarına sadiqliyi baxımından əhəmiyyətini
yüksək qiymətləndirərək dedi:
- Milli Məclisin qəbul
etdiyi növbəti amnistiya qərarı Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş humanizm siyasətinin
layiqincə davam etdirilməsi, ədalətə söykənən
prinsiplərin reallaşması istiqamətində atılan
növbəti addımdır. Təbii ki, cinayət cəzasız
qalmamalıdır. Hər bir cinayətin cəzası
olmalıdır. Cəza hüququnun reallaşdırılmasında
ədalətə söykənmək Heydər Əliyevin əsasını
qoyduğu humanizm siyasətinin əsas qayələrindən
biridir. Bu gün də ardıcıl olaraq ulu öndərin
siyasəti uğurla davam etdirilir.
Novruz bayramı münasibətilə
amnistiyanın elan edilməsi təşəbbüsünü həyata
keçirdiyi möhtəşəm layihələrlə
ölkəmizin ictimai, mədəni, sosial, humanitar həyatına
və digər sahələrə mühüm töhfələr
verən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva irəli
sürmüşdü. Plenar iclasda deputatlar Mehriban xanım Əliyevanın
bu nəcib təşəbbüsünü yekdilliklə dəstəklədilər.
Qəbul etdiyimiz amnistiya aktı Novruz bayramı ərəfəsində
qohumları həbsdə olan ailələrə sonsuz sevinc bəxş
etdi. Amnistiyadan müxtəlif səbəblərdən
azadlıqdan məhrum edilərək həbsə alınan və
artıq cəzalarının müəyyən bir hissəsini
çəkən, eyni zamanda islah olunma istiqamətində
müsbət nəticələr əldə edən məhkumlar
yararlanaraq azad cəmiyyətə qayıdacaq, ictimai həyatda
öz yerlərini tutacaqlar. Amnistiya həmin insanlara bundan sonra
həyatda öz yollarını düzgün seçməklə
bağlı verilmiş növbəti şansdır. Bu
şansın verilməsi həm dövlətimizin humanizm siyasətindən,
həm də bu siyasəti ardıcıl şəkildə həyata
keçirən dövlət orqanlarının və Heydər
Əliyev Fondunun apardıqları işin mahiyyətindən və
məzmunundan irəli gəlir. Bu mahiyyət və məzmun
humanizmdən, ədalətdən, mərhəmətdən
qayğıya ehtiyacı olana kömək etməkdən ibarətdir.
Novruz bayramı münasibətilə amnistiyanın verilməsi
ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu dövlətimizin humanist siyasətinin növbəti
təntənəsidir.
- Amnistiya tez-tez verilən bir
qərar deyil. Bu mənada amnistiya qərarı müzakirəyə
çıxarılanda ictimaiyyəti maraqlandıran əsas məsələlərdən
biri onun əhatə dairəsi olur. Bu amnistiyanın əhatə
dairəsini kifayət qədər geniş hesab etmək
olarmı?
- Sözsüz ki, bu
amnistiyanın əhatə dairəsi kifayət qədər
geniş və əhatəlidir. Elə qərarın
özünü oxuduqda amnistiyanın əhatəsinin nə qədər
geniş olduğunu görmək olar. Böyük məmnunluqla
qeyd etməliyik ki, müxtəlif kateqoriyalardan olan insanlar amnistiyanın
təsirinə düşüblər. Bura ölkəmizin
suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda döyüşlərdə iştirak
etmiş, Azərbaycanın və habelə keçmiş
SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl
borcunu yerinə yetirmiş şəxslər, həmçinin
bu döyüşlərdə həlak olmuş və xəbərsiz
itkin düşmüş şəxslərin yaxın
qohumları, İkinci Dünya müharibəsi dövründə
faşizmə qarşı döyüşlərdə
iştirak etmiş, eləcə də həmin dövrdə
keçmiş SSRİ-nin silahlı birləşmələri
tərkibində arxa cəbhədə xidmət etmiş və
qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər
tutulan şəxslər, sovet dövründə repressiyalara məruz
qalmış, sonradan səlahiyyətli orqanların qərarları
ilə bəraət almış şəxslər və
onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə
etnik təmizləmə, terrorçuluq və
soyqırımı nəticəsində Ermənistandan
deportasiya olunmuş şəxslər, 1988-1993-cü illərdə
Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı
qüvvələri tərəfindən işğalı nəticəsində
öz doğma torpaqlarından məcburi
köçürülmüş şəxslər,
Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak etmiş və onlara himayəçilik
edən şəxslər, 1990-cı ilin 20 Yanvar faciəsində
əlil olmuş şəxslər və şəhid olmuş
şəxslərin yaxın qohumları, Xocalı faciəsində
əlil olmuş şəxslər və şəhid olmuş
şəxslərin yaxın qohumları, birinci və ikinci qrup
əlillər, cinayət törədərkən 18
yaşına çatmayan şəxslər, 60 yaşına
çatmış kişilər, öhdəsində yetkinlik
yaşına çatmayan, birinci və ya ikinci qrup əlil
övladı olan kişilər və digər kateqoriyalardan
olan şəxslər daxildir.
Gördüyünüz kimi,
dövlətimizin hər zaman diqqət mərkəzində
saxladığı, sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına xüsusi qayğı
ilə yanaşdığı kateqoriyalardan olan məhkumlar
amnistiya aktından yararlana bilirlər. Dövlətimiz bu
insanlara mülki həyatda diqqət və qayğı göstərdiyi
kimi, onların sırasından məhbus həyatı
yaşayanlara da mərhəmət əlini uzadır. Bu,
dövlətin öz vətəndaşına hər zaman
qayğı göstərməsinin bir nümunəsidir. Hər
bir vətəndaş dövlətimizin onun nə qədər
yüksək qayğısına qalmasının növbəti
nümunəsini görür.
- Necə düşünürsünüz,
bu amnistiyada qadın məhkumlarla bağlı humanizm kifayət
qədər yer tapıbmı?
- Amnistiya aktının əsas
cəhətlərindən biri onun məhz qadınlara yönəlməsidir.
Qadınlar müxtəlif hadisələr zamanı cəmiyyətin
daha çox əziyyət çəkən hissəsini təşkil
edirlər. Bəzi qadınlar çox zaman onu əhatə edən
mühitin təsiri altında cinayət törədirlər.
Azərbaycan həbsxanalarında ailə-məişət
zorakılığından, bu və ya digər səbəblərdən,
bəzən özü də istəmədən cinayət
törətmiş qadın məhkumlar var. Qadın anadır,
bir ailənin qoruyucusudur. Ona görə qadın məhz ailəsinin
yanında olmalıdır. Əgər qadın bilərəkdən
cinayət törətməyibsə, ardıcıl cinayət əməlləri
etməyibsə, onun ailəsinin yanına qayıtmasına
normal baxılmalıdır. Amnistiya aktına qadınlarla
bağlı ayrıca müddəanın salınması, eləcə
də qadınların digər müddəalardan yararlana bilmələri
məhz aktın müəllifi olan Mehriban xanım Əliyevanın
qadınlara, ailələrə, uşaqlara diqqət və
qayğısının təzahürüdür. Mehriban
xanım Əliyeva ailənin möhkəmliyi, uşaqların
sağlam böyüməsi üçün qadının ailə
içərisində olmasını vacib sayır. Bu, diqqətçəkən
bir məqamdır. Digər tərəfdən, Azərbaycanın
həm dövlət siyasətində, həm də
ictimai-siyasi həyatında qadınlarla bağlı yeridilən
siyasətin məhbus qadınları da əhatə etməsinin
bariz nümunəsidir. Bu faktın özü
qadınlarımızı ehtiyatlı davranmağa, qanunun
aliliyinə daha ciddi riayət etməyə və heç vaxt
onlar üçün əziz olan ailəni unutmamağa, ailə
problemlərini arxa plana keçirməməyə, qadın
üçün müqəddəs olan dəyərlərdən
uzaq düşməməyə
çağırışdır.
- Müxalifət amnistiya qərarını
bir tərəfdən müsbət hal kimi dəyərləndirir,
digər tərəfdən ənənəvi
qısqanclığını gizlətmir. Xüsusən
parlamentin müxalifətdən olan deputatları Milli Məclisi
onların amnistiya ilə bağlı hazırladıqları
layihəni qəbul etməməkdə ittiham edirlər...
- Kim ki ədaləti, mərhəməti,
xeyirxahlığı əsas prinsip kimi rəhbər tutursa,
amnistiya aktının kimin tərəfindən təqdim
olunmasının fərqinə varmamalıdır. Yox, əgər
bəzi şəxslər hətta amnistiya aktı təklif edərkən
siyasi məqsədlərini, maraqlarını güdürlərsə,
bu, yolverilməzdir. Biz heç kimin əlində alət
olmamışıq və olmayacağıq da. Milli Məclisin
həm indi, həm 2007-ci ildə, həm də əvvəllər
qəbul etdiyi amnistiya qərarları bütün siyasi
baxışlardan, maraqlardan kənar, sırf insana yönəlmiş
bir aktlardır. Yəni, bu amnistiyaların heç birində
insanların hansısa siyasi partiyaya məxsusluğu, siyasi
divident baxımından hansısa kateqoriyaya aid olmaları əsas
götürülməyib. Bu amnistiyalarda sırf insani maraqlar,
insana verilən dəyər və vətəndaşa cəmiyyət
həyatına qayıtmaq şansını qazandırmaq əsas
məqsəd olub.
Amma bəzi həmkarlarımızın
amnistiya elan edilməsi istiqamətində etdikləri təkliflərdə
onların məhz maraqlarında olan vətəndaşlara
yönəlik müddəalar öz əksini tapır.
Hansı ki, həmin insanlara qarşı amnistiya aktı yox,
konkret əfv fərmanı imzalamaq olar və bunu Prezident
İlham Əliyev dəfələrlə edib. Hansısa siyasi
partiyaya mənsubluq heç kəsi cinayət etdiyi zaman cəza
çəkməkdən sığortalamır, yaxud da jurnalist
peşəsinə malik olub bu və ya digər cinayət
aktı törətmək heç kimi qanun
qarşısında cavabdehlikdən azad etmir. Bu kimi siyasi
maraqlara söykənən təkliflər irəli sürməkdənsə,
daha geniş kateqoriyaya aid insanları əhatə edə biləcək
layihələrə üstünlük verilməlidir. Qəbul
edilən amnistiya qərarlarından da göründüyü
kimi, parlament məhz siyasi maraqlara söykənməyən
prinsiplərə üstünlük verir.
Mən ötən dəfəki
amnistiya aktının müzakirəsi zamanı
çıxışımda da söyləmişdim ki, biz kimləri
bağışladığımızı ciddi
düşünməliyik.
Bağışladığımız insanlar cəmiyyətə
cinayət törətdikləri dövrə qədər
hansı xeyri veriblər və onlar azad olunduqdan sonra hansı
xidmətləri göstərə bilərlər. Biz
bunları ciddi şəkildə götür-qoy etməliyik:
amnistiyanın təsir dairəsinə istəmədən xəta
etmiş, səhlənkarlıq ucbatından,
düşdüyü situasiyadan çıxış yolunu
düzgün tapmadığından cinayət törətmiş
insanları, yoxsa məqsədli şəkildə Azərbaycanın
dövlətçiliyinə, milli maraqlarına qarşı
yönəlmiş fəaliyyətə üstünlük verən
və bunu açıq-aşkar təbliğ edən şəxsləri
salmalıyıq? O insanlara amnistiyadan yararlanmaq imkanı verməliyik
ki, onlar islah olunublar, etdikləri cinayətə görə
peşmandırlar. Yenidən cinayət törətməyə
meyilli olan və etdiyi cinayətdən zərrə qədər
də peşman olmayan, əksinə, düzgün etdiyini
ardıcıl olaraq bəyan edən şəxsləri
amnistiyanın təsir dairəsinə salmaq ədalətin, mərhəmətin
nümunəsi sayıla bilməz. Biz bu seçimi
düzgün etməliyik. Hesab edirəm ki, Milli Məclisin son
amnistiya qərarı da məhz düzgün seçimin nəticəsidir.
Mən digər həmkarlarımıza düzgün seçim
etməyə yönəlmiş addım atmalarını, amnistiyadan
siyasi məqsədlər üçün yox, insanların
xeyrinə istifadə etmək cəhdlərini ortaya
qoymalarını istərdim.
- Amnistiya qərarı
referendum və Novruz bayramı ərəfəsində cəmiyyətin
onsuz da yüksək olan əhval-ruhiyyəsinə hansı rəngi
qatacaq?
- Novruz bayramı və bu
bayram ərəfəsində keçirilən referendum
çox gözəl, al-əlvan əhval-ruhiyyə yaradır.
Yazın gəlişi, təbiətin təzələnməsi,
insanların qəlbində məhəbbətin, humanizmin, mərhəmətin
oyanmasına rəvac verən bir dövrdür. Bu,
özünü siyasətdə də, parlament həyatında
da, müxtəlif səbəblərdən həbsxana
divarları arasına düşən insanlara münasitbətdə
də büruzə verir. Əvvəla, bu insanların bir qismi
öz ailələrinə, fəal həyata qayıdacaqlar.
Onlar siyasi həyatında, Konstitusiyada irəliyə doğru
yeni dəyişikliklər etmək istəyən xalqın
nümayəndələri olaraq bu dəyişikliklərin
verdiyi hüquq və azadlıqlardan sərbəst şəkildə
istifadə edəcəklər. Dövlətin hər bir vətəndaşın
imkanlarını, potensialını reallaşdırmaq istiqamətində
yaratdığı şəraitdən, mühitdən bəhrələnmək
imkanı və şansı qazanacaqlar. Bütün bunlar onlara
buraxdıqları səhvləri təkrarlamamaq
üçün stimul verəcəkdir.
Amnistiya bayram ərəfəsində
olduğu üçün xüsusilə gözəl ovqat
yaradır. Bu həm amnistiyaya düşən insanların
özünə, həm onların ailə üzvlərinə,
yaxın qohumlarına və bütövlükdə Azərbaycan
xalqına bayramı daha yüksək əhval-ruhiyyədə
qeyd etmək imkanı yaradır. Eyni zamanda, çox ciddi siyasi
kampaniya olan referendumun doğurduğu sevinc Konstitusiyada dəyişiklik
etmək istəyən və bunu həyata keçirən Azərbaycan
vətəndaşının həyatına yeni bir rəng
qatır.
Mən Novruz bayramının yüksək əhval-ruhiyyə ilə keçəcəyini, amnistiya və referendumun müsbət nəticələr verəcəyini bəri başdan görərək bu münasibətlə hər bir Azərbaycan vətəndaşını təbrik edirəm. Arzu edirəm ki, insanlarımız səhv etməsinlər, cəzaya məhkum olmasınlar. Hər bir Azərbaycan vətəndaşı öz həyatında yalnız qanunun aliliyini rəhbər tutsun.
Müsahibəni apardı:
Rəşad Cəfərli,
Azərbaycan.-2009.-18
mart.-S.3.