Professor Albert Bressand: "Ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hazırda əhəmiyyətli siyasi rola malikdir"

 

ABŞ-ın Kolumbiya Universiteti nəzdində Enerji, Dəniz Nəqliyyatı İctimai-Siyasət Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Albert Bressand AzərTAc-a məxsusi müsahibəsində Azərbaycana ilk dəfə səfər etdiyini, ölkədə hərtərəfli inkişafı yüksək qiymətləndirdiyini bildirmişdir: "Bakını bu qədər gözəl qaynar şəhər kimi təsəvvür etmirdim. Ən önəmli cəhət odur ki, sürətlə inkişaf edən Bakı müasirləşmə ilə yanaşı öz qədimliyini qoruyub saxlaya bilmişdir".

Kolumbiya Universitetinin professoru demişdir ki, Azərbaycan təşəbbüskarı olduğu regional enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində olduqca vacib rol oynayır. Avropa ilə Asiya arasında strateji körpü olan Azərbaycan Avropaya seçim imkanı yaratmışdır.

Azərbaycanın getdikcə möhkəmlənməkdə olan mövqeyinə toxunan Albert Bressand qeyd etmişdir ki, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan əhəmiyyətli siyasi rola malikdir: "Ölkədəki sabitlik Qərbin dəstəyi ilə reallaşdırılan layihələrin təhlükəsizliyinə təminatdır. Təhlükəsizlik beynəlxalq birliyin, o cümlədən xarici investorların bir nömrəli diqqət yetirdiyi məsələdir. Bu mənada Azərbaycan olduqca əlverişli ölkədir".

 

 

Azərbaycan.-2009.-18 mart.-S.3.