Türkdilli xəbər agentlikləri
daha sıx əməkdaşlığa hazırdır
"Şərq-Qərb" nəşriyyatında "Türkdilli agentliklərin Bakı görüşü" kitabı çapdan çıxmışdır. Nəşrin ideya müəllifləri AzərTAc-ın və Anadolu Agentliyinin baş direktorları Aslan Aslanov və Hilmi Bengidir. Birgə layihənin nəticəsi olan bu kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin "Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu" mövzusunda VII iclasından bəhs edilir. İclasda bütün türkdilli ölkələrin, eləcə də Rusiyanın türkdilli respublikalarının və Ukraynanın xəbər agentliklərinin rəhbərləri iştirak etmişdir.
Bu maraqlı nəşrin oxucusu ilk növbədə Birliyin yaranma tarixi ilə, onun əsas məqsədi ilə tanış olmaq imkanı əldə edir. Məqsəd isə türk dünyası haqqında məlumatların ilk mənbədən bütün dünyaya qərəzsiz və obyektiv çatdırılmasına kömək etməkdir. İclasdakı çıxışlarda vurğulandığı kimi, üçüncü minillik informasiya dövrüdür. İnformasiya isə qlobal dünyada ölkələrin öz yerini tapmasında çox mühüm rol oynayır.
Kitabda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Türkiyə Mətbuat-Yayım və İnformasiya İdarəsinin baş direktoru Salih Mələkin Bakı Forumunda təbrik çıxışları qardaş ölkənin dövlət naziri professor Mehmet Aydının AzərTAc-ın baş direktoruna ünvanlanmış təbrik məktubu dərc edilmişdir.
İclasda səslənən bütün çıxışlar cəsarətli fikirlərlə, maraqlı mülahizələrlə zəngin olmuşdur. Həmin çıxışlara əsasən bu qənaətə gəlmək olar ki, türkdilli agentliklərin jurnalistləri qarşılıqlı informasiya mübadiləsinə, öz təcrübələrini bir-biri ilə bölüşməyə ciddi ehtiyac duyurlar.
Forum iştirakçılarının bu kitabda toplanmış çıxışları onların ölkələrini və xalqlarını narahat edən problemlər barədədir. Məsələn, Azərbaycan Dövlət Teleqraf Agentliyinə yeddi ildən bəri uğurla rəhbərlik edən Aslan Aslanov Bakının qonaqlarını hərarətlə salamlamış, agentliyin dünya informasiya məkanına çıxmasına imkan verən indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin, son dövrdə isə Prezident İlham Əliyevin rolunu vurğulamış, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir ki, ermənilərin Türkiyəyə və Azərbaycana qarşı yönəlmiş saxtakar və riyakar təbliğatının ifşa edilməsində xəbər agentlikləri də mühüm rol oynaya bilər. Anadolu Agentliyinin baş direktoru və İdarə Heyətinin sədri Hilmi Bengi isə TKA-nın internet saytından, mötəbər informasiyanın yayılmasını təmin edən mühüm portaldan istifadə etməyin əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, bu platforma yalnız agentliklərimizin bir-biri ilə işbirliyinə zəmin hazırlamaqla qalmayacaq, eyni zamanda, xalqlarımız arasında ortaq bir körpü olacaq, agentliklərimizi bir-birinə daha da yaxınlaşdıracaqdır.
"Türkdilli agentliklərin Bakı görüşü" kitabında Kazinformun prezidenti Dauren Diyarovun, Qırğızıstanın "Kabar" agentliyi baş direktorunun birinci müavini Oleq Ryabovun, Kipr Türk Agentliyinin baş direktoru Əmir Ərsoyun, "Krım xəbərləri" agentliyinin baş direktoru Qayana Yüksəlin, "Tatar-inform" agentliyinin baş direktoru Leonid Tolçinskinin, "Başinform" agentliyi baş direktorunun birinci müavini Alik Şakirovun və başqalarının çıxışlarından aşkar görünür ki, informasiya agentliklərinin işində dialoqa, ideya, informasiya və təcrübə mübadiləsinə çox böyük və ciddi əhəmiyyət verilir, agentliklərin istənilən həcmdə informasiyanı istənilən vaxt, praktik olaraq qeyri-məhdud sayda istifadəçilərə çatdıra biləcək operativ kütləvi kommunikasiya vasitəsi rolu dərindən başa düşülür.
Oxucular Türkdilli Xəbər Agentlikləri Birliyinin iclasında bu qurumun Nizamnaməsinə edilmiş dəyişikliklər və iclasın yekun sənədi ilə də tanış ola biləcəklər.
Kitabda forum iştirakçılarının İçərişəhər və Qobustanla tanışlığı Heydər Əliyev Fondunda və Milli Azərbaycan Tarixi Muzeyində olması barədə də məlumatlar verilmişdir.
Çoxlu rəngli fotoşəkillərin verildiyi kitab nəfis şəkildə tərtib olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-18 mart.-S.5.