Bakıda "Muğam aləmi"
beynəlxalq musiqi festivalı öz işinə
başlayır
Azərbaycan
xalqının mədəni-mənəvi irsinin möhtəşəm
abidəsi sayılan muğam təkcə pərvazlandığı
torpağın deyil, dünya mədəniyyətinin nadir incilərindən
sayılır.
Avropadan başlamış uzaq Amerikaya qədər
qitələr gəzən Azərbaycan muğamları onu dinləyənləri
heyrətdə qoyur. Hətta bəzilərinə
elə gəlir ki, ifaçılar vurduqları qeyri-adi zəngulələri
xüsusi aparat vasitəsilə səsləndirirlər. Dəfələrlə eşitmişik ki, avropalı
tamaşaçı səhnəyə çıxaraq azərbaycanlı
xanəndəni daha yaxından görməyə, onun səs
möcüzəsini anlamağa çalışır. Cənubi Amerikanın musiqi mütəxəssisləri
belə rəyə gəliblər ki, dünyada yalnız Azərbaycan
xanəndələri öz boğazlarında təbiətin səslərini
yarada bilirlər. Azərbaycan muğamlarının
əfsununa düşənlərin sayı bilinmir. Elə
bu məziyyətlərinə görədir ki, Azərbaycan
muğamları YUNESKO-nun şifahi və qeyri-maddi irs siyahısına daxil edilmişdir.
Əbədiyaşar sənət
qalası
Xalq şairi Bəxtiyar Vahabzadə dahi Azərbaycan bəstəkarı, ilk dəfə muğamlardan istifadə edərək Şərqdə operanın banisi olmuş Üzeyir Hacıbəyovun xatirəsinə həsr etdiyi "Muğam" poemasında quş qonmayan qayalarda daş, kirpiklərdə yaş oyadan muğamı görün necə səciyyələndirib:
Mahnılar var ayaqları,
Muğamlarsa baş tərpədər.
Muğamın tərifini vermək istəyənlər sözləri nə qədər ələk-vələk etsələr də, onun möhtəşəmliyini əks etdirməkdə çətinlik çəkiblər. Buna görə də hamının fikri eyni məxrəcə yönəlib. Muğam nağıldır, əfsanədir, yaradıcısı ulu Tanrıdır.
Xalqımızın acılı-şirinli günlərini məhz öz ahəngində yaşadaraq əsrlərin dizini qatlaya-qatlaya üçüncü minilliyin əbədiyaşar sənət qalasına çevrilən muğamlar həmişə pərəstişkarları, ifaçıları tərəfindən qorunmuşdur. Babalarımız bu qiymətli xəzinəni göz bəbəyi kimi hifz edib bizlərə çatdırmışlar. İndi konsert salonlarını, efiri, ekranı bürümüş yüngül şouların, sözün əsl mənasında, gurultuların, ruhumuza yad musiqilərin içində yenə də muğam sanki bir xilaskar rolunu oynamaqdadır. İnsanın duyğularını əzən, sinirlərini tarıma çəkən qatmaqarışıq çalğılardan, cingiltili səslərdən sonra qəfildən muğam eşidəndə dincəlirsən. Sanki qasırğa qopmuş dənizdə bir sakitlik yaranır. İnsanın əsəblərinə ipək sığalı çəkilir, varlığını bürümüş əsəbilik əriyib gedir.
Muğam və xalq mahnılarımız bizim xəzinəmizdir. O, hər bir azərbaycanlı üçün müqəddəsdir. Tədqiqatçılar da, ifaçılar da uzun illər apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər ki, muğam Azərbaycan xalqına Allah tərəfindən göndərilən bir xoşbəxtlikdir. İndi az qala bütün dünya bizim milli musiqimizə və muğamlarımıza vurğun kəsilib. Muğamın qəribə möcüzəsi var. Onu gərək ürəkdən sevəsən. Xalq artisti, muğam ustadı Arif Babayevin təbirincə desək, muğam ağır taxtalı ifaçıların yaradıcılığında daha çox geniş inkişaf tapır. Əslində, muğam ifaçıları elə belə də olurlar. Çünki bu muğamın məziyyəti ciddilik tələb edir.
Etiraf edək ki, muğam və xalq mahnılarına qarşı müəyyən məqamlarda bir laqeydlik baş alıb getməkdə idi. Xüsusilə də, ötən əsrin sonlarında gənclərin yüngül musiqiyə meyil etməsi, toylarda, konsert salonlarında şit nəğmələrin, ara mahnılarının müntəzəm səsləndirilməsi yaşlı nəsildə bir xiffət yaradırdı. Hətta ustad sənətkarlardan eşidirdik: "Biz də getdik. Bəs sonra bu muğamlarımızı kim yaşadacaq?" Bəzən çox qiymətli, əvəzsiz sərvət əlimizdə olanda onun qədrini elə də yaxşı bilmirik. Muğamlarımızı min cür ağrı-acının içindən, repressiyalardan, klassik irsi inkar edən qrupların caynağından xilas edərək bugünümüzə çatdırıblar. Belə bir qiymətli mənəvi sərvəti isə gələcək nəslə çatdırmaq məsuliyyəti bu günün ən vacib və gərəkli problemlərindən biri idi.
Ədəbi irsə sadiqlik və
yaxud da vətənpərvərlik duyğusu
1995-ci ildə yaranan Azərbaycan Mədəniyyətinin Dostları adlı xeyriyyə fondu işə başladıqdan sonra fəaliyyətinin ilk ünvanı məhz Azərbaycan mədəniyyətini böhran məngənəsindən çıxarmaq oldu. Bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər olduqca zəngin və çoxşaxəli idi.
YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Azərbaycan muğamları" layihəsi çərçivəsində həyata keçirdiyi islahatlar, sözün həqiqi mənasında, böyük bir hadisəyə çevrildi. Mədəni aləmdə baş verən bu xoşməramlı tədbirlər sənət adamlarını, xüsusən, muğam ifaçılarını ürəkdən sevindirirdi. 2005-ci ilin mart ayından Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamlarının təşkili və bu məbəddə muğam dəstgahlarının keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən muğam ensiklopediyası yaradıldı, "Qarabağ xanəndələri" albomu hazırlandı. Həmin albomda 24 muğam ustadının ifası öz əksini tapmışdır. Qarabağın unudulmaz səs sahiblərindən olan Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Məcid Behbudovun (unudulmaz Rəşid Behbudovun atası - F.X.), Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin və müasir muğam ustalarının səs inciləri toplanmış bu albom sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı. "Gülüstan" sarayında həmin albomun təqdimetmə mərasimində nitq söyləyən Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Qarabağ xanəndələri" "Muğam irs" layihəsinin ilk albomudur... Hər biriniz bu albomu hədiyyə olaraq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq".
Elə bu fikrin davamı olaraq Bakı şəhərində Muğam Mərkəzinin yaradılması ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncam xalq tərəfindən rəğbətlə qarşılandı. Dövlətin xalq musiqisinə, muğamlara göstərdiyi bu diqqət muğam ifaçılarını riqqətə gətirdi. Nəhayət, 2008-ci ildə Muğam evinin təntənəli açılışı nəinki ölkə sakinlərini, eləcə də bu mərasimə gəlmiş xarici qonaqları, YUNESKO nümayəndələrini heyrətə gətirdi. Dünyada analoqu olmayan Muğam evinin yüksək zövqlə, qeyri-adi, orijinal layihə ilə tikilib başa çatması dünya mədəniyyətinin gözəl abidələrindən birinin həyata vəsiqə alması demək idi.
Ötən illərin, demək olar ki, hər bir ayında, günündə muğamla bağlı ölkədə müxtəlif tədbirlər həyata keçirilib. Konsertlər, axşamlar, müsabiqələr, yarışmalar - bütün bunların hamısı muğamın təbliğinə, sevilməsinə xidmət edib. Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar həm Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, eləcə də Mədəniyyət, Təhsil nazirlikləri, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və dəstəyi ilə Bakıda ümumrespublika muğam müsabiqəsi keçirildi.
"Muğam aləmi" beynəlxalq musiqi festivalında iştirak etmək üçün müsabiqəyə qatılmış ifaçılar öz istedadlarını nümayiş etdirdilər. 104 nəfərin müraciət etdiyi yarışma iki turdan ibarət idi. Birinci turda 27, ikinci turda 11 nəfər iştirak etmişdir. Yarışın şərtlərinə görə, müxtəlif seçim turundan ibarət olan bu müsabiqədə hər bir iştirakçı gözəl ifa, düzgün qəzəl deyilişi, səs və səhnə davranışı nümayiş etdirməli idi. Münsiflərin verdiyi müsahibələrdən və rəylərdən aydın oldu ki, ifaçıların hər biri istedadlıdır. Amma şərtə görə, martın 18-dən 25-nə kimi keçiriləcək "Muğam aləmi" beynəlxalq musiqi festivalında Azərbaycandan üç nəfər iştirak etməlidir. Müsabiqə gərgin keçirildi, nəticədə Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev beynəlxalq yarışmada Azərbaycanı təmsil etmək üçün vəsiqə aldılar.
Dünyanın bütün muğamsevərləri bu gün Bakıya toplaşıb. İştirakçılar arasında Mərakeşdən tutmuş Hindistana qədər (12 ölkədən) muğam ifaçısı var. Müsabiqədə hər bir xalqın klassik muğamları, eləcə də simfonik muğamlar ifa olunacaqdır. Bu yarışmada münsiflər heyətinin üzvləri də müxtəlif ölkələrin musiqi biliciləri arasından seçilib. İnanırıq ki, Azərbaycan muğamları yenə də hamını öz əfsununa salacaqdır. Hələ onun möcüzəsindən qurtulan olmayıb.
Sözümüzün, günümüzün ifadəsi olan muğam yenə nitqləri lal, duyğuları bal edən məqama çatıb. Uca dağların, şiş qayaların əlyetməzliyinə qədər qanad çalan Azərbaycan muğamlarının heç harda, heç yerdə rəqibi yoxdur. İnanırıq ki, gənc ifaçılarımız bizim muğam dəryamızda əsl qəvvaslıq göstərəcəklər.
Çox mətləblərdən xəbər verəcək bu möhtəşəm sənət abidəsi haqqında fikrimizi Bəxtiyar Vahabzadənin "Muğam" poemasından seçdiyimiz misralarla tamamlayırıq:
Daş ürəklərdə yanıb daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz məni Zabul
segahın mayəsinə,
Deyirəm, bəlkə
məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn
elədim, bəxtiyaram,
Mənə
çox mətləbi ahəstəcə qandırdı
muğam.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-18
mart.-S.8.