Naxçıvanda Xalq yaradıcılığı
günləri
Novruz yeni rəng gətirir
"Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında" Ali Məclis Sədrinin imzaladığı 6
dekabr 2005-ci il tarixli sərəncamın icrası ilə əlaqədar
qeydə alınan 1157 abidədən 60-a yaxını
dünya, 550-yə yaxını ölkə və bir o qədəri
də yerli əhəmiyyətli olub. Toplanan materiallar əsasında
"Naxçıvan abidələri" ensiklopediyası nəşr
olunub.
Tarixi-mədəni və
bədii irsimizin daşıyıcısı olan xalq
yaradıcılığı nümunələri də
doğma tariximizin doğru-dürüst öyrənilməsində
əhəmiyyətli rol oynayır. Çünki bu sənət
nümunələri də əsrlər boyu formalaşaraq və
inkişaf edərək bugünümüzədək gəlib
çatıb. Bu sahə ilə məşğul olan tədqiqatçı
alimlərin, mütəxəssislərin yekun rəyləri
ondan ibarət olub ki, Naxçıvan torpağında
yayılan el sənəti nümunələri böyük və
zəngin bir tarixi mərhələni əhatə edir. Qədim
sivilizasiyaya və müasir mədəni inkişafa layiqli
töhfə olan bu yaradıcılıq nümunələri
xalqımıza məxsus milli xüsusiyyətləri və adət-ənənələri,
həyat və məişət tərzini özündə cəmləşdirib.
"Naxçıvan Muxtar
Respublikasında Xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında" Ali Məclis Sədrinin
imzaladığı sərəncam da məhz tədqiqatçı
alimlərimizin, mütəxəssislərin çoxsaylı
sübut və dəlillərindən qaynaqlanıb.
Ali Məclısin Sədri sərəncamdan
irəli gələn vəzifə və
tapşırıqların həlli ilə bağlı
keçirdiyi müşavirələrin birində belə bir cəhəti
də xüsusi vurğulayıb ki, indi qarşıda duran
başlıca vəzifə tariximizin ən dərin dövrlərindən
başlanan xalq yaradıcılığını
ardıcıl, məqsədyönlü öyrənməkdən,
onun sistemli şəkildə tədqiqata cəlb
olunmasını təmin etməkdən ibarətdir.
Əgər muxtar
respublika ərazisində məskunlaşan oğuz türklərinin
tarixi 5-7 min il bundan əvvəl başlanırsa, onda bu
faktın arxasında dayanan mənbələri də ortaya
qoymağı bacarmalıyıq. Bu sahədə xalq
yaradıcılığı nümunələri əvəzsiz
rol oynaya bilər.
Naxçıvan ərazisində
aparılmış arxeoloji qazıntılar sübut etdi ki,
burada qədim xalq sənəti sahələri olan
dulusçuluq və daşişləmə insanlara neolit,
metalişləmə isə enolit dövründən məlum
olub. Sonrakı mərhələdə dulus çarxlarında
gil qabların hazırlanması və xüsusi kürələrdə
bişirilməsi də geniş yayılıb.
Naxçıvan eyni
zamanda, dünyanın ilk metalişləmə ocaqlarından
biri olub. I Kültəpə yaşayış yerinin alt mədəni
təbəqəsindən
tapılan mis-mərgümüş, nikel-mərgümüş
qatışığı olan alət və bəzək nümunələri
də bu faktı təsdiqləyir. Ötən il Ordubaddakı
Plovdağ nekropolunda aparılan qazıntılar nəticəsində
əldə olunan nümunələr arasında tuncdan
hazırlanmış sancaqlar da tapılıb. Əldə
olunan materiallar içərisində sümükdən və
daşdan hazırlanan əmək və bəzək alətləri
də çoxdur.
Xalqımızın qədim tarixini,
etnoqrafik və bədii xüsusiyyətlərini özündə
cəmləşdirən milli geyimlər və mətbəx
nümunələri də bu gün maddi və mənəvi mədəniyyətimizin
qaynaqları kimi qorunur və inkişaf etdirilir. Müxtəlif
folklor ansambl və qrupları da milli geyimlərimizi
yaşadır və təbliğ edirlər.
Xalq
yaradıcılığının qədim və geniş
yayılmış sahələrindən biri də
folklordur. Ölkəmizdə
şifahi xalq
yaradıcılığının yaranma tarixi də ilk insan
məskənlərinin meydana gəlməsi dövrü ilə
əlaqələndirilir. Xalqımızın həyatında
elə bir əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi
xalq yaradıcılığında, aşıq
poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə
əksini tapmasın. Xalqımızın mifoloji-bədii
dünyagörüşünün izləri bu gün də
folklor sənətimizdə özünü büruzə verməkdədir.
Ötən müddət
ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər
də çox olub."Xalq
yaradıcılığımız bu gün" folklor
festivalında 600 nəfərə yaxın
iştirakçını özündə birləşdirən
50 kollektiv iştirak edib. Bu kollektivlərin üzvləri
üçün 287 dəst milli geyim paltarları
hazırlanıb. Şərur, Ordubad və Babək
rayonlarında 3 xalq teatrının fəaliyyəti bərpa
olunub. Bununla yanaşı, muxtar respublikada fəaliyyət
göstərən 26 uşaq musiqi məktəbində qədim
musiqi alətlərinin tədrisinə başlanıb. Əl
işlərindən ibarət sərgi-satış salonunun,
"Hədiyyələr" mağazasının təşkil
edilməsi də görülən işlərdən olub.
Təbii ki, müstəqillik
yoluna qədəm qoyduğumuz indiki dövrdə
xalqımızın milli kimlik pasportu olan xalq
yaradıcılığının, əsrlər boyu yaranan mənəvi
və maddi mədəniyyət nümunələrinin öyrənilməsi,
ənənəvi sənət sahələrinin dirçəldilməsi,
onların geniş və sistemli şəkildə tədqiq və
təbliğ olunması mühüm əhəmiyyət kəsb
edir. Ali Məclis Sədrinin imzaladığı sərəncama
əsasən xalq sənəti nümunələrinin, milli mətbəxin,
folklorun, milli rəqs və mahnı sənətinin daha
geniş və sistemli şəkildə təbliğ olunması,
gənc nəslə çatdırılması məqsədi
ilə bu ildən başlayaraq muxtar respublikada Novruz bayramı
şənliklərində Xalq yaradıcılığı
günləri keçiriləcəkdir. Həmin tədbir də
bütün bayram günləri davam etdiriləcəkdir. Əvvəlcə
Naxçıvan şəhərində, sonrakı günlərdə
isə rayon mərkəzlərində, qəsəbə və
kəndlərdə də bu ovqat yaşadılacaqdır.
Muxtar respublika ərazisində
mövcud olan etnoqrafik və folklor materiallarının yenidən
toplanılması, sistemləşdirilərək elmi tədqiqata
cəlb olunması AMEA-nın Naxçıvan bölməsinə
tapşırılıb. Toplanılan materiallar əsasında
isə "Naxçıvan folkloru antologiyası" nəşr
ediləcəkdir. "Naxçıvan folkloru
atlası"nın işlənib hazırlanması da
görüləsi işlər sırasındadır.
Muxtar respublikanın Mədəniyyət
və Turizm Nazirliyi isə yerli bəstəkarlar təşkilatı
ilə birlikdə xalq mahnı və rəqslərinin,
Naxçıvanla bağlı saz havalarının tədqiqinə
və təbliğinə, qədim çalğı alətlərinin
isə tədqiqinə diqqəti artıracaqlar.
Sərəncama əsasən,
bundan sonra muxtar respublikada mövcud olan xalq teatrlarının və
folklor ansamblının fəaliyyətinə də hərtərəfli
kömək göstəriləcəkdir.
Məmməd Məmmədov
Azərbaycan.-2009.-18 mart.-S.8.