Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir

 

Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 14 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, geniş hüquqi islahatlar aparılmış və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaratmışdır. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. Ötən dövr 2002-ci ildə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərin də təsirli və səmərəli olduğunu sübut etmişdir. Hazırda Azərbaycan özünün inkişafının elə bir mərhələsinə daxil olmuşdur ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilmişdir. Başqa sözlə, bu, sosial sifarişdir.

Martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər insan hüquqları ilə bağlı təminatları daha da genişləndirir, dəqiqləşdirir və beynəlxalq müqavilələrdə əksini tapmış təminatları özündə əks etdirir.

Müstəqil Azərbaycan Respublikasının tarixinə Konstitusiyaya əlavə və dəyişiklik edilməsi üçün ikinci dəfə keçirilən referendumda seçici siyahılarına 4,8 milyondan çox seçici daxil olunmuşdur.

Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülmüş, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq müşahidəçilər dəvət edilmişdir. Təşviqat kampaniyası azad və şəffaf şəraitdə keçirilmiş, hər bir təşviqat qrupuna bərabər şərait yaradılmışdır.

Səsvermə günü səhərdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin Tofiq İsmayılov adına "İntellekt" liseyində yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 11-də ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səsvermə otağına gəlib, səsvermə bülleteni alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanının, televiziya kanallarının nümayəndələri izləyirdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da bu məntəqədə səs verdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 mart.-S.1.