Azad, ədalətli və şəffaf
şəraitdə baş tutan referendum xalqın iradəsini
ifadə etdi
Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr və dəyişikliklərlə
bağlı ümummxalq səsverməsi - referendum 29 saylı
Səbail seçki dairəsində də seçicilərin fəallığı
ilə müşahidə olundu. Dairənin 30 məntəqəsində
siyahı üzrə 39015 nəfər seçici qeydə
alınmışdır.
29 saylı Səbail
seçki dairəsinin 4 saylı seçki məntəqəsinin
sədri Lalə Əliyeva məntəqə üzrə 1048
seçicinin olduğunu bildirdi. Seçki prosesi qanunvericiliyin
tələblərinə uyğun həyata keçirilir. Məntəqədə
4 nəfər qeydiyyatdançıxma vərəqəsi ilə
səs verib. Seçki prosesini Böyük Britaniya və Fransa
səfirliyindən olan nümayəndələr də izləyiblər
və ilkin rəyləri müsbət olub. Seçki məntəqəsində
bütün zəruri texniki avadanlıqlar - veb-kameralar da
quraşdırılıb. Seçicilərin maarifləndirilməsi
və referenduma çıxarılan məsələlərin
vətəndaşlara dolğun çatdırılması
yönümündə seçkiöncəsi
aparılmış işlər öz bəhrəsini verir.
Seçicilər onlar üçün yaradılmış
demokratik mühitdən razılıqlarını bildirir və
öz mövqelərini sərbəst ifadə edirlər.
4 saylı məntəqədə
səs verən Xədicə Abbasova səsvermənin şəffaf
keçdiyini və hər hansı xoşagəlməz halla
rastlaşmadığını bildirdi. Qeyd etdi ki, qanunvericiliyə
uyğun aparılan təşviqat kampaniyasında Konstitusiyaya
edilən əlavələr və dəyişikliklər barədə
müfəssəl məlumat əldə etdik. Səsverməyə
gələndə artıq mövqelərimizi tam
aydınlaşdırmışdıq. Hesab edirəm ki, hər
kəs atacağı addımı əvvəlcədən
müəyyənləşdirməli və ölkəmizin
daha parlaq gələcəyi üçün mövqeyini ortaya
qoymalıdır.
Həmin məntəqədə
səsvermədə iştirak etmiş Ofeliya Məmmədova
qeyd etdi ki, seçicilərin öz iradələrini sərbəst
şəkildə ifadə etmələri üçün hər
cür şərait yaradılıb. Referendumqabağı
aparılan işlər vətəndaşların referenduma
marağının daha da artmasına və seçici fəallığının
təmin olunmasına gətirib çıxarıb. Səsvermədə
seçicilərin yüksək fəallığı
aparılan uğurlu təşviqat kampaniyasının məntiqi
nəticəsidir.
29 saylı Səbail
seçki dairəsinin 5 saylı məntəqəsinin sədri
Solmaz Həsənova bildirdi ki, Əsas Qanuna nəzərdə
tutulan dəyişikliklərə münasibətdə
seçicilərin fəallığı müşahidə
edilir. Məntəqə üzrə qeydə alınmış
1420 seçici günün birinci yarısında artıq səsvermə
hüququndan istifadə edib. Səsvermə prosesini 20
müşahidəçi - 15 yerli və 5 xarici müşahidəçi
izləyir. Heç bir qanun pozuntusu faktı
aşkarlanmayıb. 2 nəfər qeydiyyatdançıxma vərəqəsi
ilə səs verib. Referendum təşviqatın uğurla
aparılması nəticəsində Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər barədə ölkə vətəndaşları
kifayət qədər məlumat alıblar. Seçicilərin
maarifləndirilməsi, təklif edilən düzəlişlərin
mahiyyətinin izah edilməsi istiqamətində
seçkiöncəsi həyata keçirilən
çoxsaylı tədbirlər öz nəticəsini verdi.
Seçicilər səsvermədə aktiv iştirak etməklə
vətəndaşlıq borclarını yerinə yetirmiş
oldular.
Qeyd olunan məntəqədə
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən
"exit-poll" həyata keçirilirdi. Qurumun nümayəndəsi
Şamil Qafarov seçki məntəqəsinin
çıxışında seçicilərin rəy
sorğusunun keçirilməsində heç bir çətinliklə
üzləşmədiklərini bildirdi. Rəy sorğusunda
iştirak edən vətəndaşlar həvəslə
mövqelərini bildirir və səsvermə prosesindən
razılıq edirdilər. Ş.Qafarov əlavə etdi ki,
seçicilərin səsvermədə yüksək fəallığı
müşahidə olunur. Mərkəz əməkdaşlarımız
tərəfindən sorğu aparılan məntəqələrdə
vətəndaşların Konstitusiyaya əlavələr və
dəyişikliklərə münasibəti öyrənilir və
səsvermə başa çatan kimi ictimaiyyətə nəticə
barədə məlumat veriləcək.
Məntəqədə
müşahidə aparan Naibə Nəcəfova səsvermə
prosesinin qanunvericiliyə uyğun həyata keçirildiyini və
ciddi qanun pozuntusuna rast gəlmədiyini bildirdi. Səs verən
vətəndaşların Konstitusiyaya nəzərdə tutulan
əlavələr və dəyişikliklər barədə
lazımi qədər məlumatları var və sərbəst
şəkildə mövqelərini bildirirlər.
23 saylı Nəsimi-Səbail
seçki dairəsində də seçicilərin fəallığı
aydın müşahidə olunurdu. Xatırladaq ki, dairə
üzrə səsvermə hüququ olan 37698 seçici qeydə
alınmışdı.
Adı çəkilən
dairənin 28 saylı seçki məntəqəsində 1350
seçici qeydə alınmışdır. Bu məntəqədə
də səsvermənin şəffaf keçdiyi və qanun
pozuntusuna rast gəlinmədiyi prosesi izləyən yerli
müşahidəçilər tərəfindən etiraf
olundu. Rusiya Federasiyasından, Gürcüstan Respublikasından
olan müşahidəçilərin ilkin rəylərində
də səsvermənin azad, şəffaf keçdiyi qeyd
olunub. Seçicilər kənar müdaxilə olmadan sərbəst
şəkildə səsvermədə iştirak edirdilər.
Məntəqədə
müşahidə aparan Rahib Mürsəlov heç bir qanun
pozuntusuna rast gəlmədiyini bildirdi. Vətəndaşların
normal səs vermələri üçün hər cür
imkan yaradılıb. Seçici siyahısında adları
göstərilən seçicilər şəxsiyyət vəsiqələrini
təqdim etdikdən sonra bülletenlərini alaraq səsvermə
otaqlarına keçirlər. Səsvermə otağından
çıxan seçicilərin simasında xoş ovqat hiss
olunur.
Seçki məntəqəsində
olan digər müşahidəçi Qədir Əfəndiyev
bildirdi ki, səhər tezdən müşahidəçilərin
iştirakı ilə səsvermə qutuları
yoxlanıldı və möhürləndi. Seçicilərin
fəallığı günün birinci yarısında daha
çox müşahidə olundu. Vətəndaşların səsverməsi
üçün məntəqədə hər cür şərait
yaradılıb və xoşagəlməz hala da rast gəlinməyib.
Seçkilərin qanun pozuntusu olmadan başa
çatacağına ümidvaram.
Yasamal
Rayon ərazisində üç əsas
- 15, 16, 17, bir qarışıq - 12 saylı Qaradağ-Binəqədi-Yasamal
seçki dairələri yerləşir. 15, 16, 17 saylı
seçki dairələrinin 91 məntəqəsində 128 min
894 seçicinin səs verməsi üçün lazımi
şərait yaradılmışdır.
Məntəqələrdəki
fəallıq elə ilk baxışdan diqqəti cəlb
edirdi. Öncə 15 saylı Yasamal birinci seçki dairəsində
olduq. Dairənin sədri Sərdar Süleymanov bildirdi ki, burada
30 daimi, 4 qapalı seçki məntəqəsi yerləşir.
Əlavə olaraq bir sıra xarici dövlətlərdə -
Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Gürcüstanda,
Qazaxıstanda, Baltikyanı ölkələrdə 11
seçki məntəqəsi fəaliyyət göstərir.
Bu dairədə xaricdə yaşayan həmyerlilərimiz də
daxil olmaqla 46955 seçici var. Səsvermə prosesi
bütün seçki məntəqələrində yerli və
xarici müşahidəçilər tərəfindən izlənilir.
Bunun üçün onlara hər cür şərait
yaradılmışdır. S.Süleymanov vurğuladı ki, təbliğat
müddətində əhali arasında Konstitusiyaya edilən əlavə
və dəyişikliklərlə bağlı "dəyirmi
masa"lar, müzakirələr keçirilmiş, ümumxalq
səsverməsinə çıxarılan məsələlərin
həqiqi mahiyyətinin dərk olunması üçün
xüsusilə gənclər arasında maarifləndirmə
işləri aparılmışdır. Ona görə də
bu gün Azərbaycan vətəndaşları referenduma
çıxarılan müddəalarla əlaqədar öz
mövqelərini müəyyənləşdirməkdə
çətinlik çəkmirlər. 15 saylı Yasamal birinci
dairə seçki komissiyasının üzvü, bitərəf
Elçin Həmidov da söhbətə qatılaraq dedi ki,
Konstitusiyanın 29 maddəsinin tam oxunub başa
çatdırılması üçün vaxtı nəzərə
alıb hər məntəqəyə 10-12 kabinə və 4 səsvermə
qutusu qoyulmuşdur.
16 saylı Yasamal ikinci
seçki dairəsində isə 19 məntəqədə
42788 nəfər səsvermə hüququna malikdir. Dairə
seçki komissiyasının sədri Sədaqət Seyidzadə
bildirdi ki, dairənin tərkibində əlavə olaraq hərbi
hissədə və bəzi xarici ölkələrdə -
İran, Birləşmiş Ərəb Əmirlikləri,
Misir, Çin, Səudiyyə Ərəbistanı və
Türkiyədə də seçki məntəqələri fəaliyyət
göstərir. Ona görə də ümumilikdə bu dairədə
47816 nəfər ümumxalq səsverməsində iştirak
edir. Sədr səsvermənin mütəşəkkil
keçməsi üçün qabaqcadan ciddi hazırlıq
görüldüyünü vurğuladı:
- İndiyədək
heç bir qanun pozuntusuna yol verilməyib, saxtakarlıq
halları qeydə alınmayıb. Əhali yüksək əhval-ruhiyyə
ilə ümumxalq səsverməsində iştirak edir.
Referenduma gələnlərin fəallığı isə
artır. Bu siyasi aksiya xalqımız üçün əlamətdar
tarixi bir gün kimi yadda qalacaqdır.
Bakı Dövlət
Universitetinin binasında yerləşən 16 saylı Yasamal
ikinci seçki dairəsinin 11 saylı məntəqəsində
bayram əhval-ruhiyyəsi var idi. Vətəndaşlar müxtəlif
partiyalardan, təşəbbüs qruplarından olan
müşahidəçilərin gözləri
qaşısında qeydiyyatdan keçir, bülleteni alıb, Əsas
Qanunumuza təklif edilən əlavələr və dəyişikliklərə
öz münasibətlərini bildirirdilər. Məntəqə
seçki komissiyasının sədri Bəxtiyar Nəbiyev vətəndaşların
səsvermədə fəal iştirak etdiklərini xüsusi
vurğuladı. Qeyd etdi ki, indiyədək heç bir yerli və
xarici müşahidəçilər tərəfindən
seçkinin gedişinə irad tutulmayıb. Yeni Azərbaycan
Partiyasının müşahidəçisi Əli Səmədov
ümumxalq səsverməsinin normal qaydada, şəffaf
keçdiyini bildirdi. Müstəqil müşahidəçi
Adil Xasayev dedi ki, bu gün Azərbaycan xalqı
özünün taleyüklü məsələlərinə
münasibətini bildirir. Fəallıq birinci növbədə
insanların bu referenduma daha çox qatılması ilə
bağlıdırsa, digər tərəfdən hiss olunur ki, hər
kəs qaldırılan məsələyə daha ciddi
münasibət bəsləyir. Müşahidəçisi
olduğum məntəqədə səsvermə prosesi
qanunvericiliyə uyğun şəkildəaparılır, vətəndaşların
hər hansı bir sorğusu komissiya üzvləri tərəfindən
yerindəcə həllini tapır. Burada seçki prosesinin
demokratikliyini təmin etmək və şəffaflığı
qorumaq məqsədilə veb-kameralar da
quraşdırılıb.
11 saylı seçki məntəqəsində
olarkən BDU-nun prorektoru, professor İsmayıl Əliyevlə
də görüşdük. Referenduma münasibətini bildirən
İ.Əliyev dedi ki, bu gün cəmiyyətimiz çox tələbkardır.
İnsanlar birinci növbədə reallıqlara inanırlar.
Elə buna görə də Azərbaycanda ictimai rəy əsasən
xalqı tərəqqiyə, inkişafa aparan siyasətə
yönəlir. Ölkənin hüquq sisteminin bünövrəsini
təşkil edən Əsas Qanuna yeni dövrün gerçəklikləri
ilə səsləşən bir sıra əlavələr və
dəyişikliklərin edilməsi zərurətə
çevrilmişdir. Özünüz də şahidsiniz ki, son
illərdə reallaşdırılan liberal ruhlu islahatlar, tətbiq
olunan mütərəqqi hüquqi yeniliklər cəmiyyətin
inkişaf ahənginə adekvat olmuş, ən
başlıcası isə insan - vətəndaş hüquq və
azadıqlarının təmini məsələlərini
özündə ehtiva etmişdir. Bu baxımdan Referendum
Aktı layihəsi məhz ictimai tələbatdan doğan bir
addımdır. Və bu siyasi aksiya ilk gündən xalq tərəfindən
maraqla qarşılanmış və dəstəklənmişdir.
Seçki məntəqələrindəki fəallıq,
mütəşəkkillik də dediklərimizə
sübutdur. Əvvəlki seçkilərdən fərqli
olaraq, bu kampaniyaya daha aktiv münasibət hiss olunur. Bu isə
hamını sevindirir.
16 saylı Yasamal ikinci
seçki dairəsinin 25 və 26 saylı məntəqələrində
də olduq. Burada da bayram əhval-ruhiyyəsi var idi. 26
saylı məntəqədə muşahidəçi olan Azərbaycan
Respublikası Veteranlar Şurası Rəyasət Heyətinin
üzvü Samit Məsimov, təşəbbüs qruplarının
nümayəndələri Aidə Cəfərova, Nəcibə
Yaqubova, Mayəhtac Mollayeva və başqaları səsvermənin
normal qaydada keçdiyini bildirdilər. Həmin məntəqənin
seçicisi Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov
dedi ki, Azərbaycan xalqı taleyüklü məsələlərdə
heç vaxt seyrçi mövqe tutmayıb. Həmişə
sözü, münasibəti və fəallığı ilə
seçilib. Bu da təbii haldır. Çünki xalqın rəyi,
zəmanəti və səsi cəmiyyətin gələcək
sabitliyinə, əmin-amanlığına və firavan həyatına
güclü təsir göstərir.
17 saylı Yasamal
üçüncü seçki dairəsində 47766
seçici qeydiyyatdadır, 45 məntəqə fəaliyyət
göstərir. 29 saylı seçki məntəqəsinin sədri
Səbirə Məmmədova məntəqə üzrə 1475
seçicinin qeydiyyata alındığını bildirərək
səsvermə prosesinin şəffaf, azad və ədalətli
keçirildiyini dedi. Səsvermə prosesinin yenicə
başladığı ilk saatlarda 403 seçici məntəqədə
səs verərək ümumxalq müzakirəsinə
çıxarılan məsələlərə mövqeyini
ifadə edib. Məntəqədə 4-ü beynəlxalq olmaqla
25 müşahidəçi səsverməni izləyib. Eyni zamanda
prosesin gedişini respublikamızın hüdudlarından kənarda
izləmək üçün veb-kamera da
quraşdırılıb.
Məntəqə seçki
komissiyasının sədri heç bir qanun pozuntusunun qeydə
alınmadığını dedi. Səsvermə hüququ olan
vətəndaşlar qanunlara riayət edərək referendumda
iştirak etmiş, ümumxalq müzakirəsinə
çıxarılmış məsələlərə
münasibət bildirmişdilər. Hələ səsvermədən
bir neçə gün öncə məntəqədə
qeydiyyatda olan bütün seçicilərə bildiriş vərəqələri
paylanılmışdır. Səbirə Məmmədova dedi
ki, səsverməyə qatılan bütün seçicilər
bülletenlərdəki suallarla ətraflı tanış
olduqlarını bildiriblər.
Respublikamızda fəaliyyət
göstərən bir sıra səfirliklərin müşahidəçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
29 saylı seçki məntəqəsinə gələrək
prosesin gedişini izləyiblər.
17 saylı Yasamal
üçüncü seçki dairəsinin 30 saylı
seçki məntəqəsinin sədri Zemfira İbrahimova da
qeydiyyatda olan 1413 seçicinin 396 nəfərinin saat 10-da məntəqəyə
gələrək referendumda yüksək fəalıq
nümayiş etdirdiyini, bu aktivliyin gün ərzində davam
etdiyini bildirdi. Müstəqil Dövlətlər Birliyinin
Müşahidə Missiyasını təmsil edən
müşahidəçilər səsvermə prosesinin
gedişini izləyiblər. Onlar səsvermə prosesində
heç bir qanun pozuntusu qeydə almayıblar.
Nərimanov
Rayonun 18 saylı Nərimanov-Nizami
seçki dairəsində 45811 nəfər, 19 saylı Nərimanov
birinci 39744 nəfər, 20 saylı Nərimanov ikinci seçki
dairəsində isə 40219 nəfər səsvermə
hüququ olan vətəndaş qeydiyyatdadır.
20 saylı Nərimanov ikinci
seçki dairəsinin 30 saylı məntəqəsi akademik Həsən
Əliyev 57-də - "Azneftkimyamaş" SC-nin inzibati
binasında yerləşir. Azərbaycanın dövlət
himni səsləndikdən sonra məntəqə seçki
komissiyasının sədri Heydər Mirkərimov, komissiya
üzvləri və müxtəlif təşkilatları təmsil
edən müşahidəçilər öz yerlərini
tuturlar. Az sonra insanlar ikibir-üçbir məntəqəyə
doğru axışmağa başlayırlar. İlkin olaraq məntəqəyə
ömürlərinin səksəninci illərini yaşayan iki
qoca yaxınlaşır. MSK üzvləri ilə
mehribanlıqla bayramlaşan ağsaqqal ömür-gün
yoldaşı ilə birgə şəxsiyyət vəsiqəsini
təqdim edir. Məlum olur ki, onlar - Çəmənzəminli
küçəsi, 66 "A" ünvanda yaşayan, 1928-ci il
təvəllüdlü Muxtar Həsənov və həyat
yoldaşı Zabella nənədir. Məntəqəyə birgə
gəlsələr də, ayrı-ayrı kabinələrdə
səsvermə bülletenlərini işarələyib qutuya atırlar.
Bundan sonra məntəqəyə 87 yaşlı nurani qoca -
Şəmsi Rəhimov küçəsi, bina 3, mənzil 9-da
yaşayan Tofiq Abdullayev daxil olur, hamıyla salamlaşır,
bayramlaşır və səsvermə bülletenini
götürüb kabinəyə keçir...
Muxtar Həsənovla
yaxından tanış olmaq üçün məntəqənin
həyətində görüşürük.
- Çox gözəl şərait
yaradılıb, - deyir. Ayrı-ayrı kabinələrdə səs
versək də, evdə məsləhətləşib gəlmişdik,
ikimiz də eyni fikrdə idik. Heç bir müdaxilə hiss
etmədik. Mən bilirəm və əminəm ki, Azərbaycanın
gələcəyi daha yaxşı, bundan da qüdrətli
olacaq.
Məntəqənin ən
yaşlı seçiciləri ilə söhbət etdiyimiz
anlarda insanların məntəqəyə axını daha da
artırdı. Kimi tək, kimi ailə üzvləri ilə,
kimi də qonşusu ilə birgə gəlirdi. Dəqiqələr
saatlara çevrildikcə gələnlərin sayı
çoxalırdı. Çox çəkmədən xarici
ölkələrdən səsvermənin gedişini izləməyə
gəlmiş müşahidəçilər də məntəqəyə
daxil oldular. Onlar RF Dövlət Dumasının üzvü
Sergey Smetaninov və Belçika Parlamentinin nümayəndələri
Yvon Harmeeries və Saulmon Guy idi. Qonşu məntəqədən
gəldiklərini, oradakı vəziyyətdən razı
qaldıqlarını bildirdilər.
30 saylı məntəqədə
1243 nəfər səsvermədə iştirak edir. Məntəqə
sədrinin məlumatına görə, bunlardan 10 nəfəri
referendumqabağı qeydiyyatdan çıxdığına
görə başqa məntəqədə səs verəcək.
Artıq saat 12 radələrində 250 nəfər seçici
səsvermədə iştirak etmişdi.
"Zəka" təşviqat
qrupunun üzvü Emin Talıbov bildirdi: - Səsvermə
mütəşəkkil və əhalinin fəallığı
şəraitində keçir. Məntəqədə müxtəlif
ictimai-siyasi təşkilatları, qurumları təmsil edən
müşahidəçilərə normal şərait
yaradılıb. Dörd saata yaxındır ki, camaat gəlib-gedir,
hələlik heç bir neqativ hala, qanun pozuntusuna yol verilməyib.
Rayondakı 19 saylı Nərimanov
birinci seçki dairəsinin 15 saylı məntəqəsində
də vətəndaşların fəallığı
qaneedici idi. Bayram ovqatlı insanlar dəstəbədəstə
seçki məntəqəsinə gəldikcə onların
seçki mədəniyyətinə, siyasi fəallığına
qibtə etməyə bilmirsən. Eyni fikirlərin təsdiqini
məntəqənin həyətində bizimlə müsahibəsində
Estoniya Parlamentinin üzvü Tomas Alatalunun və Finlandiya təmsilçisi
Karkkainen Karinin dilindən də eşitdik.
Günortaya yaxın burada 300
nəfərədək seçici səsvermədə
iştirak etmişdi. Bu ara məntəqədən sevincək
və özündən çox razı halda çıxan bir
neçə gənc çoxunun diqqətini özünə
çəkdi. Onlar rayonun H.Məmmədov küçəsi,
9 ünvanda yaşayan Kamran Əliyev və M.B.Məhəmmədzadə,
11 ünvanda yaşayan 18 yaşı təzəcə tamam
olmuş Gövhər Talıbzadə idi. Yaxınlaşıb
səsvermə prosesinə münasibətlərini öyrənmək
istədik.
Kamran Əliyev dedi: - İlk
dəfədir səsvermədə iştirak edir, bundan həm
sevinir, həm də həyəcan keçirirdim. Amma məntəqədəki
normal şərait, sərbəstlik mənə hər şeyi
unutdurdu. Səsvermə bülletenimi alıb, özüm istədiyim
kimi qeydlərimi etdim.
Rayonun digər məntəqələrində
də seçicilərin fəallığının, öz vətəndaşlıq
borclarına məsuliyyətlə yanaşdıqlarının
şahidi olduq.
Xətai
Rayonun əhalisi bundan əvvəlki
bütün seçkilərdə olduğu kimi, Konstitusiya
islahatı ilə bağlı keçirilən ümumxalq səsverməsi
- referendum günündə də fəal iştirak etdi. Onlar
bu ərazidə 33-36-cı dairələr üzrə təşkil
edilmiş 132 məntəqədə Referendum Aktının
layihəsi əsasında hazırlanmış səsvermə
bülletenindəki 29 maddədə nəzərdə
tutulmuş dəyişikliklərə öz münasibətlərini
bildirdilər .
Səhər tezdən biz də
vətəndaşlıq borcumuzu yerinə yetirərək 36 saylı
4-cü seçki dairəsinin 9 saylı seçki məntəqəsində
səs verəndən sonra bir sıra seçki məntəqələrində
müşahidəçi kimi iştirak etdik. Səsvermənin
şəffaf keçirilməsi üçün bütün
seçki məntəqələrində əvvəlcədən
yüksək səviyyədə hazırlıq işləri
aparılmışdı. Əhali referendumda sərbəst,
heç bir təzyiqə rast gəlmədən yüksək əhval-ruhiyyə
ilə iştirak edirdilər. Bunun bir səbəbi də onlar
arasında bu istiqamətdə əvvəlcədən təbliğat
-təşviqat işlərinin düzgün
qurulmasıdır. Bunu 36 saylı 4-cü seçki dairəsinin
2 saylı seçki məntəqəsində səs verən
vətəndaş Elmira Həsənovanın sözlərindən
də aydın görmək olar: "Müstəqil dövlətimizin
bütün sahələr üzrə sürətli inkişaf
yoluna qədəm qoyması, beynəlxalq aləmdə əlaqələrinin
genişləndirilməsi, demokratik proseslərin
inkişafına xüsusi önəm verilməsi, insan
hüquq və azadlıqlarının qorunması istiqamətində
əhəmiyyətli tədbirlərin həyata keçirilməsi
Azərbaycan Konstitusiyasına bir sıra əlavələr və
dəyişikliklərin edilməsini zəruri etmişdir.
Bugünkü ümumxalq səsverməsində evimizdən 5 nəfər
iştirak edərək aparılan islahatlara münasibət
bildirmişdir".
4 saylı cəzaçəkmə
müəssisəsində təşkil edilmiş 32 saylı
seçki məntəqəsində də məhbus
qadınların səsvermədə yüksək fəallıqla
iştirak etdiklərini izlədik. Bu insanların seçkilərdə
mütəşəkkilliklə iştirak etmələrinin bir
səbəbi də bayramqabağı - martın 17- də Milli
Məclisdə humanizmin təcəssümü olan amnistiya
aktının qəbul edilməsi və bunun 9000 məhbusa
şamil olunmasıdır.
Əfəndiyev adına 4
saylı klinik xəstəxananın nəzdində təşkil
edilmiş 34 saylı seçki məntəqəsində də
xəstələrin ruh yüksəkliyi ilə səs vermələrinn
şahidi olduq. Sədr M.Əhmədzadə məlumat verdi ki,
197 xəstə bugünkü referendumda iştirak etməlidir.
Yataq şəraitində olan 32 xəstənin səsvermədə
iştirakını təmin etmək məqsədilə
bülleten qutularının onların yanına
aparılmasını təşkil etmişik.
1 və 5 saylı seçki
məntəqələrində də qələbəliyin
şahidi olduq. Bütün seçki məntəqələrində
yerli və xarici müşahidəçilər səsvermənin
gedişini izləyirdilər.
Xətai rayonu üzrə
ümumilikdə 166.651 seçici var və onların əksəriyyəti
referendumda iştirak etmişdir.
Azərbaycan.-2009.-19 mart.-S.4-5.