"Seçkilər"
İnformasiya Mərkəzi
səsvermə ilə
bağlı məlumatların
ictimaiyyətə operativ
ötürülməsini təmin
etdi
Mərkəzi Seçki Komissiyasının
nəzdində fəaliyyət
göstərən "Seçkilər"
İnformasiya Mərkəzi
referendum günü səsvermənin
gedişatı ilə
bağlı informasiyaları
gün ərzində operativ şəkildə ictimaiyyətə təqdim
etdi. Mərkəz
ötən seçkilərdə olduğu kimi, referendumda da
öz fəaliyyətini çevik və dəqiq şəkildə
quraraq vəzifəsini yerinə yetirdi.
Qeyd edək ki, ulu öndər
Heydər Əliyevin imzaladığı 2000-ci il 3 sentyabr
tarixli "Azərbaycan Respublikasında Dövlət
Avtomatlaşdırılmış "Seçkilər"
İnformasiya Sisteminin yaradılması haqqında" sərəncama
əsasən Azərbaycan Respublikasında seçki sisteminin təkmilləşdirilməsi,
onun informasiya təminatının müasir tələblər
səviyyəsində qurulması və seçki prosesində
aşkarlığın və şəffaflığın təmin
olunması məqsədilə Azərbaycan Respublikasında
Dövlət Avtomatlaşdırılmış
"Seçkilər" İnformasiya Sistemi
yaradılmışdır. Sərəncamın 2-ci bəndində
isə MSK-ya təklif edilmişdir ki, sistemin fəaliyyətini
təşkil etmək üçün öz nəzdində
İnformasiya Mərkəzi yaratsın, sistemə aid tələbləri
və ondan istifadə qaydalarını müəyyən etsin,
həmçinin sistemin daxilində informasiya mübadiləsi və
mühafizəni təmin etmək üçün müvafiq
icra hakimiyyəti orqanları ilə birgə zəruri tədbirlər
hazırlayıb həyata keçirsin.
2000-ci il noyabrın 2-də "Seçkilər" İnformasiya Mərkəzinin rəsmi açılışı olmuşdu. Açılış mərasimində iştirak edən ulu öndər Heydər Əliyev Mərkəzin iş rejimi ilə maraqlanmış, burada quraşdırılmış müasir avadanlıqlarla, kompüter və digər texniki vasitələrlə tanış olmuşdur.
Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin funksiyalarını Seçki Məcəllələrinə uyğun olaraq MSK müəyyənləşdirir. DAİS-in texniki baxımdan iş icraçılığını isə "Seçkilər" İnformasiya Mərkəzi yerinə yetirir. Seçki dövrü olmadığı müddətlərdə də mərkəz daim fəaliyyət göstərir. Məlum olduğu kimi, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər il seçici siyahıları tərtib olunur. Bu siyahılar tərtib edilərkən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemlərindən istifadə edilir.
Seçki və ya referendum günü isə "Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyəti xüsusilə ölkə ictimaiyyətinin diqqət mərkəzində olur. Çünki səsvermənin gedişatı və əhalinin seçkidə iştirakı ilə bağlı informasiyalar dairə seçki komissiyalarından buraya ötürülür. Səsvermə günü Mərkəz beş hesabat dövründə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da səsvermənin gedişatı ilə bağlı ən son informasiyaları verir. Səsvermə başa çatdıqdan sonra dairə seçki komissiyalarından protokollar "Seçkilər" İnformasiya Mərkəzinə daxil olur.
Dünən "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynovla görüşdük. Söhbət zamanı R.Hüseynov bütün dairə seçki komissiyaları ilə fasiləsiz əlaqənin olduğunu və hər hesabat dövründə yeni məlumatların ictimaiyyətə çatdırıldığını dedi. R.Hüseynov onu da bildirdi ki, fəaliyyət göstərdiyi 8 ildən artıq müddətdə "Seçkilər" İnformasiya Mərkəzi daim iş təcrübəsini artırıb, seçkidən- seçkiyə öz fəaliyyətini ən müasir metodlar çərçivəsində qurub. "Seçkilər" İnformasiya Mərkəzi Konstitusiyaya nəzərdə tutulan əlavələr və dəyişikliklərlə bağlı keçirilən referendumda da vəzifəsinin öhdəsindən uğurla gəlib.
"Seçkilər" İnformasiya Mərkəzində olduğumuz zaman burada məlumatların ötürülməsi ilə bağlı fəaliyyət prosesinin ən müasir metodlar çərçivəsində qurulmasının əyani şahidi olduq. Mərkəzin qapısı hər bir jurnalistin və müşahidəçinin üzünə açıq idi. Onların rahat şəkildə referendumun gedişini izləmələri, məlumat toplamaları üçün bütün texniki imkanlar var idi. Müşahidə zalındakı bütün texniki avadanlıqlar ötən seçkilər zamanı quraşdırılmış avadanlıqlardan müasirliyi ilə fərqlənirdi. Divarda quraşdırılmış monitorlar vasitəsilə kompüter arxasına əyləşmədən gün ərzində dairələr üzrə səsvermənin gedişatını izləmək mümkün idi. Hər bir şəxs zalda quraşdırılmış ən müasir kompüterlərin arxasına əyləşib son məlumatları əldə edə bilərdi. Kütləvi informasiya vasitələri nümayəndələrinin, müşahidəçilərin operativ şəkildə internet, telefon və faks vasitəsilə informasiya ötürə bilmələri, o cümlədən televiziya kanallarının əməkdaşlarının birbaşa efirə çıxmaları üçün bütün şərait yaradılmışdır. Mərkəzin rəhbərliyi və əməkdaşları səsvermənin gedişini izləyən hər kəsin müraciətinə həssaslıqla yanaşırdılar.
Dünən keçirilən referendumda "Seçkilər" İnformasiya Mərkəzi gün ərzində səsvermənin gedişatı ilə bağlı bütün informasiyaları ictimaiyyətə çatdıraraq öz vəzifəsinin öhdəsindən layiqincə gəldi.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-19 mart.-S.10.