Azərbaycanın seçki təcrübəsi bəzi Qərb dövlətləri üçün model ola bilər

 

Konstitusiyaya nəzərdə tutulan əlavələr dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə hazırlıq, referendumun yüksək səviyyədə təşkili beynəlxalq müşahidəçilər, ekspertlər tərəfindən təqdir olunaraq alqışlanır. Bolqarıstan Prezidenti Yanında Əfv Komissiyasının üzvü, insan haqları seçkilər üzrə beynəlxalq ekspert, Bolqarıstanda Məhkum Olunmuş şəxslərin Reinteqrasiyası Assosiasiyasının rəhbəri Daniel Stoyanov qəzetimizin əməkdaşı ilə söhbətində apardığı müşahidələrə əsasən yüksək qənaətə gəldiyini bildirmişdir:

- Bu, mənim Azərbaycana 25-ci gəlişimdir. 2000-ci ildən indiyədək keçirilmiş parlament, prezident, bələdiyyə seçkilərində, referendumda beynəlxalq müşahidəçi kimi iştirak etmişəm. 18 mart ümumxalq səsverməsinə gəlincə, mən referenduma hazırlıq prosesində müşahidələr apardım. Əldə etdiyimiz nəticələr, ümumi təəssüratlarım bundan ibarətdir: heç bir qanun pozuntusu qeydə almamışam, səsvermənin təşkilatçılıq işi yüksək səviyyədə qurulubdur. Referenduma hazırlıq mərhələsi demokratik prinsiplər, subyektlərə bərabər imkanlar yaradılmaqla başa çatdırılıb. Heç bir problem qeydə alınmadı. Yeri gəlmişkən, qeyd edim ki, gənc dövlət kimi, Azərbaycanın cəmi bir neçə ilik seçki təcrübəsi daim təkmilləşir, inkişaf edir. Mən bu fikirləri ümumi təəssüratlarım əsasında söyləyirəm. Beynəlxalq ekspert kimi izlədiyim parlament, prezident seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu. Hətta deyə bilərəm ki, Azərbaycanın seçki təcrübəsi o qədər təkmilləşib ki, bu, bəzi Qərb ölkələri üçün model ola bilər, onlar bu gənc müstəqil dövlətin səsvermələrə, seçkilərə hazırlıq təcrübəsindən yararlana bilərlər.

Bir sıra dövlətlərə seçkilərin demokratik təşkilinə görə Azərbaycandan nümunə götürməyi tövsiyə edərdim. Qeyd edim ki, bəzi Avropa dövlətlərində seçkilər zamanı ortaya çıxan ənənəvi problemlər hələ qalmaqdadır. Ancaq Azərbaycanda bu sahədə vəziyyət tamamilə fərqlidir. Elə misal üçün götürək respublikanın bütün bölgələrini əhatə edən 500 seçki məntəqəsi üzrə quraşdırılmış veb-kameraları. Burada veb-kameraların geniş şəkildə tətbiq edilməsi təcrübəsi olduqca müasirdir sivil tələblərə cavab verir. Bəzi Qərb dövlətlərinin seçki ekspertləri bu təcrübəni tədqiq etməyə başlayıblar. Onlar bu metodları öz ölkələrində tətbiq etməyi düşünürlər.

Çəkiliş kameralarının tətbiqi səsvermə prosesinə dünyanın istənilən ölkəsində daha yaxşı nəzarət etməyə imkan yaradır. Beynəlxalq ekspert olaraq referendumda veb-kameraların quraşdırılması metodunu alqışlayırıq. Bu, səsvermə prosesinin tam demokratik keçirildiyinə dəlalət edir. Avropa dövlətləri təcrübədən gələcəkdə geniş şəkildə istifadə etməlidirlər. Ona görə ki, vasitə seçkilərin demokratik, azad şəffaf keçirildiyini canlı olaraq nümayiş etdirir.

Referendumun ötən illər keçirilmiş səsvermələrdən yeganə fərqi ondan ibarətdir ki, vətəndaşlar bir neçə suala cavab verməli olacaqlar. Lakin səsvermə prosesinə hazırlıq mərhələsində seçicilər kifayət qədər maarifləndirilmişdi. Vətəndaşlara ümumxalq müzakirəsinə çıxarılmış məsələlərin mahiyyəti haqda dolğun məlumatlar verildi. Hər bir seçici öz seçimini etməkdə sərbəstdir.

Səsvermə bülletenlərinə salınan suallar çoxdur. Ancaq inanırıq ki, referenduma mütəşəkkil hazırlıq, yüksək səviyyədə aparılmış təşkilatçılıq Azərbaycan vətəndaşlarının müzakirəyə çıxarılan məsələlərə münasibətlərini ifadə etmək qabiliyyəti yüksək nəticələr əldə etməyə imkan verəcəkdir. Bunun üçün kifayət qədər vaxt vardır.

- Qeyd etdiniz ki, respublikamıza bir neçə dəfə gəlmisiniz. Ötən səfərlərinizlə müqayisədə növbəti gəlişiniz zamanı ölkəmizdə hansı dəyişikliklərlə qarşılaşdınız?

- Azərbaycan olduqca yüksək sürətlə inkişaf edir. Bu tərəqqi o qədər nəzərə çarpır ki, indi burada əvvəlki ölkədən əsər-əlamət qalmayıbdır. Mən bunu dəyişiklik kimi deyil, dinamik inkişaf, tərəqqi kimi xarakterizə edirəm. Bizim hər dəfə qarşılaşdığımız yeniliklər Azərbaycanın demokratik yolda olduğunu sübut edir.

Bakıya ilk gəlişim 9 il öncəyə təsadüf etdi. Paytaxt o qədər dəyişib ki, şəhəri artıq tanımaq olmur. Bütün dəyişikliklər, nailiyyətlər sivil yolla inkişaf edən, demokratik prinsipləri üstün tutan bunu seçkilərdə əsas götürən Azərbaycanın müvəffəqiyyətlərindən xəbər verir. Hər bir ölkənin tərəqqisi demokratiyanın inkişafından, azad, ədalətli şəffaf seçkilərdən keçir. İctimai yerlərdə qarşımıza çıxan insanların üzlərindəki təbəssüm elə ilk baxışda Azərbaycanda hər şeyin qaydasında olduğunu, demokratiyanın inkişaf etdiyini deməyə əsas verir.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-19 mart.-S.6.