Məcburi köçkünlər səsvermədə yüksək fəallıq nümayiş etdirdilər

 

Ağdam

 

118 saylı Ağdam seçki dairəsinin 31 saylı seçki məntəqəsindəyik. Tanımadığımız ən uzaq insan da burada sanki bacımız, qardaşımız qədər bizə doğma və yaxındır. Dərnəgüldəki 7 yataqxanada yaşayan qaçqınlar bu seçki məntəqəsində səs verirlər. Ümumiyyətlə isə 118 saylı Ağdam seçki dairəsinin Bakının bütün rayonlarında 23 seçki məntəqəsi var. 31 saylı seçki məntəqəsinin sədri Emilya Hacıyeva 1963-cü ildən seçkilərdə təşkilatçı kimi fəal iştirak edib, dəfələrlə məntəqə sədri olubdur.

Emilya xanım referendumda seçicilərin xüsusi fəallığını qeyd edir: - Artıq məntəqəmizdə 470 nəfər seçici səsvermədə iştirak edibdir. Seçicilərimiz aqibətlərinin yaxşı olmasını, işğal edilmiş ərazilərin geri qaytarılmasını istəyirlər və belə tədbirlərdə xüsusi fəallıqları ilə seçilirlər. Əlli ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Bu vaxtın böyük hissəsi indi yaşadığımız məcburi köçkün qismətinin payına düşür. Hamı düşünür ki, bugünkü referendum Azərbaycan dövləti tarixində vacib mərhələdir. Bizim başqa seçicilərdən bir fərqimiz var, onlar səs verdikdən sonra öz evlərinə qayıdır, biz isə müvəqqəti məskunlaşdığımız ocaqlara.

Söhbətin səmimiliyindən elə alınır ki, bizə yaxınlaşaraq qulaq asanların sayı getdikcə artır. Mehbarə Hüseynova təqaüdçüdür, səs verməyə gəlibdir:

- Qızlarım günortayadək səs veriblər, yoldaşım da məndən sonra gələcək. Özüm Ağdamda pambıqçı idim, əllərimin qabarı ilə dolanırdıq. Anam da elə zəhmətkeş insan idi ki, Heydər Əliyev rayonumuza gələndə onunla şəkil çəkdirmişdi. Bizim bu dövlətdən başqa kimimiz var ki... Ağdam bir nağıl, əfsanə idi, qardaşım. Həmişə çalışıram ki, belə işlərdən kənarda qalmayım. Gəlirəm ki, dövlətimin bütün tədbirlərində iştirak edim. Bizim güvənc yerimiz dövlətimiz və hakimiyyətimizdir.

- Ana Vətən, qaytar bizi bizlərə,

Viran qalıb köç eyləmiş düzlərə. - Söhbətə Ağdam 32 saylı köçkün məktəbinin müəlliməsi İradə Qarayeva şeirlə qoşulur. Hamı kövrəlir, artıq hamı söhbətin içindədir və hər tərəfdən səslənən misralardan qurtarmaq olmur:

Yardımla ağızda dad olacaqmı?

Vətənsiz könlümüz şad olacaqmı?

Yarım saatlıq adi görüş unudulmaz xatirəyə çevrilir. Fikirləşirik ki, görəsən insanları bir-birinə bağlayan, onların əxlaqını və güclərini artıran nədir? Asan bir cavab gəlir ağlımıza - inam. Bizi çörək kəsməmiş buraxmayan Ağdamın məcburi köçkünlərinin inamı kimi. Redaksiyaya qayıdırıq, ağzımızda çörəyin tamı, qəlbimizdə çox isti səmimiliyin hərarəti ilə...

 

***

Baharın gəlişi, təbiətin oyanışı həmişə canlanma yaradır. Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi yerlərdə bu canlanmanı daha da artırmışdı.

Ağdam rayonu ərazisində yeni salınmış "Dördyol - 1" qəsəbəsində də belə idi. Bu qəsəbə abad bir şəhərə bənzəyir. Qəsəbə sakinləri ilaxır çərşənbəni böyük təntənə ilə qeyd ediblər. Həyətlərdə qalanan Novruz tonqallarının başında xoş arzular, diləklər səslənibdir.

Martın 18-də qəsəbənin sakinləri dəstə - dəstə yeni və yaraşıqlı məktəbdə yerləşən 35 saylı seçki məntəqəsinə axışırdılar. 119 saylı Ağdam kənd seçki dairəsinin tərkibində olan bu seçki məntəqəsində 1415 nəfər səs verəcəkdi. Bunların arasında ilk dəfə səs verəcək 18 nəfərdən biri Aysel Allahverdiyeva idi. İlk dəfə səs verənlərə xüsusi diqqət yetirən komissiya üzvləri yerbəyerdən Ayseli təbrik etdilər. O, sevincini bizimlə belə bölüşdü:

-Ölkənin tam hüquqlu vətəndaşı olduğunu dərk edəndə adam qürur hissi keçirir. Bunu ona görə deyirəm ki, qəsəbəyə köçməmişdən əvvəlki günlər yaxşı yadımdadır. Ailəmiz, qohum-əqraba çadır şəhərciklərində zillət çəkdilər. Prezidentin bizə böyük qayğısının nəticəsidir ki, belə yaraşıqlı qəsəbələrdə rahat, işıqlı və geniş mənzillər almışıq. Hamımız inanırıq ki, torpaqlarımız da tezliklə işğalçılardan təmizlənəcəkdir. Biz Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə səs verməklə dövlətimizin tərəqqisinə kömək etmiş oluruq. Bu gün həyatımda ən xoşbəxt və unudulmaz günlərdən biridir.

Ağdamlılar bütövlükdə 90 məntəqədə səs veriblər. Biz hansı məntəqədə olduqsa, hamısında siyasi fəallıq, xoş əhval-ruhiyyə, mütəşəkkillik gördük.

 

***

Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlərin səs verməsi üçün yüksək şərait yaradılıbdır. 119 saylı Ağdam kənd seçki dairəsinin 42 saylı məntəqəsinə daxil olanda seçicilər bülleten alırdılar. Məntəqə seçki komissiyasının sədri Şakir Səfərov 834 seçicinin hər birinin adının siyahıda dəqiqləşdirildiyini bildirdi. Səhər seçki məntəqəsi açılandan səsverməyə gələnlərin sayının azalmadığını bildirən Ş.Səfərov onu da nəzərə çatdırdı ki, neçə illərdir seçicilərin belə fəallığının şahidi olmayıbdır. Məntəqə seçki komissiyasının üzvləri Dilşad Bağırova, Akif Hüseynov, Gülşən Quliyeva, Elşən Əliyev və Mürşüd Sadıqov hər bir seçicinin sərbəst səs verməsi üçün lazım olan köməyi edirdi. Ağdam sakini Sərraf Səfərov, Coşqun Hüseynov və Bəhruz Vəliyev bildirdilər ki, inşallah, növbəti dəfə bu cür tədbirlərin doğma torpaqlarda keçiriləcəyinə əmindirlər. Onlar respublikamızın gələcəyinin daha yaxşı olacağını qeyd etdilər və işğal olunmuş ərazilərimizin tezliklə düşməndən azad ediləcəyini, Qarabağ səmasında möhtəşəm Azərbaycan bayrağının dalğalanacağını vurğuladılar.

 

Şuşa

 

 Martın 18-də keçirilən referendumda Şuşa rayonundan olan məcburi köçkünlər də yüksək fəallıq nümayiş etdiriblər. Bu rayonun Malıbəyli kəndindən olan məcburi köçkünlər üçün yaradılan 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsinin 8 saylı məntəqəsində sərbəst səs vermək üçün yüksək şərait yaradılmışdır. Seçki məntəqəsi Sabunçu rayonu ərazisində yerləşən Yeni Ramana qəsəbəsindədir. Qəsəbədə əsas etibarı ilə Şuşa rayonunun Malıbəyli kəndindən olan məcburi köçkünlər üçün Prezident İlham Əliyevin göstərişinə əsasən, yeni şəhərcik salınıbdır.

Seçicilərin yüksək aktivlik nümayiş etdirdiyi 8 saylı seçki məntəqəsində səsvermə prosedura uyğun həyata keçirilirdi. Seçki məntəqəsində seçiciləri maarifləndirən məlumat guşələri asılmış və seçicilərin adlarının yer aldığı siyahılar divarlara vurulmuşdu. Daxil olan seçicilərin hər birinin sol əlinin baş barmağı nəzarətçi tərəfindən yoxlanılır, daha sonra barmaqları mürəkkəblənir və bundan sonra seçki məntəqəsinə buraxılırdı. Seçici siyahılarında adlarının olub-olmadığını dəqiqləşdirdikdən sonra seçicilər şəxsiyyət vəsiqəsini təqdim edərək bülletenlər götürürdü. Məntəqədə seçicilərin rahat səsverməsi üçün 8 kabinə yaradılmışdı.

Məntəqə seçki komissiyasının sədri Ənvər Dadaşovun sözlərinə görə, səsvermə prosesinin gedişində hər hansı qanun pozuntusu qeydə alınmayıbdır. Məntəqədə 1010 nəfər seçicinin qeydiyyatda olduğunu bildirən Ənvər Dadaşov səsvermədə müşahidə olunan yüksək fəallıqdan razı qaldığını bildirdi: "Məntəqədə seçicilərin rahat səsverməsi üçün hər şərait yaradılıbdır". Müşahidəçi qismində səsvermə prosesini izləyən Müzəffər Babayev də prosedurun gedişindən razı qaldığını bildirdi.

 

Laçın

 

121 saylı Laçın seçki dairəsi respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 100 seçki məntəqəsini əhatə edir. Seçici siyahılarına 41.274 nəfər rayon sakininin adı daxil edilmişdir. Dairə seçki komissiyasının sədri Malik Vəliyev bildirdi ki, Taxta Körpü ərazisində 14 seçki məntəqəsi fəaliyyət göstərir. Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları yaxın-uzaq ərazilərdəki məntəqələrlə müntəzəm əlaqə saxlayırıq. Səsvermə hər yerdə mütəşəkkil qaydada davam edir.

Taxta Körpü qəsəbəsindəki 87 saylı seçki məntəqəsində vaxtında görülmüş nümunəvi hazırlığın nəticəsidir ki, burada daha çox fəallıq hiss olunurdu. Seçici siyahısında olan 910 nəfərin günün birinci yarısında 50 faizi səs vermişdi. Səsvermə otağından çıxan seçici Cənnət Əliyev deyir:

- Biz, laçınlılar həmişə dövlətçiliyimizə, Heydər Əliyev siyasi kursuna sadiqik. Ölkəmizin Əsas Qanununa ediləcək əlavələr və dəyişikliklər ürəyimizcədir. Mən də yeniliklərə səs verdim.

 

Füzuli, Xocalı, Xocavənd

 

 Hava tutqun olsa da yaz günəşinin hərarəti aşkar duyulurdu. Yeni Yasamal yaşayış massivindəki 286 saylı orta məktəbdə yerləşən seçki məntəqəsinə səsverməyə gələnlər yurd həsrəti çəkən şuşalı, laçınlı, kəlbəcərli, cəbrayıllı məcburi köçkünlər, el-obalarından didərgin düşmüş, hazırda həmin ərazidə müvəqqəti məskunlaşmış insanlar idi. Onların hər biri vətəndaşlıq borcunu yerinə yetirməklə, həm də gələcək arzularının həyata keçməsinə inamla, ümidlə səs verirdilər. Onlardan birinə - 70 yaşlı Minurə Qasımovaya yaxınlaşdıq. O dedi:

- Dünya qəribədir, ay bala. Gah boşalır, gah da dolur. Kaş bu günlərimizi, azadlığımızı, müstəqilliyimizi ömrümün ilk çağlarında yaşayaydım. Heyf ki, dünyaya göz açdığım diyarımızın havasına, suyuna tamarzı olmuşam. Amma fəxr edirəm ki, dövlətimiz vaxtaşırı imdadımıza çatır, qayğımıza qalır. Bunun üçün rifah halımızın daha da güclənməsinə, hüquqlarımızın qorunmasına, müdafiə olunmasına səs verməyə gəlmişəm.

Şuşa, Füzuli, Xocalı, Xocavənd 124 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsinin komissiya sədri İslam Əhmədov:

- Referendumun azad, obyektiv və demokratik keçirilməsi üçün seçki məntəqəsində hər cür şərait yaradılıb. Bu cəhəti məntəqəyə gələn xarici ölkə müşahidəçiləri də etiraf edirlər. Seçkilərin fəallığı isə, gördüyünüz kimi, yüksəkdir. Günortayacan səsvermə hüququna malik 1406 nəfərin yarıdan çoxu artıq səs verib.

Şuşadan olan İdris Abbasovun da ürək sözlərini eşitdik:

- Çox seçkilərdə iştirak etmişəm. Hər dəfə də görürəm ki, seçkidən-seçkiyə vətəndaşların bu prosesdə iştirakları getdikcə aktivləşir. Bugünkü referendum da demokratik şəraitdə keçirilir. Konstitusiya hər bir vətəndaşın hüquqlarını qoruyan, müdafiə edən əsas qanundur. Konstitusiyaya təklif edilən dəyişikliklər də elə bu funksiyanın daha da güclənməsi üçündür.

Laçın rayonunun 121 saylı seçki dairəsinin 7 saylı məntəqəsi də bu məktəbdə yerləşir. Səsverməyə gələn laçınlı məcburi köçkünləri nikbin, gülərüz, deyib-gülən gördük. Məntəqə komissiyasının sədri Famil Şükürov:

- Hər seçici mövqeyinə uyğun səs vermək hüququna malikdir. Azərbaycanın hər bir vətəndaşı kimə güvənməyi, arxalanmağı yaxşı bilir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi də bu baxımdan xarakterikdir. Bizim seçki məntəqəsində 1152 nəfər həmyerlimiz səs verməlidir. Baxın, necə növbə yaranıb. Hər bir vətəndaş demokratik şəraitdə öz səsini verir, mövqeyini bildirir.

Zeynal Mahmudov laçınlılar arasında sadə, səmimi, işgüzar adam kimi tanınır. Yaşa dolsa da yenə fəaldır:

- Seçki məntəqəsinə gəlmək, səs vermək üçün heç kim heç kimi məcbur etmir. Bu, sadəcə olaraq bizim vətəndaşlıq borcumuz, gələcəyimizi düşünməyimizin nəticəsidir.

Günorta vaxtıdır. Yaxın və uzaq xarici ölkələrdən gəlmiş müşahidəçilər səsvermə prosesini diqqətlə, maraqla izləyirlər. Onlardan birinə, Ukraynadan gəlmiş müşahidəçiyə yaxınlaşıb fikrini öyrəndik. O dedi:

- Dünyanın çox ölkəsində olmuşam, səsvermə kampaniyalarını izləmişəm. Səmimi fikrimdir - belə azad, şəffaf, ədalətli, demokratik yolla keçirilən səsvermə az görmüşəm. Azərbaycan, sözün həqiqi mənasında, demokratiya yolu ilə inamla irəliləyir.

 

Zəngilan

 

Qarşıma çıxan polis kapitanından yaxınlıqdakı seçki məntəqəsinin yerini soruşuram. O, məktəbin həyətinə girməyi, əvvəl sağa, sonra sola, sonra isə yenə də sağa dönməyin lazım olduğunu deyir. "Bəlkə mənə yolu göstərəsiniz?" - xahişimə isə gülümsəyərək cavab verir ki, onların seçki məntəqəsinə 100 metrdən artıq yaxınlaşmağa icazəsi yoxdur. Qanuna ciddi əməl edən polisə özümü təqdim edirəm, adını soruşuram. Üzr istəyir: "Biz bura müsahibə verməyə gəlməmişik, asayişə nəzarət edirik. Qəzetinizə hörmətim var. Adımın orada çıxması mənim üçün fəxrdir. Sağlıq olsun, Zəngilana, Qubadlıya qayıdandan sonra görüşərik".

Yolu özüm tapıb seçki məntəqəsinə daxil oluram.

25 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 8 saylı seçki məntəqəsi komissiyasının sədri Akif Quliyev 1446 seçicinin qeydiyyata alındığını bildirir:

- Bizim seçicilərimiz Binəqədi kəndində, Rəsulzadə qəsəbəsində, 1-ci, 2-ci, 3-cü və 4-cü mədənlərin ərazilərində, 7 və 8-ci mikrorayonlarda müvəqqəti məskunlaşıblar. Seçicilərin fəallığı yüksəkdir, indiyə kimi 470 nəfər referenduma münasibətini bildirib - səsvermədə iştirak edib. İnsanlar öz həyatlarında yeniliklərə, dəyişikliklərə səs veridiklərini bildirirdilər.

 

***

 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 27 saylı seçki məntəqəsində böyük bir canlanma var idi. 1463 nəfərin səs verdiyi bu məntəqə Sumqayıt şəhər 3 saylı poliklinikasında yerləşir. Məntəqə komissiyasının sədri Ənvər Quliyev bildirdi ki, ümumxalq səsverməsində iştirak edənlərin seçki məntəqələrinə gəlməsi üçün öncədən bütün tədbirlər görülmüşdür. Yaşlı adamların seçki məntəqələrinə gəlişini təmin etmək üçün xüsusi nəqliyyat vasitəsi ayrılmışdır. Şəhərin müxtəlif ərazilərindən səsverməyə gələn seçicilər məntəqədə yaradılan seçki şəraitindən razı qaldıqlarını bildirdilər. Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Afət Allahverdiyeva ümumxalq səsverməsinin mütəşəkkil keçdiyini qeyd etdi. A.Allahverdiyeva səsvermənin demokratik keçirilməsi üçün yaradılan şəraitə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirdi. Afət Allahverdiyeva nikbinliklə onu da qeyd etdi ki, aparılan uğurlu siyasət nəticəsində torpaqlarımız azad ediləcəkdir. Azərbaycan həmin qələbəni gözləyir.

 

 

Azərbaycan.-2009.-19 mart.-S.7.