Bölgələrdə referendum əhalinin
fəallığı və mütəşəkkilliyi ilə
keçdi
Gəncə
Qədim Gəncədə
dörd seçki dairəsi fəaliyyət göstərir.
31 saylı Nizami birinci və 38 saylı Nizami ikinci, həmçinin
39 saylı Kəpəz birinci və 40 saylı Kəpəz
ikinci seçki dairələri. Hər şəraiti
olan 112 məntəqə seçicilərin ixtiyarına
verilib. Ümumən şəhər
üzrə 149 min nəfərin səs verə bilməsi
üçün hər şərait yaradılıb. Hər yerdə binalar geniş, avadanlıq təzə,
otaqlar işıqlı.
Səhərdən dəstə-dəstə
adam öz vətəndaşlıq borcunu
yerinə yetirməyə gəlirdi. Əvvəlcə
38 saylı Nizami ikinci seçki dairəsinin 16 saylı məntəqəsinə
baş çəkdik. Məntəqə
şəhərin mərkəzindəki 5 nömrəli məktəbdə
yerləşir. Seçicilərin
rahatlığı üçün kabinetlərin sayı iki
dəfə artırılıb. Məntəqə
üzvləri, müşahidəçilərə müvafiq
yerlər ayrılıb, seçkinin gedişi veb-kamera ilə
izlənilir.
Respublikanın əməkdar
müəllimi Firudin Nadirov söhbət zamanı dedi ki,
Konstitusiyaya əlavələr və dəyişikliklər
edilməsi zamanın tələbidir. Axı,
bütün bunlar insan hüquq və azadlıqlarının
daha etibarlı şəkildə qorunması, sosial ədalət
prinsipinin daha da təkmilləşdirilməsi
üçündür. Hər bir əlavə
və dəyişiklik qanunvericiliyin daha da möhkəmləndirilməsinə,
onların daha etibarlı qorunması mexanizminin
yaradılmasına xidmət edir.
Adamlar bunu yaxşı başa düşür və referendumda fəal iştirak edirlər. Şəhərin digər məntəqələrində də seçicilərdən eyni sözləri eşitdik. Ümumən qədim Gəncə bu mühüm siyasi tədbirə tam hazırlıqla gəlib. Hər yerdə təşviqat qruplarının üzvləri, siyasi partiyaların nümayəndələri və öz təşəbbüsləri ilə gələnlər üçün hər şərait var idi. Şəhərin dörd seçki dairəsinin 26 məntəqəsində veb-kameralar qoyulub, 1116 müşahidəçi qeydə alınıb.
Gəncə Dövlət Universitetinin binasında, 38 saylı Nizami ikinci seçki dairəsinin 13 saylı məntəqəsində Böyük Britaniya səfirliyi müşahidə missiyasının nümayəndələri Kole Robert Edvard və Seçohaus Riçard ilə görüşdük. Seçkilərin təşkili, sənədlərin tərtibi, seçicilərin fəallığı ilə maraqlanırdılar. Heç bir narahatlıq, nigaranlıq olmadığını söylədilər.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, "Cihaz" İstehsalat Birliyinin, 16, 24, 40 saylı məktəblərin binalarında və digər yerlərdə yerləşən məntəqələrdə də səsvermənin mütəşəkkil keçdiyinin şahidi olduq.
Günün ikinci yarısında 37 saylı Nizami birinci seçki dairəsi ilə əlaqə saxladıq. Dairə seçki komissiyasının sədri Zakir Hüseynov dedi ki, məntəqələrin çoxunda artıq səsvermə başa çatmaq üzrədir. Gün ərzində heç bir qanun pozuntusu, narahatlıq, narazılıq qeydə alınmamışdır.
Abşeron
Abşeron rayonunda da ümumxalq səsverməsi seçicilərin fəal iştirakı ilə keçmişdir. Belə ki, səhər seçki məntəqələri açılandan səsverməyə gələnlərin ardı-arası kəsilmirdi. 45 saylı Abşeron seçki dairəsinin 23 saylı seçki məntəqəsi də səsverməyə gələnlərlə dolu idi. Məntəqə komissiyasının sədri Şükür Əhmədov bildirdi ki, səsvermədə öncə məntəqə üzrə seçicilərin siyahısı dəqiqləşdirilmiş, onların məntəqəyə gəlməsi üçün bütün lazımi şərait yaradılmışdır. 1574 seçicini birləşdirən bu məntəqədə seçici siyahıları görünən yerdə vurulmuşdur. Məntəqə seçki komissiyasının üzvləri Elnur Quliyev, Vidadi Orduxanov, İzzət Tahirova, Gülzar Dəmirova və Elman Ağayev məntəqə açılandan bəri səsverməyə gələnlərin adlarını siyahıda tapmaları üçün onlara yaxından kömək göstərirdilər. Xəstə və digər səbəblərdən səsvermə məntəqəsinə gələ bilməyənlər üçün xüsusi nəqliyyat vasitəsi ayrılmışdır. Səs verib məntəqədən aralanan Şakir Muxtar oğlu Abbasov Saray qəsəbəsinin ağsaqqalları adından respublikada keçirilən referendumu dəstəklədiklərini bildirdi. O qeyd etdi ki, ölkəmizin uğurlu inkişafı bizə imkan verir ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilsin. Səsverənlər Abdulla Abdullayev, Solmaz Rəcəbova, Sədilə Babayeva və digərləri referendumdan razı qaldıqlarını bildirdilər. Müxtəlif partiyalardan olan müşahidəçilər səsvermə prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini qeyd etdilər.
Sumqayıt
Sumqayıtda seçicilər yüksək mütəşəkkillik nümayiş etdirdilər. Şəhər sakinləri seçki məntəqələrinə gələrək ümumxalq səsverməsində yaxından iştirak etdilər. Sumqayıtda şəhər 3 saylı orta məktəbin binasında yerləşən 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 7 saylı məntəqəsində olarkən bunun bir daha şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Ramil Niftalıyev prosesin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin fəallığının yüksək olduğunu söylədi. 1055 nəfər seçicisi olan bu məntəqədə səsvermə üçün bütün şərait yaradılmışdır. Onun sözlərinə görə, burada heç bir ciddi qanun pozuntusu qeydə alınmamış, vətəndaşlar sərbəst şəkildə referenduma çıxarılan məsələlərə münasibət bildirmişlər. Məntəqə seçki komissiyasının üzvləri Mətanət Nuriyeva, Lalə Ağacanova və Leyla Nəzərova seçicilərə siyahıda adlarını tapmaqda yaxından kömək edirdilər. Səsverməyə gələnlərdən Səyalı Nəsibova, Müşviq Seyidməmmədov və Bəbir Alıxanov məntəqədə təşkil edilən şəraitdən razı qaldıqlarını bildirdilər.
Həmin seçki dairəsinin 8 saylı seçki məntəqəsinin sədri İlham Məmmədov ümumxalq səsverməsinin uğurla keçdiyini və nəticələrə təsir göstərə biləcək qanun pozuntularına rast gəlinmədiyini söylədi. 1313 seçicisi olan məntəqənin komissiya üzvləri Arzu Həşimova, Səfər Seyfullayev və Gülnarə Novruzova seçicilərin fəallığından razı qaldıqlarını bildirdilər. Cəmilə Əliyeva, Gülarə Əzizova, Firdovsi Əzizov və Cəmaləddin Əzizov seçkinin gedişatından razı qaldıqlarını bildirdilər. Məlik Əbişov ölkənin gələcəyinə xidmət edən ümumxalq səsverməsinin vacib olduğunu bildirdi. O qeyd etdi ki, respublikamızın daxili və xarici siyasətində əldə edilən uğurların davamı olan bu referendum xalqımızı daha işıqlı sabahlara aparacaqdır. Seçici Vasili Loqinov tolerantlığa nümunə olan bir ölkədə yaşamağına, inkişaf edən respublikanın vətəndaşı olmağına görə fəxr etdiyini dedi.
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 10 saylı məntəqə seçki komissiyasının sədri Maya Abdulova bildirdi ki, 1363 seçicisi olan məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə vətəndaşların yaxından iştirak etdiyini bildirən məntəqə seçki komissiyasının sədri onu da əlavə etdi ki, məntəqə üzvləri Gülnar Ağayeva, Samirə Əzizova, Vələddin İbrahimov və Orxan Bahadurzadə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Ümumxalq səsverməsində iştirak edən Afət Həsənova, Mehriban Şivəxanlı, Sona Umudova və Elza Adilova səsvermənin gedişindən razı qaldıqlarını bildirdilər.
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Səkinə Məmmədova da səsvermənin gedişini yüksək qiymətləndirdi. 1403 seçicisi olan məntəqə seçki komissiyasının üzvləri Sevinc Cavadova, Xatirə Orucova və Zaur Baxşıyev bu səsvermədə seçicilərin daha fəal olduqlarını, əvvəlki seçkilərə nisbətdə vətəndaşlarda seçki mədəniyyətinin formalaşdığını qeyd etdilər. Məntəqə seçki komissiyasının sədri Səkinə Məmmədova onu da bildirdi ki, müşahidəçilər açıq etiraf edirlər ki, məntəqədə heç bir qanun pozuntusuna yol verilməyib. Bəhrəm Həbib oğlu Paşayev qeyd etdi ki, inkişafda olan ölkəmizin gələcəyinə inanır və onu bura gətirən də respublikamızın sabahına səs vermək istəyidir. Yaşar Qurbanov, Şəmşir Hacıyev, Xalid Abbasov və Sədaqət İsmayılova belə bir səsverməyə görə əlaqədar təşkilatlara öz minnətdarlıqlarını bildirdilər.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 26 saylı məntəqə seçki komissiyasının sədri Rasim Hüseynov səsverməyə gələnlərin fəallığından danışdı. 1466 seçicini birləşdirən bu məntəqənin üzvləri Ayna Fərruxova, Xatirə Tağıyeva, Firudin Əliyev və Gülnar Mehdiyeva səsverməyə gələnlərə adlarını siyahıda tapmaqda kömək edirdilər. Səsvermədə iştirak edən Sabir Nağıyev dedi: "Bu referendumdan çox şey gözləyirik".
Digər səsverməyə gələnlər-Familə Orucova və Aygün Mustafayeva onlara belə bir şərait yadıldığı üçün əlaqədar təşkilatlara öz minnətdarlıqlarını bildirdilər.
Ağcabədi
Ağcabədililər son prezident seçkilərində olduğu kimi, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" referendumda da fəal iştirak edirdilər. Rayon mərkəzində, eləcə də ayrı - ayrı kəndlərdəki səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik prinsiplər əsasında aparılırdı. Hər kəsin öz iradəsini sərbəst həyata keçirməsi üçün əlverişli şərait yaradılmışdı. 82 saylı Ağcabədi dairə seçki komissiyasının sədri Nadir Qürbətov bildirdi ki, dairə 43 məntəqəni əhatə edir. Dairə üzrə seçici siyahılarına 38.814 nəfərin adı daxil edilmişdir. Dairənin tərkibində 14 şəhər və 29 kənd məntəqəsi vardır.
Məntəqələr zəruri avadanlıqlarla təchiz olunmuş, yüksək səviyyədə rabitə təminatı yaradılmışdır. 2 və 11 saylı seçki məntəqələrində seçicilərin fəallığı daha çox hiss olunurdu. Yenicə səs vermiş şəhər sakini Vəli Camalxanov seçki təəssüratlarını bizimlə belə bölüşürdü:
-Mən ilk dəfə deyil səs verirəm. Görürəm ki, seçki prosesi seçkidən - seçkiyə daha da təkmilləşir, sivil, demokratik və şəffaf xarakter alır. Bu, bizdə hədsiz dərəcədə razılıq hissi doğurur. Biz Ağcabədinin timsalında ölkəmizdə baş verən genişmiqyaslı yeniliklərin, tərəqqinin şahidi və iştirakçılarıyıq. Mən bu gün Azərbaycanın daha işıqlı sabahına səs verdim. İnanıram ki, Əsas Qanunumuza ediləcək əlavələr və dəyişikliklər dinamik inkişafımıza yeni stimul verəcək.
Lənkəran
Referendum Lənkəranda da əhalinin yüksək siyasi fəallığı şəraitində keçdi. 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə bütün məntəqələr Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə referenduma hazırlaşmış, yerlərdə Konstitusiyaya təklif olunmuş əlavələr və dəyişikliklərlə bağlı təbliğat və təşviqat kampaniyası yüksək səviyyədə aparılmış, seçicilərə bu barədə ətraflı məlumatlar verilmişdir. Bu siyasi fəallıq seçki günündə məntəqələrin hamısında özünü əyani şəkildə göstərdi.
Lənkəranda 4 dairə üzrə 117 seçki məntəqəsi yaradılmışdır. Bütün məntəqələr lazımi inventarlar, texniki avadanlıqlar və təşviqat materialları ilə təchiz edilmişdir.
73 saylı Lənkəran şəhər seçki dairəsinin şəhər 4 saylı humanitar- məktəb liseyində yerləşən 17 saylı məntəqəsində olduq. Böyük qələbəlik var idi. Seçicilərin aktivliyi yüksək idi. İlk səs verən seçici ilə görüşdük. Özünü təqdim etdi:
- İş adamı Mirakif Abbasov. Mən məntəqədə birinci səs verənlərdənəm. Konstitusiyaya təklif olunan əlavə və dəyişiliklərə münasibətimi bildirdim. Bunu özümün vətəndaşlıq borcu hesab edirəm.
17 saylı məntəqədə 1450 nəfər seçici səs verməlidir. Saat 11 radələrində səs verənlərin sayı artıq 550 nəfəri keçmişdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan müşahidəçi Firudin Quliyev:
- Məntəqə
açılandan səsvermə prosesini müşahidə edirəm.
Heç
bir qanun pozuntusuna yol verilmir. Səsvermə prosesinə
kənar müdaxilələr yoxdur.
Şəmkir
Ölkəmizin
ən iri yaşayış bölgələrindən
sayılan Şəmkir rayonunda üç seçki dairəsi
fəaliyyət göstərir. 98 saylı Şəmkir
şəhər, 99 saylı Şəmkir kənd və 100
saylı Şəmkir-Daşkəsən seçki dairələri.
Rayon əhalisinin bir qismi 102 saylı Samux-Şəmkir
seçki dairəsində səs verib.
Hər yerdə
bu kampaniyaya ciddi hazırlıq görülüb. Dairə
seçki komissiyalarının, demək olar, hamısı yeni
binalarla, müasir avadanlıqla təmin olunub. Məntəqələr sahmana salınıb, yollar
düzəldilib, telefon çəkilib. Dairə
və məntəqə seçki komissiyaları siyasi
dünya görüşündən asılı olmayaraq duyan,
düşünən insanlarla formalaşıb.
Referendumda əhalinin
fəal iştirakı üçün geniş izahat-təbliğat
işləri aparılıb. Müşahidəçilər
qeydə alınıb. Rayonun mərkəzində
hər şey nümunəvi qurulub. Ucqar kəndlərdə
də həmçinin. 99 saylı Şəmkir
kənd seçki dairəsi Zəyəm qəsəbəsində
yerləşir, 36 məntəqəni əhatə edir.
Son vaxtlarda bu
seçki dairəsinin də, məntəqələrinin də
görkəmi tamamilə dəyişilib. Hamısı
müasir avadanlıqla, müvafiq mebellə, kompüterlə,
faksla, internet xidməti ilə təmin olunub. Ona görə də hər yerdə səsvermə
normal gedib. Çaparlı, Düyərli, Dəllər Cəyir
kəndlərinin əhalisi günün birinci yarısında
fəallıqları ilə seçilib.
100 saylı
Şəmkir-Daşkəsən seçki dairəsi isə
Kür qəsəbəsində yerləşir. Buradakı 41
məntəqədə 32494 nəfərin səs verə bilməsi
üçün hər şərait
yaradılmışdı.
Seçkilərə
nəzarətin təmin edilməsi üçün 29, 30, 31 və
32 saylı məntəqələrdə veb-kameralar qurulub. Təşviqat
qruplarının nümayəndələrinə sərbəst
müşahidə apara bilmələri üçün də
normal şərait yaradılmışdı. Günün ikinci yarısında 100 saylı Şəmkir-Daşkəsən
seçki dairəsinin sədri Şahin Pənahovla əlaqə
saxladıq. "Səsvermə mütəşəkkil,
yüksək siyasi fəallıq şəraitində
keçir - heç bir narahatlıq yoxdur", - dedi.
Göyçay
Göyçaylı
seçicilər də respublika Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi ilə bağlı
keçirilən referenduma aktiv vətəndaş münasibəti
bildirmək üçün mütəşəkkil şəkildə
seçki məntəqələrinə üz tutdular. Bu günə
qədər şəhər, qəsəbə və kəndlərdə
keçirilmiş çoxsaylı görüşlərdə
seçicilər üçün lazımi izahat işləri
aparılmış, Konstitusiyaya əlavələr və dəyişikliklərin
mahiyyəti izah edilmiş,
aydınlaşdırılmış, ümumxalq səsverməsinin
Azərbaycan dövlətinin taleyindəki rolu diqqətə
çatdırılmışdır. Keçirilən
görüşlərdən böyük bir ruh yüksəkliyi
ilə ayrılan göyçaylılar referendum günü
öz doğru seçimlərini edəcəklərinə əmin
olmuş və yəqinləşdirmişdilər ki, dövlətçilik
təməllərini daha da möhkəmlədən, sabitliyə,
inkişafa imkan verən yeniliyə tərəddüdlü
münasibət göstərmək olmaz. Hər
bir göyçaylı seçici yaxşı bilir ki, regionların
sürətli inkişafından geri qalmayan
Göyçayın da sabahkı taleyində, tərəqqi və
inkişafında bugünkü ümumxalq səsverməsində
göstərilən fəallığın əhəmiyyəti
böyükdür.
88 saylı Göyçay və
89 saylı Göyçay-Ağdaş seçki dairələri
üzrə 55 məntəqədə səs verən göyçaylılar
bir həqiqəti də yaxşı dərk edirlər ki,
ölkənin, dövlətin inkişafı ilə
bağlı məsələlərdə heç vaxt səhv
etmək olmaz.
Seçki məntəqələrində
ab-hava, yaradılan şərait, o cümlədən 7
seçki məntəqəsində veb-kameraların
quraşdırılması səsvermənin problemsiz,
Seçki Məcəlləsinin tələblərinə
uyğun keçirilməsində heç bir çətinlik
yaratmadı. Seçki məntəqələrinin əksəriyyətində
seçicilərin fəallığı diqqəti cəlb
edirdi.
Tovuz
Qərb
bölgəsinin sərhəd rayonlarında da seçkinin
şəffaf, azad və demokratik keçirilməsi
üçün lazımi hazırlıq görülüb.
106 saylı
Tovuz-Qazax-Ağstafa dairəsinin məntəqələrində
42312 nəfərin sərbəst səs verə bilməsi
üçün hər şərait yaradılıb. Dairə seçki
komissiyasının sədri Xəqani Vəliyev dedi ki, məntəqələrdə
səsvermə kabinələrinin sayı artırılıb,
işıqlandırma sistemi gücləndirilib. Tusi adına məktəbdəki
1, M.Ələkbərov adına məktəbdəki 2,
Puşkin adına məktəbdəki 3 və Aşağı
Öysüzlü kənd mədəniyyət evindəki 8
saylı məntəqələrdə veb-kameralar qurulub. Təşviqat qruplarının üzvləri, siyasi
partiyaların nümayəndələri və öz təşəbbüsü
ilə gələn müşahidəçilər sərbəst
surətdə səsvermənin gedişini izləyə bilib.
8 saylı məntəqədə
səhərdən qələbəlik idi. "Oğuz"
təşviqat qrupunun səlahiyyətli nümayəndəsi
Nizami Abdullayevlə görüşdük. Təmkinli, tədbirli insan kimi tanınır.
Neçə ildir Tusi adına məktəbdə
dərs deyir. Keçən il
respublikanın "Əməkdar müəllim"i adına
layiq görülüb. Dedi ki, səhərdən burdayam. Çox adamla fikir mübadiləsi aparmışam.
Əksəri mənim kimi Konstitusiyaya edilən əlavələr
və dəyişiklikləri zamanın tələbi kimi qiymətləndirir,
hər bir müddəanı dəstəkləyir.
105 saylı Tovuz, 107 saylı
Qazax və 108 saylı Ağstafa seçki dairəsinin məntəqələrində
də səsvermə şəffaf, azad və demokratik şəraitdə
keçmişdir.
Cəlilabad
67 saylı Cəlilabad
şəhər seçki dairəsinin ən böyük
seçki məntəqələrindən biri - 5 saylı
seçki məntəqəsi yenicə təmirdən
çıxmış mədəniyyət və turizm
şöbəsinin binasında yerləşir. Məntəqə
müasir texniki avadanlıqlarla təchiz edilib, burada veb-kamera
quraşdırılıb. Əvvəlcədən
seçicilər arasında yüksək səviyyədə
hüquqi maarifləndirmə işləri
aparıldığından, onlara Konstitusiyaya təklif edilən
əlavə və dəyişikliklər barədə müfəssəl
bilgi verildiyindən seçicilərin fəallığının
yüksək olması hiss olunurdu.
Ayaq saxlayıb
səsvermənin gedişini izləyirik. Hər şey
normaldır. Komissiya üzvləri öz
işlərini peşəkarçasına icra edirlər.
Bundan əvvəl keçirilən prezident seçkilərinin
müsbət iş təcrübəsi özünü
göstərir. Səriştəlik, operativlik
ardı-arası kəsilməyən seçicilərin vaxt
itkisinə imkan vermir.
Səs verib məntəqədən
çıxan bir neçə seçici ilə - Hacı Qərib
Musayevlə, Əliheydər Əsədovla, Sabir Məmmədovla,
Adıgözəl Yarməmmədovla söhbətdən məlum
oldu ki, onlar səs vermək üçün yaradılan şəraitdən
razıdırlar.
Məntəqənin
sədri Əminağa İsparov isə bildirdi ki, səsvermə
zamanı heç bir narahatlıq, narazılıq
müşahidə olunmayıb. Saat 12-yəcən
seçicilərin, demək olar ki, 30 faizi gəlib təklif
olunan əlavə və dəyişikliklərə öz
münasibətlərini bildirib. "Tərəqqi"
təşviqat qrupunun üzvü Mehdi Kərimov da vətəndaşların
fəallığını qeyd etdi. Xüsusən
gənclərin daha aktiv olduğunu, onların səsvermədə
mütəşəkkillik göstərdiklərini bildirdi.
67 saylı Cəlilabad
şəhər seçki dairəsində işlər dəqiq
qurulub. Məntəqələrdən verilən hesabatlar dərhal
kompüter vasitəsi ilə internet şəbəkəsinə
ötürülür. DSK-nın sədri Xandadaş Əliyev
məlumat verib dedi ki, prezident seçkilərində olduğu
kimi, referendumda da rayonumuzun seçiciləri fəallıq
göstərirlər. Cəlilabad şəhəri
üzrə 14 seçki məntəqəsi fəaliyyət
göstərir. Məntəqələrin
8-də veb-kamera quraşdırılıb. Hamısında müşahidəçilər
üçün normal şərait yaradılıb.
Kəndlərdə
yerləşən secki məntəqələrində də
referendum aktiv keçib. Rayonun ən böyük
yaşayış məntəqələrindən olan Privolnoye
kəndində yaşayan ruslarla azərbaycanlılar mehriban bir
ailəni xatırladır. Bu səmimiyyəti Privolnoye kənd
6 saylı seçki məntəqəsində də hiss etdik. Seçicilər böyük həvəslə məntəqəyə
gəlib təklif olunan əlavə və dəyişikliklərə
münasibətlərini bildirirdilər. Kənd 1
saylı uşaq bağçasının müdiri, əməkdar
mədəniyyət işcisi, "Ruçye" rus folklor
ansamblının solisti və bədii rəhbəri Lübov
Danilova:
- Biz əlamətdar günləri
əsl bayram kimi qeyd edirik. Bu gün isə
bizimçün ikiqat bayramdır. Privolnoyelilər
prezident seçkilərində olduğu kimi, referendumda da
nümunə göstərməyə çalışır.
Axşama hələ xeyli qalıb. Amma məntəqəmizdə səsvermə müvəffəqiyyətlə
başa çatmaq üzrədir.
...Axşamüstü rayon mərkəzində
olarkən öyrəndik ki, Cəlilabadda ümumxalq səsverməsi
müvəffəqiyyətlə başa çatmaq üzrədir.
Rayon üzrə 84 seçki məntəqəsində
seçicilərin böyük əskəriyyəti yüksək
vətəndaşlıq nümunəsi göstərərək
öz iradələrini ifadə etmişlər.
Hacıqabul
58 saylı
Hacıqabul-Kürdəmir dairə seçki komissiyasına
Hacıqabul rayonunda 37 seçki məntəqəsi daxildir.
Dairə
üzrə seçicilərin siyahısı artıq səsvermə
proseslərinə hazırlıq dövründə tam dəqiqləşdirilmiş
və qrafikə uyğun olaraq MSK-nın Seçkilər
İnformasiya Mərkəzinə verilmişdir. Siyahıların
dəqiqləşdirilməsi zamanı seçki dairəsi
üzrə seçicilərin ümumi sayının 38 min 657
nəfər olduğu müəyyən edilmişdir. O
cümlədən Hacıqabul rayonu üzrə səsvermə
hüquqlu şəxslərin sayının 34 min 25 nəfər
olması dəqiqləşdirilmişdir.
Seçki dairəsinin əhatə
etdiyi bütün seçki məntəqələrində səs
vermək üçün normal iş şəraiti
yaradılmışdır. Hacıqabul rayonu ərazisində
yerləşən bütün məntəqələr
lazım olan telefon-rabitə, fasiləsiz enerji təminatı və
digər kommunikasiya ilə təmin olunmuşdur. Həmçinin seçki praktikasının təkmilləşdirilməsi
ilə əlaqədar olaraq rayon mərkəzində yerləşən
1, 2, 3, 4, 5, 10 və 11 saylı məntəqələrdə
veb-kameralar quraşdırılmışdır.
Gündüz 12.00-a olan məlumata əsasən, şəhərin 1, 2, 4, 5, 10 və 11 saylı Muğan qəsəbə, 16 saylı Abdulyan kənd, 19 saylı Talış kənd seçki məntəqələrində seçicilərin 30 faizdən çoxu səsvermədə iştirak etmişdir.
Biləsuvar
66 saylı Biləsuvar seçki dairəsinin əhatə etdiyi 41 seçki məntəqəsində 40815 nəfər seçici qeydə alınıb. 2, 3, 4, 5, 6, 7, 8 saylı Biləsuvar şəhər, 21 saylı Nəsimi, 24 saylı Nərimankənd, 14 saylı Ağayrı, 40 saylı Əsgərabad, 35 saylı Əmənkənd kənd seçki məntəqələrində referendum daha böyük mütəşəkkilliklə keçdi.
3 saylı Biləsuvar şəhər seçki məntəqəsində də seçicilərə öz iradələrini sərbəst şəkildə bildirmələri üçün hər cür şərait yaradılmışdı. Saat 8.30-da məntəqəyə gəlmiş seçici Sahibəli Mirzəyevlə görüşdük. S.Mirzəyev dedi:
- Mən neçə illərdi ki, bu məntəqədə səs verirəm. Bu ilki referenduma hazırlıq yüksək səviyyədə təşkil olunmuşdu. Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün heç bir problem yoxdur. Mən indicə bir seçici kimi səs verdim, referenduma çıxarılan məsələlərə münasibətimi bildirdim.
21 saylı Nəsimi seçki məntəqəsində saat 12 radələrində artıq seçicilərin 30 faizindən çoxu referendumda iştirak etmişdi. Onlardan biri - 70 yaşlı Hazarxan Əliyev idi:
- Referendumun gedişindən razıyam. Mən də, ailə üzvlərim də səs verdik.
Seçki məntəqələrində müxtəlif təşviqat qruplarını təmsil edən komissiya üzvləri də referendumun gedişindən razılıq etdilər. Şəhər 8 saylı seçki məntəqəsində onlardan biri - Vətəndaş Həmrəyliyi Partiyasından komissiya üzvü Anar Cəfərovun rəyini soruşduq.
- Mən bu məntəqədə Vətəndaş Həmrəyliyi Partiyasından üzv kimi iştirak edirəm. İndiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb.
Azərbaycan.-2009.-19 mart.-S. 8-9.