"Bağışlanandan sonra bir daha səhv etmək yolverilməzdir"

 

 Hər bir amnistiya aktı insanlıq xeyirxahlıq, bağışlamağı bacarmaq kimi yüksək keyfiyyətlərdən qaynaqlanır. Bu ali prinsipləri rəhbər tutan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində indiyədək minlərlə insan azadlığa buraxılıb, cəmiyyətə, normal həyata qayıdıb. Məlum olduğu kimi, Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva amnistiya elan olunması barədə qərar layihəsi hazırlayaraq parlamentə təqdim etdi.

Amnistiya elan olunması haqqında qərar Milli Məclis tərəfindən artıq qəbul olunub. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nəcib və xeyirxah ənənənin davamıdır. Amnistiya aktına əsasən neçə-neçə məhbus artıq evinə buraxılıb, isti ocağına yetişib. Doğmalarına qovuşmaq üçün yol üstündə olanlar da az deyil. Axı yeni amnistiya aktı azadlıqdan məhrum olunmuş 9 min nəfəri əhatə edəcək. Bu, ölkədəki məhbusların 35 faizinə bərabərdir. Amnistiya tətbiq olunacaq məhbus qadınlara münasibətdə isə bu rəqəm daha böyükdür - 60 faiz.

Beləliklə, budəfəki amnistiya aktının başlıca cəhətlərindən biri onun daha çox qadınlara yönəlməsidir. Bu da məhbus qadınların bir qisminin öz cəzasını çəkdiyi müəssisə. O, belə adlanır - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi. Onları buraya gətirən cinayət yolları müxtəlifdir. Bəziləri düşdükləri pis mühitin təsirinə məruz qalıb. Bəziləri ailə-məişət zorakılığına dözməyərək özünü idarə edə bilməyib, cinayət törədib. Bəziləri bunu bilərəkdən edib, bəziləri isə hərəkətlərinin nə ilə nəticələnəcəyini əvvəlcədən dərk və təsəvvür etmədən...

Müəssisənin rəisi, polkovnik Müzəffər Məmmədov deyir:

 - Hazırda müəssisədə 318 qadın cəza çəkir. Onların 18 nəfəri xarici vətəndaşdır. 20 nəfər məhbusun yaşı 55-dən yuxarıdır. Ən cavan məhbusun 22 yaşı var.

Amnistiya aktına gəldikdə isə polkovnik bildirir ki, müəssisədə cəza müddətinin qurtarmasına bir ildən az qalmış məhbus qadınların sayı 28-dir. Amnistiya onların hamısını əhatə edəcək. Bununla belə, evə buraxılmaq üçün hələlik 20 nəfərin sənədləri hazırdır. Qalan 8 nəfərlə bağlı müəyyən problemlər mövcuddur. Məsələn, onların arasında elələri var ki, narkomaniyaya qarşı müalicə olunma müddətləri bitməyib. Xarici vətəndaş olan məhbuslarla bağlı da bəzi məsələlər həll edilməyib. Bəzilərini isə nə aparmağa gələn var, nə də özlərinin üz tutub gedəcəyi bir yer... Şübhəsiz ki, sözügedən həmin 8 nəfər də yaxın vaxtlarda azadlığa buraxılacaq. Sadəcə olaraq, onları yerbəyer etmək üçün müvafiq strukturlarla yazışmalar aparılır, problemlər yoluna qoyulur.

Müəllifi olduğu amnistiya aktını Milli Məclisə təqdim edərkən Mehriban xanım Əliyeva öz çıxışında demişdir: "Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik".

Törətdikləri cinayətə görə cəza çəkən qadınlar bu sözlərin onları çox düşündürdüyünü doğru yola səslədiyini deyirlər. Onlara qarşı atılan bu humanist addımın müqabilində bir daha səhv etməyin yolverilməz olduğunu söyləyirlər.

Azadlığa buraxılanların bir qismi anadır. Əlbəttə, onların çoxdandır isti ana qucağına həsrət qalan balalarının sevincini təsəvvür etmək çətin deyil. Özü elin, obanın bu əziz günündə - Novruz bayramında.

Bax, bu məhbus isə cavan qızdır. Valideynlərinin yolunu gözləyir. Onu evə aparmağa gələcəklər. Baxışından, duruşundan, sözündən-söhbətindən görünür ki, bundan belə düşünülməmiş hərəkət etməyə, pis əməllərə baş qoşmağa tövbə deyib. Adının Aynur Əliyeva olduğunu söyləyir:

- Bir il on bir aydır buradayam. Cəza müddətimin bitməsinə isə hələ bir neçə ay qalırdı. Ay nədir, burada keçirdiyim hər gün mənə bir ilə bərabərdir... Mehriban xanım Əliyeva bizə böyük sevinc bəxş etdi - mənə , doğmalarıma da. Məhbusluq həyatı yaşayan qadınlara verilən bu şans boynumuza böyük haqq qoyur. Biz həyata, cəmiyyətə qayıtmalı, ləyaqətlə yaşamalıyıq.

Cəza müddətinin qurtarmasına hələ doqquz ay qaldığına baxmayaraq azadlığa buraxılan Zemfira Yadigarova isə dörd uşaq anasıdır. Novruz bayramı günü evində olacaq, çoxdandır ana nəvazişi görməyən, ana xörəyi yeməyən balalarını sevindirəcək. "Başı daşdan-daşa dəymiş" bu qadın deyir:

- Kim darda olanı sevindirsə, Allah da onu sevindirər. Mən Prezidentimiz İlham Əliyevə, onun bütün müşküllü qadınlara əl uzadan xanımı Mehriban Əliyevaya cansağlığı, gördükləri xeyirxah işlərdə müvəffəqiyyətlər arzulayıram.

Azadlığa buraxılan məhbus Xatirə Mehdiyeva iki uşağına anasının himayədarlıq etdiyini söyləyir öz minnətdarlıq duyğularını belə ifadə edir:

- Bizim azadlığa buraxılmağımız həm ailələrə, uşaqlara, qocalara edilən misilsiz yaxşılıqdır. Bizim ömrümüzün qalan hissəsi bu yaxşılığa layiqli işlər əməllərlə cavab verməkdən ibarət olmalıdır.

Cəzaçəkmə müəssisəsinin rəisi M.Məmmədov da bu gün azadlığa buraxılan məhbus qadınların bundan belə yalnız saf əməl və xoş niyyətlərlə yaşayacaqlarına əminliyini bildirir. Çünki müəssisədə olduqları müddətdə onlara göstərilən düzgün yol və indi humanist amnistiya aktının tətbiq edilməsi - bağışlanmaqları onları məhz buna səsləyir və sövq edir.

 

 

Flora Sadıqlı

 

Azərbaycan.-2009.-19 mart.-S.10.